Məhkəmə qərarları › İş №2(050)-2064/2025

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-2064/2025

10.07.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-2064/2025 10.07.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elşən Təbrizoviçin sədrliyi, məhkəmə iclas katibi Səfərli İbrahim İqrar oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair mülki işə audio və video çəkiliş vasitəsi ilə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Tələb:

1. İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 05 dekabr 2023cü il tarixli 2(004)-3148/2023 saylı qətnaməsinə əsasən onun himayəsinə verilmiş 13 iyul 2009-cu il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək yaşaması üçün Nazirlər Kabinetinin qərarına əsasən hər ay 246 manat aliment alınaraq onun xeyrinə ödənilməsi xahiş etmişdir.

İddia ərizəsinin əsaslandırıldığı hallar:

2. İddiаçı iddiа tələbini оnunlа əsаslаndırmışdır ki, o, Cavabdeh ilə nikahları Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 05 dekabr 2023-cü il tarixli 2(004)-3148/2023 saylı qətnaməsinə əsasən pozulmuşdur. İddia tələbi qismən təmin edilmiş, Azərbaycan Respublikası Ağsu rayon Qeydiyyat şöbəsində 22 oktyabr 2008-ci il tarixində, 356 nömrəli akt qeydi ilə bağlanılmış nikah pozulmuşdur. Birgə nikahlarından anadan olmuş iki uşaqları 13 iyul 2009-cu il təvəllüdlü X13 onun, 19 may 2011-ci il təvəllüdlü X9 isə anası X4 himayəsinə verilmişdir. Hal-hazırda oğlu 13 iyul 2009-cu il təvəllüdlü X13 onun himayəsindədir və onun yanında qalmaqla yaşayır. Buna baxmayaraq 19 may 2011-ci il təvəllüdlü X6 görə hər ay Cavabdeh xeyrinə 220 (iki yüz iyirmi) manat aliment ödəyir. Hesab edir ki, nikahları pozulduğu vaxtdan, yəni 05 dekabr 2023-cü il tarixindən başlayaraq 18 ay o, cavabdehə bir uşaqa görə hər ay 220 manat aliment ödəmişdir. Cavabdeh isə onun himayəsinə verilən oğlu X12 aliment ödəməmişdir. O, Ağsu 1 saylı Mediasiya Təşkilatına cehiz əşyalarının çıxarılması, bir uşağa görə aliment və bankdan götürülmüş kredit tələbi ilə müraciət etmişdir. Cavabdeh Mediasiya prosesində iştirak etmiş, amma onların arasında olan məsələ mediasiya prosesində öz həllini tapmamışdır. Buna görə də, hesab edir ki, Cavabdeh birgə nikahlarından onun himayəsinə verilmiş 13 iyul 2009-cu il təvəllüdlü X8 uşağın yetkinlik yaşına çatanadək yaşaması üçün təyin olunmuş Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarına əsasən hər ay 246 manat aliment ödəməlidir.

Tərəflərin izahatları:

3. Məhkəmə baxışı iclasında iştirak etmiş İddiaçı iddia tələbini müdafiə edərək bildirmişdir ki, icarəyə götürdüyü avtomobil ilə taksi fəaliyyəti ilə məşğul olur və gündəlik 20-35 manat gəlir əldə edir. Həmin puldan hər ay 200 manat kirayə haqqı, 220 manat aliment, hər bir banka 50 manat olmaqla 100 manat pul ödəyir, özü və oğlunun gündəlik yemək tələbatını ödəmək üçün isə 10-15 manat sərf edir. İki il ərzində qızının saxlanması üçün aliment ödəmiş, lakin sonra ona qarşı haqsızlıqlar olduğu üçün hazırda aliment tələbi ilə məhkəməyə müraciət etmişdir. Qeyd olunanları nəzərə alaraq məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir.

4. Məhkəmə baxışı iclasında iştirak etmiş Cavabdeh bildirmişdir ki, iddia tələbini qəbul etmir. Hal-hazırda işsizdir, iddiaçının isə bu ay daxil olmaqla ona 2600 manat məbləğində aliment borcu vardır. 05 dekabr 2023-cü ildə Bakı şəhəri Yasamal Rayon Məhkəməsində iddiaçı iştirak etmiş, həmçinin özü uşağın saxlanması üçün aliment ödəməyə razı olmuş, lakin həmin vaxt qarşılıqlı aliment tələbi olmamışdır. Hazırda iddiaçı taksi fəaliyyəti ilə yanaşı Bakı şəhərində “Atlantik” restoranının qarşısında meyvə-tərəvəz satışı ilə məşğul olur. Taksi fəaliyyəti göstərdiyi maşını isə icarəyə götürməmişdir. Özünə məxsus “Tofaş” markalı avtomobili sataraq yeni avtomobil almış, lakin qardaşının adına rəsmiləşdirmişdir. Özü hər ay 300 manat kirayə haqqı ödəyir, əlavə olaraq qızının gələcəyi üçün onu tibb kursuna göndərmişdir. Özü və qızı valideynlərinin pensiyası ilə dolanır. Bundan başqa hər ay 135 manat və 40 manat olmaqla iki banka kredit ödəyir. Tam karta olan borcunu isə ödəyə bilmir. Qeyd olunanları nəzərə alaraq məhkəmədən iddianın rədd edilməsini xahiş etmişdir.

İş materialları:

5. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3148/2023 nömrəli 05 dekabr 2023-cü il tarixli qətnaməsindən görünür ki, İddiaçı ilə X10 arasında Ağsu rayonunda 22 oktyabr 2008-ci il tarixdə, 356 nömrəli akt qeydi ilə bağlanmış nikahın pozulması, tərəflərin birgə nikahdan doğulmuş uşaqları 13 iyul 2009-cu il təvəllüdlü X11 atası İddiaçı və 19 may 2011-ci il təvəllüdlü X5 isə anası X4 himayəsində saxlanılması, yetkinlik yaşına çatmayan 19 may 2011-ci il təvəllüdlü X1 üçün cavabdeh İddiaçı hər ay 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X7 ödənilməsi, alimentin tutulmasının 02 iyun 2023-cü il tarixdən hesablanması qət edilmişdir.

6. Bakı şəhəri Yasamal RİHB-nın Qəyyumluq və Himayəçilik Komissiyası tərəfindən verilmiş rəyin surətindən görünür ki, 13 iyul 2009-cu il təvəllüdlü X11 atası İddiaçı və 19 may 2011-ci il təvəllüdlü X5 isə anası X4 yanında saxlanılmaları məqsədəuyğun hesab edilmişdir.

7. “İlkin mediasiya sessiyasında iştirak edilməməsi” barədə 07 aprel 2025-ci il tarixli, 00179 nömrəli arayışdan görünür ki, birinci tərəf İddiaçı və ikinci tərəf Cavabdeh 13 noyabr 2023-cü il tarixdə keçirilən ilkin mediasiya sessiyasında iştirak etmişlər, lakin tərəflərin mediasiya prosesini davam etdirməyə razılıqaları olmadığından mediasiya prosesini davam etdirmək mümkün olmamışdır. İddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi üçün 50 manat mediasiya xərci ödəmişdir.

İşin faktiki halları:

8. Məhkəmə iclasında müəyyən edilmişdir ki, tərəflər rəsmi nikah qeyd etdirməklə ailə qurmuşlar, birgə nikahlarından 13 iyul 2009-cu il təvəllüdlü X14 və 19 may 2011-ci il təvəllüdlü X9 doğulmuşdur. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3148/2023 saylı 05 dekabr 2023-cü il tarixli qətnaməsinə əsasən tərəflərin nikahları pozulmuş, 13 iyul 2009-cu il təvəllüdlü X14 atası İddiaçı, 19 may 2011-ci il təvəllüdlü X9 isə anası X4 yanında saxlanılmış, 19 may 2011-ci il təvəllüdlü X1 üçün İddiaçı hər ay 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində aliment tutularaq X7 ödənilməsi qət edilmişdir. İddiaçı 13 iyul 2009-cu il təvəllüdlü X2 üçün X3 aliment tələbinin olmadığını bildirmişdir. Hazırda iddaçı onun himayəsinə verilmiş 13 iyul 2009-cu il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 246 manat aliment alınaraq onun xeyrinə ödənilməsi tələb edir.

Tətbiq edilən hüquq:

9. Azərbaycan Respublikası Konstitusiyasının: 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur.

10. “Uşaq Hüquqları haqqında” Konvensiyasının: 3-cü maddəsin əsasən Sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib-keçirilməməsindən asılı olmayaraq uşaqlar barəsində keçirilən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir.

11. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun: 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. 19-cu maddəsinə əsasən valideynlərin uşağın təbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir.

12. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 78.3-cü maddəsinə əsasən tərəflərdən hər biri ilə uşaq qalıbsa, bir valideyndən az təminatlı digər valideynin xeyrinə hər ay tutulan alimentin miqdarı bu Məcəllənin 78.2-ci maddəsinə uyğun olaraq məhkəmə tərəfindən sabit pul məbləğində müəyyən edilir. 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur.

13. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarı: Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə, həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.

Məhkəmə baxışının hədləri:

14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

15. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun: 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar.

16. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun: 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.

Məhkəmənin mövqeyi:

17. Məhkəmə iddiaçının və cavabdehin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir.

18. Belə ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3148/2023 saylı 05 dekabr 2023-cü il tarixli qətnaməsinə əsasən 13 iyul 2009-cu il təvəllüdlü X14 atası İddiaçı, 19 may 2011-ci il təvəllüdlü X9 isə anası X4 yanında saxlanılmış, 19 may 2011-ci il təvəllüdlü X1 üçün İddiaçı hər ay 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində aliment tutularaq X7 ödənilməsi qət edilmişdir. İddiaçı 13 iyul 2009-cu il təvəllüdlü X2 üçün X3 aliment tələbinin olmadığını bildirmişdir.

19. İddia ərizəsindən görünür ki, iddiaçı alimenti maddi imkansızlıq səbəbi ilə deyil, yalnız özü cavabdehə aliment ödədiyindən qarşılıqlı aliment tələb edir. Belə ki, cavabdehin uşağa baxmaması, heç bir maddi və mənəvi yardım göstərməməsi əsası ilə tələb etmir, iddiada ailə, maddi və digər diqqətəlayiq vəziyyətlərində dəyişiklik olması barədə heç bir dəlil və əsas göstərilməmişdir. Əksinə işin faktiki halları və qanuni qüvvəsini almış məhkəmə qətnaməsində göstərilənlər, tərəflərin ər-arvad münasibətləri pozulduqdan sonra bir-birilərinə qarşı davranışları, iddiaçının cavabdehin ailə və maddi vəziyyətinin tələb olunan alimenti ödəməyə imkan vermədiyini bildiyi halda hazırkı tələbi irəli sürməsi onu qeyd etməyə əsas verir ki, kirayədə və işləməyən cavabdehdən aliment tələb olunması ona ziyan vurmaq məqsədi daşıması kimi qiymətləndirilməli və ona görə iddia rədd olunmalıdır. Ailə Məcəlləsinin 78.3-cü maddəsinin tələbinə əsasən iddiaçının cavabdehdən aliment tələb etməsi üçün onun az təminatlı olması əsas şərtdir. Lakin işin hallarına görə iddiaçının uşağın saxlamağa normal maddi imkanı və həyat şəraiti vardır. Əlavə olaraq iddiaçı bildirmişdir ki, taksi fəaliyyəti ilə məşğul olaraq hər gün orta hesabla 20-35 manat gəlir əldə edir və himayəsində olan uşağın saxlanması üçün zəruri vəsaitə malikdir, təminatı yüksəkdir.

20. Göstərilən normanın tələbinə görə sübut etmə vəzifəsi tərəflərin üzərinə düşür, sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür.

21. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır.

22. Belə olan halda, məhkəmə xüsusi ilə vurğulamağı zəruri hesab edir ki, sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşdüyündən iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

Məhkəmə xərcləri:

23. Məhkəmə hesab edir ki, hazırki halda iddia tələbi rədd edildiyindən məhkəmə xərcləri iddiaçıya aid edilməlidir.

Nəticə:

24. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddiası rədd edilməlidir.

25. Yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 235, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Qət etdi:

İddiaçı Cavabdeh qarşı “aliment” barədə iddia tələbi rədd edilsin. Məhkəmə xərcləri İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Elşən Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar