Məhkəmə qərarları › İş №2(049)-764/2024

Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №2(049)-764/2024

15.01.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № 2(049)-764/2024 15.01.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Azad oğlu, İddiaçı X1 qarşı «uşağın saxlanılması, alimentin məbləğin təyin edilməsi, əmlakın bölünməsi və aliment məbləğinin dəyişdirilməsi» tələbinə dair ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, MÜƏYYƏN ETDİM: İddiaçı X1 qarşı iddia ərizəsi ilə Lənkəran Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi və ona əlavə edilmiş sənədləri öyrənib belə nəticəyə gəlirəm ki, iddia ərizəsi Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra MPMnin) tələblərinə riayət edilmədən tərtib edilmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 149.2.3-cü maddəsinə əsasən iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb ərizədə göstərilməlidir. Qeyd olunan hüquq norması hazırki iş üzrə tətbiq etdikdə müəyyən olunur ki, iddia istinad etdiyi fakt və halları təsdiq edən sübutların siyahısını iddia ərizəsinin özündə göstərməmişdir. Halbuki, MPM-nin 149.2.3-cü maddəsində həmin məsələlərin iddia ərizəsində qeyd olunması imperartiv şəkildə müəyyən olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2 və 149.4-cü maddələrinin məzmununa görə ərizənin verildiyi məhkəmənin adı; iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda - iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları); iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb; müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat; “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsinə dair məlumat; ərizəyə əlavə edilən sənədlərin siyahısı; mübahisənin düzgün həll edilməsi üçün zəruri olan digər məlumatlar, həmçinin iddiaçının vəsatətləri ərizədə göstərilməlidir. Qeyd olunan prosessual hüquq normasının məzmunundan göründüyü kimi, iddiaçının öz tələblərinin əsası kimi istinad etdiyi fakt və halları təsdiq edən sübutların siyahısı ilə ərizəyə əlavə edilən sənədlərin siyahısı fərqli məfhumlar olmaqla, onların hər birinin iddia ərizəsində ayrı-ayrııqda göstərilməsi ərizənin icraata qəbul edilməsi üçün vacib və zəruri şərtlərdəndir. İddiaçının istinad etdiyi sübutların siyahısı ərizənin məzmununda göstərilmədiyi təqdirdə, iddia ərizəsinə əlavə edilən sənədlərin siyahısının ərizənin sonunda göstərilməsi həmin ərizənin icraata qəbul edilməsi üçün yetərli deyildir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149-cu maddəsinə xx.xx.2021-ci il tarixli 363-VİQD nömrəli Qanuna əsasən edilmiş dəyişikliyə görə iddiaçının və ya ərizəçinin öz tələblərinin əsası kimi istinad etdiyi fakt və halları təsdiq edən sübutların siyahısı iddia ərizəsində göstərilməlidir (maddə 149.2.3). Bu tələb mülki prosessual hüquq normalarının ümumi prinsiplərinə uyğun olmaqla yanaşı, iş üzrə tələbə cavab verməli olan şəxsin ona qarşı yönələn tələbin hansı sübutlara əsaslandığını işin icraata qəbul edildiyi vaxtdan etibarən bilməsinə, bununla da özünün həmin tələbə qarşı yarana biləcək etiraz və vəsatətlərini qanunauyğun şəkildə sistemləşdirib məhkəməyə vaxtında təqdim etmək imkanlarına xidmət edir. Qeyd olunan prosessual hüquq normasında göstərilən tələb imperativ xarakterli olub, tərəflərin istinad etdikləri sübutları vaxtında məhkəməyə təqdim etməklə həm işdə iştirak edən şəxslər, həm də məhkəmələr tərəfindən prosessual qənaət prinsipinə riayət edilməsinə yönəldilmiş tədbirdir. Bu müddəa iddiaçının (ərizəçinin) sübutlar siyahısında göstərilməyən digər sübuta öz tələblərinin əsası kimi istinad etməsinin, bunun üçün əsaslar sonradan əmələ gəldiyi hallar istisna olmaqla, qarşısını alır. MPM-nin 152.1.1-ci maddəsində göstərilir ki, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq belə nəticəyə gəlirəm ki, iddia ərizəsi qanunvericiliyin tələblərinə uyğun tərtib edilmədiyindən geri qaytarılmalıdır. Bununla bağlı iddiaçıya izah edilməlidir ki, MPM-nin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur, yəni iddiaçı məhkəmənin hazırki qərardadında göstərilən nöqsanları aradan qaldırdıqdan sonra təkrarən məhkəməyə müraciət etmək hüququna malikdir. MPM-nin 152.2 və 152.3-cü maddələrinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. İddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 152.1, 152.2, 152.3, 263, 264, 266-268ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı X1 qarşı «uşağın kimdə saxlanılması, alimentin məbləğin təyin edilməsi, əmlakın bölünməsi və aliment məbləğinin dəyişdirilməsi» tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər İddiaçı geri qaytarılsın. İddiaçı iddia ərizəsinin geri qaytarılmasına səbəb olan nöqsanları aradan qaldırdıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə hüququ vardır. Qərardaddan, tərəfə rəsmi qaydada verildikdən sonra 10(on) gün müddətində Lənkəran Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Rəşad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar