Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-2267/2025 07.08.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Firdovsi Zülfü oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rzayev Təbriz Əliniyaz oğlunun katibliyi, İddiaçı, cavabdeh X2 iştirakları ilə, İddiaçı cavabdeh X4 qarşı alimentin miqdarının azaldılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında audio-video çəkiliş vasitəsi ilə baxaraq, müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Masallı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(050)-126/2025 saylı qərardadı ilə ona təyin edilmiş hər bir uşaq üçün 232 manat, cəmi 464 manat alimentin miqdarının azaldılaraq hər bir uşaq üçün 125 manat, cəmi 250 manat miqdarında olması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh X8 ilə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşdur. Birgə nikahlarından xx.xx.2012-ci il təvəllüdlü X10 və xx.xx.2017-ci il təvəllüdlü X11 adlı iki övladları olmuşdur. Ailə daxili narazılıqlar səbəbi ilə nikahları məhkəmə qaydasında pozulmuş, uşaqlar yetkinlik yaşına çatanadək analarının himayəsində saxlanılmışdır. Uşaqların saxlanılması üçün ondan hər bir uşağa görə 150 manat, cəmi 300 manat sabit pul məbləğində aliment kəsilmişdir. O, kəsilmiş aliment pulunu ödəməkdə çətinlik çəkir. Qardaşları və qohumlarının köməyi ilə aliment pulunu gecikmələrlə ödəmişdir. Bir neçə dəfə aliment pulunu ödəyə bilmədiyindən barəsində inzibati tənbeh tədbiri tətbiq olunmuşdur. Cavabdeh yenidən Masallı Rayon Məhkəməsinə müraciət edərək alimentin indeksasiya olunmasını xahiş etmiş, məhkəmənin xx.xx.2025-ci il tarixli, 8(050)-126/2025 saylı qərardadı ilə alimentin məbləği 2025-ci ilə indeksasiya olunmuşdur. Qərara əsasən minimum əmək haqqının 0,58 misli, yəni hər bir uşaq üçün 232 manat, cəmi 464 manat alimentin tutulması qərara alınmışdır. Çıxarılmış qərar Ali Məhkəmənin xx.xx.2024-cü il tarixli Plenum Qərarına istinad olunmuşdur. Son illərdə Ali Məhkəmə mülki işlər üzrə araşdırma aparmadığından ədalətsiz plenum qərarları qəbul edir və məhkəmələri konkret olaraq plenum qərarlarına mütləq əməl etməyə məcbur edir. O, işsizdir və günəmuzd fəhlə işləyir. İkinci dəfə X9 ilə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşdur. Hazırda yoldaşı Ramilə Abıyeva 3 aylıq hamilədir. Nikah haqqında şəhadətnaməni və hamiləlik barədə sənədləri iddia ərizəsinə əlavə etmişdir. Qanuna əsasən uşağı saxlamaq hər iki valideynin borcudur. Ölkə üzrə 2025-ci il üçün uşağın yaşayış minimumu 246 manat təşkil edir. Həmin məbləğin 123 manatı onun öhdəsinə düşür. Vahid məhkəmə təcrübəsinə əsasən birinci instansiya məhkəmələri bir uşağa görə alimenti 180-200 manat kəsirlər. İki uşağa görə isə 150-170 manat kəsirlər. Birdən-birə onun alimenti 3 dəfə qalxmışdır. Onun maddi həyatında hansı artım olmuşdur ki, alimentin miqdarı bu qədər artsın. O, Mediasiya şöbəsinə alimentin azaldılması barədə müraciət etsə də, heç bir nəticə əldə edə bilməmişdir. Həmçinin, cavabdeh özü işləyərək yüksək məbləğdə əmək haqqı və premiya alır. Cavabdehin onun verdiyi aliment puluna ehtiyacı yoxdur. İddiaçı məhkəmə iclası zamanı iddiasını müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, məhkəmədən iddiasının təmin edilməsi barədə qətnamə çıxrılmasını xahiş etdi. Cavabdeh X8 məhkəmə iclası zamanı iddianı qəbul etməyərək izahatında göstərdi ki, həqiqətən də iddiaçı ilə birgə nikahlarından xx.xx.2012-ci il təvəllüdlü X10 və xx.xx.2017-ci il təvəllüdlü X11 adlı iki nəfər uşaqları olmuşdur. Sonra iddiaçı ilə münasibətləri pisləşdiyindən aralarında olan nikah pozulmuş, uşaqları onun yanında qalmaqla onların saxlanılması üçün hər bir uşağa görə 200 manat, ümumilikdə 400 manat aliment müəyyən edilmişdir. Heç bir yerdə işləmədiyindən Masallı Rayon Məhkəməsinin 04 iyul 2023-cü il tarixli 2(050)-671/2023-cü il tarixli qətnaməsinin indeksasiya olunması üçün müraciət etmiş və ərizəsi təmin edilmişdir. Uşaqları Həsən və Nihad hazırda tənəffüs yolları xəstəliyindən əziyyət çəkir və müalicəyə ehtiyacları vardır. Cavabdeh isə mebel sexində işləməklə yaxşı qazanc əldə etməsinə baxmayaraq uşaqların müalicəsi ilə bağlı ona heç bir köməklik göstərmir. Odur ki, göstərilənləri nəzərə alaraq məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. İş materiallarına əlavə edilmiş: - Şəxsiyyət vəsiqələrindən surətindən görünür ki, tərəflərin birgə nikahlarından xx.xx.2012-ci il təvəllüdlü X10 və xx.xx.2017-ci il təvəllüdlü X11 adlı adlı iki uşaqları anadan olmuşdur. - X1 tərəfindən təsdiqlənmiş 12 may 2025-ci il tarixli, MŞM/MT036/2025-00368 saylı ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş, X8 isə məlumatlandırılmasına baxmayaraq mediasiya sesiyasında iştirak etməmişdir. - Masallı Rayon Məhkəməsinin 04 iyul 2023-cü il tarixli 2(050)-671/2023-cü il tarixli qətanməsindən görünür ki, İddiaçı ilə X7 arasında Masallı rayon Qeydiyyat Şöbəsi tərəfindən bağlanmış 15 mart 2008-ci il tarixli 76 saylı nikahın pozulması və tərəflərin birgə nikahdan 10 iyul 2012-ci ildə doğulmuş X10 və xx.xx.2017-ci il təvəllüdlü X11 adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün 01 fevral 2023-cü il tarixdən başlayaraq İddiaçı hər ay, hər uşaq üçün 200 (iki yüz) manat olmaqla, cəmi 400 (dörd yüz) manat sabit pul məbləğində alimentin tutulub X3 verilməsi qət edilmişdir. - Masallı Rayon Məhkəməsinin 14 aprel 2025-ci il tarixli, 8(050)-126/2025 saylı qərardadından görünür ki, Masallı Rayon Məhkəməsinin 2(050)-671/2023 saylı, 04 iyul 2023-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin indeksasiyası aparılaraq 04 aprel 2025-ci il tarixdən başlayaraq İddiaçı xx.xx.2012-ci il təvəllüdlü X10 və xx.xx.2017-ci il təvəllüdlü X11 adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün Əliyeva (əvvəl Cəbiyeva) Cəmalə Rafiq qızının xeyrinə sonrakı artımlar nəzərə alınmaqla hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,58 misli həddində sabit pul məblğində alimentin tutulması qərara alınmışdır. - Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə X9 arasında Masallı Regional ASAN Xidmətinin Qeydiyyat Şöbəsi tərəfindən bağlanmış 12 may 2025ci il tarixli, 436 saylı nikah qeydi vardır. - Masallı MRX-nın Poliklinika şöbəsi tərəfindən verilmiş 11 aprel 2025-ci il tarixli arayışdan görünür ki, X12 yuxarı tənəffüs yollarının çox lokalizasiyalı digər kəskin infeksiyası xəstəliyindən əziyyət çəkir. - Masallı MRX-nın Poliklinika şöbəsi tərəfindən verilmiş 04 iyul 2025-ci il tarixli arayışdan görünür ki, X10 xroniki övrə xəstəliyindən əziyyət çəkir. Məhkəmə tərəfləri dinləyib, işə əlavə edilmiş sənədləri tədqiq edib, məhkəmə iclası zamanı toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq belə hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin: Azərbaycan Respublikası Ailə Məcəlləsinin 101.2-ci maddəsinə əsasən məhkəmə alimentin miqdarını müəyyən edərkən tərəflərin maddi və ailə vəziyyətini nəzərə almalıdır. Həmin Məcəllənin 112.1-ci maddəsinin tələblərinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli Qərarında məhkəmələrə tövsiyə edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsi). Məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanılmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair 27 iyul 2016-cı il tarixli qərarında qeyd olunmuşdur ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Qeyd olunmuş qərarda həmçinin göstərilmişdir ki, məhkəmə tərəfindən tərəflərin maddi vəziyyətinin araşdırılması zamanı, onların gəlirləri (məsələn, vergi ödəyicisi kimi ödənilən verginin məbləği və s.), digər qazanc mənbəyi, təhsili, hansı peşəyə sahib olması, əvvəlki iş yeri, yaşayış səviyyəsi (hansı şəraitdə yaşaması və s.), əmlak vəziyyəti (daşınar və daşınmaz əmlaklarının olub-olmaması), özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi və s. qanunvericiliyə müvafiq olaraq müəyyən edilməlidir. Ailə vəziyyətinin araşdırılması zamanı məhkəmə, tərəflərin yenidən ailə qurubqurmaması, yeni ailədə uşaqların olub-olmaması, başqa aliment ödəmələrinin olubolmaması, tutulacaq alimentin miqdarının digər uşaqların təminatının əsaslı dərəcədə aşağı düşməsinə səbəb ola biləcəyinə və s. məsələlərə diqqət yetirməlidir. Diqqətəlayiq digər halların araşdırılması zamanı məhkəmə, tərəflərin əmək qabiliyyətini və sağlamlıq vəziyyətini, öhdəsində digər şəxslərin (əmək qabiliyyəti olmayan valideynlər və s.) olub-olmamasını və s. məsələləri nəzərə almalıdır. Uşağın əvvəlki təminatının səviyyəsinin araşdırılması zamanı məhkəmə nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Buna görə məhkəmə uşağın hansı təhsil müəssisəsində təhsil almasını (ödənişli və ya ödənişsiz), əvvəllər hansı qaydada istirahət etməsini, asudə vaxtını hansı qaydada keçirməsini, idmanla, musiqi ilə məşqul olubolmamasını, sağlamlığını və s. məsələləri nəzərə almalıdır. Məhkəmə qeyd edir ki, iddiaçı Masallı Rayon Məhkəməsinin 04 iyul 2023-cü il tarixli, 2(050)-671/2023 saylı qətnaməsindən apellyasiya şikayəti verməmiş, qətnamənin qəbul edildiyi vaxtdan hazırki vaxtadək 2 il ərzində onun ailə və ya maddi vəziyyətində təyin edilmiş aliment məbləğini ödəməyə maneə ola biləcək hər hansı bir dəyişikliyin baş verməsi barədə məhkəməyə mötəbər sübut təqdim etməmişdir. Halbuki, MPM-nin 77.1-ci maddəsinin tələbi baxımından o, qeyd edilən halları sübut etməlidir. Məhkəmə həmçinin cavabdehin də hal-hazırda ailə və maddi vəziyyətində dəyişikliyin olmaması, heç bir yerdə işləməməsi, uşaqların qayğısına qalması kimi diqqətəlayiq halları, habelə uşaqların əvvəlki təminat səviyyəsinin saxlanılması üçün “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə uyğun olaraq uşaqların Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüquqlarını nəzərə alır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 4.1.-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə məhkəmə toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, idiaçı İddiaçı Cavabdeh qarşı Masallı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8 (050)-126/2025 saylı qərardadı ilə təyin olunmuş alimentin miqdarının azaldılması tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, iddia təmin olunmadığından iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu özünə aid edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənləri və Azərbaycan Respublikasının MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilməsin. İddiaçı Cavabdeh qarşı Masallı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8 (050)-126/2025 saylı qərardadı ilə təyin olunmuş alimentin miqdarının azaldılması tələbinə dair iddiası təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Firdovsi Əliyev
Məhkəmə qərarları › İş №2(050)-2267/2025
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-2267/2025
07.08.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver