Məhkəmə qərarları › İş №2(050)-112/2025

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-112/2025

31.01.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-112/2025 31.01.2025 MASALLI RAYON MƏHKƏMƏSİ X1, Qasımov Xanbaba Alxas oğlunun katibliyi İddiaçı, Cavabdeh, Cavabdehin nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 16344 (on altı min üç yüz qırx dörd) manat pulun, keçirdiyi psixoloji gərginliklərin və sarsıntının əvəzi kimi mənəvi ziyana görə 3000 (üç min) manat pulun və ödənilmiş 150 manat dövlət rüsumuna görə pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh onun bacısı oğludur. 2015-ci il tarixdə ev alan zaman evi yaxın qohumu kimi Zaurun adına sənədləşdirmişdir. Həmin vaxtı onun Vaz 2106 markalı avtomobili var idi və Zaur ona avtomobili satsa həmin avtomobili ona satmağını demişdir. O da həmin avtomobili satmaq istəmiş və Zaura satacağını bildirmişdir. Zaurda avtomobilini almağa razılaşmış. Ona ayda 500 (beş yüz) manat verəcəyini desə də, o razılaşmamış və sonra razılaşdılar ki, o öz adına 7000 (yeddi min) manat kredit götürsün və hər ay krediti Zaur ödəsin. O avtomobili Zaura 2022-ci ilin noyabr ayında satmışdır. Zaur ilk 2 ay 500 (beş yüz) manat kredit pulunu ödəsə də sonradan kreditin pulunu ödəmədi. Zaur işdən çıxdıqdan sonra krediti ödəyə bilmədi. 2023-cü ilin yanvar ayında iş yeri olmadığı üçün Zauru Masallı-Lənkaran xətti üzrə onun sərnişin mikroavtobusunu idarə etməyini demişdir. Zaurla danışıb razılaşıblar ki, onun mikroavtousunu idarə etsin və öz qazancını krediti ödəsin ki, adına gecikmə olmasın, ilk gün işə başlayanda Zaur ona 103 manat qazandığını demişdir. O Zaura hər gün yanına gəlməməyini, bir siyahı tutub hər ay qazandığını və xərclərini yazmasını bildirmişdir. Birinci ay hesablaşma aparan zaman Zaur ona dediyi yerlərə ümumilikcə 550 (beş yüz əlli) manat pul xərclədiyini və 700 (yeddi yüz) manat kreditini də ödədiyini bildirdi. O, Zaura belə qazanc olmadığını və qazandığı pulun çox olduğunu dedikdə Zaur ona ayda 200 ya da 300 manat verməyi, bir il ərzində ona dəyməməyini, kreditini ödəyib gələn ildə ayda 200-300 manat götürüb qalan pulu ona verəcəyini bildirdi. O Zaurla razılaşmamış və ona ayda 500 və ya 600 manat pul verməsini, qalan pulla da kreditini ödəməyini bildirdi. İknci ay Zaur ona zəng edərək müəyyən yerlərə yəni vergi, sosial, sığorta, kassa aparatına və s. pul atılmasını istədikdə, Zaur aradabir dediyini etsə də, sərnişin daşınması ilə əlaqədar digər xərclərini ödəmədi. Beləliklə ümumilikdə Zaur onun sərnişin mikroavtobusunu 10 ay idarə etdi və 10 ay ərzində Zaur ona ümumilikdə cəmi 1206 (min iki yüz altı) manat pul ödədi. Qalan pulları isə özü xərclədi. Sadəcə evi Zaurun adında olduğu üçün ehtiyat edib ondan pul istəməmişdir. Qorxurdu ki, evini geri qaytarmaz. O, Zaur üçün iki ay ümumillikdə 1000 (min) manat kredit ödəmişdir. İstintaq araşdırılması zamanı ona verəcəyi pulu onun dükanına gətirdiyi ərzaq məhsullarının əvəzində “Viləş” marketə verdiyini bildirsə də, bununla bağlı araşdırılma aparılmamışdır. Şifahi sorğu zamanı “Viləş” marketə pul vermədiyi aşkar olunmuşdur. Onun adına sənədləşdirilən bank borcunu ayrı-ayrı aylarda verməyərək ona ödətdirmiş, sonra pulu qaytaracağına söz versə də, sonradan onun üçün banka ödədiyi pulunu qaytarmamışdır. Onun Cavabdeh idarə etmək üçün verdiyi mikroavtobusun qazancını Zaur ondan gizlədərək kənar yerlərə xərcləmişdir. Avtovağzalda lotoreya deyilən oyun oynamaqla götürüb. Sonda ona verəcəyi 600 manat pulu ona verməyib itirdiyini bəhanə etmişdir. İki ayrı-ayrı banka özü krediti ödədiyi halda, eləcədə atasıda iki banka kredit ödədiyi halda ona verəcəyi pulları həyətində bulaq inşa etdirmiş və həyətinə qiymətli darvaza düzəltdirmişdir. Xərclənən pullar marşurutdan qazanılmış, lakin ona veriləsi halda ondan gizlədərək xərclənilmiş pullardır. 2023-cü ilin yanvar oktyabr ayları ərzində onun marşurut avtobusu ilə hər gün üçün 60 manat qazandığını (kənar xərclərdən başqa təmiz qazancın) ilə bağlı yazdığı qrafiki tərəfindən məhkəməyə təqdim ediləcəkdir. Cavabdeh yanvar oktyabr aylarında onun Masallı- Lənkəran Marşurut xətti üzrə mıkroavtobusunu idarə etməklə ümumilikdə ona 20000 (iyirmi min) manat zərər vurmuşdur. Belə ki, hər ayda (özünün əlyazmasında göstərdiyi kimi bir günə 58.50 manat təmiz qazanc olmaqla) 1800 manata yaxın pul qazanmışdır ki, buda 10 aya hesablanmış olsa 18000 manata yaxın pul edir (təmiz qazanc). Həmin qazancdan ona 10 ay ərzində cəmi 1206 manat pul vermişdir. Qalan pulları isə özünə xərcləmiş, yəni evində tikinti aparmış, bank kreditlərini ödəmiş, ailəsindən kənarda qadın saxlayır ona xərcləmiş və eyni zamanda ailəsinə xərcləmişdir. O, Zaurla dəfələrlə bu barədə danışıb pulunu tələb etsə də Zaur ya onun telefonlarını açmamış, yada qazancının olmadığını bildirmişdir. O, Cavabdeh bildirəndə ki, narazıdır, maşını saxla, adına olan krediti atanın adına keçir, Zaur ona acıqlı olduğunu bildirirdi. Onun yanından getdikdən sonrada o dəfələrlə ona zəng etsə də telefonunu açmadı. Beləliklə, o Zaurla ciddi söhbət edə bilməmişdir. Çünki onun Zaurun adına 60000 manat dəyərində evi var idi və öz adına 7000 manat Zaur üçün pul kreditə götürmüşdür. Cavabdeh satdığı Vaz-2106 markalı maşının pulunu ödəməmiş maşını onun adından çıxarıb atasının adına keçirmişdir. Adına götürdüyü bank krediti olan 7000 manat pulu ödəməyəcəyi halda onun üzərində qalacağını, yəni onun məcbur qalıb ödəyəcəyini dərk edərək Zaurla mülayim davranmağa məcbur idi. Qeyd etdiklərini Cavabdeh dolayısı ilə təsdiq etmişdir. Cavabdeh polis şöbəsində izahat verərəkən onun üçün götürülmüş malların pulunu ödəməsi yalandır. Həmin malların pullarını o özü ödəmiş, Zaur sadəcə həmin malları ona məxsus olan mikroavtobusa yükləyərək onun Güllütəpə kəndində yerləşən mağazasına gətirmişdir. Qeyd etdiyi bu halları malları götürdüyü mağazanın mühasibi təsdiq edə bilər və həmin şəxs məhkəmədə şahid qismində iştirak edəcəkdir. Eləcədə o dəfələrlə cavabdehdən Masallı-Lənkəran marşurut xətti üzrə mikroavtobusunu idarə etməklə gündəlik nə qədər qazanc əldə etməsi ilə bağlı cədvəl tutmasını tələb etsə də, cavabdeh bunu etmirdi, hər dəfədə bir bəhanə edib gecikdirirdi. Ən nəhayət bir gün cavabdeh bir günlük qazancı, etmiş olduğu xərcləri və yükündən bütün xərcləri çıxdıqdan sonra gündəlik nə qədər təmiz qazanc əldə etdiyi ilə bağlı öz əlyazısı ilə bir cədvəl tutub ona göndərmişdir. Həmin cədvəldə bir günlük qazanc olaraq bütün xərcləri çıxdıqdan sonra 58 manat 50 qəpik göstərmişdir. Düzdür o, günlük qazancını gizlədib az göstərmiş olsada həmin 58.50 manatı 30 günə vurduqda 1755 manat edir, 10 aya isə 17550 manat təşkil edir. Həmin məbləğdən isə cavabdehin ona vermiş olduğu 1206 manat çıxılsa 16344 manat qalmış olur. Buda o deməkdir ki, bu gün cavabdehin ona məxsus mikroavtobusu ilə işləyib qazandığı və mənimsəyərək ona vermədiyi 16344 manat ziyan pulu vardır. Həmçinin cavabdehin yalanlar deyərək onu aldatması, yuxarıda qeyd etdiyi və onun vurmuş olduğu ziyanları ödəməyərək onu süründürməsi, bankdan onun adına kredit götürüb sonra ödəməməsi və sair hallarla bağlı o, güclü əsəb gərginliyi, stres keçirmişdir. Bunun nəticəsi olaraq səhhətində müxtəlif narahatlıqlar yaranmağa başladı qan təzyiqi artmağa azalmağa başladı indidə təzyiqi daima artır. Ona görə də cavabdehin ona vurduğu mənəvi ziyanla bağlı cavabdehdən 3000 (üç min) manat mənəvi ziyan ödənilməsini tələb edir. Cavabdeh məhkəməyə etiraz ünvanlayaraq bildirmişdir ki, iddiaçı X2 ona qarşı pul tələbinə dair iddia ərizəsi məhkəmə icraatındadır. İddiaçının iddia tələbi tam əsassız və böhtan olmaqla, iddiasını qəbul etmir. Belə ki, iddiaçı onun dayısı olmaqla bərabər ona məxsus olan mikroavtomobilini ona özünün şəxsi ehtiyacları üçün qeyri-rəsmi şəkildə sürməyinə vermiş və o da 2023-cü il mart ayından sentyabr ayının 9-10-a kimi idarə edib onun sifarişlərini icra etmişdir. Buna görə də əldə olunan pulundan müəyyən xərclər çıxıldıqdan sonra 6 ay müddətində dəqiq bilmədiyi məbləği ona vermişdir. Lakin onunla bu barədə hec bir narazılıqları olmamışdır. İddiaçı sahibkar olmasına baxmayaraq mülkiyyətində olan nəqliyyatı idarə etmək üçün ona etibarnamə verməmiş, nədə işçi kimi işə qəbul etməmiş, nədə ki, aralarında heç bir icarə müqaviləsi bağlanmamışdır. Ümumiyytlə iddiaçı ilə aralarında olan mübahisə onun evindən və maşınından pul oğurlamağını bəhanə edərək Masallı rayon polis şöbəsinə vermiş olduğu şikayət ərizəsi olmuşdur. Onun yalan məlumat verməyinə görə cinayət məsuliyyəti daşıdığına görə ondan şikayət edəcəyini ona xatırlatmışdır. Ona görə də iddiaçının iddiası əsassız və hec bir əsaslı subutu yoxdur, iddia ərizəsi təmin edilməməli və rədd edilməlidir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək göstərdi ki, cavabdeh bildirir ki, işlədiyi dövrdə Masallı-Lənkəran marşrutu üzrə gediş haqqı 1 manat olmuşdur. Lakin o, yanlış məlumat verir, gediş haqqı 1.50 manat təşkil edir. İşlədiyi dövrdə 10 ay ərzində qazancdan ona pul verməmiş və onun əvəzinə kredit borcunu ödəmişdir. Cavabdeh 16344 manat pulun, keçirdiyi psixoloji gərginliklərə və sarsıntıya görə 3000 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Əvvəlki məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, göstərmişdir ki, cavabdeh ifadəsində bildirmişdir ki, guya o cavabdehi çağırıb marşrutuna otuzdurmuşdur. Bu yalandır. Cavabdeh iş axtarırdı və təklif etdi ki, onun marşrutunu sürsün. Həmin avtomaşını hazırda satmışdır. Cavabdeh mikroavtobusu 01 yanvar 2023-cü il tarixdən 2023-cü ilin oktyabr ayına kimi sürmüşdür. Gediş haqqı 1.50 manat olmuşdur. Cavabdeh işsiz olduğu vaxt öz yaxın insanını işdən çıxartdırıb, özü onun yerinə işləmək üçün müraciəti olub. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək bildirdi ki, o heç vaxt işsiz qalmayıb. İnşaat bazarında fəhlə işləmişdir. İddiaçı ona zəng edib deyib ki, gəl marşrutu sür. O heç bilməmişdir ki, iddiaçının marşrutu vardır, ya yox. İddiaçının marşrut avtobusunu 11 mart 2023-cü il tarixdən 9 oktyabr 2023-cü il tarixə kimi idarə etmişdir. O, ancaq iddiaçı üçün işləmişdir. Marşrut üzrə gediş haqqı 1 manat olub. Sərnişinlərin yarısı yarı yolda düşürdülər və tam gediş haqqını vermirdilər. Marşrut avtobusunda 15 oturacaq yeri var. Tam dolu olaraq getsə idi 15 manat, tam geri qayıtsa idi 15 manat qazanc olurdu. Lakin həmişə belə işləməyib. Ayın 20 gününü iddiaçının oğlu Rusiya Federasiyasında olduğundan fəhlə daşıyıb. İddiaçı hara demişdirsə, o da ora getmişdir. Günlük qazanc olmayıb. Məhkəməyə təqdim edilmiş cədvəli o yazmışdır, iddiaçının dediklərini yazmışdır. İddiaçının evi onun adına olmuşdur. Bir gün iddiaçı bir qadın gətirmiş və ona demişdir ki, həmin qadını evə qeydiyyata salısın. Atası razı olmadı. Bu səbəbdən də mübahisələri olmuşdur, iddia ona qarşı şər və böhtandır. Məhkəmə iclasında cavabdehin vəkili və nümayəndəsi Vəkil iddianı qəbul etməyərək bildirdi ki, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası tamamilə heç bir hüquqi mənbəyə əsaslanmayaraq verilmişdir. İddiaçı sahibkarlıqla məşğul olur və VÖEN-i varıdır. Cavabdehi işə götürmüşdürsə, müqavilə bağlamayaraq vergidən yayınmışdır. Müqavilə yoxdur və əmək qanunvericiliyi pozulmuşdur. Hüquqi əsas olmadan şəxsi maşınını vermişdir cavabdehə. Cavabdeh bildirir ki, iddiaçı avtomaşını ona şəxsi tapşırıqlarının yerinə yetirilməsi üçün mart ayında vermişdir. İşlədiyi dövrdə cavabdehə əmək haqqı, yanacaq və avtomaşının təmiri üçün pul verilməmişdir. İddiaçının tapşırığı əsasında fəhlə daşımış, onun kiçik maqazasında satıcı işləmiş və oraya mal daşımışdır. Məhkəməyə cədvəl təqdim edilmişdir. Cədvəl yazıldıqdan sonra cavabdeh ondan imtina etmişdir. İddiaçı heç bir hüquqi əsas olmadan əsassız olaraq varlanmaq məqsədi güdür. İddia tamami ilə əsassızdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində bildirdi ki, tərəflərlə qohumluğu yoxdur. Hacıəli ondan borc istəmişdir. Hacıəliyə verdiyi 500 manat pulu marşruta vermişdir. Soruşmuşdur ki, niyə verdin pulu marşruta, bildirmişdir ki, onun adına krediti var. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 ifadəsində bildirdi ki, Hacıəli alver edirdi. O, telefonla lazım olanların siyahısını yazdırırdı və deyirdi maşın gəlib götürəcək. O, siyahıya uyğun malları yığdırırmış və Hacıəlinin dediyi maşın gəlib aparırdı. Alınan malların pulunu sonra Hacıəli şəxsən gətirib ona verirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadəsində bildirdi ki, Hacıəli ona bildirmişdir ki, Zaur kredit pulunu ödəyə bilmir. Ondan pul istədi. 475 manat hesaba atmışdır. Verdiyi pulu qaytarmadılar. Hacıəli ilə getmişlər Zaurun evinə. Zaur ona bildirmişdir ki, ona pul verilməyib, kimə verilibsə ondan istəsin. Məhkəmə iclasında dindirilmiş şahidlərin ifadələri ilə müəyyən edilmişdir ki, İddiaçı aldığı ərzaq mallarının pulunu Hacıəli özü ödəmişdir. Bu baxımdan Zaurun iddiaçı Hacıəlinin tapşırığı ilə ərzaq mallarına görə pul xərcləməsi inkar olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Mülki prosessual qanunvericiliyə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, tərəflərin izahatlarını, şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan: Cavabdeh tərəfindən tərtib edilmiş cədvəldən görünür ki, 15 sentyabr 2023-cü il tarixdə 82 manat qazanc olmuş, ondan 16 manat dizelə və 7.50 manat dayanacağa olmaqla, cəmi 23.50 manat xərclənmişdir. 58.50 manat pul qalmışdır. Masallı RPŞ-nin TB-nin təhqiqatçısı kapitanı X14 tərəfindən qəbul edilmiş 22 aprel 2024-cü il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərardan görünür ki, Cavabdeh izahat verərək bildirmişdir ki, İddiaçı dayısıdır. Onunla arasında heç bir ədavət və düşmənçiliyi olmamışdır. Aralarında olan münasibət daima normal olmuşdur. Hətda dayısı Masallı şəhərində olan yaşayış evini və avtomobillərini onun adına almışdır. 2022-ci il tarixdə Hacıəli idarə etdiyi Vaz 2106 markalı avtomobili ona satmışdır. Əlində nağd pul olmadığı üçün razılaşmışlar ki, Hacəli öz adına kredit götürsün və o da həmin krediti ödəsin. O, dayısından avtomobili 7200 (yeddi min iki yüz) manata alsa da, kreditin ödəməklə həmin avtomobil ona ümumilikdə 8600 (səkkiz min altı yüz) manata başa gəlmişdir. O, həmin krediti ayda 500 (beş yüz) manat olmaqla ödəmişdir. İşdən çıxdıqdan sonra Hacıəli ona demişdir ki, onun marşurutunu sür və ailəni saxla. O, Hacıəliyə marşurutunu sürməyinin ona sərf etməyəcəyini demişdir. Çünki o, ayda ümumilikdə 745 (yeddi yüz qırx beş) manat kredit ödəyir. Hacıəli ona demişdir ki, gəl marşurutu sür və kreditlərini ödədikdən sonra nə qalsa ona verər. Onlar razılaşmışlar və onun marşurutunu sürməyə başlamışdır. O, Hacıəlinin marşurutunu 8 ay idarə etmişdir. O, marşurutu idarə edən zaman kreditlərini ödəmiş və dayısı Hacıəli həmin aylarda hər dəfə ona zəng edərək Güllütəpə kəndində işlətdiyi mağazaya müəyyən ərzaq malları sifariş vermişdir və o da həmin ərzaq mallarını alıb pul əvəzində aparıb ona vermişdir. O, sifarişləri yerinə yetirib xərclədiyi pulları da Hacıəliyə demişdir. Beləki o, hər ay Hacıəlinin 79 (yetmiş doqquz ) manat vergisini ödəmişdir. Avtomobilini 134 (yüz otuz dörd) manata sığorta elətdirmiş, avtomobilinə cərimə gəldikdə onun cəriməsini ödəmişdir. Bundan başqada Hacıəli hər dəfə dükanına lazım olan əşyaları ona aldırmışdır. Onun avtomobilindən və dükanından oğurluq etməmiş, Hacıəli ona şər və böhtan atmışdır. Buna səbəb isə son zamanlar sosial yardım almaq üçün Hacıəliyə adına olan ona məxsus fərdi yaşayış evini adından çıxartmasını deməsi olmuşdur. O, dəfələrlə bu barədə Hacıəlini təkid etdikdən sonra evini onun adından çıxartmışdır. Hacıəli ona əvvəllər aravadının qızıl saatını və üzüyünü götürdüyünü demişdir. Hacıəlinin arvadı ilə münasibətləri heç vaxt yaxşı olmamışdır. Hacıəli dəfələrlə ona pullarını həmişə arvadı evdən və dükandan götürdüyünü bildirmişdir. Bir ailə olduqları üçün ona bir söz deyə bilməmişdir. Hacıəlinin ona şər atmasının səbəbi həm də sonuncu dəfə marşurutun qazancını hebalarkən ona 507 (beş yüz yeddi) manat pul verməsini deməsi olmuşdur. Hacıəli onunla razılaşmayanda heç bir borcunun olmadığını sübut etmişdir. Bundan sonra Hacıəli ona qarşı qərəzli olmuşdur. Hal-hazırda barəsində verdiyi şikayət tam əsassız, şər və böhtan xarakterlidir. Onun dayısı İddiaçı heç bir borcu yoxdur. Həmçinin onun etibarından sui-istifadə etməmişdir, qızıl-zinət əşyalarını və pulunu oğurlamamışdır. Masallı Rayon Məhkəməsinin 22 avqust 2024-cü il tarixli, 6(050)-14/2024 saylı qərarı ilə Masallı Rayon Polis X5 müstəntiqi polis kapitanı X9 990 saylı material üzrə qəbul etdiyi “Cinayət işi başlanmasının rədd edilməsi haqqında” 22 aprel 2024-cü il tarixli qərar qanuni hesab edilməsi və İddiaçı şikayət ərizəsinin təmin edilməməsi qərara alınmışdır. Masallı RPŞ-nin İstintaq Bölməsinə verdiyi izahatında Cavabdeh göstərmişdir ki, “İddiaçı mənim dayımdır. Onunla aramda heç bir ədavət və düşmənçiliyim olmamışdır. Bizim aramızda olan münasibət daima normal olmuşdur. Hətda dayımın Masallı şəhərində olan yaşayış evi, avtomobilləri mənim adıma olmuşdur. 2022-ci il tarixdə Hacıəli idarə etdiyi Vaz 2106 markalı avtomobili mənə satdı. Mənim əlimdə nağd pul olmadığı üçün razılaşdıq ki, dayım Hacəli öz adına kredit götürsün və məndə həmin krediti ödəyərəm. Mən dayımdan avtomobili 7200 (yeddi min iki yüz) manata alsam da, kreditin ödəməklə həmin avtomobil mənə ümumilikdə 8600 (səkkiz min altı yüz) manata başa gəldi. Mən həmin krediti ayda 500 (beş yüz) manat olmaqla ödəyirdim. Mən işdən çıxdıqdan sonra Hacəli mənə dedi ki, gəl mənim narşurutumu sür və ailəni saxla. Mən ona marşurutunu sürməyimin ona sərf etməyəcəyini dedim. Çünki mən ayda ümumilikdə 745 (yeddi yüz qırx beş) manat kredit ödəyirdim. Hacıəli mənə dedi ki, gəl marşurutu sür və kreditlərini ödədikdən sonra nə qalsa mənə verərəsən. Biz razılaşdıq və mən onun marşurutunu sürməyə başladım. Mən Hacəlinin marşurutunu 8 ay idarə etdim. Mən marşurutu idarə edən zaman kreditlərimi ödədim və dayım Hacıəli həmin aylarda hər dəfə mənə zəng edərək Güllütəpə kəndində işlətdiyi mağazaya müəyyən ərzaq malları sifariş verirdi və məndə həmin ərzaq mallarını alıb pul əvəzində aparıb ona verirdim. Mən o sifarişləri yerinə yetirib xərclədiyim pullarıda Haçıəliyə deyirdim. Beləki, mən hər ay Hacıəlinin 79 (yetmiş doqquz ) manat vergisini ödəmişəm. Avtomobilini 134 (yüz otuz dörd) manata sığorta elətdirmişəm, avtomobilinə cərimə gəldikdə onun cəriməsini ödəmişəm. Bundan başqada Hacıəli hər dəfə tükanına lazım olan əşyaları mənə aldırmışdır. Onun avtomobilindən tükanından guya edilmiş oğurluq barəsində onu deyə bilərəm ki, dayım Haciəli nənə sadəcə şər və böhtan atır. Mən son zamanlar Hacıəliyə dedim ki, mənim adıma olan ona məxsus fərdi yaşayış evini adımdan çıxartsın ki, məndə sosial yardım alım. Mən dəfələrlə Hacıəlini təkid etdikdən sonra evini mənim adımdan çıxartmışdır. Onun tükanından və avtomobilindən guya baş vermiş oğurluq barəsində onu deyə bilərəm ki, mən Hacıəlinin tükanına gedəndə kefinin olmamasını görüb nə baş verməsini soruşmuşdum. Mənə qızıl saatını və üzüyünü həyat yoldaşının götürməsini dedi. Qeyd edirəm ki, arvadı ilə onun münasibəti heç vaxt olmamışdır. Mənə dəfələrlə deyib ki, onun pullarını həmişə arvadı götürüb. Bir ailə olduğu üçün ona bir söz deyə bilməmişdir, Hacıəlinin mənə şər atmasının səbəbi odur ki, sonuncu dəfə biz marşurutun haqq hesabını edərkən Hacıəliyə dedim ki, sənə 507 (beş yüz yeddi) manat pul vermişəm. Haciəli mənimlə razılaşmayanda mənə ona pul verməyimi və heç bir borcumun olmadığını sübut etdim. Bundan sonra Haciəli mənimlə qərəzli qaldı. Hal-hazırda mənim barəmdə verdiyi şikayət tam əsassız və şər və böhtan xarakterlidir. Mənim dayım X4 heç bir borcum yoxdur. Onun etibarından sui-istifadə etməmişəm və onun qızıl-zinət əşyalarını və pulunu oğurlamamışam. Hacıəlinin dedikləri şər və böhtandır”. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Məhkəmə ilk olaraq qeyd edir ki, cavabdeh Masallı RPŞ-nin Təhqiqat və İstintaq bölmələrində verdiyi izahatlarında dayısı olan iddiaçıya məxsus marşurut mikroavtobusunu 8 ay müddətində, iddia ərizəsinə vermiş olduğu etiraz ərizəsində 2023cü il matr ayından sentyabr ayının 9-10-a kimi və məhkəmə iclasında verdiyi izahatında isə 11 mart 2023-cü il tarixdən 9 oktyabr 2023-cü il tarixə kimi idarə etdiyini bildirmişdir. Eləcədə o, polis şöbəsində vermiş olduğu izahatlarında və etiraz ərizəsində həmin marşurut mikroavtobusunu idarə etməklə əldə etdiyi puldan avtomaşının sığorta ödənişini və iddiaçının adına olan vergiləri ödədiyini, qalan pulu isə iddiaçıya verdiyini bildirmişdir. Lakin məhkəmə iclasında verdiyi izahatında isə sadəcə iddiaçı üçün işlədiyini və iddiaçının sifarişlərini yerinə yetirdiyini, marşurut mikroavtobusunu isə qazanc əldə etmək üçün mütəmadi olaraq istifadə etmədiyini bildirmişdir. Məhkəmə cavabdehin Masallı RPŞ-də dindirildiyi zaman verdiyi izahatlarına (ifadələr), məhkəmə iclaslarında vermiş olduğu izahatlarına və iddia ərizəsinə qarşı verilmiş etiraz ərizəsinə nümasibət bildirərək qeyd edir ki, izahatlar arazında və izahatlarla etiraz ərizəsi arasında qeyri-müntəzəmlik, ziddiyyət vardır. Məhkəmə həmçinin onuda qeyd edir ki, yaradılmış marşurut xəttləri və həmin xəttlərə buraxılmış avtonəqliyyat vasitələri (marşurut avtobus və mikroavtobusları) həmin xətt və avtonəqliyyat vasitələrindən istifadə edən əhalinin həyat şəraitinin yaxşılaşdırılması üçündür və həmin marşurut xəttinə buraxılmış marşurut avtonəqliyyat vasitələrindən birinin mütəmadi olaraq işləməməsi həmin xətt üzrə sərnişin sıxlığına gətirib çıxaracaqdır ki, buda həmin xətt üzrə marşurut avtonəqliyyat vasitələrindən istifadə edən əhalinin narahatlığına və narazılığına səbəb olacaqdır. Bu isə həmin xəttə nəzarət edən orqanın ara-sıra xəttə çıxan marşurut avtomaşınını başqa avtomaşınla əvəz etməsinə səbəb olacaqdır ki, tərəflərin vermiş olduqları izahatlardan və məhkəmə araşdırılmasının nəticəsindən müəyyən olunmuşdur ki, tərəflər arasında olan iddiaçıya məxsus marşurut mikroavtobusunun cavabdeh tərəfindən istifadə olunmasını tərəflərin qarşılıqlı razılaşması əsasında aylar sonra son verilmişdir. Bu isə onu deməyə əsas verir ki, cavabdehin iddiaçıya məxsus marşurut mikroavtobusu marşurut xətti üzrə ara-sıra istifadə etməsini deməsi əslində məsuliyətdən yayınmaq və iddia tələbinin rədd olunmasına nail olmaq üçün deyilmiş sözlərdir. Həmçinin cavabdeh məhkəmə iclası zamanı verdiyi izahatında iddia ərizəsinə iddiaçı tərəfindən əlavə edilmiş cədvəli özünün yazdığını bildirmişdir. Eləcədə cavabdeh vermiş olduğu izahatlarında iddiaçının Güllütəpə kəndində yerləşən ərazaq mağazası üçün iddiaçı tərəfindən sifariş edilmiş malların pulunu ödəməsin bildirmiş olsa da, məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X10 ifadəsində iddiaçı tərəfindən müəyyən malların sifariş olunduğu, həmin malların iddiaçının tapşırığı əsasında iddiaçının bildirmiş olduğu nəqliyyat vasitəsinin gəlib götürdüyünü və sifariş olunmuş malların pulunun isə iddiaçı tərəfindən şəxsən ödənildiyini bildirmişdir. Buda öz növbəsində onu sübut edir ki, cavabdehin iddiaçı tərəfindən sifariş edilmiş malların pulunu ödəməsi yalandır. Həmçinin cavabdeh iddiaçıya məxsus nəqliyyat vasitəsini idarə edərək əldə etdiyi qazancın bir hissəsini müəyyən xəsrcələri ödədikdən sonra qalan pulu iddiaçıya verməsini demiş olsa da, cavabdeh bununla bağlı məhkəməyə hər hansı bir mötəbər sübut təqdim edə bilməmişdir. Eləcədə iddiaçı iddia ərizəsində, cavabdeh isə polis şöbəsində vermiş olduğu izahatlarında iddiaçıya məxsus avtomobilin cavabdeh tərəfindən alınması ilə bağlı cavabdehin iddiaçının adına götürülmüş olan kredit üzrə 500 manat ödədiyi qeyd edilmişdir. Cavabdeh həmçinin iddiaçıya məxsus marşurut avtonəqliyyat vasitəsini sürdüyü zaman 8 ay kredit ödədiyini qeyd etmişdir. Bu isə 8 ay ərzində 4000 manat pul edir. Lakin şahid ifadələrinə nəzər salındığı zaman isə görünür ki, iddiaçı cavabdehin ödəməli olduğu kreditə görə 500 manat və 475 manat olmaqla iki ay ödəniş etmişdir. Beləliklə, məhkəmə araşdırılması ilə müəyyən olundu ki, tərəflər arasında şərtləri şifahi şəkildə razılaşdırılmış öhdəlik münasibətləri yaranmış, iddiaçı özünə məxsus marşurut avtonəqliyyat vasitəsini gəlir əldə edilməsi üçün cavabdehin istifadəsinə vermişdir. Cavabdeh həmin avtomarşrutu 01 yanvar 2023-cü il tarixdən 09 oktyabr 2023cü il tarixədək, yəni 9 ay 9 gün, gün hesabı ilə 282 gün müddətdə idarə etmiş və günlük xərcləri çıxdıqdan sonra gündəlik 58.5 (əlli səkkiz manat, 50 qəpik) manat təmiz qazanc əldə etmişdir. Cavabdeh işlədiyi müddət ərzində 79 (yetmiş doqquz) manat vergi ödəmiş, avtomobilin sığorta edilməsi ilə bağlı 134 (yüz otuz dörd) manat ödəniş etmiş, eləcədə 1206 manat məbləğində pulu müxtəlif üsullarla iddiaçıya ödəmişdir. Eləcədə cavabdeh işlədiyi müddət ərzində iddiaçının adına olan özünün kredit borcu ilə bağlı 8 aya olmaqla hər ay 500 manat ödəmişdir ki, buda 4000 manat edir. Odur ki, həmin məbləğdən cavabdeh tərəfindən iddiaçıya müxtəlif üsullarla ödənilmiş ödənişləri, ödəmiş olduğu krediti və cavabdehin qazandığı şəxsi ehtiyaclarına sərf etdiyi və marşurut mikroavtobusunun xərcləri nəzərə alınaraq çıxıldıqdan sonra iddiaçıya ödənilməli pul 11196 manat təşkil etməklə cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Məhkəmə bu nəticəyə gələrkən hüquqi mövqeyini onunla əsaslandırır ki, məhkəmə araşdırmaları zamanı cavabdehin iddiaçının marşurut avtonəqliyyat vasitəsini idarə etməsi nəticəsində qazanc əldə etməsi müəyyən edildiyindən, hazırki vəziyyətdə sübutetmə vəzifəsinin bölgüsü baxımından sübut etmək vəzifəsini cavabdeh daşıyır. Lakin cavabdeh iddiaçının tələb etdiyi pulun verilməsi ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsində qeyd edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 443.2. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. 443.3. Əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, zərər müəyyənləşdirilərkən öhdəliyin icra edilməli olduğu yerdə kreditorun tələbini borclunun könüllü ödədiyi gün mövcud olmuş qiymətlər, tələb könüllü ödənilmədikdə isə məhkəmənin qərar çıxardığı gün mövcud olmuş qiymətlər nəzərə alınır. 443.7. Əgər öhdəlikdə ayrı qayda nəzərdə tutulmayıbsa və ondan ayrı qayda irəli gəlmirsə, borclunun üzərinə yalnız qəsdən və ya ehtiyatsızlıqdan edilmiş hərəkətlər nəticəsində dəymiş zərərin əvəzini ödəmək vəzifəsi qoyulur. “Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 sentyabr 2009-cu il tarixli 141 nömrəli Qərarı; 1.2. Bu Qaydaların məqsədləri üçün istifadə olunan əsas anlayışlar aşağıdakılardır: 1.2.1. avtobus — sürücünün oturacaq yeri daxil olmaqla, oturacaq yerlərinin sayı doqquzdan çox olan, sərnişin daşımaları üçün nəzərdə tutulmuş avtonəqliyyat vasitəsi; 1.2.6. dayanacaq məntəqəsi — müntəzəm marşrut üzrə sərnişin avtomobil nəqliyyatının dayandığı, marşrutun istiqaməti və hərəkət cədvəli haqqında məlumat olan, sərnişinlərin minib-düşdüyü, müvafiq qaydada işarələnmiş və təchiz olunmuş yer; 1.2.7. daşıyıcı — daşınma müqaviləsi və ya digər qanuni əsaslarla haqq müqabilində sərnişin daşımalarını yerinə yetirən, mülkiyyət, icarə və ya istifadə hüququ ilə nəqliyyat vasitələrinə malik olan hüquqi şəxs və ya fərdi sahibkar; 1.2.10. hərəkət cədvəli — marşrutun dayanacaq məntəqələri üzrə reyslərin yerinə yetirilməsi vaxtı (həftənin günləri, günün saatları və dəqiqələri) haqqında məlumatları əks etdirən cədvəl; 1.2.13. marşrut — müəyyən edilmiş dayanacaqlar və məntəqələr arasında sərnişin avtonəqliyyat vasitəsinin hərəkət etdiyi yol; 1.2.14. marşrutun sxemi — müəyyən edilmiş marşrutun şərti işarələrlə qrafik təsviri; 1.2.15. marşrut lövhəsi — avtobusun iş rejimi və marşrutu haqqında sərnişinlərin məlumatlandırılması üçün göstərici; 1.2.17. reys — marşrutun başlanğıc məntəqəsindən təyinat məntəqəsinədək və ya əks istiqamətdə sərnişin avtonəqliyyat vasitəsinin gedişi; 1.2.18. sərnişin — avtonəqliyyat vasitəsində gediş hüququ verən sənəd (bilet) və ya digər qanuni əsaslarla daşınan fiziki şəxs; 1.2.19-1. sürücü - avtonəqliyyat vasitəsini idarə etmək hüququ olan, daşımalar prosesində birbaşa iştirak edən, habelə müvafiq hallarda daşıyıcını təmsil edən şəxs; 1.2.20. sifarişçi — sərnişin daşımalarının yerinə yetirilməsi barədə müvafiq qaydada müqavilə bağlamış orqan, yaxud onun tərəfindən təyin edilmiş səlahiyyətli hüquqi şəxs, habelə sərnişin daşımaları barədə daşıyıcı ilə müqavilə bağlayan hüquqi və ya fiziki şəxs; 1.2.25. ümumi istifadədə olan sərnişin avtomobil nəqliyyatı — tənzimlənən və ya elan edilmiş tariflər tətbiq edilməklə, müqavilə ilə razılaşdırılmış qiymətlər üzrə hüquqi və ya fiziki şəxslərin müraciəti əsasında yerinə yetirilən sərnişin daşımalarında istifadə olunan nəqliyyat vasitəsi; 1.3. Avtomobil nəqliyyatı ilə sərnişin daşımaları təyinatına görə aşağıdakı növlərə bölünür: 1.3.1. şəhərdaxili (rayondaxili) sərnişin daşımaları — şəhərin (rayonun) inzibatiərazi hüdudları daxilində yerinə yetirilən sərnişin daşımaları; 1.3.2. şəhərlərarası (rayonlararası) sərnişin daşımaları — ayrı-ayrı şəhərlərin (rayonların) inzibati ərazisində yerləşən yaşayış məntəqələri arasında yerinə yetirilən sərnişin daşımaları; 1.3.4. müntəzəm sərnişin daşımaları — işin başlanması və başa çatması vaxtları, sərnişinlərin avtomobil nəqliyyatına minməsi və ondan düşməsi yerləri, habelə tariflər müəyyən edilməklə, müvafiq cədvəl (hərəkət intervalı) və marşrut üzrə yerinə yetirilən sərnişin daşımalarını nəzərdə tutur. Məhkəmə iddia tələbinin mənəvi zərərə görə pul tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır”. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli Qərarında müəyyən edilmişdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2008-ci il tarixli 7 saylı plenum qərarında əks edilmiş hüquqi mövqeyə əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Həmin qərarda həmçinin qeyd edilmişdir ki, məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X7 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X7 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Plenum izah etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X7 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir. Məhkəmə qeyd edilən normalara əsaslanaraq iddianın 3000 manat məbləğində mənəvi zərər tələbinə münasibətdə qeyd edir ki, həmin məbləğdə hər hansı zərərin iddiaçıya dəyməsinə dair hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Odur ki, iddia mənəvi ziyan tələbi hissəsində təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-in 107-ci maddəsinə əsasən dövlət rüsumu məhkəmə xərclərinə aid edilmişdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən isə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, iddia qismən təmin edildiyindən, iddiaçı tərəfindən ödənilmiş 150 manat məbləğində dövlət rüsumunun 123.59 manat hissəsi cavabdehə aid edilməli və ondan alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarı). Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 233 və 360-cı, 362-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 11196 (on bir min yüz doxsan altı) manat məbləğində pul vəsaiti və 123.59 (yüz iyirmi üç, əlli doqquz) manat məbləğində dövlət rüsumu alınaraq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına Masallı Rayon Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar