Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-1153/2025 17.04.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Coşqun Şamil oğlunun sədrliyi, Kərimli Famil Ələskər oğlunun katibliyi, İddiaçı iştirakları ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbi barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 30 dekabr 2010-cu il təvəllüdlü X3 və 04 mart 2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün Cavabdeh hər ay hər uşağa görə 50 manat, cəmi 100 manat məbləğində alimentin tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə el adəti qaydasında ailə qurmuşlar. Birgə nikahlarından 30 dekabr 2010-cu il təvəllüdlü X3 və 04 mart 2014-cü il təvəllüdlü X2 adlı uşaqları olmuşdur. Sonradan xasiyyətləri düz gəlmədiyindən ayrılmışlar. Cavabdehlə ayrıldıqdan sonra iki nəfər uşaqlar Masallı Rayon Məhkəməsinin 18 may 2021-ci il tarixli, 2(050)-439/2021 saylı qətnaməsi ilə onun himayəsində saxlanmışdır. O, tək başına iki nəfər yetkinlik yaşına çatmayan uşaqları böyüdüb saxlamaqda çətinliklər çəkir. Uşaqların gündəlik tələbatını qarşılamağa kömək etmək valideyn kimi cavabdehin də borcudur. Cavabdeh əmək qabiliyyətli olmaqla işləmək qabiliyyəlindədir. Lakin, işləmək istəmir. Cavabehdən çox aliment istəmir, hər ay bir uşağa 50 manat kömək etsə, özü də işləyib uşaqlara baxar. Amma cavabdeh heç 50 manat da vemək istəmir. Cavabdeh mediasıya prosesinə gəlmədiyindən onunla mübahisələrini mediasiyada həll etmək mümkün olmamışdır. Odur ki, iş üzrə Cavabdeh iki nəfər xx.xx.2010-ci il təvəllüdlü X3 və xx.xx.2014-cü il təvəllüdlü X2 adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanılmasından ötrü hər ay hər bir uşağa görə 50 (əlli) manat, iki uşağa görə cəmi 100 (yüz) manat məbləğində alimentin cavabdehdən alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək, əlavə olaraq bildirdi ki, cavabdeh 3 ildir uşaqları da atıb çıxıb getmişdir. Onun hazırda harada olmasından məlumatı yoxdur. Keçən vaxt ərzində cavabdeh uşaqları ilə maraqlanmamışdır. Özü də ikinci dəfə ailə qurmuşdur. Uşaqlara özü baxır. Məhəmə qətnaməsi ilə uşaqlar onun yanında saxlanılmışdır. Sonda İddiaçı iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbələri barədə məhkəməyə məlumat verməmişdir. Mülki prosessual qanunvericiliyə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Doğum haqqında şəhadətnamələrdən görünür ki, 30 dekabr 2010-cu il təvəllüdlü X3 və 04 mart 2014-cü il təvəllüdlü X1 atası İddiaçı, anası Cavabdehdır. Masallı Rayon Məhkəməsinin 2(050)-439/2021 saylı, 18 may 2021-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında olan nikah pozulmuş, 30 dekabr 2010-cu il təvəllüdlü X3 və 04 mart 2014-cü il təvəllüdlü X2 ataları İddiaçı yanında saxlanılması qət edilmişdir. Məhkəmədə işə baxılarkən işin faktiki halları ilə müəyyən edilmişdir ki, 30 dekabr 2010-cu il təvəllüdlü X3 və 04 mart 2014-cü il təvəllüdlü X2 Masallı Rayon Məhkəməsinin 2(050)-439/2021 saylı, 18 may 2021-ci il tarixli qətnaməsi ilə nikah pozularkən atalarının himayəsinə verilmişdir, lakin alimentlə bağlı mübahisə olmamışdır. Lakin, hazırda iddiaçı uşaqların saxlanılmasında çətinlik çəkdiyindən aliment tələbi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən valideynlər uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. -75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. -75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. -78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, habelə alimentin valideynin qazancından, (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. (AM-in 78.2.) Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” 20 dekabr 2024-cü il 15 nömrəli Ali Məhkəməsi Plenum qərarının Qərarın 8.4-1-ci bəndində göstərilmişdir ki, Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. - 8.4-2. Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232- ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır (məsələn, 2019-cu ildə qəbul edilmiş qətnamə ilə bir uşağın saxlanılması üçün 125 manat sabit pul məbləğində alimentin tutulması qət edilibsə, məhkəmə 2024-cü ildə indeksasiyanı həyata keçirən zaman qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarının 2019-cu il üzrə müəyyən edilmiş 250 manat məbləğində minimum əmək haqqının 0,5 mislini təşkil etdiyini nəzərə alaraq, qərardadın nəticə hissəsində tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində indeksasiya olunması şəklində göstərməlidir). Məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini, onların normal, yəni, qida rassionlarına uyğun şəkildə qidalanmalarını, fiziki cəhətdən inkişaflarını, təhsilləri ilə bağlı xərcləri, uşaqların əvvəlki təminatlarının səviyyəsinin mümkün qədər maksimal saxlanılmasını, qətnamənin yalnız iddia tələbi həddində qəbul edilməli olmasını əsas tutub hesab edir ki, 30 dekabr 2010-cu il təvəllüdlü X3 və 04 mart 2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanmaları üçün Cavabdeh hər ay bir uşaq üçün 50 (əlli) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməlidir. İddiaçı 04 mart 2025-ci il tarixdə aliment tələbi ilə bağlı məhkəməyə müraciət etdiyindən və Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulmalı olduğundan məhkəmə tərəfindən müəyyən edilən alimentin miqdarı 2025-ci il il ölkə üzrə müəyyən edilən minimum əmək haqqının müvafiq misli həddində müəyyən edilməlidir. 2025-ci ildə minumum əmək haqqının 400 manat olduğunu nəzərə alsaq, məhkəmənin hazırda hər uşaq üçün müəyyən etdiyi 50 manat sabit pul məbləği minumum əmək haqqının 0.125 faizini təşkil edir.(50x400=0,125%). MPM-in 234.2 və 234.2.1-ci maddələrinə əsasən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunmalıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1 və 9.1.2-ci maddələrinə əsasən aliment alınması barədə iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. MPM-in 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmin Məcəllənin 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda-bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. -77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. -218.3-cü maddəsinə əsasən Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233,234 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia təmin edilsin. 04 mart 2025-ci il tarixdən başlayaraq yetkinlik yaşına çatmayan 30 dekabr 2010-cu il təvəllüdlü X3 və 04 mart 2014-cü il təvəllüdlü X1 saxlanması üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər uşaq üçün hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,125 misli həddində sabit pul məbləğində aliment tutulsun. Qətnamə dərhal icra edilsin. İddia tələbinin təmin edilmiş hissəsinə mütənasib olaraq ödənilməli olan 30 manat dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Coşqun Abdullayev
Məhkəmə qərarları › İş №2(050)-1153/2025
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-1153/2025
17.04.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver