Məhkəmə qərarları › İş №2(049)-4271/2025

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-4271/2025

08.01.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-4271/2025 08.01.2026 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: X5 Əhmədağa oğlunun sədrliyi, Hadiyev İsaq Sabir oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddiası üzrə mülki işə Lənkəran Rayon Məhkəməsində, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: TƏSVİRİ HİSSƏ: İddiaçı iddia ərizəsi ilə müraciət edərək Cavabdeh ilə birgə nikahlarından doğulmuş xx.xx.2009-cu il təvəllüdlü X3 və xx.xx.2023-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay bir uşaq üçün 150 manat olmaqla, cəmi 300 manat məbləğində xeyrinə alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. O, iddiasını onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 04 oktyabr 2019-cu il tarixdə nikahları pozulmuş və bu barədə onlara Lənkəran Rayon Qeydiyyat Şöbəsində “Nikahın pozulması haqqında şəhadətnamə" təqdim edilmişdir. Birgə münasibətlərindən onların 14 oktyabr 2009-cu il tarixdə Humay, 15 avqust 2023-cü il tarixdə isə Dəniz adlı uşaqları doğulmuşdur. Uşaqlar hal-hazırda sağ və salamat olmaqla himayəsində yaşayırlar. Cavabdeh bir ata kimi uşaqlarının qayğısına qalmır və heç bir maddi yardım göstərmir. Özü heç bir yerdə işləmir və heç bir yerdən gəliri yoxdur. Odur ki, uşağın saxlanmasında çətinlik çəkir. Bütün bunlara görə məcbur qalıb məhkəməyə aliment tələbi ilə bağlı müraciət edir. Məhkəmə iclasının vaxtı və yeri barəsində tərəflər lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq onlar, məhkəmə iclasına gəlməmişlər. Lakin, məhkəmə hazırlıq iclasında ayrı-ayrılıqda ərizə təqdim edərək məhkəmə iclasını iştirakları olmadan keçirilməsini, iddiaçı iddiasının təmin olunmasını xahiş etmişlər. Həmin məhkəmə hazırlıq iclasında cavabeh də iddianı bütövlükdə qəbul etdiyini, hər uşağına 150 manat olmaqla cəmi 300 manat aliment verməyə razı olduğunu bildirmişdir. TƏDQİQ OLUNMUŞ SÜBUTLAR : Doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, tərəflərin ailə münasibətlərindən xx.xx.2009-cu il təvəllüdlü X3 və xx.xx.2023-cü il təvəllüdlü X4 doğulmuşdur. Mediasiya Şurasının arayışından görünür ki, iddiaçı ümumilikdə 60 manat Mediasiya xərci ödəmişdir. ƏSASLANDİRİCİ HİSSƏ: Məhkəmə iş materiallarına və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək, hesab edir ki, aşağıdakılara əsasən iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 220.4-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə hesab edir ki, cavabdeh iddianı qəbul edib onu etiraf etdiyindən bu məhkəmə tərəfindən təsdiq edilməli, iddia üzrə iddiaçının irəli sürdüyü tələb təmin olunmalı, uşaqların saxlanılmaları üçün cavabdehdən iddiaçının xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay, hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,375 misli, iki uşaq üçün isə ümumilikdə 0,75 misli həddində sabit pul məbləğində aliment tutulmalıdır. Belə ki, “Azərbaycan Respubükass Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024-cü il tarixli, 15 №-li qərarı ilə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarına dəyişikliklər edilmiş və orada qeyd edilmişdir ki, məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. Məhkəmə qeyd edir ki, iddiaçı hər uşaq üçün 150 manat olmaqla, iki uşağı üçün cavabdehdən 300 manat aliment tələb etmişdir. Cavabdeh iddiaçının iddiasını qəbul etmişdir. Yəni, məhkəmə köhnə qayda ilə hər uşaq üçün 150 manat olmaqla, iki uşağı üçün cavabdehdən iddiaçının xeyrinə 300 manat alimentin tutulması barədə qətnamə çıxarmalı idi. Lakin, yuxarıda qeyd olunmuş Plenumun qərarına əsasən həmin məbləğlər Azərbaycan Respublikasında müəyyən olunmuş minimum əmək haqqının müvafiq mislində müəyyən edilməlidir. İddia ərizəsi məhkəməyə xx.xx.2025-ci il tarixdə verilmiş, ərizə verildiyi 2025-ci ildə Azərbaycan Respublikasında minimum əmək haqqı 400 manat olmuşdur. İddiaçının tələb etdiyi 150 manat miqdarında aliment 2025-ci ildə Azərbaycan Respublikasında müəyyən olunmuş minimum əmək haqqının 0,375 mislini təşkil edir (150 : 400 = 0,375). İki uşaq üçün isə 0,75 mislini (0,375 x 2 = 0,75). Buna görə də aliment məhkəmənin qət etdiyi 300 manatın ekvivalenti (bərabəri) olan 0,75 mislində tutulmalıdır. Beləliklə məhkəmə hesab edir ki, xx.xx.2025-ci il tarixdən başlayaraq xx.xx.2009-cu il təvəllüdlü X3 və xx.xx.2023-cü il təvəllüdlü X1 üçün cavabdehdən iddiaçının xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay, hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,375 misli, iki uşaq üçün isə ümumilikdə 0,75 misli həddində sabit pul məbləğində aliment tutulmalı, qətnamə dərhal icraya yönəldilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İş materiallarından görünür ki, iddia ərizəsi məhkəməyə xx.xx.2025-ci il tarixdə təqdim edilmişdir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 60 manat mediasiya xərci cavabdehdən tutularaq iddiaçıya verilməlidir. Azərbaycan Respublikasının «X6» Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar məhkəməyə verilən iddia ərizələrə görə dövlət rüsumunun ödənilməsindən azad edilirlər. Həmin Qanununun 9.4-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Qeyd olunan Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1000 manatdan 10 000 manatadək olduqda məhkəməyə verilən iddia ərizələrinə görə 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu ödənilir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasında 2025-ci il üzrə minimum əmək haqqı 400 manat olduğundan, həmin minimumun hazırda 0.75 misli 300 manat təşkil edir. Alimentin alınması haqqında iddianın bir il ərzində ödəmənin cəmi 3600 manat təşkil eləyir (300 manat x 12 aya = 3600). Buna görə də cavabdehdən 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi, yəni (3600 - 1000= 2600) 2600 manat məbləğin 1%-i olan 26 manat, cəmi (30+26=56) 56 manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. NƏTİCƏ HİSSƏ: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. xx.xx.2025-ci il tarixdən başlayaraq Cavabdeh yetkinlik yaşına çatmayan xx.xx.2009-cu il təvəllüdlü X3 və xx.xx.2023-cü il təvəllüdlü X1 üçün İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay, hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,375 misli, iki uşaq üçün isə ümumilikdə 0,75 misli həddində sabit pul məbləğində aliment tutulsun. Qətnamə dərhal icraya yönəldilsin. Cavabdeh 60 manat mediasiya xərci alınaraq İddiaçı verilsin. Cavabdeh 56 manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülsün. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 01 ay müddətində qətnamədən “Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılmış elektron kabinet vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Muradağa Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar