Məhkəmə qərarları › İş №2(050)-2014/2025

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-2014/2025

24.06.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-2014/2025 24.06.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Coşqun Şamil oğlunun sədrliyi, Kərimli Famil Ələskər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbi barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 28 iyun 2015-ci il təvəllüdlü X3 və 12 dekabr 2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Cavabdeh hər ay bir uşağa görə 300 manat, cəmi 600 manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının dəlilləri: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə el adəti qaydasında ailə qurmuşlar. Birgə nikahlarından 28 iyun 2015-ci il təvəllüdlü X3 və 12 dekabr 2017-ci il təvəllüdlü X2 adlı uşaqları olmuşdur. Sonradan xasiyyətləri düz gəlmədiyindən ayrılmışlar. Cavabdehlə ayrıldıqdan sonra uşaqlar onun himayəsində qalmışdır. O, uşaqların tələbatlarını təkbaşına qarşılaya bilmir, uşağa baxmaq cavabdehin də borcudur. Cavabdeh əmək qabiliyyətli olmaqla işləmək qabiliyyətindədir. Lakin, özü işləmək istəmir. Cavabdehlə aliment tələbinə dair mediasiya prosesi keçirilmiş, lakin cavabdeh gəlmədiyi üçün mübahisəni mediasiyada həll etmək mümkün olmamışdır. Odur ki, məhkəməyə müraciət edərək 28 iyun 2015-ci il təvəllüdlü X3 və 12 dekabr 2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Cavabdeh hər ay bir uşağa görə 300 manat, cəmi 600 manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək əlavə olaraq bildirdi ki, cavabdeh hazırda Rusiya Federasiyasındadır. Uşaqların saxlanılması üçün ona köməklik etmir. Sonda İddiaçı iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barəsində məlumat verilməsinə baxmayaraq, məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Mülki prosessual qanunvericiliyə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Doğum haqqında şəhadətnamələrdən görünür ki, 28 iyun 2015-ci il təvəllüdlü X3 və 12 dekabr 2017-ci il təvəllüdlü X1 atası Cavabdeh, anası İddiaçıdır. Atalığın müəyyən edilməsi haqqında şəhadətnamələrdən görünür ki, 28 iyun 2015-ci il təvəllüdlü X3 və 12 dekabr 2017-ci il təvəllüdlü X1 atası Cavabdeh hesab edilmişdir. Ödəniş qəbzindən görünür ki, İddiaçı mediasiya sessiyasının keçirilməsi üçün 50 manat rüsum ödəmişdir. Əsaslandırıcı hissə: İşin faktiki halları ilə müəyyən edilmişdir ki, tərəflərin faktiki nikahlarından 28 iyun 2015-ci il təvəllüdlü X3 və 12 dekabr 2017-ci il təvəllüdlü X2 doğulmuşdur. Uşaqların ikisinin də atalığı müəyyən edilmişdir. Hazırda uşaqlar İddiaçı himayəsindədir və cavabdehdən ayrı yaşayırlar. Cavabdeh ailənin maddi ehtiyaclarını ödəmədiyindən ona qarşı aliment tələbi ilə məhkəməyə müraciət edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1, 75.4-cü maddələrinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Məhkəmə bu nəticəyə gəlir ki, cavabdeh valideyn kimi uşaqlarının saxlamağa borcludur, cavabdehin aylıq qazancının müntəzəm, dəyişməyən olması müəyyən edilməmişdir, buna görə də cavabdehdən iddiaçının xeyrinə aliment sabit pul məbləğində tutulmalıdır. Məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini, onların normal, yəni, qida rassionlarına uyğun şəkildə qidalanmasını, fiziki cəhətdən inkişaflarını, uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılmasını, uşaqların cavabdehlə yanaşı iddiaçıdan da maddi təminat almaq hüquqlarının olmasını, yaşayış minimumunun Azərbaycan Respublikasında bir uşağın saxlanması üçün zəruri olan minimal məbləği ehtiva etməklə, özü-özlüyündə aliment məbləğinin bu həddə müəyyən edilməsi anlamına gəlməməsini, məhkəmə qətnaməsinin icra olunması üçün çıxarılmasını, qətnamənin digər tərəfə sitəm verilməsi üçün deyil, ədalətli balansı bərpa etmək üçün olmasını, məhkəmə qətnaməsi çıxarılarkən tərəflərin əsaslı mənafelərinin nəzərə alınmalı olmasını əsas tutub hesab edir ki, 28 iyun 2015-ci il təvəllüdlü X3 və 12 dekabr 2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay bir uşaq üçün 170 manat, cəmi 340 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə araşdırması zamanı cavabdehin həmin məbləğdə aliment ödənilməsini istisna edən hər hansı bir hal (işləməsinə maneə olacaq xəstəliyi, yaşının kifayət qədər çox olması və sair hallar) müəyyən edilməmişdir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” 20 dekabr 2024-cü il 15 nömrəli Ali Məhkəməsi Plenum qərarının “8.4-1ci bəndində qeyd edilmişdir ki, Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. İddiaçı 22 may 2025-ci il tarixdə aliment tələbi ilə bağlı məhkəməyə müraciət etdiyindən və Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulmalı olduğundan məhkəmə tərəfindən müəyyən edilən alimentin miqdarı 2025-ci il il ölkə üzrə müəyyən edilən minimum əmək haqqının müvafiq misli həddində müəyyən edilməlidir. 2025-ci ildə minumum əmək haqqının 400 manat olduğunu nəzərə alsaq, məhkəmənin hazırda uşaq üçün müəyyən etdiyi 170 manat sabit pul məbləğində aliment minumum əmək haqqının 0,425 faizini təşkil edir. (170:400=0,425 %). Qeyd edilənlərə əsasən, uşaqlar yetkinlik yaşına çatanadək cavabdehdən iddiaçının xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,425 misli həddində sabit pul məbləğində aliment tutulmalıdır. Məhkəmə qeyd edir ki, iddiaçı yetkinlik yaşına çatmayan uşaqlarının saxlanılması üçün hər ay bir uşaq üçün 300 manat sabit pul məbləğində aliment tutulub ona verilməsini xahiş etsə də, cavabdehin tələb edilən məbləğə mütənasib qazanc əldə etməsini təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. MPM-in 234.2 və 234.2.1-ci maddələrinə əsasən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunmalıdır. İddiaçının aliment ödənilməsi barədə ərizəsi məhkəməyə 22 may 2025-ci il il tarixdə daxil olduğundan aliment də həmin vaxtdan tutulmalı və qətnamə dərhal icra edilməlidir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Nəticə: Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233,234 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia qismən təmin edilsin. 22 may 2025-ci il tarixdən başlayaraq 28 iyun 2015-ci il təvəllüdlü X3 və 12 dekabr 2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh İddiaçı xeyrinə hər ay hər uşaq üçün sonrakı artımlar nəzərə alınmaqla ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,425 misli həddində sabit pul məbləğində aliment tutulsun. Mediasiya xərci kimi ödənilmiş 50 manat pul Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə alimentin tutulması hissəsində dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Coşqun Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar