Məhkəmə qərarları › İş №2(050)-1311/2024

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-1311/2024

14.05.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-1311/2024 14.05.2024 MASALLI RAYON MƏHKƏMƏSİ hakim Quliyev Ceyhun Əmir oğlunun sədrliyi, Qasımov Xanbaba Alxas oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 30 iyul 2010-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 300 manat, 20 may 2001-ci il təvəllüdlü X1 üçün əlavə xərclərə görə hər ay 300 manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə faktiki nikaha daxil olaraq ailə həyatı qurmuşdur. Nikahlarını xx.xx.2006-cı ildə rəsmiləşdirmişdilər. Nikahlarından 20 may 2001-ci il təvəllüdlü X5 və 30 iyul 2010-cu il təvəllüdlü X7 adlı uşaqları olmuşdur. Ailədaxili münaqişələr zəmnində münasibətləri pozulmuş, o, uşaqları ilə valideynlərinin evində yaşayır. Bir ilə yaxındır ki, ayrı yaşayırlar. Ayrı yaşadıqları müddətdə cavabdeh uşaqlarına və ona heç bir maddi yardım etməmişdir. Cavabdeh fərdi əməklə məşğul olaraq yüksək gəlir əldə edir. X9 İ dərəcəli əlildir və dövlət tərəfindən pensiya alır. X11 skalyoz xəstəliyindən əziyyət çəkir və mütəmadi olaraq Bakı şəhərində müalicə alır. Uşaqlarını təkbaşına böyüdür. İşləmir. Valideynlərinin, bacı-qardaşlarının köməkliyi ilə dolanır. X6 qəyyumudur və ona baxmağa görə dövlət tərəfindən 100 manat müavinət alır. Fatimə Əliyevanın aldığı pensiya və onun aldığı 100 manat müavinət Fatimə Əliyevanın dərmanlarına çatmır. Dəfələrlə cavabdehdən uşaqların saxlanılmasına maddi yardım etməsini xahiş etsə də, nəticəsi olmamışdır. Odur ki, məhkəməyə müraciət etmək məcburuyyətində qalmışdır. İddiaçıya məhkəmə iclasının vaxtı və yeri barəsində məlumat verilməsinə baxmayaraq, məhkəməyə gəlməmiş, lakin ərizə ilə müraciət edərək, xəstəliyi ilə əlaqədar məhkəmə iclasına gələ bilmədiyini, iddianı müdafiə etdiyini, onun iştirakı olmadan məhkəmə iclasının keçirilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh iddianı qəbul etməyərək, bildirdi ki, övladları 30 iyul 2010-cu il təvəllüdlü X7 və 20 may 2001-ci il təvəllüdlü X5 anaları İddiaçı ilə Bakı şəhərində kirayədə yaşayırlar. Nikahları pozulmamışdır. Ailəsi onun yanından getmişdir. Qeyd edilən səbəblərdən aliment ödəməməlidir. Həmçinin, maddi imkanı yoxdur. İddiaçı rəsmi olmasada işləyir və aylıq əmək haqqısı 550 manatdır. Bundan başqa, iddiaçıya Dövlət tərəfindən xəstə uşağına baxması ilə bağlı 100 manat müavinət verilir. Qızı Fatiməyə isə xəstəliyi ilə bağlı nə qədər müavinət verilməsini bilmir. Masallı rayonunda yaşayır. Xəstədir, fərdi əməklə məşqul olur, bağların suvarılması və sair ilə bağlı yüngül işlər görür. Banka kredit borcu var. Dolanışığına qardaş-bacısı köməklik edir. Sonda Cavabdeh iddianın rədd edilməsini xahiş etdi. xx.xx.2024-cü il tarixdə keçirilmiş məhkəmə iclasında iddiaçı iddianı müdafiə edərək, bildirmişdir ki, övladları ilə Bakı şəhərində kirayədə yaşayırlar. Nikahları pozulmamışdır. Ayrı-ayrı şəxslərə ev işlərində köməklik edir və ayda təxminən 200-250 manat qazancı olur. X2 xəstəliyi ilə bağlı Dövlət tərəfindən 470 manat və ona qulluq ilə bağlı 100 manat müavinət verilir. Digər övladı Əzim xəstəliyi ilə bağlı məktəbə getmir. Sonda İddiaçı iddianın təmin edilməsini xahiş etmişdir. Mülki prosessual qanunvericiliyə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə İddiaçı nikahlarını Bakı şəhəri Əzizbəyov rayon VVADQ şöbəsində 28 noyabr 2006-cı il tarixdə 962 nömrəli qeydlə rəsmiləşdirmişdilər. Nikah bağlandıqdan sonra ərə Əliyev, arvada Tahirova soyadı verilmişdir. Doğum haqqında şəhadətnamələrdən görünür ki, 20 may 2001-ci il təvəllüdlü X2 və 30 iyul 2010-cu il təvəllüdlü X4 atası Cavabdeh, anası İddiaçıdır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Masallı rayon ƏSMM tərəfindən verilmiş 040021 saylı vəsiqədən görünür ki, 20 may 2001-ci il təvəllüdlü X2 qəyyumu İddiaçıdır. Azərbaycan Respublikası Əmək və X3 Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi barədə elektron çıxarışdan görünür ki, 20 may 2001-ci il təvəllüdlü X5 “kvadroplegik spastik serebral iflic, uşaq serebral iflici” diaqnozu ilə birinci dərəcəli əlildir. Əlillik və ya sağlamlıq imkanlarının məhdudluq müddəti - müddətsizdir. Masallı Rayon Mərkəzi Xəstəxanası PHŞ-nin 13 mart 2024-cü il tarixli, 69 saylı arayışından görünür ki, 06 avqust 1975-ci il təvəllüdlü Cavabdeh 2017-ci ildən sağ ağ ciyərin vərəmi dioqnozu ilə qeydiyyatdadır. xx.xx.2022-ci il tarixli kredit müqaviləsindən və müqaviləyə əsasın tərtib edilmiş ödəniş qrafikindən görünür ki, Cavabdeh müqaviləyə əsasən aylıq 264.85 manat kreditin ödəilməsi ilə bağlı öhdəliyi var. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə uyğun olaraq valideynlər uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam şəraitdə böyütməli, ümumtəhsil və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: - 75.1-ci maddəsinə əsasən valideynlər övladlarını saxlamağa borcludurlar. - 78.1-ci maddəsinə əsasən aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu hallarda, habelə uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də həmin Məcəllənin 76-cı maddəsinə uyğun olaraq, qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. - 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Qanunvericiliyin göstərilən müddəalarını işin faktiki hallarına tətbiq etməklə məhkəmə hesab edir ki, iddiaçı ilə cavabdehin hal-hazırda ayrı yaşaması, onların yetkinlik yaşına çatmayan uşaqlarının (X4) anasının yanında qalması və onun saxlanılması üçün vəsait tələb olunduğu, uşağın mənafeyi nəzərə alınaraq cavabdehdən iddiaçının xeyrinə aliment sabit pul məbləğində tutulmalıdır. Məhkəmə yetkinlik yaşına çatmayan uşağın mənafeyini, onun normal, yəni, qida rassionlarına uyğun şəkildə qidalanmasını, fiziki cəhətdən inkişafını, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılmasını, uşağın cavabdehlə yanaşı iddiaçıdan da maddi təminat almaq hüququnun olmasını, məhkəmə qətnaməsi çıxararkən tərəflərin əsaslı mənafelərinin nəzərə alınmalı olmasını əsas tutub hesab edir ki, iddia qismən təmin edilməklə 30 iyul 2010-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 150 (bir yüz əlli) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 81-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflərin övladı - 20 may 2001-ci il təvəllüdlü X5 uşaq serebral iflici dioqnozu ilə müddətsiz birinci dərəcəli əlildir. Anası İddiaçı onun qəyyumu təyin edilmişdir. O, anasının yanındadır və xəstəliyi ilə bağlı maddi yardıma ehtiyacı var. Məhkəmə qeyd edir ki, cavabdeh birinci dərəcəli əlil uşağı ilə bağlı əlavə xərclərə cəlb olunmalıdır. Lakin məhkəmə nəzərə alır ki, iddiaçı yetkinlik yaşına çatan uşağın müalicə xərclərinin qarşılanması üçün ayda 300 manat məbləğində pulun ödənilməsini xahiş etsə də, xərclərin ayda həqiqətən də 300 manat təşkil etməsini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Lakin məhkəmə uşağın xəstəliyi ilə bağlı iddiaçı tərəfindən təqdim olunmuş sübutu, həqiqətən də bu xəstəliyin müalicəsi ilə bağlı vəsaitin tələb olunduğunu, habelə əlavə xərclərdə hər bir valideynin iştirak etməli olduğunu, tərəflərin diqqətəlayiq olan digər maraqlarını nəzərə almaqla hesab edir ki, müalicə ilə bağlı xərclərin məbləği hər ay 50 manat müəyyən edilməlidir. Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. MPM-in 234.2 və 234.2.1-ci maddələrinə əsasən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunmalıdır. İddiaçının aliment ödənilməsi barədə ərizəsi məhkəməyə 14 mart 2024-cü il tarixdə daxil olduğundan aliment də həmin vaxtdan tutulmalı və qətnamə dərhal icra edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1 və 9.1.2-ci maddələrinə əsasən aliment alınması barədə iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. MPM-in 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmin Məcəllənin 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda-bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. 14 mart 2024-cü il tarixdən başlayaraq 30 iyul 2010-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 150 (bir yüz əlli) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. 14 mart 2024-cü il tarixdən başlayaraq 20 may 2001-ci il təvəllüdlü X2 müalicəsi ilə bağlı əlavə xərclərdə iştiraka görə Cavabdeh hər ay 50 (əlli) manat pul tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə alimentin tutulması hissəsində dərhal icra edilsin. Mediasiya xərci qismində ödənilmiş 60 manat pul Cavabdeh tutularaq İddiaçı ödənilsin. 40 manat dövlət rüsumu Cavabdeh tutularaq dövlət gəlirlərinə alınsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Ceyhun Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar