Məhkəmə qərarları › İş №2(050)-2360/2025

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-2360/2025

24.07.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-2360/2025 24.07.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Ellara Həsən qızının sədrliyi, Məhkəmə iclasının katibi Musayeva Zəhraxanım Şahin qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə. İddiaçı Cavabdeh qarşı alimentin azaldılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında audio və video çəkiliş vasitəsilə baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddia ərizəsində qeyd edilən işin halları: Cavabdeh ilə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşdur. Rəsmi nikahdan bir övladı olmuşdur. Övladı xx.xx.2016-cı il təvəllüdlü X3r. Ailə daxili narazılıqlar səbəbindən nikahları məhkəmə qaydasında pozulmuş, uşağı yetkinlik yaşına çatana kimi anasının himayəsində saxlanılmışdır. Uşağın saxlanılması üçün ondan hər ay 150 manat sabit pul məbləğində aliment kəsilmişdir. Kəsilmiş aliment pulunu ödəməkdə çətinlik çəkir. Qardaşları və qohumlarının köməkliyi ilə aliment pulunu gecikmələrlə ödəmişdir. Bir neçə dəfə aliment pulunu ödəyə bilmədiyindən barəsində inzibati tənbeh tədbiri tətbiq olunmuşdur. Cavabdeh yenidən Masallı Rayon Məhkəməsinə müraciət edərək alimentin indeksasiya olunmasını xahiş etmiş, məhkəmənin xx.xx.2025-ci il tarixli 8(050)-72/2025 saylı qərardadı ilə aliment məbləği 2025-ci ilə indeksasiya olunmuşdur. Qərara əsasən ondan minimum əmək haqqının 0,92 misli yəni bir uşaq üçün 368 manat alimentin tutulması qərara alınmışdır. Çıxarılmış qərar Ali Məhkəmənin xx.xx.2024-cü il tarixli plenum qərarına istinad olunmuşdur. Hörmətli məhkəmə mən işsiz biriyəm, günəmuzd fəhlə işləyirəm. Cavabdehdən ayrıldıqdan sonra X7 ilə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşdur. Rəsmi nikahdan iki övladları olmuşdur. Övladları xx.xx.2018-ci il təvəllüdlü X9 və xx.xx.2022-ci il təvəllüdlü X4r. Həmçinin birinci yoldaşı olan X1 dünyaya gələn xx.xx.2011-ci il təvəllüdlü X5r. Münasibətləri pozulduğundan Leyla İmanovadan ayrılmışdır. Məhkəmə qətnaməsinə əsasən ona 60 manat aliment ödəyir. Maddi imkanı olmadığından aliment artırılmamışdır. Hazırda himayəsində iki azyaşlı övladı və həyat yoldaşı ilə birlikdə Bakı şəhərində kirayədə qalır. Əlavə olaraq Cavabdeh 150 manat aliment ödəyir və həmçinin 60 manat da alimenti Leyla İmanovaya ödəyir. Hazırda özü heç bir yerdə işləmir. İşsizlik barədə arayışını iddia ərizəsinə əlavə etmişdir. Qanuna əsasən uşağı saxlamaq hər iki valideyinin borcudur. Ölkə üzrə 2025-ci il üçün uşağın yaşayış minimumu 246 manat təşkil edir. Həmin məbləğin 123 manatı onun öhdəsinə düşür. Vahid məhkəmə təcrübəsinə əsasən birinci instansiya məhkəmələri bir uşağa görə alimenti 180-200 manat kəsirlər. İki uşağa görə isə 150-170 manat kəsirlər. Lakin ondan tutulan alimentin məbləği birdəfəyə 3 dəfə qalxmışdır. Mediasiya şöbəsinə alimentin azaldılması barədə müraciət etsə də heç bir nəticə əldə edə bilməmişdir. Həmçinin cavabdeh özü fərdi əməklə məşğul olaraq yüksək məbləğdə əmək haqqı və mükafatlar alır. Cavabdehin onun verdiyi aliment puluna ehtiyacı yoxdur. Məcburiyyət qarşısında qalaraq məhkəməyə müraciət etmişdir. İddiaçının tələbi: Masallı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 8(050)-72/2025 saylı qərardadı ilə ona təyin olunmuş bir uşaq üçün 368 manat alimentin miqdarı azaldılaraq bir uşaq üçün 120 manat miqdarında olması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehin iddiaya münasibəti: Cavabdeh xx.xx.2025-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, Masallı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 8(050)-72/2025 saylı qərardadı ilə müəyyən edilmiş öhdəliyi icra etmir. Müxtəlif bəhanələrlə alimenti ödəməkdən yayınır. Hətta iddiaçı öhdəliklərdən yayınmaq üçün öz ərizəsi ilə işdən çıxmışdır. Həmçinin iddiaçı guya onun haradasa işlədiyini, yüksək əmək haqqı aldığını, alimentə ehtiyacı olmadığını bildirmiş, onun barəsində şaiyə xarakterli məlumatlar yazmışdır. Bundan başqa iddiaçı özü də etiraf edir ki, o, ilkin məhkəmə qərarı ilə təyin edilmiş 150 manat alimenti də ardıcıl ödəmədiyindən barəsində inzibati tənbeh tədbirləri görülmüşdür. O, iddiaçıya 368 manat alimenti birdəfəyə ödəyə bilmədiyi halda ayda 200 manat ödəməsi, qalıq borcu isə sonrakı aylarda ödəməsinə dair təklif də irəli sürmüşdür. Lakin iddiaçı bu təkliflə razı olmayaraq alimentin miqdarının azaldılması barədə məhkəməyə müraciət edəcəyini bildirmişdir. İddiaçının alimentin məbləğinin 2025-ci ilə indeksasiya edilməsindən öncə də aliment borcu olmuşdur. İddiaçı məhkəmə qərarlarına hörmətsizlik edir. O özü əsəb xəstəsidir. Daimi olaraq dərman istifadə edir. Hardasa işləmək imkanı yoxdur. Azyaşlı qızını nəzarətsiz qoyub işləyə bilmir. Ondan başqa övladının qayğısına qalan yoxdur. Göstərilənlərə əsasən Masallı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 8(050)-72/2025 saylı qərardadının qüvvədə saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşdə iştirak edən şəxslərin izahatları: İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, cavabdeh onun iş yerinə alimentlə bağlı ərizələr ünvanlayıb onu işdən çıxartdırmışdır. Artıq ikinci dəfədir ki, bu səbəbdən işdən uzaqlaşdırılmışdır. İşlədiyi vaxt 700 manata qədər qazancı olurdu. Anası da onun himayəsindədir. Birinci evliliyindən bir uşağı vardır. Ona 60 manat aliment ödəyir. İkinci evliliyindən bir uşağı vardır. Üçüncü evliliyindən isə 4 və 7 yaşlarında iki övladı vardır. Hazırda işsizdir. Kirayədə yaşayır. Alimentin məbləğinin azaldılaraq 150 manat təyin edilməsini xahiş edir. Cavabdeh özü çiyələk bağında işləyir. Günlük qazancı vardır. Cavabdeh məhkəmə iclasında izahat verərək bildirmişdir ki, iddia tələbi ilə razı deyil, aliment uşağın saxlanması üçündür. Alimentin məbləğinin azaldılmamaq şərtilə iddiaçının ayda 200 manat aliment ödəməsinə, qalan hissənin borc kimi yazılmasına razıdır. Özü çiyələk sahələrində işləyir. İddiaçı aliment ödəməmək üçün işdən çıxıb. Uşaq 4-cü sinifdə oxuyur. Mart ayından etibarən alimentin miqdarı 2025-ci ilə indeksasiyaya olunaraq 368 manat müəyyən edilib. Özü əsəb xəstəsidir. Qardaşıgildə yaşayır. Övladının xəstəlikləri ilə bağlı həkim müayinlərinə pul çatdıra bilmir. Buna dair məhkəməyə təqdim edəcəyi əlavə sənəd və sübutu yoxdur. İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar: Doğum haqqında şəhadətnamədən görünür ki, atası İddiaçı və anası X6 olan X10 xx.xx.2011-ci il tarixdə Sumqayıt şəhərində doğulmuşlar. Doğum haqqında şəhadətnamələrdən görünür ki, atası İddiaçı və anası X7 olan X8 xx.xx.2022-ci il tarixdə və X9 xx.xx.2018-ci il tarixdə Sumqayıt şəhərində doğulmuşlar. “Nikah” haqqında şəhadətnaməyə əsasən, iddiaçı İddiaçı və cavabdeh X11 xx.xx.2019-cu il tarixdə Masallı rayon Təzə Alvadı ərazi nümayəndəliyində rəsmi nikaha daxil olmuşlar və bu barədə 05 nömrəli akt qeydi aparılmışdır. Masallı Rayon Məhkəməsinin 8(050)-72/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadından görünür ki, Cavabdeh ərizəsi təmin edilmiş, Masallı Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 8(050)-762/2019 saylı qətnaməsi ilə müəyyən edilmiş aliment indeksasiya olunması, xx.xx.2025-ci il tarixdən başlayaraq, xx.xx.2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün İddiaçı Cavabdeh xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,92 misli həddində sabit pul məbləğində aliment tutulması qərara alınmışdır. MŞM/MT036/2025-00489 nömrəli, xx.xx.2025-ci il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməmə barədə arayışdan görünür ki, Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. 50 manat mediasiya xərci iddiaçı X10 tərəfindən ödənilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyanın: 17-ci maddəsinin 2-ci bəndinə görə uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. “Uşaq hüquqları haqqında” Konvensiya: Sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib keçirilməməsindən asılı olmayaraq uşaqlar barəsində keçirilən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın: 8.1-ci maddəsinə əsasən hər kəs öz şəxsi və ailə həyatına, mənzilinə və yazışma sirrinə hörmət hüququna malikdir; 8.2-ci maddəsinə əsasən milli təhlükəsizlik və ictimai asayiş, ölkənin iqtisadi rifah maraqları naminə, iğtişaş və ya cinayətlərin qarşısını almaq üçün, sağlamlığı yaxud mənəviyyatı qorumaq üçün və ya digər şəxslərin hüquq və azadlıqlarını müdafiə etmək üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olan hallar istisna olmaqla, bu hüququn həyata keçirilməsinə dövlət hakimiyyəti orqanları tərəfindən müdaxiləyə yol verilmir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, və yaxud onun qazancı və sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutmaq mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uygun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün əsas tutularaq müəyyən edilir. 101.2-ci maddəsinə əsasən məhkəmə alimentin miqdarını müəyyən edərkən tərəflərin maddi və ailə vəziyyətini nəzərə almalıdır. 112.1-ci maddəsinin tələblərinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli Qərarında Konstitusiya Məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə bu Qərarda formalaşdırılan hüquqi mövqeyi rəhbər tutaraq alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Qeyd olunmuş qərarda həmçinin göstərilmişdir ki, məhkəmə tərəfindən tərəflərin maddi vəziyyətinin araşdırılması zamanı, onların gəlirləri (məsələn, vergi ödəyicisi kimi ödənilən verginin məbləği və s.), digər qazanc mənbəyi, təhsili, hansı peşəyə sahib olması, əvvəlki iş yeri, yaşayış səviyyəsi (hansı şəraitdə yaşaması və s.), əmlak vəziyyəti (daşınar və daşınmaz əmlaklarının olub-olmaması), özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi və s. qanunvericiliyə müvafiq olaraq müəyyən edilməlidir. “Uşaq Hüquqları Haqqında” Azərbaycan Respublikası Qanunun: 8-ci maddəsinə əsasən hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu: 2025-ci il üçün yaşayış minimumu ölkə üzrə 285 manat, əmək qabiliyyətli əhali üçün 305 manat, pensiyaçılar üçün 232 manat, uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 27 yanvar 2015-ci il Qərarı. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair 27 iyul 2016-cı il tarixli Qərarı. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi” haqqında 28 mart 2016-cı il tarixli Qərarı. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 4.1.-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.2-ci maddənin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə qeyd edir ki, ailə vəziyyətinin araşdırılması zamanı məhkəmə, tərəflərin yenidən ailə qurub-qurmaması, yeni ailədə uşaqların olub-olmaması, başqa aliment ödəmələrinin olub-olmaması, tutulacaq alimentin miqdarının digər uşaqların təminatının əsaslı dərəcədə aşağı düşməsinə səbəb ola biləcəyinə və s. məsələlərə diqqət yetirməlidir. Diqqətəlayiq digər halların araşdırılması zamanı məhkəmə, tərəflərin əmək qabiliyyətini və sağlamlıq vəziyyətini, öhdəsində digər şəxslərin (əmək qabiliyyəti olmayan valideynlər və s.) olub-olmamasını və s. məsələləri nəzərə almalıdır. Uşağın əvvəlki təminatının səviyyəsinin araşdırılması zamanı məhkəmə nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Buna görə məhkəmə uşağın hansı təhsil müəssisəsində təhsil almasını (ödənişli və ya ödənişsiz), əvvəllər hansı qaydada istirahət etməsini, asudə vaxtını hansı qaydada keçirməsini, idmanla, musiqi ilə məşqul olubolmamasını, sağlamlığını və s. məsələləri nəzərə almalıdır. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, Masallı Rayon Məhkəməsinin 8(050)- 72/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə Masallı Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 8(050)-762/2019 saylı qətnaməsi ilə müəyyən edilmiş aliment indeksasiya olunaraq xx.xx.2025-ci il tarixdən etibarən xx.xx.2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün İddiaçı Cavabdeh xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,92 misli həddində, yəni 368 manat sabit pul məbləğində aliment tutulması qərara alınmışdır. Hazırda iddiaçı məhkəməyə müraciət edərək məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin azaldılmasını tələb etmişdir. Məhkəmə tərəfindən işin halları araşdırılarkən müəyyən edilmişdir ki, hazırda iddiaçının ailə vəziyyətində dəyişiklik olmuş, iddiaçı təkrar ailə qurmuş, həmin nikahdan iki Aylin və Zarina adlı uşaqları olmuşdur. Bundan əlavə iddiaçının ilk ailəsindən də Xəlil adlı övladı vardır və həmin uşağın saxlanması üçün də 60 manat aliment öhdəliyi daşıyır. Ümumilikdə iddiaçının 4 övladının olması müəyyən edilmişdir. Məhkəmə araşdırması zamanı elektron informasiya sistemi vasitəsilə iddiaçının iş yeri və gəlirləri barədə sorğu edilmiş, hər hansı məlumat müəyyən edilməmişdir. Bunun əksi olaraq cavabdeh məhkəmə iclasında verdiyi izahatlarda mövsümlük işlərdə işlədiyini etiraf etmişdir. Bundan əlavə hazırda uşaqlar üçün ölkə üzrə yaşayış minimumu 246 manat müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, alimentin məbləği yaşayış minimumu nəzərə alınmaqla da azaldılmalıdır. Məhkəmə cavabdehin uşağın xəstəliyi ilə bağlı həkim müayinələri üçün əlavə vəsaitlərə etiyacının olması ilə bağlı izahatlarına münasibət bildirərək cavabdehə buna dair məhkəməyə sübutlar (tibbi diaqnoz, müayinə ilə bağlı ödəniş qəbzləri və s) təqdim etməsini təklif etmiş, lakin cavabdeh hər-hansı bir sübutunun olmadığını bildirmişdir. Qeyd edilənlərə əsasən məhkəmə cavabdehin izahatlarını əsassız hesab edir və göstərilən hallara dair sübutlar olduğu halda gələcəkdə Cavabdeh iddiaçının AR Ailə Məcəlləsinin 81-ci maddəsinə əsasən uşağa görə əlavə xərclərə cəlb edilməsi ilə bağlı məhkəmədə iddia qaldırmaq hüququnun olmasını izah edir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prossual Məcəlləsinin 216-220, 222, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Masallı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 8(050)-72/2025 saylı qərardadı ilə Cavabdeh təyin olunmuş bir uşaq üçün 368 manat alimentin miqdarı azaldılaraq, bir uşaq üçün sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində sabit pul məbləğində müəyyən edilsin. Qalan hissədə iddia təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən tərəflər bir ay müddətinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Hakim: Ellara Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar