Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-662/2024 05.03.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlunun sədrliyi, məhkəmə iclasının katibi: X3, iddiaçı: İddiaçı, cavabdeh: Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “sabit pul məbləğində aliment” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh faktiki nikah münasibətlərindən xx.xx.2014-cü il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 225 manat sabit pul məbləğində alimentin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırmışdır ki, iddiaçı ilə cavabdeh faktiki nikaha daxil olmaqla 2013-cü il tarixdə evlənmişlər Aralarında olan ailə münasibəti rəsmiləşməmişlər. Birgə nikahdan xx.xx.2014-cü il tarixdə Xədicə adlı uşağı doğulmuşdur. Uşaq salamat olmaqla hazırda iddiaçının himayəsində yaşayır. Cavabdeh ilə ailə qurduqda sonra cavabdehlə birlikdə kirayə mənzildə bir neçə ay yaşamışlar və o, iş adı ilə Bakıya getmiş sonradan ailə ilə maraqlanmamışdır. Hətta övladı doğulandan bir dəfə rayona gələrək uşağa atalıq verərək çıxıb getmiş və o zamandan bəri bircə dəfə də olsa onlarala maraqlanmamışdır. Hətta nömrələrini belə dəyişmişdir. Uşaq doğulduqdan bir neçə ay sonra o, kirayə tutduğu mənzili təhvil verib valideynlərinin yanına qayıtmışdır. Tək övladı ilə birlikdə valideynin yanında aşayır. Övladının bu çətin günlərində mənəvi qayığıya ehtiyacı olduğu kimi maddi təminata da ehtiyacı vardır. Çünki heç yerdə işləmir, valideyn himayəsində yaşayır. Övladı artıq 3-cü sinif şagirdidir. Bir valideyn kimi onun məktəbli ləvazimatlarını almaqda maddi vəziyyəti acınacaqlı olduğu üçün çətinlik çəkir. Ailədə maddi vəziyyət də çox çətindir. Onlara da artıq yük olmuşdur. Məhz bu səbəbdən övladı saxlanılması üçün sabit pul məbləğində aliment tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, cavabdehin uşağı ilə maraqlanmadığını, yeddi ilə yaxın müddətdir ki, uşağını görmədiyini bildirərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında bildirdi ki, iddianı qismən qəbul edir. Aliment verməyə razıdır, lakin hazırda evlidir və nikahından iki uşağı vardır, faktiki olaraq işləmir və ancaq günlük qaznc əldə edir, özü İ Qarabağ Müharibəsi veteranı kimi 80 manat təqaüd alır. Masallı rayonunda olsa da, Bakı şəhərində yaşayır. Sonuncu dəfə iddiamı ilə övladını Türkiyə Respublikasına gedərkən görmüş və hələ də orada olduğunu bildiyi üçün maraqlanmamışdır. Hazırkı iş üzrə məhkəmə bildirişini aldıqdan sonra iddiaçı ilə övladının respublikada olduğunu öyrənmişdir. İddianın qismən təmin edilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş AZ-İll 728601 nömrəli şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, 12 dekabr 2014cü il tarixdə X2 doğulmuş, anası İddiaçı, atası Cavabdehdur. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş AZ-İ 300604 nömrəli Atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh xx.xx.2014-cü il tarixdə doğulmuş X1 atası hesab edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş xx.xx.2023-cü il tarixli 17 nömrəli Azərbaycan Respublikasının Təhsil Nazirliyi Astara- Lənkəran Regional Təhsil İdarəsi Lənkəran Rayon Təhsil Sektoru Lənkəran şəhər Azad Babayev adına 8 nömrəli tam orta məktəbin direktoru İ.A. Paşayev tərəfindən verilmiş arayışdan görünür ki, X2 həqiqətən 8 saylı məktəbin 3-cü sinfində oxuyur. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş qəbzdən görünür ki, iddiaçı məhkəməyə müraciət etməzdən əvvəl mediasiya xərci kimi 60 manat ödəmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.4-cü maddələrində göstərilmişdir ki, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən isə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 5 və 13-cü maddəsində təsbit olunmuşdur ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanunu ilə 2024-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 8-2/2016 nömrəli, 28 mart 2016-cı il tarixli Qərarının 8.2-ci bəndinə əsasən aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Məhkəmə cavabdehin maddi və əmlak vəziyyətini, alimenti ödəmək istəməsini, uşağın atası olaraq alimenti ödəməsini vəzifəsi olmasını, eləcə də xüsusilə uşağa qarşı münasibətini nəzərə alaraq alimentin hər ay 200 manat sabit pul məbləğində müəyyən edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə, bu nəticəyə gələrkən cavavdehin maddi vəziyyəti ilə yanaşı doqquz yaşında uşağı ilə uzun müddət maraqlanmaması, onun təlim tıərbiyəsində iştirak etməməsi, habelə maddi cəhətdən təmin etməməsini də nəzərə almışdır. Ailə Məcəlləsinin 100.2-ci maddəsində göstərilir ki, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Məhkəmə alimentin tutulmasının başlanğıcı ilə əlaqədar hesab edir ki, himayəsində azyaşlı uşağı olan iddiaçı 08 yanvar 2024-cü il tarixdə aliment tələbi ilə məhkəməyə ərizə ilə müraciət etdiyindən alimentin tutulmasının başlanğıcı həmin tarixdən vaxtdan hesablanmalıdır. MPM-nin 234.2 və 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Buna görə də qətnamə alimentin tutulması hissəsində dərhal icra edilməlidir. MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarından görünür ki, iddiaçı hazırki tələb üzrə məhkəməyə müraciət etmək üçün dövlət rüsumunu ödəməkdən azad olan şəxs statusunda olsa da, mediasiya prosesi ilə bağlı 60 manat ödəmiş, cavabdeh isə mediasiya prosesində, ümumiyyətlə, iştirak etməmişdir. Qeyd olunan hüquq normasının tələbinə əsasən məhkəmə qərara gəlir ki, iddiaçının məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində ödədiyi 50 manat məbləğ cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Hazırki iş üzrə məhkəmə tərəfindən təyin edilmiş cəmi 200 manat alimentin miqdarı nəzərə alınmaqla, bir il ərzində ödəmənin məcmusu 2400 manat müəyyən edilir. Qüvvədə olan qanunverdiciliyə əsasən həmin məbləğə görə cəmi 44 manat dövlət rüsumu ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Həmin Qanunun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə - iddiaçılar məhkəməyə verilən iddialar üzrə dövlət rüsumu ödəməkdən azad olunurlar. Hazırki iş üzrə cavabdeh dövlət rüsumunu ödəməkdən azad olan şəxs statusunda olmasa da, iddiaçının məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində ödədiyi 60 manat məbləğin cavabdehdən tutularaq iddiaçıya ödəniləcəyi və həmin məbləğin cavabdehin alimentə görə ödəməli olduğu 44 manat dövlət rüsumunu əhatə etdiyini nəzərə alaraq məhkəmə qərara gəlir ki, aliment alınması ilə bağlı cavabdehdən əlavə olaraq hər hansı miqdarda dövlət rüsumu tutulmamalıdır. Məhkəmə iş üzrə sübutlara MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə həmin Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh birgə nikahından 12 dekaber 2014-cü il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 200 manat sabit pul məbləğində aliment Cavabdeh alınaraq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İddiaçı məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində ödədiyi 60 manat məbləğində pul Cavabdeh tutularaq iddiaçıya ödənilsin. Qətnamə alimentin tutulmasına dair hissədə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər Hakim Murad Aslanov
Məhkəmə qərarları › İş №2(049)-662/2024
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-662/2024
05.03.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver