Məhkəmə qərarları › İş №2(050)-1084/2023

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-1084/2023

18.04.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-1084/2023 18.04.2023 MASALLI RAYON MƏHKƏMƏSİ hakim Quliyev Ceyhun Əmir oğlunun sədrliyi, Qasımov Xanbaba Alxas oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikahlarından doğulmuş 13 aprel 2008-ci il təvəllüdlü X1 və 25 oktyabr 2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay bir uşaq üçün 220 manat olmaqla, iki uşağa görə 440 manat sabit pul məbləğində aliment və mediasiya xərci üçün ödənilmiş 55 manat pulun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə 2006-cı ildə qeyri-rəsmi ailə həyatı qurmuşlar. Nikahlarını rəsmiləşdirməmişlər. Birgə nikahlarından 13 aprel 2008-ci ildə Zeynəb və 25 oktyabr 2012-ci ildə Yağmur adlı uşaqları doğulmuşdur. Əvvəllər mehriban yaşasalarda, sonradan ayrılmışlar. Uşaqları onun yanındadılar. Cavabdeh uşaqların saxlanılmasında köməklik göstərmir. Odur ki, cavabdehdən hər ay bir uşaq üçün 220 manat, cəmi 440 manat sabit pul məbləğində alimentin alınaraq ona verilməsi barəsində qətnamə qəbul edilməsi xahiş olunur. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barəsində məlumat verilməsinə baxmayaraq, məhkəməyə gəlməmiş, lakin teleqramla məhkəməyə müraciət edərək, səhhəti ilə bağlı məhkəməyə gələ bilmədiyini bildirmiş və məhkəmə iclasının iştirakı olmadan keçirilərək, iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdehin məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. 04 aprel 2023-cü il tarixdə keçirilmiş məhkəmə iclasında iddiaçı iddia ərizəsinə uyğun izahat verərək, əlavə olaraq bildirmişdir ki, işləyir. Təxminən ayda 400-450 manat qazancı olur. İki ildir ki, ayrı yaşayırlar. Sonda İddiaçı iddianın təmin edilməsini xahiş etmişdir. 04 aprel 2023-cü il tarixdə keçirilmiş məhkəmə iclasında cavabdeh iddianı qəbul etməyərək, bildirmişdir ki, iddiaçıdan ayrı yaşayır. Uşaqları da iddiaçının yanındadır. İşləmir. Dövlət tərəfindən iş verilsin, işləyib aliment ödəsin. Aliment ödəməyə imkanı yoxdur. Sonda Cavabdeh iddianın rədd edilməsini xahiş etmişdir. Mülki prosessual qanunvericiliyə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Doğum haqqında şəhadətnamələrdən görünür ki, 13 aprel 2008-ci il təvəllüdlü X1 və 25 oktyabr 2012-ci il təvəllüdlü X2 atası Cavabdeh, anası İddiaçıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: - 75.1-ci maddəsinə əsasən valideynlər övladlarını saxlamağa borcludurlar. - 78.1-ci maddəsinə əsasən aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu hallarda, habelə uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də həmin Məcəllənin 76-cı maddəsinə uyğun olaraq, qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. - 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Qanunvericiliyin göstərilən müddəalarını işin faktiki hallarına tətbiq etməklə məhkəmə hesab edir ki, cavabdeh valideyn kimi uşaqlarını saxlamağa borcludur. İddiaçı ilə cavabdehin hal-hazırda ayrı yaşaması, onların yetkinlik yaşına çatmayan uşaqlarının analarının yanında qalması və onların saxlanılması üçün vəsait tələb olunduğu, uşaqların mənafeləri, habelə cavabdehin rəsmi gəlirləri barədə məhkəməyə hər hansı sənədin təqdim olunmadığı nəzərə alınaraq cavabdehdən iddiaçının xeyrinə aliment sabit pul məbləğində tutulmalıdır. Məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafelərini, onların normal, yəni, qida rassionlarına uyğun şəkildə qidalanmalarını, fiziki cəhətdən inkişaflarını, təhsilləri ilə bağlı xərcləri, uşaqların əvvəlki təminatlarının səviyyəsinin mümkün qədər maksimal saxlanılmasını, uşaqların cavabdehlə yanaşı iddiaçıdan da maddi təminat almaq hüququnun olmasını (iddiaçı işləyir ayda 400-450 manat qazancı olur), məhkəmə qətnaməsinin icra olunması üçün çıxarılmasını, qətnamənin digər tərəfə sitəm verilməsi üçün deyil, ədalətli balansı bərpa etmək üçün olmasını, məhkəmə qətnaməsi çıxararkən tərəflərin əsaslı mənafelərinin nəzərə alınmalı olmasını, ölkə üzrə uşaqlar üçün 2023-cü ildə yaşayış minimumunun hər ay 220 manat həddində müəyyən edilməsinin bu məbləğin Azərbaycan Respublikasında bir uşağın saxlanması üçün zəruri olan minimal məbləği ehtiva etməklə, özü-özlüyündə aliment məbləğinin bu həddə müəyyən edilməsi anlamına gəlməməsini əsas tutub hesab edir ki, 13 aprel 2008-ci il təvəllüdlü X1 və 25 oktyabr 2012ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay bir uşaq üçün 140 manat, iki uşaq üçün 280 (iki yüz səksən) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə araşdırması zamanı cavabdehin həmin məbləğdə aliment ödənilməsini istisna edən hər hansı bir hal (işləməsinə maneə olacaq xəstəliyi, yaşının kifayət qədər çox olması və sair hallar) müəyyən edilməmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı yetkinlik yaşına çatmayan uşaqlarının saxlanılması üçün hər ay sabit pul məbləği ilə bir uşağa görə 220 manat manat aliment tutulub ona verilməsini xahiş etsədə, cavabdehin tələb edilən məbləğə mütənasib qazanc əldə etməsini təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. MPM-in 234.2 və 234.2.1-ci maddələrinə əsasən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunmalıdır. İddiaçının aliment ödənilməsi barədə ərizəsi məhkəməyə 06 mart 2023-cü il il tarixdə daxil olduğundan aliment də həmin vaxtdan tutulmalı və qətnamə alimentin tutulması hissəsində dərhal icra edilməlidir. MPM-nin məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233,234 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi : İddia qismən təmin edilsin. 06 mart 2023-cü il tarixdən başlayaraq 13 aprel 2008-ci il təvəllüdlü X1 və 25 oktyabr 2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay bir uşaq üçün 140 manat, iki uşaq üçün 280 (iki yüz səksən) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə alimentin tutulması hissəsində dərhal icra edilsin. Mediasiya xərci qismində ödənilmiş 55 manat pul Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ceyhun Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar