Məhkəmə qərarları › İş №2(050)-2489/2025

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-2489/2025

07.08.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-2489/2025 07.08.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elşən Təbrizoviçin sədrliyi, məhkəmə iclas katibi Səfərli İbrahim İqrar oğlunun katibliyi İddiaçı, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı "alimentin miqdarının azaldılması” tələbinə dair mülki işə audio və video çəkiliş vasitəsi ilə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Tələb:

1. İddiaçı Cavabdeh qarşı "alimentin miqdarının azaldılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Masallı Rayon Məhkəməsinin 8(050)-187/2025 nömrəli 29 may 2025-ci il tarixli qərardadı ilə ona təyin edilmiş 344 manat alimentin miqdarının azaldılaraq bir uşağa görə 120 manat, cəmi isə 240 manat miqdarında olması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

İddia ərizəsinin əsaslandırıldığı hallar:

2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşdur. Birgə nikahdan iki uşaqları olmuşdur. Övladları 27 yanvar 2009-cü il təvəllüdlü X6 və 13 oktyabr 2010-cu il təvəllüdlü X5r. Münasibətləri pozulduğundan faktiki olaraq ayrı yaşayırlar. Sonuncu dəfə alimentin miqdarını cavabdeh 2023-cü il tarixdə artıraraq iki uşağa 300 manat kəsdirmişdir. O, cavabdehdən ayrıldıqdan sonra ikinci dəfə X12 ilə qeyri-rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşdur. Faktiki nikahdan 06 fevral 2013-cü il təvəllüdlü X15 adlı övladı olmuşdur. Bir müddət yaşadıqdan sonra Arzu Bəyəliyevadan da, ayrılmışdır. Məhkəmənin 2(050)-1837/2015 saylı qətnaməsinə əsasən ondan övladı Yusif Bəyəliyevin saxlanılması üçün 100 manat aliment məbləği tutulmuşdur və hazırda da, ödəməyə çalışır. X1 ilə üçüncü nikaha daxil olmuşdur. Faktiki nikahdan bir övladı doğulmuşdur. Övladı 12 yanvar 2025-ci il təvəllüdlü X16r, yəni himayəsində dörd övladı vardır. Cavabdehə 300 manat alimenti o, güclə ödəyir. Cavabdeh 300 manat aliment pulu ilə yetinməmiş, sonradan Masallı Rayon Məhkəməsinə müraciət edərək alimentin indeksasiya olunmasını xahiş etmiş, məhkəmənin 29 may 2025-ci il tarixli 8(050)-187/2025 saylı qərardadı ilə aliment məbləği 2025-ci ilə indeksasiya olunmuşdur. Qərara əsasən ondan minimum əmək haqqının 0,43 misli, yəni bir uşağa görə 172 manat aliment tutulması qərara alınmışdır. Çıxarılmış qərar Ali Məhkəmənin 20 dekabr 2024-cü il tarixli plenum qərarına istinad olunmuşdur. Son illərdə Ali Məhkəmə mülki işlər üzrə araşdırma aparmadığından ədalətsiz plenum qərarları qəbul edir və məhkəmələri konkret olaraq plenum qərarlarına mütləq əməl etməyə təhkid edir. O işsiz biridir, heç bir yerdə işləmir, iş olanda günəmuzd fəhləlik edir. Özü və həyat yoldaşı bir neçə xəstəlikdən əziyyət çəkirlər. Ailənin keçimini güclə təmin edir. Hazırda respublikada işləyən adamlara bu miqdarda aliment kəsmirlər. Onun gərək aylıq əmək haqqı 1000 manat civarında olsun ki, o, 344 manat aliment pulunu ödəsin. Qanuna əsasən uşağı saxlamaq hər iki valideyinin borcudur. Ölkə üzrə 2025-ci il üçün uşağın yaşayış minimumu 246 manat təşkil edir. Həmin məbləğin 123 manatı onun öhdəsinə düşür. Vahid məhkəmə təcrübəsinə əsasən birinci instansiya məhkəmələri bir uşağa görə alimenti 180-200 manat kəsirlər. İki uşağa görə isə 150-170 manat, üç və daha çox uşağa görə isə 120-140 manat aliment kəsilir. Birdən-birə onun alimenti 3 dəfə qalxmışdır. Yaxşı, onun maddi həyatında hansı artım oldu ki, alimentin miqdarı bu qədər artsın. Mediasiya şöbəsinə alimentin azaldılması barədə müraciət etsə də, heç bir nəticə əldə edə bilməmişdir. Məcburiyyət qarşısında qalaraq məhkəməyə müraciət etmişdir. Hesab edir ki, hörmətli məhkəmə ədalət naminə onun iddia tələbi təmin olunmalıdır.

Tərəflərin izahatları:

3. Məhkəmə baxışı iclasında İddiaçı iddia tələbini müdafiə edərək bildirmişdir ki, ikinci dəfə ailə qurmuş, bir övladı vardır və ona görə aliment ödəyir. Sonradan üçüncü dəfə ailə qurmuş və həmin ailədən bir övladı vardır. Əvvəl kərpic zavodunda işləb, lakin zavod artıq bağlanmışdır. Əkinciliklə məşğul olub, lakin ziyana düşmüşdür. Özü-özünü saxlamaqda çətinlik çəkir. Yeni doğulmuş körpənin saxlanması üçün hər ay 300 manat pul xərcləyir. Uşaqların saxlanmaları üçün hər ay hər uşaq üçün 120 manat ödəyə bilər. Qeyd olunanlara əsasən iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Məhkəmə baxışı iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək bildirmişdir ki, İddiaçı çox məsuliyyətsiz bir adamdır. İddiaçının ikinci ailədən olan oğlu Yusif Bəyəliyev özü ilə birlikdə yaşayır, ona görə də, onunla birlikdə yaşayaraq aliment ödəyə bilməz. Üçüncü ailəsi var, lakin heç bir qadınla rəsmi nikaha daxil olmamışdır. Hal-hazırda özü Bakı şəhərində yaşayış, rəsmi işləyərək əmək haqqı alır. Cavabdehin ödədiyi aliment uşaqların xərcini ödəmir. Belə ki, oğlu bu il 9-cu sinifə gedəcək. Oğlu, azərbaycan, ingilis və rus dillərindən hazırlığa gedir, həmçinin idman və üzgüçülüklə məşğul olur. Qızı isə bu il 11-ci sinifə gedəcək. Onunla bərabər ingilis dili və komputer kursuna gedəcək. Cavabdehin ödədiyi pul uşaqların hazırlıq pulunu belə ödəmir. Cavabdehin gəliri yüksəkdir, əlavə olaraq həyətində iki ədəd avtomobili vardır. Qeyd olunanlara əsasən iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

İş materialları:

5. AZ-İİİ seriyalı 114074 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X15 06 fevral 2013-cü il tarixdə Masallı şəhərində anadan olmuşdur. Atası qrafasında X13, anası qrafasında X12 qeyd edilmişdir. Bu barədə 27 may 2013-cü il tarixdə doğum haqqında akt qeydləri kitabında 226 nömrəli doğum akt qeydi tərtib edilmişdir.

6. AZ-V seriyalı 079589 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X19 12 yanvar 2025-ci il tarixdə Cəlilabad şəhərində anadan olmuşdur. Atası qrafasında İddiaçı, anası qrafasında X10 qeyd edilmişdir. Bu barədə 03 fevral 2025-ci il tarixdə doğum haqqında akt qeydləri kitabında 173 nömrəli doğum akt qeydi tərtib edilmişdir.

7. Masallı rayon İcra və probasiya şöbəsinin 04 oktyabr 2016-cı il tarixli “İcraata başlamaq haqqında” qərarından görünür ki, İddiaçı 08 iyul 2015-ci il tarixindən başlayaraq 06 fevral 2013-cü ildə anadan olmuş X7 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay bir uşaq üçün 100 manat sabit pul məbləğində aliment alınıb X8 verilməlidir.

8. Masallı Rayon Məhkəməsinin 2(050)-3339/2023 saylı 26 oktyabr 2023-cü il tarixli qətnaməsindən görünür ki, Masallı Rayon Məhkəməsinin 2(050)-2303/2023 saylı 16 iyun 2023-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq 27 yanvar 2009-cu il təvəllüdlü X2 və 13 oktyabr 2010-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün İddiaçı hər ay bir uşaq üçün 150 manat olmaqla, cəmi 300 (üç yüz) manat sabit pul məbləğində aliment tutularaq Cavabdeh ödənilməsi qət edilmişdir.

9. Masallı Rayon Məhkəməsinin 8(050)-102/2025 saylı 19 mart 2025-ci il tarixli qərardadından görünür ki, ərizə təmin edilərək Masallı Rayon Məhkəməsinin 26 oktyabr 2023-cü il tarixli, 2(050)-3339/2023 saylı qətnaməsi ilə İddiaçı tutulan 27 yanvar 2009-cu il təvəllüdlü X2 və 13 oktyabr 2010-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay hər uşaq üçün nəzərdə tutulmuş 150 manat sabit pul məbləğində alimentin məbləği sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,43 misli həddində indeksasiya olunması qərara alınmışdır.

10. AZ-İ seriyalı 482535 nömrəli Atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı 12 yanvar 2025-ci ildə X3 doğulmuş X14 atası hesab edilmişdir. Bu barədə atalığın müəyyən edilməsi haqqında akt qeydləri kitabında 03 fevral 2025-ci il tarixdə 73 nömrə ilə qeyd edilmişdir.

11. İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə 13 iyun 2025-ci il tarixli, MŞM/MT036/2025-00495 nömrəli arayışdan görünür ki, 13 iyun 2025-ci il tarixdə keçirilən ilkin mediasiya sessiyasında İddiaçı iştirak etmiş, Cavabdeh iştirak etməmiş, mediasiya prosesini davam etdirmək mümkün olmamışdır. İddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi üçün 60 manat ödəmişdir.

12. 01 iyul 2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddia ərizəsinin verilməsi üçün iddiaçı tərəfindən 12 manat dövlət rüsumu ödənilmişdir.

İşin faktiki halları:

13. Məhkəmə iclasında müəyyən edildi ki, tərəflər faktiki nikaha daxil olmaqla ailə qurmuşlar, birgə yaşadıqları müddətdə 27 yanvar 2009-cü il təvəllüdlü X6 və 13 oktyabr 2010-cu il təvəllüdlü X11 adlı uşaqları doğulmuşdur. Masallı Rayon Məhkəməsinin 2(050)- 3339/2023 saylı 26 oktyabr 2023-cü il tarixli qətnaməsinə əsasən Masallı Rayon Məhkəməsinin 2(050)-2303/2023 saylı 16 iyun 2023-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq 27 yanvar 2009-cu il təvəllüdlü X2 və 13 oktyabr 2010cu il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün İddiaçı hər ay bir uşaq üçün 150 manat olmaqla, cəmi 300 (üç yüz) manat sabit pul məbləğində aliment tutularaq Cavabdeh ödənilməsi qət edilmişdir. Masallı Rayon Məhkəməsinin 8(050)-102/2025 saylı 19 mart 2025-ci il tarixli qərardadına əsasən ərizə təmin edilərək, Masallı Rayon Məhkəməsinin 26 oktyabr 2023-cü il tarixli, 2(050)-3339/2023 saylı qətnaməsi ilə İddiaçı tutulan 27 yanvar 2009-cu il təvəllüdlü X2 və 13 oktyabr 2010-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay hər uşaq üçün nəzərdə tutulmuş 150 manat sabit pul məbləğində alimentin məbləği sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,43 misli həddində indeksasiya olunmuşdur. İddiaçının ikinci ailədən 06 fevral 2013-cü il təvəllüdlü X15 adlı övladı olmuş və məhkəmənin qətnaməsi ilə ondan 100 manat məbləğində aliment tutulmuşdur. Sonradan isə üçüncü dəfə ailə qurmuş və həmin ailədən 12 yanvar 2025-ci il təvəllüdlü X19 doğulmuşdur. Hazırda ata uşaqların saxlanılması üçün müəyyən edilmiş cəmi 344 manat məbləğində alimenti ödəməkdə çətinlik çəkdiyi üçün məhkəmə tərəfindən təyin olunmuş aliment məbləğinin azaldılması ilə bağlı iddia qaldırmışdır.

Tətbiq edilən hüquq:

14. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun: 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. 19-cu maddəsinə əsasən valideynlərin uşağın təbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir.

15. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 76.2-ci maddəsinə əsasən valideynlərindən məhkəmə tərəfindən tutulan aliment miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.

16. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarı: Alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə bu Qərarda formalaşdırılan hüquqi mövqeyi rəhbər tutaraq alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalıdır.

17. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 28 mart 2016-cı il tarixli 8-2/2016 nömrəli Qərarının: 8.2-ci bəndinə əsasən məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. 8.7-ci bəndinə əsasən aliment ödəyən şəxsin məhkəmə qətnaməsi ilə aliment tutulmayan digər övladlarının olması, eləcə də onun digər əlavə xərclərə (kredit borcunun olması, kirayə haqqı ödəməsi və s.) məruz qalması alimentin azaldılması üçün mütləq əsas kimi qəbul edilməməlidir. 8.12-ci bəndinə əsasən alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. 8.14-cü bəndinə əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir.

18. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024-cü il tarixli, 15 nömrəli Qərarı: 1.2.1-cü bəndinə əsasən 8.11-ci bəndə əsasən aşağıdakı məzmunda 8.11-1-ci yarımbənd əlavə edilmişdir: “8.11-1-ci bəndinə əsasən alimentin məhkəməyə müraciət edildiyi vaxtdan tutulmasına dair Ailə Məcəlləsinin 100.2-ci maddəsində nəzərdə tutulmuş qayda həmin Məcəllənin 112-ci maddəsinə əsasən artırılmış aliment məbləğinin tutulmasına da şamil edilir. Lakin nəzərə alınmalıdır ki, alimentin artırılmasına dair qətnamələr MPM-in 234.2.1ci maddəsində nəzərdə tutulmuş dərhal icra edilən qətnamələrin sırasına aid edilməmişdir.” 1.2.4-cü bəndinə əsasən 8.13-cü bəndin birinci cümləsi ikinci cümlə hesab edilmiş və həmin bəndə aşağıdakı məzmunda birinci cümlə əlavə edilmişdir: “Alimentin miqdarının dəyişdirilməsi barədə qətnamə qəbul edilərkən bu Qərarın 8.4- 1-ci bəndində göstərilən qaydaya əməl edilməli olduğu nəzərə alınmalıdır.” 1.2.5-ci bəndinə əsasən 8.14-cü bənddə “dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən)” sözləri “azaldılarkən” sözü ilə, “dəyişdirilmiş” sözü “azaldılmış” sözü ilə əvəz edilsin.

Məhkəmə baxışının hədləri:

19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır.

20. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun: 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu ödənilir. 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar.

21. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu: 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.

Məhkəmənin mövqeyi:

22. Məhkəmə işdə iştirak edən tərəflərin izahatlarını dinləyib, mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir.

23. Göründüyü kimi, ailə qanunvericiliyi aliment miqdarı müəyyən olunduqdan sonra alimentin dəyişdirilməsi imkanını tərəflərin ailə və maddi vəziyyətində baş verən dəyişikliklə əlaqələndirmişdir. Tərəflərin ailə və ya maddi vəziyyətində dəyişiklik özündə tərəflərin ailə tərkibinin sayını, eləcə də, qazancında baş verən dəyişikliyi ehtiva edir. O da, nəzərə alınmalıdır ki, hər kəs qanunvericilikdə nəzərdə tutulmuş şərtlər çərçivəsində ondan (qanundan) irəli gələn hüququn daşıyıcısı olmaqla qanuni gözlənti hüququna malikdir. Bu baxımdan, hər bir şəxsin məhkəmə müdafiəsi hüququndan yararlanarkən qanunvericinin verdiyi imkan daxilində hüquqlarının təmin olunmasına münasibətdə etimad hüququ qorunmalıdır. Həmçinin, qanunvericilik aliment tutularkən ilk növbədə uşağın mənafeyinin, onun təminatı səviyyəsinin mümkün qədər maksimal saxlanmasının zəruriliyi vurğulayır.

24. Hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də, qiymət verilməlidir. Bu göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.

25. Masallı Rayon Məhkəməsinin 2(050)-3339/2023 saylı 26 oktyabr 2023-cü il tarixli qətnaməsinə əsasən alimentin miqdarı artırılaraq 27 yanvar 2009-cu il təvəllüdlü X2 və 13 oktyabr 2010-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün İddiaçı hər ay bir uşaq üçün 150 manat olmaqla, cəmi 300 (üç yüz) manat sabit pul məbləğində aliment tutularaq Cavabdeh ödənilməsi qət edildikdən sonra uşaqların tələbatı və xərclər artmışdır. Masallı Rayon Məhkəməsinin 8(050)-102/2025 saylı 19 mart 2025-ci il tarixli qərardadına əsasən Masallı Rayon Məhkəməsinin 26 oktyabr 2023-cü il tarixli, 2(050)- 3339/2023 saylı qətnaməsi ilə tutulmuş alimentin məbləği indeksasiya olunduqdan sonra qətnamə ilə tutulmuş alimentin miqdarında hər ay bir uşaq üçün 22 manat artım olmuşdur. 2023-cü ilə münasibətdə 2025-ci ildə uşağın saxlanma xərcinin 22 manat artması uşağın əvvəlki təminat səviyyəsinin saxlanması üçün elə də, böyük məbləğ deyildir. Bundan başqa iddiaçının rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 28 mart 2016-cı il tarixli 8- 2/2016 nömrəli Qərarının 8.2-ci bəndinə əsasən onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Həmin qərarın 8.7-ci bəndinə əsasən iddiaçının digər nikahlardan uşaqlarının olması alimentin azaldılması üçün mütləq əsas kimi qəbul edilmir. Bundan əlavə aliment ödənilən uşaqlar anaları ilə, yəni iddiaçıdan ayrı yaşayır, ondan ayrı yaşamalarına baxmayaraq, iddiaçının həmin uşaqların qarşısında bir valideyn kimi müvafiq öhdəlikləri vardır, iddiaçı uşaqlarının maddi və mənəvi cəhətdən təminatını həyata keçirməlidir və bu, onun mənəvi borcudur. Qeyd edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, alimentlərin miqdarının azaldılması aliment alan uşaqların mənafeyinə kəskin zidd olduğundan və işin faktiki halları ilə mütənasiblik təşkil etmədiyindən, iddia təmin edilməməlidir.

Məhkəmə xərcləri:

26. Məhkəmə hesab edir ki, iddia rədd edildiyindən iddia ərizəsinin verilməsi üçün ödənilmiş 12 manat dövlət rüsumu İddiaçı aid edilməlidir.

Nəticə:

27. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı "alimentin miqdarının azaldılması” tələbinə dair iddiası təmin edilməməlidir.

28. Yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 235, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Qət etdi:

İddiaçı Cavabdeh qarşı "alimentin miqdarının azaldılması” barədə iddia tələbi rədd edilsin. Məhkəmə xərcləri İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədirlik edən: Elşən Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar