Məhkəmə qərarları › İş №2(049)-846/2024

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-846/2024

09.04.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-846/2024 09.04.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlunun sədrliyi, məhkəmə iclasının katibi: X6, iddiaçı: İddiaçı, iddiaçının vəkili və nümayəndəsi: Lənkəran Rayon Vəkil Bürosunda fəaliyyət göstərən Vəkil, cavabdehin nümayəndəsi: X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “sabit pul məbləğində aliment” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2018-ci il tarixdə doğulmuş X4 və 20 iyun 2019-cü il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay bir uşaq üçün 235 mant olmaqla cəmi 470 manat sabit pul məbləğində alimenti və mediasiya təşkilatının hesabına ödədiyi 60 manat məbləğində pulun tutulub onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırmışdır ki, o, xx.xx.1995-ci il tarixdə Ləhnkəran şəhərində doğulmuşdur. İş üzrə Cavabdeh ilə nikahını 26 may 2015-ci il tarixdə Lənkəran rayon qeydiyyat şöbəsində 407 sayla qeydə aldırmaqla evlənmişlər. Birgə nikahdan xx.xx.2018-ci il tarixdə Damla və xx.xx.2019-cu il tarixdə isə Mehin adlı iki uşağı doğulmuşdur. Uşaqlar hazırda sağ və salamat olmaqla onun himayəsində yaşayır. Aralarında olan nikah qeydi Lənkəran Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(049)- 2711/2023 saylı qətnaməsi ilə pozulmuş və birgə nikahdan anadan olmuş uşaqların onun yanında qalması müəyyən edilmişdir. Hazırda azyaşlı uşaqları və valideynləri ilə birlikdə yaşayır. Cavabdeh ayrıldığı vaxtdan bəri bir valideyn kimi uşaqları ilə maraqlanmamış və uşaqların saxlanması üçün ona heç bir maddi köməklik göstərməmişdir. Baxmayaraq ki, Cavabdeh fərdi əməklə məşğul olaraq yaxşı gəlir əldə edir. O, özü tək uşağı saxlamaqda çətinlik çəkir. Odur ki, ilkin olaraq cavabdehdən aliment tələbi ilə bağlı qanunvericiliyin tələbinə əsasən mediasiyaya müraciət etmişdir. Cavabdeh ora gəlmədiyinə üçün iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, cavabdehin uşağı ilə maraqlanmadığını, tək qadın kimi uşaqları böyütməkdə çətinlik çəkdiyini bildirib iddia ərizəsinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Vəkil iddia tələbini müdafiə edərək təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 bildirdi ki, Cavabdehu onun oğludur. Oğlu hərbiçidir və hazırda Qazax şəhərində yerləşən hərbi hissədə xidmət edir. Aliment ödəməyə razıdır, lakin hər uşağa görə 235 manat məbləği ödəmək imkanı yoxdur. Göstərilənlərə əsasən məhkəmədən iddianın qismən təmin edilməsini xahiş etdi. İş materiallarında olan Lənkəran Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(049)-2711/2023 saylı qətnaməsindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında nikah pozulması və birgə nikahdan doğulmuş uşaqların ananın yanında qalması qət edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş Lənkəran Rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 17 yanvar 2024-cü il tarixli, 76 nömrəli arayışdan görünür ki, xx.xx.2018-ci il tarixdə X4 doğulmuş, atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş Lənkəran Rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 17 yanvar 2024-cü il tarixli, 77 nömrəli arayışdan görünür ki, xx.xx.2019-cu il tarixdə X5 doğulmuş atası Cavabdehdur, anası İddiaçıdır. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş xx.xx.2024-cü il tarixli, 97 nömrəli Azərbaycan Respublikasının Mudafiə Nazirliyinin N saylı hərbi hissənin komandiri Ayaz Məmmədovun verdiyi arayışından görünür ki, Cavabdeh 857,67 manat əmək haqqı alır. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş xx.xx.2023-cü il tarixli MŞL/MT014/2023-02931 saylı Mediasiya arayışından görünür ki, İddiaçı Cavabdeh “aliment tələbi” ilə mediasiyada iştirak etmiş, Cavabdeh mediasiyada iştirak etməmişdir. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş qəbzdən görünür ki, İddiaçı məhkəməyə müraciət etməzdən əvvəl mediasiya xərci kimi 60 manat ödəmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.4-cü maddələrində göstərilmişdir ki, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən isə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 5 və 13-cü maddəsində təsbit olunmuşdur ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanunu ilə 2024-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 8-2/2016 nömrəli, 28 mart 2016-cı il tarixli Qərarının 8.2-ci bəndinə əsasən aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Məhkəmə cavabdehin maddi və əmlak vəziyyətini, alimenti ödəmək istəməsini, uşaqların atası olaraq alimenti ödəməsini vəzifəsi olmasını, eləcə də xüsusilə uşağa qarşı münasibətini nəzərə alaraq alimentin hər ay bir uşağ üçün 180 manat, iki uşağa hər ay cəmi 360 manat sabit pul məbləğində müəyyən edilməsini məqsədəmüvafiq hesab edir. Ailə Məcəlləsinin 100.2-ci maddəsində göstərilir ki, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Məhkəmə alimentin tutulmasının başlanğıcı ilə əlaqədar hesab edir ki, himayəsində azyaşlı uşağı olan iddiaçı 24 yanvar 2024-cü il tarixdə aliment tələbi ilə məhkəməyə ərizə ilə müraciət etdiyindən alimentin tutulmasının başlanğıcı həmin tarixdən vaxtdan hesablanmalıdır. MPM-nin 234.2 və 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Buna görə də qətnamə alimentin tutulması hissəsində dərhal icra edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarından görünür ki, iddiaçı hazırki tələb üzrə məhkəməyə müraciət etmək üçün dövlət rüsumunu ödəməkdən azad olan şəxs statusunda olsa da, mediasiya prosesi ilə bağlı 60 manat ödəmiş, cavabdeh isə mediasiya prosesində, ümumiyyətlə, iştirak etməmişdir. Qeyd olunan hüquq normasının tələbinə əsasən məhkəmə qərara gəlir ki, iddiaçının məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində ödədiyi 60 manat məbləğ cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Hazırki iş üzrə məhkəmə tərəfindən təyin edilmiş cəmi 360 manat alimentin miqdarı nəzərə alınmaqla, bir il ərzində ödəmənin məcmusu 4320 manat müəyyən edilir. Qüvvədə olan qanunverdiciliyə əsasən həmin məbləğə görə cəmi 73.2 manat dövlət rüsumu ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Həmin Qanunun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə - iddiaçılar məhkəməyə verilən iddialar üzrə dövlət rüsumu ödəməkdən azad olunurlar. Hazırki iş üzrə cavabdeh dövlət rüsumunu ödəməkdən azad olan şəxs statusunda olmasa da, iddiaçının məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində ödədiyi 60 manat məbləğin cavabdehdən tutularaq iddiaçıya ödəniləcəyi nəzərə alaraq məhkəmə qərara gəlir ki, aliment alınması ilə bağlı cavabdehdən əlavə olaraq hər hansı miqdarda dövlət rüsumu tutulmamalıdır. Məhkəmə iş üzrə sübutlara MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə həmin Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh birgə nikahından xx.xx.2018-ci il tarixdə doğulmuş X4 və xx.xx.2019-cu il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay bir uşağa 160 manat olmaqla iki uşağa hər cəmi 360 manat sabit pul məbləğində aliment Cavabdeh alınaraq İddiaçı ödənilsin. Alimentin tutulmasının əvvəli 24 yanvar 2024-cü il tarixdən hesablansın. İddia qalan hissədə təmin edilməsin. İddiaçı məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində ödədiyi 60 manat məbləğində pul Cavabdeh tutularaq iddiaçıya ödənilsin. Qətnamə alimentin tutulmasına dair hissədə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər Hakim Murad Aslanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar