Məhkəmə qərarları › İş №2(050)-2068/2025

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-2068/2025

10.07.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-2068/2025 10.07.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elşən Təbrizoviçin sədrliyi, məhkəmə iclas katibi Səfərli İbrahim İqrar oğlunun katibliyi İddiaçı nümayəndəsi X7, cavabdeh Kərimova (əvvəl Mehdiyeva) Ağgün İlham qızının nümayəndəsi Nümayəndə2 iştirakları ilə İddiaçı cavabdeh Kərimova (əvvəl Mehdiyeva) Ağgün İlham qızına qarşı "alimentin miqdarının azaldılması” tələbinə dair mülki işə audio və video çəkiliş vasitəsi ilə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Tələb:

1. İddiaçı cavabdeh Kərimova (əvvəl Mehdiyeva) Ağgün İlham qızına qarşı "alimentin miqdarının azaldılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Masallı Rayon Məhkəməsinin 8(050)-102/2025 nömrəli 19 mart 2025-ci il tarixli qərardadı ilə ona təyin edilmiş 392 manat alimentin miqdarının azaldılaraq 150 manat miqdarında olması və ödədiyi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Cavabdeh Kərimova (əvvəl Mehdiyeva) Ağgün İlham qızı etiraz ərizəsi ilə müraciət edərək ədalətli qərar qəbul olunmasını xahiş etmişdir.

İddia ərizəsinin əsaslandırıldığı hallar:

3. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşdur. Nikahlarından bir övladları olmuşdur. Övladı 01 oktyabr 2011-ci il təvəllüdlü X13r. Münasibətləri pozulduğundan faktiki olaraq ayrı yaşayırlar. 12 fevral 2014-cü il tarixli 2(050)-38/2014 saylı qətnaməsi ilə nikahları pozulmuş və uşağın saxlanılması üçün aliment təyin edilmişdir. Keçən müddətlər ərzində təyin edilmiş aliment pulu güclə ödəyir. Hətta yığılmış aliment borcunu belə qohumları köməkləşərək ödəmişdir. Sonradan cavabdeh Masallı Rayon Məhkəməsinə müraciət edərək alimentin indeksasiya olunmasını xahiş etmiş, məhkəmənin 19 mart 2025-ci il tarixli 8(050)-102/2025 saylı qərardadı ilə aliment məbləği 2025-ci ilə uyğun indeksasiya olunmuşdur. Qərara əsasən ondan minimum əmək haqqının 0,98 misli, yəni 392 manat aliment tutulması qərara alınmışdır. Çıxarılmış qərar Ali Məhkəmənin xx.xx.2024-cü il tarixli plenium qərarına istinad olunmuşdur. Son illərdə Ali Məhkəmə mülki işlər üzrə araşdırma aparmadığından ədalətsiz plenum qərarları qəbul edir və məhkəmələri məcbur olaraq plenum qərarlarına mütləq əməl etməyə təhkid edir. O, cavabdehdən ayrıldıqdan sonra ikinci dəfə X6 ilə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşdur. Rəsmi nikahlardan 08 oktyabr 2015-ci il təvəllüdlü X17 doğulmuşdur. X14 birinci dərəcə əlildir və onun himayəsində olmaqla yaşayır. Özü heç bir yerdə işləmir, iş olanda fəhləlik edir. Qanuna əsasən uşağı saxlamaq hər iki valideyinin borcudur. Ölkə üzrə 2025-ci il üçün uşağın yaşayış minimumu 246 manat təşkil edir. Həmin məbləğin 123 manatı onun öhdəsinə düşür. Vahid məhkəmə təcrübəsinə əsasən birinci instansiya məhkəmələri bir uşağa görə alimenti 180-200 manat təyin edirlər. İki uşağa görə isə 150-170 manat məbləğində aliment təyin edirlər. Birdənbirə onun alimenti 3 dəfə qalxmışdır. Onun həyatında maddi tərəfində hər hansı artım olmamış, lakin alimentin miqdarı bu qədər artmışdır. Mediasiya şöbəsinə alimentin azaldılması barədə müraciət etsə də, heç bir nəticə əldə edə bilməmişdir. Məcburiyyət qarşısında qalaraq məhkəməyə müraciət etmişdir.

4. Cavabdeh Kərimova (əvvəl Mehdiyeva) Ağgün İlham qızı etiraz ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı ilə birgə yaşadığı dövrdə onun hal-hazırda ailə qurduğu X2 atası X3 birgə razılaşdırılmış və qohumlarının təzyiqə əsaslanan hərəkətləri nəticəsində ailələri dağıdılmışdır. Həmin şəxslər ailə birliklərinin dağılmasından sonra İddiaçı Bakı şəhəri Xətai rayonu Əhmədli qəsəbəsində yaşamağı üçün hazırda yaşadığı mənzili ona təqdim etmiş, ona tam təminat yaratmış, öz qızları olan X4 birinci qrup əlil olmasına baxmayaraq, ailə qurmağa təşviq etmişlər. İddiaçı əvvəlcədən tam planlı və razılaşdırılmış şəkildə X8 ilə evlənmə məqsədi ilə Samirənin atasının mülkinə sahib çıxmaq məqsədi ilə bu addımı atmışdır. Onların ayrıldıqları dövrdə birgə övladları Mehdiyev Uğur göz problemlərindən əziyyət çəkmiş, baxmayaraq ki, çəplik diaqnozu qoyulmuşdur, ayda bir neçə dəfə eynək dəyişməsi tələb olunmuşdur. Bir eynəyin dəyəri 75 manat təşkil etdiyi halda, İddiaçı bu məsrəflərin ödənilməsindən imtina etmiş, məhkəmə qərarları ilə rədd etmişdir. Uşağın tibbi xərcləri onun atası Nümayəndə2 tərəfindən tam şəkildə qarşılanmışdır. Ayrıldıqları ilk ili 103 manat aliment kifayət etmişdir, sonraki 10 il müdətinə qismən təmin etməyinə baxmayaraq sonrakı illərdə isə övladın saxlanılması ilə bağlı bütün xərclər onun və atasının üzərinə düşmüşdür. Bu illər ərzində İddiaçı X3 təsirinə düşərək heç vaxt öz övladının taleyi ilə maraqlanmamışdır. Hal-hazırda oğlanları 7-ci sinfi bitirmək üzrədir. İddiaçı bu müddət ərzində bir dəfə belə valideyn məsuliyyəti daşımamış, övladının geyimi, qidalanması, istirahəti və sağlamlığı ilə maraqlanmamış, heç bir tibbi və ya sosial dəstək göstərməmişdir. Halbuki qanunvericiliyə əsasən alimentdən əlavə, uşağın tərbiyəsi və inkişafı üçün digər zəruri xərclərin də, qarşılanması nəzərdə tutulur. Buna baxmayaraq, iddiaçı öz ərizəsində Azərbaycan Respublikasının qanunlarına istinad edərək ədalətdən danışır. Lakin reallıqda özü bu qanunlara zidd hərəkətlərə yol vermişdir. Ailə birliyini bilərəkdən pozmuş, hazırkı həyat yoldaşının övladı Mehdiyevə Arzuya yüksək səviyyədə atalıq etdiyi halda, öz övladı Mehdiyev Uğura qarşı diqqətsiz və məsuliyyətsiz davranmışdır. Hazırda Arzuya təntənəli şəkildə məktəbə yola salınma, məktəbdənkənar kurslara (Zirvə kursları) cəlb edilmə, dəftər-qələm təminatı və sair göstərilsə də, Uğura eyni münasibət göstərilməmişdir. O, da tələb edir ki, X18 olduğu üçün ona da, 100 manat sabit pul vahidi olaraq əlavə kursa cəlb etməkdən ötrü ödəsin, ödəniş etmədiyi halda bu isə övladlar arasında ayrı-seçkiliyə yol verilməsi deməkdir.

Tərəflərin izahatları:

5. Məhkəmə baxışı iclasında İddiaçı nümayəndəsi X9 iddia tələbini müdafiə edərək bildirmişdir ki, oğlu İddiaçı ikinci dəfə ailə qurmuş, nikahdan bir övladı vardır. Həmçinin onun həyat yoldaşı əlildir. Oğlunun rəsmi iş yeri olmadığından özü-özünü saxlamaqda çətinlik çəkir, yoldaşının əlillik pulu ilə dolanır. Oğlu uşağın saxlanması üçün hər ay 246 manat ödəyə bilər. Qeyd olunanlara əsasən iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. Məhkəmə baxışı iclasında cavabdeh Kərimova (əvvəl Mehdiyeva) Ağgün İlham qızının nümayəndəsi Nümayəndə2 iddia tələbini qəbul etməyərək, iddia ərizəsinə dair etirazın məzmununa uyğun izahat verərək iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir.

İş materialları:

7. Masallı Rayon Məhkəməsinin 8(050)-102/2025 saylı 19 mart 2025-ci il tarixli qərardadından görünür ki, ərizə təmin edilərək Masallı Rayon Məhkəməsinin 2(050)- 38/2014 saylı, 12 fevral 2014-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin indeksasiyası aparılaraq 12 mart 2025-ci il tarixdən başlayaraq İddiaçı 01 oktyabr 2011-ci il təvəllüdlü X10 yetkinlik yaşına çatanadək saxlanılması üçün Kərimova (əvvəl Mehdiyeva) Ağgün İlham qızının xeyrinə sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,98 misli həddində sabit pul məbləğində aliment tutulması qərara alınmışdır.

8. AZ-İİ seriyalı 216112 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə X1 nikahı 02 oktyabr 2017-ci il tarixdə Masallı Regional “ASAN xidmət” mərkəzinin Qeydiyyat şöbəsində bağlanmışdır. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 480 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvad “Mehtiyeva” soyadını qəbul etmişdir.

9. AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X17 08 oktyabr 2015-ci ildə doğulmuşdur.

10. İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə 21 may 2025-ci il tarixli, MŞM/MT036/2025-00328 nömrəli arayışdan görünür ki, 21 may 2025-ci il tarixdə keçirilən ilkin mediasiya sessiyasında İddiaçı nümayəndəsi X9 iştirak etmiş, Kərimova (əvvəl Mehdiyeva) Ağgün İlham qızı iştirak etməmiş, mediasiya prosesini davam etdirmək mümkün olmamışdır. İddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi üçün 60 manat ödəmişdir.

11. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemi əlillik haqqında arayışının surətindən görünür ki, 15 iyul 1990-cı il təvəllüdlü X5 16 avqust 2018-ci il tarixdə “Xroniki böyrək xəstəliyi V mərhələ; Proqramlı hemodializ; Renal anemiya; Hipertoniya; Xronik tubulointerstisial nefrit; İİ-li qranulomatoz tubulointerstisial nefrit” diaqnozu ilə əlaqədar birinci dərəcəli əlillik təyin edilmişdir.

İşin faktiki halları:

12. Məhkəmə iclasında müəyyən edildi ki, tərəflər rəsmi nikah qeyd etdirməklə ailə qurmuşlar, birgə nikahlarından 01 oktyabr 2011-ci il təvəllüdlü X18 doğulmuşdur. Tərəflərin nikahı pozulmuşdur. Masallı Rayon Məhkəməsinin 8(050)-102/2025 saylı 19 mart 2025-ci il tarixli qərardadına əsasən ərizə təmin edilərək, Masallı Rayon Məhkəməsinin 2(050)- 38/2014 saylı, 12 fevral 2014-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin indeksasiyası aparılaraq 12 mart 2025-ci il tarixdən başlayaraq İddiaçı 01 oktyabr 2011-ci il təvəllüdlü X10 yetkinlik yaşına çatanadək saxlanılması üçün Kərimova (əvvəl Mehdiyeva) Ağgün İlham qızının xeyrinə sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,98 misli həddində sabit pul məbləğində aliment tutulması qərara alınmışdır. İddiaçı ikinci dəfə ailə qurmuş və həmin nikahdan 08 oktyabr 2015-ci il təvəllüdlü X17 doğulmuşdur. İddiaçının arvadı Samirə Mehtiyeva birinci dərəcə əlildir. Hazırda ata uşağın saxlanılması üçün müəyyən edilmiş 392 manat məbləğində alimenti ödəməkdə çətinlik çəkdiyi üçün məhkəmə tərəfindən təyin olunmuş aliment məbləğinin azaldılması ilə bağlı iddia qaldırmışdır.

Tətbiq edilən hüquq:

13. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun: 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. 19-cu maddəsinə əsasən valideynlərin uşağın təbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir.

14. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 76.2-ci maddəsinə əsasən valideynlərindən məhkəmə tərəfindən tutulan aliment miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.

15. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarı: Alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə bu Qərarda formalaşdırılan hüquqi mövqeyi rəhbər tutaraq alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalıdır.

16. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 28 mart 2016-cı il tarixli 8-2/2016 nömrəli Qərarının: 8.2-ci bəndinə əsasən məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. 8.7-ci bəndinə əsasən aliment ödəyən şəxsin məhkəmə qətnaməsi ilə aliment tutulmayan digər övladlarının olması, eləcə də onun digər əlavə xərclərə (kredit borcunun olması, kirayə haqqı ödəməsi və s.) məruz qalması alimentin azaldılması üçün mütləq əsas kimi qəbul edilməməlidir. 8.12-ci bəndinə əsasən alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. 8.14-cü bəndinə əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir.

17. "Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2024-cü il tarixli sərəncamı: 2025-ci il üçün minimum əmək haqqı 400 manat məbləğində müəyyən edilmişdir.

18. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024-cü il tarixli, 15 nömrəli Qərarı: 1.2.1-cü bəndinə əsasən 8.11-ci bəndə əsasən aşağıdakı məzmunda 8.11-1-ci yarımbənd əlavə edilmişdir: “8.11-1. Alimentin məhkəməyə müraciət edildiyi vaxtdan tutulmasına dair Ailə Məcəlləsinin 100.2-ci maddəsində nəzərdə tutulmuş qayda həmin Məcəllənin 112-ci maddəsinə əsasən artırılmış aliment məbləğinin tutulmasına da şamil edilir. Lakin nəzərə alınmalıdır ki, alimentin artırılmasına dair qətnamələr MPM-in 234.2.1-ci maddəsində nəzərdə tutulmuş dərhal icra edilən qətnamələrin sırasına aid edilməmişdir.” 1.2.4-cü bəndə əsasən 8.13-cü bəndin birinci cümləsi ikinci cümlə hesab edilmiş və həmin bəndə aşağıdakı məzmunda birinci cümlə əlavə edilmişdir: “Alimentin miqdarının dəyişdirilməsi barədə qətnamə qəbul edilərkən bu Qərarın 8.4- 1-ci bəndində göstərilən qaydaya əməl edilməli olduğu nəzərə alınmalıdır.”; 1.2.5. 8.14-cü bənddə “dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən)” sözləri “azaldılarkən” sözü ilə, “dəyişdirilmiş” sözü “azaldılmış” sözü ilə əvəz edilsin.

Məhkəmə baxışının hədləri:

19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır.

20. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun: 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu ödənilir. 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar.

21. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu: 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.

Məhkəmənin mövqeyi:

22. Məhkəmə işdə iştirak edən şəxslərin nümayəndərlərinin izahatlarını dinləyib, mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir.

23. Göründüyü kimi, ailə qanunvericiliyi aliment miqdarı müəyyən olunduqdan sonra alimentin dəyişdirilməsi imkanını tərəflərin ailə və maddi vəziyyətində baş verən dəyişikliklə əlaqələndirmişdir. Tərəflərin ailə və ya maddi vəziyyətində dəyişiklik özündə tərəflərin ailə tərkibinin sayını, eləcə də qazancında baş verən dəyişikliyi ehtiva edir. O da, nəzərə alınmalıdır ki, hər kəs qanunvericilikdə nəzərdə tutulmuş şərtlər çərçivəsində ondan (qanundan) irəli gələn hüququn daşıyıcısı olmaqla qanuni gözlənti hüququna malikdir. Bu baxımdan, hər bir şəxsin məhkəmə müdafiəsi hüququndan yararlanarkən qanunvericinin verdiyi imkan daxilində hüquqlarının təmin olunmasına münasibətdə etimad hüququ qorunmalıdır. Həmçinin, qanunvericilik aliment tutularkən ilk növbədə uşağın mənafeyinin, onun təminatı səviyyəsinin mümkün qədər maksimal saxlanmasının zəruriliyi vurğulayır.

24. Hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də, qiymət verilməlidir. Bu göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.

25. Məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin yuxarıda göstərilən müddəalarını, habelə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun anoloji işlərlə bağlı qərarı ilə formalaşdırdığı hüquqi mövqeyini, uşağın mənafeyini, işin faktiki hallarını, həmçinin cavabdehin mənafeyini nəzərə alaraq belə qənaətə gəlir ki, tərəflərin birgə nikahından doğulmuş uşağın saxlanılması üçün iddiaçıdan cavabdehin xeyrinə tutulan alimentin miqdarı azaldılmalıdır.

26. Belə ki, iddiaçının ikinci nikahdan məhkəmə qətnaməsi ilə aliment tutulmayan digər övladının olması alimentin azaldılması üçün mütləq əsas kimi qəbul edilməsə də, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun olmasını, lakin uşağın saxlanması üçün müəyyən edilmiş alimentin minimum dolanacaq xərclərindən xeyli artıq olmasını, eyni zamanda iddiaçının ikinci nikahdan olan arvadının İ qrup əlilliyini, ikinci nikahdan olan uşağın da, minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun olmasını, həmçinin iddiaçının uşağın saxlanması üçün hər ay 246 manat ödəmək üçün maddi cəhətdən imkanı olması barədə razılığını nəzərə alaraq hesab edir ki, 01 oktyabr 2011-ci il təvəllüdlü X10 yetkinlik yaşına çatanadək saxlanılması üçün tutulmalı olan Masallı Rayon Məhkəməsinin 8(050)-102/2025 saylı 19 mart 2025-ci il tarixli qərardadı ilə müəyyən edilmiş alimentin miqdarı azaldılmalı, İddiaçı 01 oktyabr 2011-ci il təvəllüdlü X10 yetkinlik yaşına çatanadək saxlanılması üçün Kərimova (əvvəl Mehdiyeva) Ağgün İlham qızının xeyrinə sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,615 misli həddində sabit pul məbləğində aliment tutulmalıdır. İddia tələbi qalan hissədə təmin edilməməlidir.

27. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun yuxarıda istinad edilən 20 dekabr 2024-cü il tarixli, 15 nömrəli Qərarının 8.11-1-ci bəndinə əsasən alimentin məhkəməyə müraciət edildiyi vaxtdan tutulmasına dair Ailə Məcəlləsinin 100.2-ci maddəsində nəzərdə tutulmuş qayda həmin Məcəllənin 112-ci maddəsinə əsasən artırılmış aliment məbləğinin tutulmasına da şamil edilir.

28. Ona görə məhkəmə hesab edir ki, miqdarı dəyişdirilmiş aliment iddia ərizəsinin məhkəməyə verildiyi 26 may 2025-ci il tarixdən hesablanmalıdır.

Məhkəmə xərcləri:

29. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən və iddiaçı tələb etmədiyindən iddia ərizəsinin verilməsi üçün ödənilmiş 69 manat dövlət rüsumu İddiaçı aid edilməlidir.

Nəticə:

30. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 01 oktyabr 2011-ci il təvəllüdlü X10 yetkinlik yaşına çatanadək saxlanması üçün tutulmalı olan, Masallı Rayon Məhkəməsinin 8(050)-102/2025 saylı 19 mart 2025-ci il tarixli qərardadı ilə müəyyən edilmiş alimentin miqdarı azaldılmalı, 26 may 2025-ci il tarixdən başlayaraq İddiaçı 01 oktyabr 2011-ci il təvəllüdlü X10 yetkinlik yaşına çatanadək saxlanması üçün Kərimova (əvvəl Mehdiyeva) Ağgün İlham qızının xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,615 misli həddində sabit pul məbləğində aliment tutulmalıdır. İddia tələbi qalan hissədə təmin edilməməlidir.

31. Yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 235, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Qət etdi:

İddia qismən təmin edilsin. 01 oktyabr 2011-ci il təvəllüdlü X10 yetkinlik yaşına çatanadək saxlanması üçün tutulmalı olan, Masallı Rayon Məhkəməsinin 8(050)-102/2025 saylı 19 mart 2025-ci il tarixli qərardadı ilə müəyyən edilmiş alimentin miqdarı azaldılsın. 26 may 2025-ci il tarixdən başlayaraq İddiaçı 01 oktyabr 2011-ci il təvəllüdlü X10 yetkinlik yaşına çatanadək saxlanması üçün Kərimova (əvvəl Mehdiyeva) Ağgün İlham qızının xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,615 misli həddində sabit pul məbləğində aliment tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Məhkəmə xərcləri İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədirlik edən: Elşən Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar