Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-4678/2025 19.02.2026 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: X8 Əhmədağa oğlunun sədrliyi, məhkəmə iclasının katibi Hadiyev İsaq Sabir oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: TƏSVİRİ HİSSƏ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2014-cü il tarixdə doğulmuş X4, xx.xx.2017-ci il tarixdə doğulmuş X2 və xx.xx.2024-cü il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşaq üçün ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0.625 misli həddində olmaqla üç uşaq üçün hər ay ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 1.875 misli həddində alimentin və xx.xx.2024-cü il tarixdə doğulmuş X3 üç yaşınadək saxlanması üçün hər ay ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0.25 misli həddində alimentin və ilkin mediasiya sessiyası zamanı ödənilmiş 60 manat mediasiya xərcinin alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə 25 iyun 2013-cü il tarixdə faktiki ailə münasibətlərinə daxil olaraq evlənmiş, nikahları isə 09 avqust 2016-cı il tarixdə Lənkəran rayon qeydiyyat şöbəsində 487 sayla qeydə aldırmışlar. Birgə nikahlarından xx.xx.2014-cü il tarixdə Yusif, xx.xx.2017-ci il tarixdə Zəminə və xx.xx.2024-cü il tarixdə Zəhra adlı üç uşaqları doğulmuşdur. Hazırda uşaqlar sağ və salamat olmaqla onun himayəsində qalır. Cavabdehlə əvvəl normal şəraitdə yaşamış, lakin, sonradan münasibətlər pozulmuşdur. Münasibətlərinin pozulmasının əsas səbəbi cavabdeh və onun valideynləridir. Belə ki,cavabdeh uşaqların gözü qarşısında onu döyərək təhqir etmişdir. Əvvəllər uşaqlarının xatirinə hər şeyə dözsə də, lakin artıq Cavabdeh ilə yaşamağın qeyri-mümkün olduğunu başa düşüb ondan ayrılmışdır. Hazırda Cavabdeh ilə ər-arvad kimi yaşamır, bütün münasibətlər, o, cümlədən ər-arvadlıq münasibətləri də kəsilmişdir. Cavabdeh boşanma ilə bağlı Lənkəran Rayon Məhkəməsinə müraciət etmişdir. Cavabdeh ilə ayrıldıqları vaxtdan bəri o, bir dəfə də olsun uşaqları ilə maraqlanmamış və maddi cəhətdən onlara hər hansı bir yardım göstərməmişdir. Özü himayəsində azyaşlı uşağı olduğu üçün heç bir yerdə işləmir, tələbatlarını isə valideynləri ödəyir. Halbuki, övladına baxmaq cavabdehin valideynlik borcudur. Cavabdeh isə hazırda könüllü olaraq öz valideynlik borcunu yerinə yetirməkdən boyun qaçırır. Ona görə də cavabdehə qarşı aliment tələbi ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Məhkəmə iclasında iddiaçı iddiasını müdafiə edib əlavə olaraq qeyd etdi ki, əri Neftçala rayonunda çobanlıq edir və rəsmi iş yeri olmasa da, aylıq təxminən 1000 manat qazanır. Çünki, birgə yaşadıqları müddətdə ərinin qazancını görməsə də, təxminən 1000 manat qazandığını bilirdi, lakin, hazırda bunu təsdiqləyəcək sübutları yoxdur. Verilən suallara cavab olaraq bildirdi ki, artıq 4 aydır cavabdehlə ayrılıblar, özü heç yerdə işləmir və uşaqları onun himayəsindədir. Cavadeh uşaqların qayğısına qalmır və onlara heç bir maddi yardım göstərmir. Odur ki, iddia tələbini müdafiə edir və məhkəmdən təmin olunmasını xahiş edir. Məhkəmə iclasında cavabdeh iddianı qismən qəbul edib bildirdi ki, Neftçala rayonunda yaşayır və ailəsindən qaçmır, ailə münasibətlərinin pozulmasında səbəbkar isə qaynıdır. Özü çobanlıq etməklə aylıq təxminənə 500 manat qazanır və hər uşağa görə 100 manat məbləğində aliment ödəməyə razıdır. TƏDQİQ EDİLMİŞ SÜBUTLAR: Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflər arasında nikah xx.xx.2016-cı il tarixdə, Lənkəran rayon Qeydiyyat şöbəsində 487 saylı rəsmiləşdirilmişdir. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin birgə nikanlarından xx.xx.2014-cü il tarixdə X7, xx.xx.2017-ci il tarixdə X5 və xx.xx.2024-cü il tarixdə X6 adlı övladları doğulmuşdur. Lənkəran 1 saylı Mediasiya Təşkilatı tərəfindən verilmiş Arayışdan və ona əlavə edilmiş ödəniş qəbzindən görünür ki, tərəflər arasında ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə qərar qəbul edilmiş və iddiaçı 60 manat mediasiya xərcini ödəmişdir. ƏSASLANDİRİCİ HİSSƏ: Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm dəyişən olarsa, ya qazancının (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulması tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. "Uşaq hüquqları" haqqında Azərbaycan Respublikasının Qanunun 13-cü maddəsinə görə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. İşin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, tərəflər arasında alimentin ödənilməsi ilə əlaqədar hər hansı saziş bağlanmamışdır. Hazırki vəziyyətdə cavabdehin daimi iş yeri barədə məlumat yoxdur. İddiaçının hər hansı bir gəliri yoxdur. Tərəfələrin birgə nikahlarından anadan olmuş uşaqlar hazırda iddiaçının himayəsində olduğundan onlara qulluq, onların sağlamlığı, inkişafı ilə bağlı məişət qayğılarının çəkilməsinin iddiaçının üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən, yəni hazırki iş üzrə cavabdehdən tutulmasına əsas verir. Cavabdehin daimi iş yerinin olmaması, onun maddi vəziyyətinin hansı səviyyədə olması onu iddiaçı ilə birgə münasibətlərindən anadan olmuş uşaqları saxlamaq, qanunvericiliklə müəyyən edilmiş minimum dolanışıq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Həmçinin, uşaqların maddi ehtiyaclarının təmin olunması hər iki valideynin, yəni iddiaçı ilə yanaşı həm də cavabdehin vəzifəsidir. Məhkəmə uşaqların mənafeyini, onların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması imkanlarını, Azərbaycan Respublikasında 2025-ci il üzrə minimum əmək haqqının 400 manat olduğunu, habelə uşağın maddi ehtiyaclarının təmin olunmasının hər iki valideynin vəzifəsi olduğunu nəzərə almaqla xx.xx.2025-ci il tarixdən başlayaraq yetkinlin yaşına çatmayan xx.xx.2014-cü il təvəllüdlü X4, xx.xx.2017-ci il təvəllüdlü X2 və xx.xx.2024-cü il təvəllüdlü X1 üçün cavabdehdən iddiaçının xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay, bir uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,375 misli həddində, üç uşaq üçün isə cəmi 1,125 misli həddində sabit pul məbləğində aliment tutulmalıdır. Məhkəmə hesab edir ki, hazırda iddiaçı cavabdehin gəlirləri barədə məhkəməyə sübut təqdim edə bilmədiyinə görə, iddia tələbi xx.xx.2024-cü il təvəllüdlü X3 3 yaşınadək saxlanılması üçün hər ay cavabdehdən iddiaçının xeyrinə ölkə üzrə minimum əmək haqqının 0.25 misli həddində pul alınması hissəsində rədd edilməlidir. Belə ki, iddiaçı himayəsindəki uşağın 3 yaşınadək saxlanılması üçün cavabdehdən hər ay ölkə üzrə minimum əmək haqqının 0.25 misli həddində pul tələb etsə də, sonuncunun buna zəruri vəsaitə malik olması barədə məhkəməyə hər-hansı bir sübut təqdim etməmişdir. Halbuki, Ailə Məcəlləsinin 85.1.1-ci maddəsinə əsasən hamiləlik dövründə və ümumi uşaqlarının doğulduğu gündən 3 il ərzində keçmiş arvadın nikah pozulduqdan sonra məhkəmə qaydasında buna zəruri vəsaitə malik olan keçmiş ərdən (arvaddan) aliment ödəməyi tələb etmək hüququna malikdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İş materiallarından görünür ki, iddia ərizəsi məhkəməyə xx.xx.2025-ci il tarixdə təqdim edilmişdir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən mediasiya prosesinin tətbiqi üçün ödənilmiş 60 manat mediasiya xərci cavabdehə aid edilərək onda tutulub İddiaçı verilməlidir. Azərbaycan Respublikasının «X9» Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar məhkəməyə verilən iddia ərizələrə görə dövlət rüsumunun ödənilməsindən azad edilirlər. Həmin Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1000 manatdan 10 000 manatadək olduqda məhkəməyə verilən iddia ərizələrinə görə 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu ödənilir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasında 2025-ci il üzrə minimum əmək haqqı 400 manat olduğundan, həmin minimumun 1,125 misli hazırda 450 manat, alimentin bir illik məcmusu isə cəmi 5400 manat, həmçinin dövlət rüsumu 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi, yəni (5400 - 1000= 4400)4400 manat məbləğin 1%-i olan 44 manat, cəmi (30+44=74) 74 manat təşkil edir. Məhkəmə hesab edir ki, iddia tələbinin təmin edilmiş hissəsinə mütənasib olaraq 74 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. NƏTİCƏ HİSSƏSİ: Göstərilənlərə əsasən və MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. xx.xx.2025-ci il tarixdən başlayaraq yetkinlik yaşına çatmayan xx.xx.2014-cü il təvəllüdlü X4, xx.xx.2017-ci il təvəllüdlü X2 və xx.xx.2024-cü il təvəllüdlü X1 üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay, bir uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,375 misli həddində, üç uşaq üçün isə 1,125 misli həddində sabit pul məbləğində aliment tutulsun. Qətnamə alimentin ödənilməsi hissəsində dərhal icra edilsin. İddiaçı tərəfindən mediasiya prosesinin tətbiqi üçün ödənilmiş 60 manat mediasiya xərci cavabdehə aid edilərək onda tutulub İddiaçı verilsin. 74 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülsün. İddia qalan hissədə əsassız olduğu üçün təmin edilməsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində qətnamədən “Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılmış elektron kabinet vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Muradağa Qasımov
Məhkəmə qərarları › İş №2(049)-4678/2025
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-4678/2025
19.02.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver