Məhkəmə qərarları › İş №2(050)-2421/2025

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-2421/2025

13.08.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-2421/2025 13.08.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, Qasımov Xanbaba Alxas oğlunun katibliyi, İddiaçı, iddiaçının vəkili və nümayəndəsi Vəkil, Cavabdeh iştirakları ilə. İddiaçı Cavabdeh qarşı alimentin miqdarının azaldılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı alimentin miqdarının azaldılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə birgə nikahlarından anadan olmuş xx.xx.2013cü il təvəllüdlü X1 üçün Masallı Rayon Məhkəməsinin 8(050)-183/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə müəyyən olunmuş alimentin miqdarının azaldılaraq 100 manat müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə birgə nikahlarından xx.xx.2004-cü il təvəllüdlü X7, xx.xx.2005-ci il təvəllüdlü X9 və xx.xx.2013-cü il təvəllüdlü X10 adlı uşaqları anadan olmuşlar. Uşaqlardan ikisi yetkinlik yaşına çatmışdır. Masallı Rayon Məhkəməsinin xx.xx.2017-ci ii tarixli qətnaməsinə əsasən hər uşağa 80 manat aliment müəyyən olunmuşdur. Cavabdeh həmin alimenti indeksasiya olunması barədə məhkəməyə müraciət etmiş və Masallı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(050)-183/2025 saylı qərardadına əsasən alimentin məbləği minimum əmək haqqının 0.69 misli müəyyən olunmuşdur. Həmin məbləğ 276 manat təşkil edir, onun həmin məbləği ödəməyi mümkün deyildir. Onun digər nikahdan 2 uşağı vardır, özü işləmir və çox çətinliklə ailəsini saxlayır. Bir uşaq üçün 276 manat aliment həddindən artıq çoxdur, bu məbləğ yaşayış minumumundan da çoxdur. Uşağı saxlamaq hər iki valideyinin borcudur, lakin bu qədər aliment müəyyən olunması Konstitusiya və Ailə Məcəlləsinin tələblərinə ziddir. Məhkəmə alimenti müəyyən edərkən digər halları, iş yerini, qazancı, digər uşaqları və digər halları nəzərə almalıdır. Ölkə üzrə minimum əmək haqqı 400 manatdır, o 276 manat aliment ödəmiş olsa, o zaman digər uşaqlarını saxlamağı mümkün olmayacaqdır. Ona görə də məcbur olub məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iddiaçının vəkili və nümayəndəsi Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək bildirdi ki, övladının xəstəliyi vardır. Bu səbəbdən də alimentin azaldılmasına etiraz edir. İddianın rədd olunmasını xahiş etdi. Mülki prosessual qanunvericiliyə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, iş materiallarını araşdıraraq, tərəflərin izahatını dinləyərək, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan: doğum haqqında şəhadətnamədən görünür ki, 02 may 2013-cü il təvəllüdlü X5 atası İddiaçı, anası Cavabdehdır. nikah haqqında şəhadətnamədən görünür ki, İddiaçı ilə X11 arasında Sumqayıt “ASAN Xidmət” Mərkəzində Qeydiyyat şöbəsində 07 may 2020-ci il tarixdə nikah bağlanmış, bu barədə 814 saylı qeyd var və nikah bağlandıqdan sonra ərə (arvada) Museyibov (a) soyadı verilmişdir. doğum haqqında şəhadətnamələrdən görünür ki, 27 dekabr 2021-ci il təvəllüdlü X2 və 05 sentyabr 2024-cü il təvəllüdlü X3 atası İddiaçı, anası X6r. Masallı Rayon Məhkəməsinin 29 may 2025-ci il tarixli, 8(050)-183/2025 saylı qərardadı ilə Masallı Rayon Məhkəməsinin 27 dekabr 2017-ci il tarixli, 2(050)-3599/2017 saylı qətnaməsi əsasında müəyyən edilmiş aliment məbləğinin indeksasia edilməsi barədə Cavabdeh ərizəsinin təmin edilməsi, Masallı Rayon Məhkəməsinin 27 dekabr 2017-ci il tarixli, 2(050)-3599/2017 saylı qətnaməsi ilə müəyyən edilmiş aliment məbləği 02 may 2013-cü il təvəllüdlü X8 münasibətdə indeksasiya olunması, 19 may 2025-ci il tarixdən başlayaraq, 02 may 2013-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün İddiaçı Cavabdeh xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.69 misli həddində sabit pul məbləğində alimentin tutulması qərara alınmışdır. Azərbaycan Respublikasının Konstitusiyanın: 17-ci maddəsinin 2-ci bəndinə görə uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. “Uşaq hüquqları haqqında” Konvensiya: Sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib keçirilməməsindən asılı olmayaraq uşaqlar barəsində keçirilən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın: 8.1-ci maddəsinə əsasən hər kəs öz şəxsi və ailə həyatına, mənzilinə və yazışma sirrinə hörmət hüququna malikdir; 8.2-ci maddəsinə əsasən milli təhlükəsizlik və ictimai asayiş, ölkənin iqtisadi rifah maraqları naminə, iğtişaş və ya cinayətlərin qarşısını almaq üçün, sağlamlığı yaxud mənəviyyatı qorumaq üçün və ya digər şəxslərin hüquq və azadlıqlarını müdafiə etmək üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olan hallar istisna olmaqla, bu hüququn həyata keçirilməsinə dövlət hakimiyyəti orqanları tərəfindən müdaxiləyə yol verilmir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, və yaxud onun qazancı və sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutmaq mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uygun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün əsas tutularaq müəyyən edilir. 101.2-ci maddəsinə əsasən məhkəmə alimentin miqdarını müəyyən edərkən tərəflərin maddi və ailə vəziyyətini nəzərə almalıdır. 112.1-ci maddəsinin tələblərinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli Qərarında Konstitusiya Məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə bu Qərarda formalaşdırılan hüquqi mövqeyi rəhbər tutaraq alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Qeyd olunmuş qərarda həmçinin göstərilmişdir ki, məhkəmə tərəfindən tərəflərin maddi vəziyyətinin araşdırılması zamanı, onların gəlirləri (məsələn, vergi ödəyicisi kimi ödənilən verginin məbləği və s.), digər qazanc mənbəyi, təhsili, hansı peşəyə sahib olması, əvvəlki iş yeri, yaşayış səviyyəsi (hansı şəraitdə yaşaması və s.), əmlak vəziyyəti (daşınar və daşınmaz əmlaklarının olub-olmaması), özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi və s. qanunvericiliyə müvafiq olaraq müəyyən edilməlidir. “Uşaq Hüquqları Haqqında” Azərbaycan Respublikası Qanunun: 8-ci maddəsinə əsasən hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu: 2025-ci il üçün yaşayış minimumu ölkə üzrə 285 manat, əmək qabiliyyətli əhali üçün 305 manat, pensiyaçılar üçün 232 manat, uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 4.1.-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.2-ci maddənin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə qeyd edir ki, ailə vəziyyətinin araşdırılması zamanı məhkəmə, tərəflərin yenidən ailə qurub-qurmaması, yeni ailədə uşaqların olub-olmaması, başqa aliment ödəmələrinin olub-olmaması, tutulacaq alimentin miqdarının digər uşaqların təminatının əsaslı dərəcədə aşağı düşməsinə səbəb ola biləcəyinə və s. məsələlərə diqqət yetirməlidir. Diqqətəlayiq digər halların araşdırılması zamanı məhkəmə, tərəflərin əmək qabiliyyətini və sağlamlıq vəziyyətini, öhdəsində digər şəxslərin (əmək qabiliyyəti olmayan valideynlər və s.) olub-olmamasını və s. məsələləri nəzərə almalıdır. Uşağın əvvəlki təminatının səviyyəsinin araşdırılması zamanı məhkəmə nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Buna görə məhkəmə uşağın hansı təhsil müəssisəsində təhsil almasını (ödənişli və ya ödənişsiz), əvvəllər hansı qaydada istirahət etməsini, asudə vaxtını hansı qaydada keçirməsini, idmanla, musiqi ilə məşqul olubolmamasını, sağlamlığını və s. məsələləri nəzərə almalıdır. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, Masallı Rayon Məhkəməsinin 8(050)- 183/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə Masallı Rayon Məhkəməsinin 27 dekabr 2017-ci il tarixli, 2(050)-3599/2017 saylı qətnaməsi ilə müəyyən edilmiş aliment indeksasiya olunaraq xx.xx.2025-ci il tarixdən etibarən 02 may 2013-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanması üçün İddiaçı Cavabdeh xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,69 misli həddində, yəni 276 manat sabit pul məbləğində aliment tutulması qərara alınmışdır. Hazırda iddiaçı məhkəməyə müraciət edərək məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin azaldılmasını tələb etmişdir. Məhkəmə tərəfindən işin halları araşdırılarkən müəyyən edilmişdir ki, hazırda iddiaçının ailə vəziyyətində dəyişiklik olmuş, iddiaçı təkrar ailə qurmuş, həmin nikahdan iki uşağı olmuşdur. Ümumilikdə iddiaçının 3 yetkinlik yaşına çatmamış övladının olması müəyyən edilmişdir. Bundan əlavə hazırda uşaqlar üçün ölkə üzrə yaşayış minimumu 246 manat müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, alimentin məbləği yaşayış minimumu nəzərə alınmaqla da azaldılmalıdır. Məhkəmə cavabdehin uşağın xəstəliyi ilə bağlı həkim müayinələri üçün əlavə vəsaitlərə etiyacının olması ilə bağlı izahatlarına münasibət bildirmiş, lakin cavabdeh hərhansı bir sübut (tibbi diaqnoz, müayinə ilə bağlı ödəniş qəbzləri və s) təqdim etməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə cavabdehin izahatlarını əsassız hesab edir və göstərilən hallara dair sübutlar olduğu halda gələcəkdə Cavabdeh AR Ailə Məcəlləsinin 81-ci maddəsinə əsasən uşağa görə əlavə xərclərə cəlb edilməsi ilə bağlı məhkəmədə iddia qaldırmaq hüququnun olmasını izah edir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prossual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. 24 iyun 2025-ci il tarixdən başlayaraq Masallı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(050)-183/2025 saylı qərardadı ilə təyin edilmiş aliment azaldılaraq, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,50 misli həddində sabit pul məbləğində müəyyən edilsin. 02 may 2013-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün İddiaçı Cavabdeh xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.50 misli həddində sabit pul məbləğində aliment tutulsun İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına Masallı Rayon Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar