Məhkəmə qərarları › İş №2(049)-667/2025

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-667/2025

02.06.2025 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-667/2025 02.06.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: Lənkəran Rayon Məhkəməsinin hakimi Süleymanov Kamran Şakir oğlunun sədrliyi, Abbaszadə Fərid Şahüseyn oğlunun katibliyi ilə, İddiaçı borclu Cavabdeh qarşı rabitə xidmətlərindən istifadəyə görə abunə və xidmət haqqı, dövlət rüsumu məbləğlərinin ödənilməsi tələbinə dair mülki işə Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: Kreditor İddiaçı MMC əmr icraatı qaydasında ərizə ilə məhkəməyə müraciət edərək borclu Cavabdeh 1876.78 manat abunə və xidmət haqqı, 20 manat dövlət rüsumu - cəmi 1896.78 manat vəsaitin tutularaq İddiaçı MMC-nin hesabına ödənilıməsi barədə məhkəmə əmri verilməsini xahiş etmişdir. Lənkəran Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(049)-5184/2018 nömrəli məhkəmə əmri ilə kreditor İddiaçı MMC-nin tələbi təmin edilmişdir. Borclu Cavabdeh xx.xx.2024-cü il tarixdə Lənkəran Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(049)-5184/2018 nömrəli məhkəmə əmrinə etiraz verərək qeyd olunan məhkəmə əmri barədə yalnız bu yaxınlarda icra qurumundan məlumat aldığını bildirmişdir. Onun etirazı əsasında məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə həmin məhkəmə əmri ləğv edilərək işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İşə iddia icraatı qaydasında baxılarkən İddiaçı nümayəndəsi Nümayəndə bildirmişdir ki, İddiaçı MMC tərəfindən 2017-ci ildə kompaniya keçirilərək fiziki şəxslərin istifadəsinə “İPHONE” markalı telefonlar verilmişdir. İddiaçı MMC kompaniya keçirərkən hazırki iş üzrə Cavabdeh da həmin kompaniyada iştirak etmişdir. Kompaniyaya görə İddiaçı MMC tərəfindən fiziki şəxslərin istifadəsinə “İPHONE” markalı mobil telefon və telefona bağlanan nömrə verilmişdir. Cavabdehə də “5GB İPHONE7” markalı mobil telefon 24 ay müddətinə verilmiş və bu barədə onunla müqavilə bağlanmışdır. Verilən telefon ya həmin şəxsin istifadəsində olan nömrəyə, ya da yeni nömrəyə bağlanaraq təqdim edilmişdir. Bunun üçün istənilən şəxs müraciət edə və öz istifdəsində olan nömrə ilə də kompaniyaya qoşula bilərdi. Cavabdehlə İddiaçı MMC arasında bağlanmış xx.xx.2017-ci il tarixli müqaviləyə əsasən ona verilmiş “5GB İPHONE7” markalı mobil telefon (050) ***-**-** nömrəli mobil telefona bağlanmışdır. Həmin nömrə elə abonentin özünə də məxsus ola bilər. Cavabdeh onunla bağlanan müqavilənin şərtlərini pozmuş, hesab fakturalara əsasən onun xx.xx.2017-ci il tarixə 82.78 manat, xx.xx.2018-ci il tarixə 92 manat, xx.xx.2018-ci il tarixə 1702 manat, xx.xx.2018-ci il tarixə, yəni məhkəməyə müraciət edilən tarixə 1876.78 manat borcu yaranmışdır. Həmin vaxtdan indiyədək borclu tərəfindən ödəniş edilmədiyi üçün hazırda da qeyd olunan borcun ödənilməsi ondan tələb edilir. İşə iddia icraatı qaydasında baxılarkən Cavabdeh iddia tələbini qəbul etmədiyini bildirdi və məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, (050) ***-**-** mobil nömrəsi ona məxsus olmaqla 2017-ci ildən əvvəl də onun istifadəsində olmuşdur. O, həmin nömrəni sonradan bağlatdırmış və hazırda da istifadə etmir. Hazırda ona qarşı olan tələbdə onun İddiaçı MMC-yə 1896.78 manat borcu olduğu qeyd edilmişdir. Onunla İddiaçı MMC arasında hər hansı müqavilə olmamışdır. O, Lənkəran rayon İcra və Probasiya şöbəsində olarkən Lənkəran Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(049)-5184/2018 nömrəli məhkəmə əmri ilə tanış olduqda ona məlum olmuşdur ki, guya İddiaçı MMC ilə onun arasında müqavilə bağlanmışdır. Lakin onun bu müqavilədən xəbəri yoxdur. İddiaçı MMCnin təqdim etdiyi xx.xx.2017-ci il tarixli abunə müqaviləsindəki imza ona məxsus deyildir. O, “İPHONE7” markalı mobil telefon almamış və həmin telefondan heç vaxt istifadə etməmişdir. (050) ***-**-** mobil nömrəsi istifadəsində olarkən o, hər dəfə telefondan istifadə üçün nağd qaydada pul ödəyib nömrədən istifadə etmişdir. Məhkəmə iclasında Cavabdeh məhkəməyə vəsatət təqdim edərək və izahat verərək bildirmişdir ki, iddiaçının məhkəməyə təqdim etdiyi xx.xx.2017-ci il tarixli abunə müqaviləsində və müqaviləyə əlavə edilmiş sənədlərdə olan imzanın (imzaların) kim tərəfindən icra edilməsinin dəqiqləşdirilməsi üçün iş üzrə məhkəmə xəttşünaslıq ekspertizasının təyin edilməsini və müvafiq ekspert rəyinin alınmasını məhkəmədən xahiş edir. Mülki işin məhkəmə araşdırması ilə əlaqədar xx.xx.2017-ci il tarixli abunə müqaviləsindəki və abunə müqaviləsinə əlavədəki imzaların cavabdeh, yaxud digər şəxs(lər) tərəfindən imza edilib-edilməməsini dəqiqləşdirmək üçün məhkəmə-xəttşünaslıq ekspertizası təyin edilmişdir. Məhkəmə-xəttşünaslıq ekspertizasının xx.xx.2025-ci il tarixli 4/384 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, iddiaçı ilə Cavabdeh adından bağlanmış xx.xx.2017-ci il tarixli abunə müqaviləsində “Abunəçi” qrafasındakı imza və həmin abunə müqaviləsinə əlavədə “Abunəçi” qrafasındakı imza eyni şəxs tərəfindən icra olunmuşdur. İddiaçı ilə Cavabdeh adından bağlanmış xx.xx.2017-ci il tarixli abunə müqaviləsində “Abunəçi” qrafasındakı imza və həmin abunə müqaviləsinə əlavədə “Abunəçi” qrafasındakı imza Cavabdeh tərəfindən yox, başqa şəxs tərəfindən icra edilmişdir. (Aparılmış ekspertiza tədqiqatının dəyəri 127 manat təşkil edir.) İddiaçının nümayəndəsi Nümayəndə iş üzrə məhkəmə-xəttşünaslıq ekspertizaları keçiriləndən sonra təyin edilmiş növbəti məhkəmə iclaslarına gəlməmiş, məhkəməyə göndərdiyi müraciətlərdə iddia tələbini müdafiə etdiyini bildirmiş, işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılaraq iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh da iş üzrə məhkəmə-xəttşünaslıq ekspertizaları keçiriləndən sonra təyin edilmiş növbəti məhkəmə iclaslarına gəlməmiş, məhkəməyə göndərdiyi müraciətlərdə iddia tələbini qəbul etmədiyini bildirmiş, işə onun iştirakı olmadan baxılaraq iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən növbəti məhkəmə iclaslarının tərəflərin iştirakı olmadan keçirilməsini və işə mahiyyəti üzrə baxılmasını qərara almışdır. İş materiallarına əlavə edilmiş, iddiaçı ilə Cavabdeh adından bağlanmış xx.xx.2017-ci il tarixli abunə müqaviləsindən və həmin müqaviləyə əlavədən görünür ki, qeyd olunan müqavilə əsasında iddiaçıdan (050) ***-**-** mobil nömrəsi alınmışdır. Müqavilənin şərtlərinə əsasən abonent ona göstərilən rabitə xidmətlərinə görə abunə və xidmət haqqını hesab-fakturada nəzərdə tutulan son ödəmə tarixinədək ödəməlidir. Müqavilənin şərtləri pozularsa, iddiaçının gecikdirilən hər gün üçün gecikmə faizi tətbiq etmək hüququ vardır. İş materiallarına əlavə edilmiş xx.xx.2017-ci il, xx.xx.2017-ci il və xx.xx.2018-ci il tarixli hesab fakturaların, xx.xx.2018-ci il tarixli cari hesab arayışının surətlərindən görünür ki, (050) ***-**-** mobil nömrəsi ilə "xxxx" MMC-nin rabitə xidmətlərindən istifadə edilmiş və nəticədə cəmi 1876.78 manat məbləğində borc yaranmışdır. Borcun ödənilməsinin son tarixi xx.xx.2018-ci il müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2018-ci il tarixli ödəniş tapşırığından görünür ki, xx.xx.2017-ci il tarixli abunə müqaviləsindən irəli gələn öhdəliklər vaxtında və lazımi qaydada icra edilmədiyinə görə əmr icraatı qaydasında ərizə ilə məhkəməyə müraciət etmək üçün iddiaçı tərəfindən 20 manat dövlət rüsumu ödənilmişdir. ƏSASLANDİRİCİ HİSSƏ: Məhkəmə iş materiallarını nəzərdən keçirərək və tərəflərin iddia tələbinə münasibətini nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, məhkəmə araşdırması ilə müəyyən edildi ki, xx.xx.2017-ci il tarixli abunə müqaviləsi əsasında iddiaçıdan (050) ***-**-** mobil nömrəsi alınmışdır. Həmin mobil nömrə ilə "xxxx" MMC-nin rabitə xidmətlərindən istifadə edilmiş və nəticədə cəmi 1876.78 manat məbləğində borc yaranmışdır. Borcun ödənilməsinin son tarixi xx.xx.2018-ci il müəyyən edilmişdir. Müqavilədən irəli gələn öhdəliklər vaxtında və lazımi qaydada icra edilmədiyinə görə iddiaçı məhkəməyə müraciət etmiş və bunun üçün iddiaçı tərəfindən 20 manat dövlət rüsumu ödənilmişdir. Hazırda iddiaçı rabitə xidmətlərindən istifadəyə görə yaranmış 1876.78 manat abunə və xidmət haqqı, həmçinin 20 manat dövlət rüsumu - cəmi 1896.78 manat məbləğin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. İddiaçı öz iddia tələbinin əsası olaraq xx.xx.2017-ci il tarixli abunə müqaviləsinə və həmin müqaviləyə əlavəyə istinad etmişdir. Cavabdeh iddia tələbini qəbul etmir və həmin tələbin rədd edilməsini xahiş edir. Cavabdeh iddia tələbinə etirazının əsası olaraq İddiaçı MMC ilə onun adından bağlanmış müqavilədən xəbəri olmadığını, xx.xx.2017-ci il tarixli abunə müqaviləsindəki imzanın ona məxsus olmadığını, “İPHONE7” markalı mobil telefon almadığını və həmin telefondan heç vaxt istifadə etmədiyini bildirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə uyğun olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Həmin Məcəllənin 331.1-ci maddəsinə əsasən yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Qeyd olunan hüquq normalarının məzmunundan göründüyü kimi, müqavilənin məzmunu və şərtləri həmin müqaviləni imzalayan şəxs(lər)in iradə ifadəsini əks etdirirməlidir. Yazılı formada tərtib edilmiş müqavilədə isə tərəfin iradə ifadəsi onun müqavilənin məzmunu və şərtlərini öz imzası ilə təsdiq etməsi yolu ilə həyata keçirilir. Qanunvericiliyə əsasən müqavilə tərəfi (borclu) həmin müqavilə əsasında müəyyən hüquq əldə etməli, eyni zamanda, əldə edilmiş hüquqa mütənasib olaraq üzərinə müqavilə üzrə öhdəlik(lər) götürməlidir. Hazırki işdə isə iddiaçının öz iddia tələbinin əsası kimi istinad etdiyi xx.xx.2017-ci il tarixli yazılı abunə müqaviləsindəki imzanın iş üzrə cavabdeh tərəfindən imzalandığı öz təsdiqini tapmamışdır. Ona görə də məhkəmə hesab edir ki, cavabdeh müqaviləni imzalayan şəxs olmadığına görə müqavilənin tərəfi hesab edilmədiyi və müqavilə üzrə hüquqlar əldə etmədiyi kimi, onun həmin müqavilə üzrə hər hansı öhdəliyi də yaranmamışdır. Həmin əsaslara görə məhkəmə iddia tələbinin xx.xx.2017-ci il tarixli abunə müqaviləsi üzrə abunə və xidmət haqqının cavabdehdən tutulmasına dair hissəsi ilə əlaqədar qeyd edir ki, hazırda iddiaçı öz iddia tələbinin əsası kimi tərəflərin adından bağlanmış xx.xx.2017-ci il tarixli yazılı abunə müqaviləsinə istinad etsə də, işin məhkəmədə müəyyən edilmiş hallarından görünür ki, cavabdehin adından bağlanmış xx.xx.2017-ci il tarixli abunə müqaviləsi həmin şəxs tərəfindən imzalanmamış, yəni qeyd olunan müqavilə qanunvericiliyin tələbinə uyğun şəkildə tərtib edilməmişdir. Həmin müqavilənin hazırki iş üzrə cavabdeh tərəfindən imzalanmadığı məhkəmə-xəttşünaslıq ekspertizasının müvafiq rəyi ilə təsdiq edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 54.1 və 54.2-ci maddələrinə əsasən iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Məhkəmə baxışı zamanı iddiaçının və ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun. İddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara və işin yuxarıda göstərilən faktiki hallarına əsaslanaraq məhkəmə hesab edir ki, xx.xx.2017-ci il tarixli abunə müqaviləsi ilə bağlı hazırki iş üzrə cavabdehin hər hansı öhdəliyinin yaranması halı istisna edilir və o, həmin müqavilə üzrə öhdəliklərə görə heç bir maddi məsuliyyət daşımır. Həmin əsaslara görə məhkəmə qərara gəlir ki, iddia tələbinin xx.xx.2017-ci il tarixli abunə müqaviləsi üzrə cavabdehdən rabitə xidmətlərindən istifadəyə görə 1876.78 manat abunə və xidmət haqqı tutulmasına dair hissəsi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qərara gəlir ki, iddia tələbinin abunə və xidmət haqqına dair hissəsinin təmin edilmədiyi nəzərə alınmaqla, həmin tələbin məhkəməyə müraciət etmək üçün ödənilmiş 20 manat dövlət rüsumunun cavabdehdən tutulmasına dair hissəsi də təmin edilməməli, dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə və işin faktik hallarına görə məhkəmə 127 manat ekspertiza xərcinin iddiaçıdan tutulmasını qanunauyğun hesab edir. NƏTİCƏ HİSSƏ: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220-ci maddələrini rəhbər tutaraq məhkəmə, q ə t e t d i: İddiaçı MMC-nin Cavabdeh qarşı 1876.78 manat abunə və xidmət haqqı, 20 manat dövlət rüsumu - cəmi 1896.78 manat vəsaitin tutulmasına dair iddia tələbi təmin edilməsin. Məhkəməyə müraciət etmək üçün ödənilmiş 20 manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. İş üzrə 127 manat ekspertiza xərci İddiaçı MMC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində qətnamədən Lənkəran Rayon Məhkəməsi vasitəsilə “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Kamran Süleymanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar