Məhkəmə qərarları › İş №2(049)-660/2024

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-660/2024

01.03.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-660/2024 01.03.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: X5 Əhmədağa oğlunun sədrliyi, Hadiyev İsaq Sabir oğlunun katibliyi İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh Rəfail oğluna qarşı aliment tələbinə dair iddiası üzrə mülki işə 01 mart 2024-cü il tarixdə Lənkəran Rayon Məhkəməsində baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: TƏSVİRİ HİSSƏ: İddiaçı Cavabdeh Rəfail oğluna qarşı aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2009-cı il tarixdə doğulmuş X3 və xx.xx.2010-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmasından ötrü hər bir uşaq üçün 235 manat olmaqla, ümumilikdə hər ay 470 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. O, iddiasını onunla əsaslandırmışdır ki, cavabdehlə xx.xx.2008-ci il tarixində rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşlar. Birgə nikahlarından xx.xx.2009-cu il təvəllüdlü Zaur və xx.xx.2010-cu il Rauf adlı iki uşaqları doğulmuşdur. Cavabdehlə ilk vaxtlar normal ailə şəklində yaşasalarda sonradan münasibətləri pozulmuşdur. Uşaqlarına görə ailəsinin dağılmasını istəməsə də, cavabdehin bir sıra hərəkətlərinə göz yumsa da, cavabdeh ailəsinə heç vaxt hörmət etməmişdir. 2022-ci ilin dekabr ayında işləmək adı ilə Rusiya Federasiyasının Moskva şəhərinə getmişdir. İlk vaxtlar hər ay 250 və ya 300 manat pul göndərsə də, son 3 ay ərzində heç bir maddi vəsait göndərməmişdir. Uşaqlarının hər ikisində də gözlərində problemlər var, hər altı aydan bir müayinə və müalicə almalıdırlar. Cavabdeh bir valideyin kimi öz vəzifəsindən yayınır. Ona görə alimentin tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmədə İddiaçı iddiasını müdafiə edərək əlavə olaraq göstərmişdir ki, 6-7 ay bundan əvvəl cavabdeh Rusiyanın Astraxan şəhərinə gedərək orada başqa bir qadınla yaşamağa başlamışdır. Azərbaycanda olduğu zaman cavabdeh ofisiant, fəhlə işləyərək ailəsini dolandırmışdır. Lakin onun gəlirləri barədə məlumatı olmamışdır. Cavabdeh uşaqları üçün məktəb paltarları alsa da, ev paltarları ilə uşaqlarını qohumları təmin etmişlər. Uşaqları gözdən əməliyyat olunmuşlar. Məhkəmə iclasının vaxtı və yeri barəsində cavabdeh lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə onun gəlməməsinin səbəbini üzürsüz sayaraq Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsini rəhbər tutaraq işə onun iştirakı olmadan baxılmasını mümkün saymışdır. ƏSASLANDİRİCİ HİSSƏ: Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarına və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək, hesab edir ki, aşağıdakılara əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan çıxarışın surətindən görünür ki, Cavabdeh Rəfail oğlu ilə X2 qızı arasında nikah xx.xx.2008-ci il tarixdə Lənkəran rayon Qeydiyyat şöbəsi tərəfindən 353 sayla qeydə alınmışdır. Nikah bağlandıqdan sonra arvada “Ağayeva” soyadı verilmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin və şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, tərəflərin birgə nikahlarından xx.xx.2009-cı il təvəllüdlü X3 və xx.xx.2010-cu il təvəllüdlü X4 doğulmuşdur. İş materiallarında olan tibbi sənədlərdən görünür ki, tərəflərin hər iki uşağında xəstəliklər aşkar olunmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 76.1.2-ci maddəsinə əsasən alimentin ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən 2 uşağa görə qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarında aliment tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. "Uşaq hüquqları" haqqında Azərbaycan Respublikasının Qanunun 13-cü maddəsinə görə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. İşin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, hazırki vəziyyətdə cavabdehin daimi iş yeri və sabit gəlir mənbəyi barədə məlumat yoxdur. Ona görə də tərəflərin birgə nikahından anadan olmuş uşaqların saxlanması üçün cavabdehdən tutulan aliment sabit pul məbləğində müəyyən edilməlidir. Tərəfələrin birgə nikahından anadan olmuş uşaqlar hazırda iddiaçının himayəsində olduğundan uşağa qulluq, onun sağlamlığı, təhsili, inkişafı ilə bağlı məişət qayğılarının çəkilməsinin iddiaçının üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən, yəni hazırki iş üzrə cavabdehdən tutulmasına əsas verir. Cavabdehin daimi iş yerinin olmaması, onun maddi vəziyyətinin hansı səviyyədə olması onu iddiaçı ilə birgə nikahından anadan olmuş uşaqları saxlamaq, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Həmçinin, uşaqların maddi ehtiyyaclarının təmin olunması hər iki valideynin, yəni cavabdehlə yanaşı həm də iddiaçının vəzifəsidir. Məhkəmə tərəflərin maddi və ailə vəziyyətini, onların birgə nikahda olduqları müddətdə anadan olmuş yetkinlik yaşına çatmayan uşaqların mənafeyini, onların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması imkanlarını, 2024-cü ildə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumunu, habelə, uşaqların maddi ehtiyaclarının təmin olunmasının hər iki valideynin vəzifəsi olduğunu nəzərə almaqla cavabdehdən hər ay, hər uşaq üçün 175 manat olmaqla, cəmi 350 manat sabit pul məbləğində aliment tutularaq uşaqların yetkinlik yaşına çatana qədər saxlanması üçün iddiaçıya verilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İş materiallarından görünür ki, iddia ərizəsi məhkəməyə xx.xx.2024-cü il tarixdə təqdim edilmişdir. Uşaqların saxlanması üçün alimentin tutulması xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Azərbaycan Respublikasının «X6» Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar məhkəməyə verilən iddia ərizələrə görə dövlət rüsumunun ödənilməsindən azad edilirlər. Həmin Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1000 manatdan 10 000 manatadək olduqda məhkəməyə verilən iddia ərizələrinə görə 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu ödənilir. Məhkəmə qeyd edir ki, hazırda uşaqların saxlanması üçün ayda 350 manat miqdarında alimentin tutulması nəzərə alınmışdır. Alimentin alınması haqqında iddianın bir il ərzində ödəmənin cəmi 4200 manat təşkil eləyir (350 manat x 12 aya = 4200). Buna görə də cavabdehdən 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi, yəni (4200 1000=3200) 3200 manat məbləğin 1%-i olan 32 manat, cəmi (30+32=62) 62 manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. NƏTİCƏ HİSSƏ: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh Rəfail oğluna qarşı aliment tələbinə dair iddiası qismən təmin edilsin. xx.xx.2009-cı il təvəllüdlü X3 və xx.xx.2010-cu il təvəllüdlü X1 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün 08 yanvar 2024-cü il tarixdən başlayaraq Cavabdeh Rəfail oğlundan hər ay, hər bir uşaq üçün 175 manat olmaqla, cəmi 350 manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə dərhal icra olunsun. Cavabdedh Cavabdeh Rəfail oğlundan 62 manat dövlər rüsumu tutularaq Dövlət hesabına köçürülsün. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. X7

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar