Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-2595/2023 18.08.2023 MASALLI RAYON MƏHKƏMƏSİ hakim Quliyev Ceyhun Əmir oğlunun sədrliyi, Qasımov Xanbaba Alxas oğlunun katibliyi ilə, İddiaçı və onun nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikahlarından doğulmuş 27 may 2022-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 220 manat sabit pul məbləğində aliment və mediasiya xərci üçün ödənilmiş 55 manat pulun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə faktiki olaraq 03 avqust 2021ci ildə el adəti üzrə ailə həyatı qurmuşlar. Faktiki nikahlarından 27 may 2022-ci il təvəllüdlü X4 adlı uşaqları olmuşdur. Cavabdehlə münasibətləri kəsilmiş, faktiki olaraq ayrı yaşayırlar. Valideynləri bir müddət cavabdehin ağlagəlməz hərəkətlərinə görə ailənin bərpa olunmasına görə səbr etmişlər. Lakin cavabdeh ailənin bərpa olunmasına səy göstərməmiş, birgə nikahlarından olan uşağa maddi yardım etməmişdir. Cavabdehin maddi vəziyyəti yaxşıdır. Mediasiya şurasında da bildirmişdir ki, nə qədər aliment lazım olsa verə bilər. Uşaq körpə olduğundan heç bir yerdə işləmək iqtidarında deyil, valideynlərinin də maddi vəziyyəti çətindir. İddiaçı məhkəmə iclasında bildirdi ki, rəsmi nikahı yoxdur. Övladı ilə ata evində yaşayır. Övladı azyaşlı olduğu üçün işləyə bilmir. Cavabdeh ilə birlikdə yaşayarkən onun ayda nə qədər qazanc əldə etməsi ona məlum deyildir. Sonda İddiaçı 27 may 2022-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 220 manat sabit pul məbləğində alimentin və mediasiya xərci üçün ödənilmiş 55 manat pulun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. İddiaçının nümayəndəsi iddianı müdafiə edərək, onun təmin edilməsini xahiş etdi. Cavabdeh iddianı qismən qəbul edərək, bildirdi ki, rəsmi iş yeri yoxdur, tələbədir, magistr təhsili alır, hər ay 120 manat təqaüd alır. Həftədə 3 gün, dekabr və yanvar aylarında isə 5 gün dərsdə olur. Anası rəhmətə gedib, atası barəsində məlumatı yoxdur. Ona xalaları baxır. Təhsili ilə bağlı ildə 1800 manat təhsil haqqı ödənilir. Övladı üçün ayda 100 mant aliment ödəyə bilər. Sonda Cavabdeh göstərilənlərin nəzərə alınmasını xahiş etdi. Mülki prosessual qanunvericiliyə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Atalığın müəyyən edilməsi haqqında arayışdan görünür ki, 27 may 2022-ci il təvəllüdlü X3 atası Cavabdeh hesab edilmişdir. Atalıq müəyyən edildikdən sonra uşağa Rüstəmov soyadı verilmişdir. Doğum haqqında arayışdan görünür ki, 27 may 2022-ci il təvəllüdlü X1 atası Cavabdeh, anası İddiaçıdır. Lənkəran Dövlət Universitetinin 07 avqust 2023-cü il tarixli, 2003 nömrəli arayışından görünür ki, magistratura səviyyəsində “İqtisadiyyat və idarəetmə” fakültəsinin əyani təhsilalma əsaslarla təhsil alan İ tədris ili tələbəsi Cavabdeh təhsilini xx.xx.2024-cü ildə bitirməsi nəzərdə tutulur. Lənkəran Dövlət Universitetinin 07 avqust 2023-cü il tarixli, 2006 nömrəli arayışından görünür ki, Cavabdeh universitetin magistratura səviyyəsində “İqtisadiyyat və idarəetmə” fakültəsinin əyani təhsilalma forması üzrə İ tədris ilinin ödənişli əsaslarla “Turizm və sosialmədəni servis xidməti” ixtisaslaşmasında təhsil alır. Tələbənin illik təhsil haqqı ödənişi 1800 (bir min səkkiz yüz) manatdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: - 75.1-ci maddəsinə əsasən valideynlər övladlarını saxlamağa borcludurlar. - 78.1-ci maddəsinə əsasən aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu hallarda, habelə uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də həmin Məcəllənin 76-cı maddəsinə uyğun olaraq, qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. - 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Qanunvericiliyin göstərilən müddəalarını işin faktiki hallarına tətbiq etməklə məhkəmə hesab edir ki, cavabdeh valideyn kimi uşağını saxlamağa borcludur. İddiaçı ilə cavabdehin hal-hazırda ayrı yaşaması, onların yetkinlik yaşına çatmayan uşağının anasının yanında qalması və onun saxlanılması üçün vəsait tələb olunduğu, uşağın mənafeyi, habelə cavabdehin rəsmi gəlirləri barədə məhkəməyə hər hansı sənədin təqdim olunmadığı nəzərə alınaraq cavabdehdən iddiaçının xeyrinə aliment sabit pul məbləğində tutulmalıdır. Məhkəmə yetkinlik yaşına çatmayan uşağın mənafeyini, onun normal, yəni, qida rassionlarına uyğun şəkildə qidalanmasını, fiziki cəhətdən inkişafını, təhsili ilə bağlı xərcləri, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılmasını, məhkəmə qətnaməsi çıxararkən tərəflərin əsaslı mənafelərinin nəzərə alınmalı olmasını (uşağın 1 yaşı olmasını və bu səbəbdən hələ ki, onun saxlanılması üçün daha yüksək aliment məbləğinə zərurətin olmamasını), ölkə üzrə uşaqlar üçün 2023-cü ildə yaşayış minimumunun hər ay 220 manat həddində müəyyən edilməsinin bu məbləğin Azərbaycan Respublikasında bir uşağın saxlanması üçün zəruri olan minimal məbləği ehtiva etməklə, özü-özlüyündə aliment məbləğinin bu həddə müəyyən edilməsi anlamına gəlməməsini əsas tutub hesab edir ki, 27 may 2022-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 150 (bir yüz əlli) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə araşdırması zamanı cavabdehin həmin məbləğdə aliment ödənilməsini istisna edən hər hansı bir hal (işləməsinə maneə olacaq xəstəliyi, yaşının kifayət qədər çox olması və sair hallar) müəyyən edilməmişdir. Cavabdehin tələbə olması, ödənişli təhsil alması ona təyin edilmiş aliment məbləğindən aşağı məbləğdə aliment ödəməsinə əsas vermir. Nəzərə almaq lazımdır ki, cavabdeh hər gün universitetə getmir, həmçinin altı və ya bazar da işləyə bilər. Yetər ki, övladının mənafeyi ön planda olsun. Məhkəmə qeyd edir ki, iddiaçı yetkinlik yaşına çatmayan uşağın saxlanılması üçün hər ay sabit pul məbləği ilə bir uşağa görə 220 manat manat aliment tutulub ona verilməsini xahiş etsədə, cavabdehin tələb edilən məbləğə mütənasib qazanc əldə etməsini təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. MPM-in 234.2 və 234.2.1-ci maddələrinə əsasən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunmalıdır. İddiaçının aliment ödənilməsi barədə ərizəsi məhkəməyə 07 iyul 2023-cü il il tarixdə daxil olduğundan aliment də həmin vaxtdan tutulmalı və qətnamə alimentin tutulması hissəsində dərhal icra edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233,234 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi : İddia qismən təmin edilsin. 07 iyul 2023-cü il tarixdən başlayaraq 27 may 2022-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 150 (bir yüz əlli) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə alimentin tutulması hissəsində dərhal icra edilsin. Mediasiya xərci qismində ödənilmiş 55 manat pul Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ceyhun Quliyev
Məhkəmə qərarları › İş №2(050)-2595/2023
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-2595/2023
18.08.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver