Məhkəmə qərarları › İş №2(050)-2472/2025

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-2472/2025

07.08.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-2472/2025 07.08.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elşən Təbrizoviçin sədrliyi, məhkəmə iclas katibi Səfərli İbrahim İqrar oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair mülki işə audio və video çəkiliş vasitəsi ilə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Tələb:

1. İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə faktiki nikahdan olan 22 mart 2023-cü il təvəllüdlü X1 üçün Cavabdeh hər ay 246 (iki yüz qırx altı) manat aliment pulunun; Cavabdeh 22 mart 2023-cü ildə anadan olmuş X2 üç yaşınadək 150 (bir yüz əlli) manat aliment pulunun alınıb ona verilməsi və mediasiya təşkilatına ödədiyi 60 manat xərcin tutulub ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Sonradan İddiaçı iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə müraciə edərək cavabdehdən uşağın saxlanılması üçün hər ay 246 (iki yüz qırx altı) manat sabit pul məbləğində alimentin tutulub ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

İddia ərizəsinin əsaslandırıldığı hallar:

3. İddiаçı iddiа tələbini оnunlа əsаslаndırmışdır ki, Cavabdeh ilə 2021-ci il tarixdən faktiki ailə həyatı qurmuşdur. Cavabdehlə faktiki nikahdan 22 mart 2023-cü il təvəllüdlü X3 adlı bir uşağı olmuşdur. Onunla rəsmi nikahı olmadığı üçün Masallı rayon Qeydiyyat şöbəsində 04 aprel 2023-cü il tarixdə 61 nömrə ilə qeydə alınaraq “atalığın müəyyən edilməsi haqqında” şəhadətnamə verilmişdir. Həyat yoldaşı Cavabdehlə rəsmi nikahı olmadığından ailəsi tərəfindən narazılıqlar olmuşdur. Sonradan isə Cavabdeh valideynləri onların evliliyi dəstəkləməmişlər, onunla rəsmi nikaha girməsinə maneə olmuşlar. Hazırda cavabdehlə 2025-ci ilin aprel ayından faktiki olaraq ayrı yaşayırlar. Beləliklə, Cavabdeh heç bir maddi dəstək göstərmədiyindən övladı saxlamaqda çətinliklər çəkir. 06 iyun 2025ci il tarixdə Masallı 1 saylı Mediasiya Təşkilatına aliment tələbi ilə bağlı müraciət etmişdir. 23 iyun 2025-ci il tarixdə onların ilkin mediasiya sessiyası prosesi keçirilmişdir. Lakin, cavabdeh aliment verməkdən boyun qaçırdığından mediasiya prosesinə gəlməməklə yanaşı, aliment verməkdən imtina etmişdir. Birgə nikahdan olan 22 mart 2023-cü il təvəllüdlü X3 azyaşlı olduğundan işləyə bilmir. Bu baxımdan aliment tələbi barədə məhkəməyə müraciət etməli olmuşdur.

Tərəflərin izahatları:

4. Məhkəmə baxışı iclasında iştirak etmiş İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin tam şəkildə təmin edilməsini məhkəmədən xahiş etmişdir.

5. Məhkəmə baxışı iclasında iştirak etmiş Cavabdeh iddianı qismən qəbul edək bildirdi ki, böyrəyindən əməliyyat olunmuş və bir böyrəyi çıxarılmışdır. Bir böyrəklə yaşayır və böyrəyindən müalicə alır. Həkim işləməsinə icazə vermədiyi üçün işləmir və maddi cəhətdən ailəsi ona köməklik edir. Lakin uşağın saxlanması üçün 150 manat aliment ödəyə bilər. Qeyd olunanlara əsasən iddianın qismən təmin edilməsini məhkəmədən xahiş etmişdir.

İş materialları:

7. 2 saylı Bakı “ASAN xidmət” mərkəzində Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı 451597 nömrəli 04 aprel 2023-cü il tarixli atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh 22 mart 2023-cü ildə İddiaçı doğulmuş X2 atası hesab edilmişdir. Bu barədə atalığın müəyyən edilməsi haqqında akt qeydləri kitabında 04 aprel 2023-cü il tarixdə 61 nömrə ilə qeyd edilmişdir.

8. 2 saylı Bakı “ASAN xidmət” mərkəzində qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İV seriyalı 853908 nömrəli 04 aprel 2023-cü il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 22 mart 2023-cü il tarixdə Bakı şəhərində anadan olmuşdur. Atası qrafasında Cavabdeh, anası qrafasında İddiaçı qeyd edilmişdir. Bu barədə 04 aprel 2023-cü il tarixdə doğum haqqında akt qeydləri kitabında 878 nömrəli doğum akt qeydi tərtib edilmişdir.

9. İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə 23 iyun 2025-ci il tarixli, MŞM/MT036/2025-00525 nömrəli arayışdan görünür ki, 23 iyun 2025-ci il tarixdə keçirilən ilkin mediasiya sessiyasında Cavabdeh iştirak etməmişdir. İddiaçı iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi üçün 60 manat ödəmişdir.

10. Stasionar xəstənin tibbi kartasından çıxarışdan görünür ki, Cavabdeh “Sağ tərəfli kalkulyoz hidronefroz 4-cü dərəcə, böyrək fəaliyyətinin itməsi ilə, Sağ böyrəyin kasacıq daşları” diaqnozu qoyuldu. 17 noyabr 2022-ci il tarixdə “Sağtərəfli nefrektomiya” əməliyyatı aparıldı.

İşin faktiki halları:

11. Bеləliklə məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh arasında rəsmi nikah olmamış, el adəti qaydasında ailə həyatı qurmuşlar. Birgə yaşadıqları dövrdə 22 mart 2023-cü il təvəllüdlü X3 adlı övladları doğulmuşdur. Tərəflər uşağın atalığın müəyyən edilməsi üçün qeydiyyat şöbəsinə müraciət etmişlər, nəticədə X2 atalığın müəyyən edilməsi haqqında akt qeydləri kitabında 04 aprel 2023-cü il tarixdə 61 nömrə ilə qeyd edilmişdir. Hazırda iddiaçı uşağın saxlanılmasında çətinlik çəkir. Bu səbəbdən iddiaçı uşağın yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 246 manat sabit pul məbləğində alimentin təyin edilməsini xahiş edir.

Tətbiq edilən hüquq:

12. Azərbaycan Respublikası Konstitusiyasının: 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur.

13. “Uşaq Hüquqları haqqında” Konvensiyasının: 3-cü maddəsin əsasən Sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib-keçirilməməsindən asılı olmayaraq uşaqlar barəsində keçirilən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir.

14. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun: 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. 19-cu maddəsinə əsasən valideynlərin uşağın təbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir.

15. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur.

16. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarı: Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə, həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.

17. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 28 mart 2016-cı il tarixli 8-2/2016 nömrəli Qərarı: 8.2-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir.

18. "Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2024-cü il tarixli sərəncamı: 2025-ci il üçün minimum əmək haqqı 400 manat məbləğində müəyyən edilmişdir.

19. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024-cü il tarixli, 15 nömrəli Qərarı: 1.2.1. 8.4-cü bəndə əsasən aşağıdakı məzmunda 8.4-1, 8.4-2 və 8.4-3-cü yarımbəndlər əlavə edilmişdir: 8.4-1. Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. 8.4-2-ci bəndinə əsasən Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir.

Məhkəmə baxışının hədləri:

20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur.

21. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun: 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar.

22. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun: 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.

Məhkəmənin mövqeyi:

23. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir.

24. Məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin yuxarıda göstərilən müddəalarını, habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin və Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun anoloji işlərlə bağlı Qərarları ilə formalaşdırdıqları hüquqi mövqelərini nəzərə alaraq qeyd edir ki, qanunvericilik alimentin məbləğinin müəyyənləşdirilməsi zamanı uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər yüksək saxlanmasını əsas meyar kimi müəyyən etmişdir. Lakin bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, onların və uşaqların mənafeyini, cavabdehin aliment verməsinə dair maddi imkanlarını, tərəflərin maddi və ailə vəziyyətini, iddiaçının da, uşağın valideyni olaraq onu saxlamaq vəzifəsinin olmasını, mövcud iqtisadi vəziyyətdə infilyasiyanı, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da, nəzərə alınmalıdır. Ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu özlüyündə müəyyən meyar kimi çıxış etsə də, minimum təminat səviyyəsini nəzərdə tutur.

25. Məhkəmə hesab edir ki, qətnamə icra olunması üçün çıxarılır və qətnamə çıxarılarkən tərəflərin əsaslı mənafeləri nəzərə alınmalıdır. İddiaçı bildirmişdir ki, cavabdeh mebel ustasıdır, hazırda isə məişət avadanlıqlarının təmiri ilə məşğul olur, lakin cavabdehin hər ay 246 manat məbləğində aliment ödəmək üçün maddi imkanının olması barədə heç bir sübut təqdim etməmişdir. Eyni zamanda “AZEMİS” elektron sistem məlumatlarında cavabdehin işləməsi barədə heç bir məlumat yoxdur. Bundan başqa cavabdehin bir böyrəyinin çıxarılması, digər böyrəyindən müalicə alması və işləməkdə çətinlik çəkməsi həqiqəti əks etdirir. Belə olan halda cavabdeh tərəfindən hər ay uşaq üçün 246 manat aliment ödənilməsi tamamilə absurddur. Bu səbəbdən məhkəmə yetkinlik yaşına çatmayan uşağın saxlanması üçün cavabdehdən iddiaçının xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,45 misli həddində (400 x 0,45 = 180 manat) alimentin tutulmasını daha ədalətli hesab edir. İddia tələbi digər hissədə təmin olunmamalıdır.

26. Məhkəmə hesab edir ki, Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən alimentin tutulma müddətinin əvvəli iddia ərizəsinin məhkəməyə verildiyi 02 iyul 2025-ci il tarixdən hesablanmalıdır.

Məhkəmə xərcləri:

27. Hazırki halda, məhkəməyə iddia ərizəsi ilə müraciət edərkən iddiaçı dövlət rüsumu ödəməkdən azad olunmuşdur. Cavabdeh tutulmuş (400x0,45=180x12) alimentin bir illik məcmusu 2180 manat təşkil edir təşkil edir ki, ona görə 41,80 manat dövlət rüsumu ödənilməlidir. Hazırki halda, alimentin tutulması ilə bağlı ödənilməli olan 41,80 manat dövlət rüsumu iddiaçı tərəfindən ödənilmiş 60 manat məbləğində mediasiya xərcindən az olduğundan, cavabdeh ödəməli olduğu dövlət rüsumunu ödəməkdən azad olunur.

28. İlkin mediasiya sessiyasında cavabdeh iştirak etməmişdir və bunun səbəbinin üzrlü olması iş materiallarından görünmür. Bu halda iddiaçı tərəfindən ödənilmiş 60 (altmış) manat mediasiya xərcinin əvəzi cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir.

Nəticə:

29. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 02 iyul 2025-ci il tarixdən başlayaraq Cavabdeh 22 mart 2023-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,45 misli həddində sabit pul məbləğində aliment tutulmalıdır. İddia tələbi digər hissədə təmin edilməməlidir. Qətnamə dərhal icra edilməlidir.

30. Yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 235, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Qət etdi:

İddia tələbi qismən təmin edilsin. 02 iyul 2025-ci il tarixdən başlayaraq Cavabdeh 22 mart 2023-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,45 misli həddində sabit pul məbləğində aliment tutulsun. İddia tələbi digər hissədə təmin edilməsin. Cavabdeh ödənilmiş mediasiya xərcinin əvəzi kimi 60 (altmış) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədirlik edən: Elşən Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar