Məhkəmə qərarları › İş №2(049)-65/2023

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-65/2023

26.04.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-65/2023 26.04.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Azad oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədov Tural Məhərrəm oğlunun katibliyi, İddiaçı1, onun nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Lənkəran şəhər İcra Hakimiyyətinə və Cavabdeh2 Qəhrəman oğluna qarşı «tikilinin cavabdehlərin hesabına sökülməsi, ərazidə «ayaqqabı təmiri emalatxanası»nın cavabdehlərin hesabına bərpa edilməsi, 50.000 manat və 20.000 manat mənəvi ziyan tələbinə dair» tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Lənkəran şəhər İcra Hakimiyyətinin nümayəndəsi və Cavabdeh2 Qəhrəman oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Lənkəran Şəhər İcra Hakimiyyətinin 24 iyul 2018-ci tarixli 10- 44/116 saylı sərancamının hissəvi ləğvi və tikilinin cavabdehlərin hesabına sökülməsi, ərazidə ayaqqabı təmiri emalatxanasının cavabdehlərin hesabına bərpa olunmasına 50.000 manat və 20.000 manat mənəvi ziyan alınıb ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Lankaran şəhəri, Səmədzadə kuçəsi yerləşən Cavabdeh2 Qəhrəman oglu tərəfindən tiklti aparılan ərazidə ayaqqabı təmir emalatxanası X2 özəlləşdirmə yolu ilə verilmişdir. Atası (əri) X3 1996-ci il tarxində vəfat etdikdan sonra miras əmlakı, yəni «Ayaqqabi təmiri emalatxanasını» faktiki qəbul edib, idarə etməyə başlamışdır. Həmin emalatxanada insanlara ayaqqabə təmiri və tikişi ilə bağlı xidmat göstərmişdir. Gündəlik 30-40 manat qazanc əldə edirdi. 2012-ci ilin mart ayında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə, Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 19 dekabr 659 sayli Fəramani ilə təsdiq edilmiş «Özəlləşdirilən müəssisə və obyektlərin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin topdan satış sahələrinin satılması haqqında Əsasnaməyə» uyğun olaraq müraciət etmişdir ki, mülkiyyətində olan ayaqqabı təmiri emalatxanasının altındakı 9,3 kv.m torpaq sahəsinin də əvvəlki qaydada özəlləşdirsinlər. X4 ayaqqabi təmiri emalatxanasının xüsusi mülkiyyətdə olmasi yoxlanılmış, təsdiqin tapdıqdan sonra onlara xx.xx.2012-ci il tarixli **********55 sayli məktubla müvafiq qaydada həll edilməsi baradə cavab verilmişdir. Lənkəran şəhər icra hakimiyyəti başcısı 24 iyul 2018-ci il tarixdə 10-44/16 sayla sərancamı ilə Cavabdeh2 ogluna tikintiyə icaza versə də bu günə kimi həmin qarar onlara təqdim olunmamışdır. Rəsmi olaraq Lənkəran şəhər icra hakimiyyətinə müraciət olunmuşdur. Bundan sonra onları Lənkəran rayon İcra Hakimiyyətinə dəvət edib bildirmişlər ki, şəhərin abadlaşdırılması ilə əlaqadar Səmədzadə küçəsində yerləşən köhnə tipli məişət obyektləri söküləcək, yerində rahat müasir tipli xidmət va məşiət obyektləri tikilib obyektləri sökülmüş mülkiyyətçilərə təhvil veriləcəkdir. Lakin həmin ərazinin hansi abadlaşdırılmaq üçün sökülməsi baradə malumatlandırılmamışlar. Sonradan onlara malum olmuşdur ki, onların sökülən ayyaqabı təmiri emalatxanasi şəhərin abadlaşdırılması məqsədi ilə sökülməmişdir. Məhkəmədə hansı qərarla, hansı məqsəd üçün sökülməsinə aydınlıq gətirilməli və buna aid qarar aydınlaşdırılmalıdır. Onların xüsusi mülkiyyatinə aid hər hansı bir tikilinin sökülməsi barədə məhkəmə qararı olmalı idi. Onların mülkiyyəti qanuna zidd olaraq sökulmüşdur. Məhkəmənin qararı olmadan kimsə xüsusi mülkiyyətdən məhrum edilə və xüsusi mülkiyyət hüququ məhdudlaşdırıla bilməz. Onlara məxsus ayaqqabı təmiri emalatxanası sökülmüş, lakin onun yerinə yeni xidmət, məişət tipli obyektin tikilməsi gecikdirilirmişdir. Bu halı gördükdən sonra Azarbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkilinə müraciət etmişlər. Aldığı cavabda isə hüquqlarının qorunması ilə bağlı bütün tədbirlərin görüləcəyi cavabı verilmişdir. Söküntü aparılmış ərazidə tikinti işləri aparılmışdır. Bundan sonra ona məlum oldu ki, bir hissəsi onların ayaqqabı təmiri emalatxanasının sökülmüş yeri üzərinə düşən tikilinin sahibi Cavabdeh2 Qahraman oğludur. Bundan sonra cavabdehin onlara məxsus ərazidə icazəli tikinti aparılması məlum olan kimi Lankaran şəhər icra Hakimiyyatinə qarşı Şirvan inzibati Mahkamasində iddia qaldırmışdır. Bundan sonra onlar və Cavabdeh2 Lənkəran rayon icra Hakimiyyatinə dəvət edilmiş, ayaqqabı təmiri emalatxanasının tutduğu sahə, yəni 9,3 kv.m istifadə üçün yararlı sahə ilə əvəzsiz istifadəsinə verilməsi onlara təklif olunmuşdur. Bir halda ki, inzibati məhkəmdə olan ərizə geri gotürülsün. Cavabdeh2 onları inadırdı ki, tikinti başa çatdıqdan sonra qeyd edilən sahani əvəzsiz olaraq onların istifadasinə verəcəkdir. Bu razılaşmadan sonra inzibati iqtisad məhkəməsindən iddiasını geri götürmüşdür. Cavabdeh2 təklif edir ki, maddi cəhətdən pul köməkliyi göstərsin, həmin tikilidə veriləcək 9,3 kv.m əvəzinə pulla başqa ərzidə özlərinə ayaqqabı təmiri emalatxanası tiksinlər. Lakin Cavabdeh2 hal hazırda onlara aid sahadən yenə də istifadəyə davam edir. İddiaçı1, onun nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat vermiş, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş İddiaçı2, cavabdehlər Lənkəran şəhər İcra Hakimiyyətinin nümayəndəsi və Cavabdeh2 Qəhrəman oğlu məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM-nin) 185.5-ci maddəsinə əsasən işə İddiaçı2, cavabdehlər Lənkəran şəhər İcra Hakimiyyətinin nümayəndəsi və Cavabdeh2 Qəhrəman oğlunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş: Lənkəran Rayon Məhkəməsinin 26 aprel 2021-ci il tarixli qərardadı ilə, iddia tələbinin «Lənkəran Şəhər İcra Hakimiyyətinin 24 iyul 2018-ci tarixli 10-44/116 saylı sərancamının hissəvi ləğvi» hissəsinin baxılmasına xitam verilmişdir. Dövlət əmlakının hüquqi və fiziki şəxlərə satılması haqqında xx.xx.2001-ci il tarixli 000886 nömrəli Şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Lənkəran şəhəri, Səmədzadə küçəsində yerləşən Əhaliyə Məşət Xidmətinin «Zövq» İKFnın ayaqqabı təmiri emalatxanası X1. Əmlak Məsələləri Dövlət Komitəsinin İddiaçı2 ünvanladığı xx.xx.2012-ci il tarixli məktubdan görünür ki, müvafiq sənədlər təqdim edildikdən sonra Lənkəran şəhəri, Səmədzadə küçəsində yerləşən ayaqqabı təmiri emalatxanasının yerləşdiyi torpaq sahəsinin özəlləşdirilməsinə baxılacağı bildirilmişdir. Belələliklə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Lənkəran şəhəri, Səmədzadə küçəsində yerləşən Əhaliyə Məşət Xidmətinin «Zövq» İKF-nın ayaqqabı təmiri emalatxanası X1. X3 1996-ci il tarxində vəfat etmiş, həmin emalatxanada İddiaçı1 faəliyyət göstərmişdir. Daha sonra həmin emalatxana Cavabdeh2 Qəhrəman oglu tərəfindən sökülmüşdür. İddiaçı hazırda Lənkəran şəhəri, Səmədzadə küçəsində yerləşmiş ayaqqabı təmiri emalatxanasının cavabdehlərin hesabına bərpa olunmasını, vurulmuş maddi ziyana görə 50.000 manat və mənəvi ziyana görə 20.000 manatın cavabdehdən alınıb iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, iddianın qanuni əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsi təşkil edir. Qeyd olunan hüquq normasının tələbinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Mülki hüquq nəzəriyyəsinə görə ənənəvi olaraq iki klassik iddia növündən, yəni vindikasiya və neqator iddiasından istifadə edilir. Mülki Məcəllənin 157.2-ci maddəsi əşya hüquqlarının vindikasiya qaydasında müdafiə edilməsini tənzimləyir. Mülki hüquq nəzəriyyəsində vindikasiya iddiası adlanır. Vindikasiya iddiası dedikdə, öz əşyası üzərində faktiki sahibliyi itirən mülkiyyətçinin həmin əşyanı naturada özgəsinin (başqa şəxsin) qanunsuz sahibliyindən geri tələb etməsi başa düşülür. Qeyd olunan hüquq normasının dispozisiya şərtinə görə:

1. Şəxs tələb edilən əmlakın mülkiyyətçisi olmalı

2. Mülkiyyətçi öz əşyası üzərində faktiki sahibliyi itirməli

3. Mülkiyyətçinin sahiblikdən məhrum olduğu əşya başqa şəxsin (özgəsinin) sahibliyinə keçməli

4. Özgə şəxsin əşyaya faktiki sahibliyi qanunsuz olmalı

5. Mülkiyyətçinin sahiblikdən məhrum olduğu və özgəsinin qanunsuz sahibliyinə keçdiyi əşya naturada saxlanmalı

6. Geri tələb olunan əşya yalnız fərdi əlamətləri ilə müəyyən edilən əşya (fərdimüəyyən əşya) olmalı

7. Əşyanın mülkiyyətçisi və faktiki sahib bir-birilə öhdəlik hüquq münasibətlərində, məsələn, müqavilə münasibətlərində olmamalı İddia tələbi yalnız yuxarıda qeyd olunan dispozisiya şərtlərinin hamısı mövcud olduğu təqdirdə əsaslıdır. Lakin hazırki iddia tələbindən görünür ki, iddia tələbi qeyd olunan hüquq normasının dispozisiya şərtlərinə uyğun gəlmir. Belə ki, iddiaçılar onların qanuni mülkiyyətində olan ayaqqabı emalatxanasının cavabdeh tərəfindən sökülməsini, sökülmüş emalatxananın yerində Cavabdeh2 tərəfindən tikili inşa edilməsini bildirsələr də bunu təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişlər. Digər tərəfdən iddiaçılar da iddia ərizəsində və məhkəmə iclasında verdiyi izahatlarında emalatxanasının məhz Lənkəran Şəhər İcra Hakimiyyətinin 24 iyul 2018-ci tarixli 10-44/116 saylı sərancamına əsasən sökülmüşdür. Belə olan halda cavabdehlərin emalatxananın sökülməsinə hər hansı aidiyyətinin olması öz təsdiqini tapmır. Göründüyü kimi MM-nin 157.2-ci maddəsinə nəzərdə tutulmuş 2-ci dispozisiya şərti, yəni «Mülkiyyətçi öz əşyası üzərində faktiki sahibliyi itirməli» olmasına və 3-cü dispozisiya şərti, yəni « Mülkiyyətçinin sahiblikdən məhrum olduğu əşya başqa şəxsin (özgəsinin) sahibliyinə keçməli» olmasına dair dispozisiya şərtləri hər hansı sübutla öz təsdiqini tapmır. Halbuki, MPM-nin 77.1-ci maddəsinin tələbi baxımından həmin halları sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Belə ki, MPM-nin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosessində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosessin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, «affirmanti, non neganti incumbit probation» (yəni, sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur.Sübut kifayət qədər güclü,aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Sübutları qiymətləndirən zaman məhkəmə «əsaslı şübhələr yaratmayan» sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər («Avşar Türkiyəyə qarşı» iş üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarı № 25657/94, §282) İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «Kraska İsveçrəyə qarşı» iş üzrə xx.xx.1993-cü il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyə görə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin təsir dairəsi digər məsələlərlə yanaşı məhkəmə üçün öz qərarına aid olub-olmamasına qabaqcadan qiymət vermədən tərəflərin təqdim etdiyi bütün müraciətləri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq öhdəliyi yaradır (§ 30). Avropa Məhkəməsi “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli qərarında qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Məhkəmə iddianın maddi və mənəvi ziyanın ödənilməsi hissəsinə qiymət verərək, hesab edir ki, iddianın həmin hissəsi «tikilinin cavabdehlərin hesabına sökülməsi, ərazidə «ayaqqabı təmiri emalatxanası»nın cavabdehlərin hesabına bərpa edilməsi» hissəsi ilə əlaqədar olduğundan və həmin hissədə iddia təmin edilmədiyindən iddia maddi və mənəvi ziyanın ödənilməsi hissəsində də təmin edilməməlidir. MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-nin 218.3-cü maddəsinə əsasən işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarılmalıdır. Beləliklə, məhkəmə MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə həmin Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmaqla belə nəticəyə gəlir ki, hazırki iş üzrə iddiaçılar iddia tələbini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etmədiyindən, təqdim edilən və məhkəmənin sorğusu əsasında əldə edilən sübutlar isə iddianın əsaslılığını təsdiq etmədiyindən iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Lənkəran şəhər İcra Hakimiyyətinə və Cavabdeh2 Qəhrəman oğluna qarşı «tikilinin cavabdehlərin hesabına sökülməsi, ərazidə ayaqqabı təmiri emalatxanasının cavabdehlərin hesabına bərpa olunmasına 50.000 manat və 20.000 manat mənəvi ziyan alınıb ona ödənilməsi» tələbinə dair iddiası təmin edilməməlidir. Qeyd olunanlara əsasən və MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ:

İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Lənkəran şəhər İcra Hakimiyyətinə və Cavabdeh2 Qəhrəman oğluna qarşı «tikilinin cavabdehlərin hesabına sökülməsi, ərazidə ayaqqabı təmiri emalatxanasının cavabdehlərin hesabına bərpa olunmasına 50.000 manat və 20.000 manat mənəvi ziyan alınıb ona ödənilməsi» tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim Rəşad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar