Məhkəmə qərarları › İş №2(050)-173/2024

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-173/2024

20.02.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-173/2024 20.02.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Firdovsi Zülfü oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Rzayev Təbriz Əliniyaz oğlunun katibliyi, İddiaçı və onun vəkili-nümayəndəsi Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı işgüzar nüfuzun, şərəf və ləyaqətin müdafiəsi və kompensasiya tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun barəsində yayılan məlumatların həqiqətə uyğun olmadığının müəyən edilməsi, onun ünvanına, eləcə də Bakı şəhəri üzrə Təhsil idarəsinə, Təhsil Nazirliyinə və Səbail rayonu 239 nömrəli məktəbə məktub göndərməklə onun barəsində həqiqəti əks etdirməyən məlumatları yaydığna görə yazılı formada üzr istəmək vəzifəsinin cavabdehin üzərinə qoyulması, onun işgüzar nüfuzuna vurduğu mənəvi zərərin əvəzi olaraq 10000 (on min) manat kompensasiyanın və ödənilmiş 120 manat dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçının vəkili-nümayəndəsi Vəkil iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək iddia ərizəsində həm işgüzar nüfuz, həm də şərəf və ləyaqətlə bağlı hallar barəsində qeyd etsə də, bu hallar mövcud olsa da xahiş etdi hissəsində bu barədə qeyd etməmişdir. Odur ki, iddia tələbinin işgüzar nifuzun, şərəf və ləyaqətin müdafiəsi və kompensasiya tələbi kimi qəbul edilməsini xahiş etdi. İddiaçı məhkəmə iclası zamanı iddiasını müdafiə edərək izahatında göstərdi ki, o, uzun illər Səbail rayonu ərazisində fəaliyyət göstərən X1 adına 239 tam orta məktəbin direktoru vəzifəsində işləmişdir. Dəfələrlə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəhbəri, YAPın 30 illiyi ilə əlaqədar Fəxri Fərman ilə, Səbail Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən uğurlu fəaliyyətinə görə təltif olunmuşdur. O, əməkdar müəllim, qabaqcıl təhsil işçisi olmaqla yanaşı, hər il səmərəli fəaliyyətinə görə fəxri fərmanlarlara, xaricdə təlimdə iştirakı ilə bağlı sertifikatlara, təşəkkürnamələrə layiq görülmüşdür. O, artıq 29 ilə yaxın müddətdir ki, direktor kimi fəaliyyət göstərən, peşəkar kollektivi və mövcud resursları ilə övladlarını məhz onun rəhbərliyi altında fəaliyyət göstərən məktəbə həvalə edən valideynlərin məmnuniyyətini qazanmışdır. Bu günə qədər heç bir valideyn məhz onun rəhbərliyi altında fəaliyyət göstərən məktəbdən və müəllim heyətinin fəaliyyətindən öz narazılığını ifadə etməyib, heç bir zaman məktəbdə bu və ya başqa zəmində hər-hansı məhkəmə mübahisəsinə səbəb olacaq hadisə, anlaşılmamazlıq yaranmamışdır. Uzun illər məktəbin kollektivi arasında heç bir neqativ hallar, narazılıqlar baş verməmişdir. Lakin qeyd edilən halların tam əksi olaraq ən qəribəsi də odur ki, uzun illər ərzində ömrünü, illərini, şərəflə, ləyaqətlə təhsil sisteminə həsr edən bir əməkli ziyalı haqqında həmin məktəbdə psixoloq kimi çalışan Cavabdeh tərəfindən heç bir həqiqətə uyğun olmayan, özündə qəzəb, hirs, sanki qisas xarakterli ifadələri əks etdirən ifadələrin, yalan məlumatların həm məktəbin kollektivi arasında, eləcə də, aidiyyəti qurumlarda yayılması və səslənməsi onun həm mənəvi, həm də işgüzar nüfuzuna sarsıdıcı bir zərbədir. Belə ki, tədris ilinin sonunda Bakı şəhəri üzrə Təhsil idarəsinin daxili nəzarət sektoru tərəfindən idarəyə dəvət edilərək Cavabdeh şikayət ərizəsi ona təqdim olunmuş, şikayət ərizəsində guya onun psixoloji probleminin olması, uzun illər onun sözü gedən məktəbdə çalışma səbəbi kimi arxasında kiminsə dayandığını, onun tərəfindən valideynlərin, şagirdlərin, müəllimələrin yanında təhqirə, qarğışa məruz qaldığını, təlim və kurslara gedərkən onun tərəfindən süni maneələrlə üzləşdiyini, onun şəxsiyyət pozuntusundan və sklerozdan əziyyət çəkdiyini, hətta onun “Hegamon” olmasını qeyd edərək, məktəbin kollektivi, şagirdlər və müəllimələr, eləcə də yaşadığı ərazidə yaymışdır. Artıq hər kəs baş verən bu neqativ hadisədən məlumatlıdır. Cavabdeh əsassız olaraq bildirir ki, güya onun tərəfindən ona qarşı haqsızlıq olunmuşdur. Cavabdeh tərəfindən fəaliyyəti barəsində həqiqəti əks etdirməyən məlumatların ərazilərdə yayılması işgüzar nüfuzuna ciddi xələl gətirmişdir. Hesab edirik ki, cavabdeh tərəfindən işgüzar nüfuzuna, həmçinin şərəf və ləyaqətinə vurulmuş mənəvi zərərin əvəzi olaraq ona 10000 (on min) manat ödənilməlidir. Göstərilənləri nəzərə alaraq məhkəmədən iddiasının təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçının vəkili-nümayəndəsi Vəkil məhkəmə iclası zamanı iddianı müdafiə edib, iddiaçı ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəməyə ərizə və teleqram ünvanlayaraq yolu uzaq olduğu üçün keçirələcək məhkəmə iclasında iştirak edə bilməyəcəyini, işə onun iştirakı olmadan baxıb iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda Cavabdeh məhkəməyə təqdim etdiyi iddia ərizəsinə etirazda göstərmişdir ki, o, Bakı şəhəri 239 nömrəli məktəbdə psixoloq vəzifəsində işləyir. Artıq 17 ildir ki, həmin məktəbdə psixoloq kimi fəaliyyət göstərməklə məktəbin kollektivi ilə heç bir problemi olmamış, öz işində ciddi nöksanlara yol verməmişdir. Lakin bütün bunlara baxmayaraq məktəbin keçmiş direktoru İddiaçı aqressiyası və qərəzli münasibəti ondan da yan keçməmişdir. Belə ki, oğlu İsmayıl Qurbanov həmin məktəbin 11-ci sinifdə oxuyan zaman yüksək qiymət yazılmasından ötrü İddiaçı istədiyi pulu vermədiyi üçün ona qarşı hiddəti daha da artmışdır. İddiaçı süni problemlər yaradaraq Elm və Təhsil Nazirliyinin təşkil etdiyi kurs və tədbirlərdə iştirak etməsinə maneçilik törətmişdir. Müəllimlərin sertifikasiya müşahidə mərhələsində komissiya üzvi kimi iştirak etdiyi halda onun günlərinin tutulacağı ilə hədələmişdir. Dəfələrlə təşkil etdiyi tədbirlərdən onu məktəb uşaqlarının gözü qarşısında uzaqlaşdırmışdır. Artıq son illərdə vəziyyət dözülməz həddə çatmış və bütün kontingentin qarşısında təhqir və qarğışlara məruz qalmışdır. Bundan başqa İddiaçı qapı-pəncərələrini bağlatdıraraq kiminsə onu izlədiyini, işdəki hamının ona yalan danışdığını və hər kəsin ona qarşı oyun qurduğunu, eyni zamanda onun arxasının cox güclü olmasını, heç bir kəsin ona heçnə edə bilməyəcəyini bildirmişdir. İddiaçı təhqir, qarğış və alçaldıcı sözlərinə dözməyib subardinasiya qaydalarına əməl edərək Bakı Şəhəri üzrə Təhsil İdarəsinə müraciət etmiş, etdiyi müraciətdə isə onun diaqnoz qoyan şəxs olmamasını, lakin psixoloq kimi İddiaçı bir sıra pozuntuların olduğunu müşahidə etdiyini və onun obyektiv diaqnostikadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının və onun vəkili-nümayəndəsinin izahatını dinləyib, işə əlavə edilmiş sənədləri tədqiq edib, məhkəmə iclası zamanı toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq belə hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Sadalanan qanunvericilik aktlarının tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı, tərəflər isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli və məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 57-ci maddəsinə müvafiq olaraq, «Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarına şəxsən müraciət etmək, habelə fərdi və kollektiv yazılı müraciətlər göndərmək hüququ vardır. Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarının və onların vəzifəli şəxslərinin, siyasi partiyaların, həmkarlar ittifaqlarının və digər ictimai birliklərin, habelə ayrı-ayrı vətəndaşların fəaliyyətini və ya işini tənqid etmək hüququ vardır. Tənqidə görə təqib qadağandır». Məhkəmə iclası zamanı işin araşdırılan halları ilə müəyyən edilmişdir ki, İddiaçı Bakı şəhəri 239 nömrəli tam orta məktəbdə direktor, Cavabdeh isə həmin məktəbdə psixoloq işləmişdir. Cavabdeh Bakı Şəhəri üzrə Təhsil İdarəsinə müraciət edərək iddiaçıda bir sıra pozuntuların olduğunu müşahidə etdiyini və onun obyektiv diaqnostikadan keçirilməsini xahiş etmişdir. Bundan sonra iddiaçı hazırki tələblə məhkəməyə müraciət edərək cavabdehin onun barəsində işgüzar nifuzunu ləkələyən, şərəf və ləyaqətini alçaldan həqiqəti əks etdirməyən məlumatlar yazdığını, bununla ona mənəvi zərər vurduğunu və zərərin əvəzi olaraq cavabdehdən 10000 (on min) manat kompensasiya tutulmasını xahiş etmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçı barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsinə edilmiş müraciətlər, hətta bu müraciətlərin əsassız olması halında belə, iddiaçının işgüzar nifuzunu ləkələyən, şərəf və ləyaqətini alçaldan və ona mənəvi zərər vurulması kimi qiymətləndirilə bilməz, əks halda bu, hər bir şəxsin Azərbaycan Respublikasının Konstitusiyası ilə təsbit olunmuş müraciət etmə hüququndan onların məhrum edilməsi demək olardı. Nəzərə alınmalıdır ki, cavabdeh iddiaçının fəaliyyətini tənqid, yaxud onun hərəkətləri haqqında məlumat verərkən və ya şikayət edərkən, bu məlumatın və ya şikayətin təsdiq olunmaması riskini daşımamalıdır. Məhkəmənin belə mövqeyi İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə də uyğundur. Belə ki, “Zaxarçenko Rusiyaya qarşı” iş üzrə həmin məhkəmə qeyd etmişdir ki, dövlət orqanına göndərilmiş məktubda qeyd edilən tənqidi fikirlər söz azadlığının məhdudlaşdırılması üçün əsas ola bilməz. Həmin qərarda göstərilir ki, «ərizəçinin onun qeyri-qanuni hesab etdiyi məsələni araşdırmalı olan səlahiyyətli dövlət orqanına və ya onun vəzifəli şəxsinə məktubla müraciət etməsi mühüm əhəmiyyət kəsb edir. Vətəndaşların qeyri-qanuni hərəkət hesab etdikləri məsələlər barədə bunu araşdırmağa səlahiyyəti olan dövlət orqanına müraciət etmək nəinki onların hüququ, hətta qanunla nəzərdə tutulmuş vəzifəsidir. Ərizəçi, ərizəsini qanunla müəyyən edilmiş hüdudlarda vermişdir. Ərizə birbaşa dövlət orqanına ünvanlanmış və hər hansı formada dərc edilməmiş və bu ərizədə göstərilən məlumatların geniş kütləyə çatdırılması üçün ərizəçi heç bir hərəkət etməmişdir. Məhkəmə vətəndaşların və vəzifəli şəxslərin diffamasiya və təhqirə məruz qalmamasının vacibliyi ilə yanaşı həmçinin bildirir ki, bu, hər bir işin konkret hallarından asılıdır. Hazırkı işdə ərizəçinin məktubla dövlət orqanına müraciət etməsi məlumatların yayılması kimi qiymətləndirilməmişdir». “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında qeyd olunmuşdur ki, “...qanunverici bir sıra normativ hüquqi aktlarda maddi zərərlə yanaşı mənəvi zərərin mövcudluğunu qəbul edir və belə zərəri yetirən şəxsin məsuliyyətini nəzərdə tutur. Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır”. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 №-li Qərarında Plenum izah etmişdir ki, “...Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Mənəvi zərərin ödənilməsi barədə işlərə baxıldıqda mülki və mülki prosessual qanunvericiliyin ümumi müddəaları ilə bərabər xüsusi qanunvericilikdə müəyyən olunmuş müddəalar, habelə adətlər, əxlaq normaları da nəzərə alınmalıdır”. Həmin Qərarda göstərilmişdir ki, mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Həmçinin qeyd olunan Qərarda göstərilmişdir ki, “...məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur”. Məhkəmə hesab edir ki, cavabdehin iddiaçı barəsində Bakı Şəhəri üzrə Təhsil İdarəsinə müraciəti geniş kütlə arasında yayılmadığından cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında onun haqqında mənfi rəy yaradan məlumatlar kimi qiymətləndirilə bilməz. Həmçinin, iddiaçı cavabdehin onun barəsində şikayət etməsi nəticəsində mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını göstərə bilməmişdir. Beləliklə məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı işgüzar nüfuzun, şərəf və ləyaqətin müdafiəsi və kompensasiya tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 122 manat dövlət rüsumu özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilməsin. İddiaçı Cavabdeh qarşı işgüzar nüfuzun, şərəf və ləyaqətin müdafiəsi və kompensasiya tələbinə dair iddiası təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Firdovsi Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar