Məhkəmə qərarları › İş №2(050)-1350/2023

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-1350/2023

01.05.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-1350/2023 01.05.2023 MASALLI RAYON MƏHKƏMƏSİ X5 Ağabala oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Aslanzadə Ramin Sakit oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə. İddiaçı Cavabdeh qarşı «aliment» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh azyaşlı uşaqları 28 avqust 2018-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 220 manat məbləğində onun xeyrinə aliment tutulması, alimentin tutulmasının məhkəməyə müraciət etdiyi vaxtdan başlanılması, həmçinin məhkəmə xərci kimi mediasiya ilə bağlı ödəmiş olduğu 55 manat rüsumun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdehlə 2017-ci ilin avqust ayının 11-də el adəti üzrə toy edərək ailə həyatı qurub cavabdehin valideynlərinə məxsus kəndində yerləşən evə gəlin köçmüşdür. Ailə üzvlərinin razılığı ilə cehizlərini də həmin evə yerləşdirmişdir. Cavabdehlə nikahlarını isə rəsmi qeyd etdirməmişlər. Birgə yaşadıqları dövrdə 28 avqust 2018-ci il təvəlldülü Abdullayeva Mirnaz adlı bir uşaqları olmuşdur. Nikahları olmasa da, atalıq ərizələri əsasında müəyyən edilmiş və bu barədə şəhadətnamə verilmişdir. Cavabdehlə əvvəllər mehriban olsaqlar da, sonradan cavabdehlə aralarında narazılıqlar yaranmışdır. Ötən ilin fevral ayında cavabdeh və cavabdehin ailə üzvləri ilə məişət zəmnində aralarında yaranmış narazılıq səbəbindən mübahisə olmuş və o, uşağı ilə birlikdə ayrılıb atası evinə getmişdir. Həmin vaxtdan cavabdehlə ayrı yaşayırlar. Hazırda azyaşlı övladını təkbaşına böyüdür. Cavabdeh isə uşağın saxlanılmasına köməklik etmir. Cavabdeh təsərrüfatla məşğul olaraq mal-qara saxlamaqla, bazarda meyvə-tərəvəz məhsullarının satışı ilə məşğuldur ki, əldə etdiyi aylıq qazancı da stabil deyildir. Bu baxımdan qanunvericiliyin tələbinə əsasən birgə nikahdan olan uşaqlarının saxlanılması üçün cavabdeh aliment ödəməli və alimentin məbləği sabit pul məbləği ilə müəyyən edilməlidir. Odur ki, alimentin tutulması ilə bağlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəmə iclasında izahat verərək bildirdi ki, cavabdehlə birgə nikahlarından 2018-ci ildə bir nəfər uşaqları olmuşdur. Cavabdehlə artıq il yarımdır ki, ayrılmışlar və uşaq onunla birlikdə yaşayır. Cavabdeh bu vaxta kimi uşağın saxlanılmasında ona köməklik etməmişdir. Bu səbəbdən cavabdehdən hər ay 220 manat aliment tutulması ilə bağlı məhkəməyə müraciət etmişdir. Lakin hazırda uşağın saxlanılması üçün hər ay 150 manat ödəməsinə etirazı yoxdur. Cavabdeh məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, hazırda heç bir yerdə işləmir və hər hansı gəliri yoxdur. Həmçinin, uşağın saxlanılması üçün hər ay 100 manat aliment ödəmək iqtidarındadır. Məhkəmə tərəflərin izahatlarını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İşdə olan atalığın müəyyən edilməsi haqqında arayışdan görünür ki, Cavabdeh 28 avqust 2018-ci il tarixdə İddiaçı doğulmuş X2 atası hesab edilmiş və 18 sentyabr 2018-ci ildə 493 nömrə ilə qeydə alınmışdır. Atalıq müəyyən edildikdən sonra uşağa Abdullayeva soyadı verilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinə müvafiq olaraq valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur (maddə 75.1, 75.4). Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyrimüntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər (maddə 78.1). Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir (maddə 78.2). “Yaşayış minimumu haqqında” Qanunun Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrində nəzərdə tutulmuş aliment münasibətlərinə aid edilməsinin mümkünlüyünə dair Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Nəticə etibarı ilə məhkəmənin mövqeyi belə olmuşdur ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Qeyd olunan qərarda Konstitusiya məhkəməsi “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun təmin edilməsinin bütünlüklə aliment ödəyən valideynin vəzifəsi olduğunu birmənalı olaraq müəyyən etməmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən uşaqların saxlanılması hər iki valideynin borcudur. Məhkəmə qanunvericiliyin qeyd olunan tələblərinə əsaslanaraq bu nəticəyə gəlir ki, cavabdeh valideyn kimi uşağını saxlamağa borcludur. Məhkəmə iclasında cavabdehin daimi iş yerinin, qazancının müntəzəm və dəyişməyən olması müəyyən edilməmişdir. Məhkəmə tərəflərin ailə və maddi vəziyyətini, habelə diqqətəlayiq olan digər halları nəzərə alıb və azyaşlı uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanılmasını, habelə tərəflərin hər birinin valideyn kimi uşaqlarını saxlamağa borclu olmalarını əsas tutub hesab edir ki, iddia qismən təmin edilməklə cavabdehdən 28 avqust 2018-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 150 (bir yüz əlli) manat sabit pul məbləğində aliment iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən alimentin tutulması məhkəməyə müraciət edildiyi vaxtdan hesablanır. Odur ki, iddiaçı hazırkı iddia ərizəsi ilə 28 mart 2023-cü il tarixdə məhkəməyə müraciət etdiyindən alimentin tutulması da həmin tarixdən hesablanmalıdır. Cavabdeh 55 (əlli beş) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233, 234 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ : İddia qismən təmin edilsin. 28 mart 2023-cü ildən başlayaraq Cavabdeh 28 avqust 2018-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 150 (bir yüz əlli) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. Qətnamə alimentin alınması hissəsində dərhal icra edilsin. Cavabdeh 55 (əlli beş) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şirvan Apellyasiya Məhkəməsinə Masallı Rayon Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar