Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-2598/2023 30.10.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Bəhmənov Habil Xanoğlan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Kərimli Nəzrin Fikrət qızının katibliyi, İddiaçı2, İddiaçılar İddiaçı1 və İddiaçı2 vəkili Vəkil2, Cavabdeh və nümayəndəsi-vəkili Vəkil1 iştirakları ilə. İddiaçılar İddiaçı1 Yaddulla oğlunun və İddiaçı2 Cavabdeh qarşı vurulmuş mənəvi ziyana görə kompensasiya verilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçılar İddiaçı1 Yaddulla oğlu və İddiaçı2 Cavabdeh qarşı mənəvi zərərə görə 5000 manat pul tələbinə dair məhkəmədə iddia qaldırmışdır. İddia ərizəsi üzrə tələb onunla əsaslandırılmışdır ki, cavabdeh müxtəlif vaxtlarda gah özlərindən, gah da onlara məxsus, yaşadıqları kənddə yerləşən «Azəri» şadlıq sarayının fəaliyyətindən ayrı-ayrı dövlət qurumlarına böhtan xarakterli əsassız şikayətlər etmişdir. Onun şikayətləri əsasında bir neçə dəfə X4, Masallı Rayon Prokurorluğunda, Ekologiya İdarəsində, Vergilər Xidmətində araşdırmalar aparılmış və cavabdehin göstərdiyi xüsusatlar öz təsdiqini tapmamışdır. Belə ki, cavabdehin vergidən yayınması, sahibkarlıqla məşğul olmasına baxmayaraq qeydiyyatdan keçməməsi ilə bağlı müraciəti əsasında Vergi Xidməti orqanı tərəfindən araşdırma aparılmış, həmin xüsusat təsdiq olunmamışdır. «Azəri» şadlıq sarayının fəaliyyəti tam qanuni olmaqla bu barədə müvafiq sənədlər vardır və hesablanmış vergilər də vaxtı-vaxtında ödənmişdir. Cavabdehin şadlıq sarayının fəaliyyəti nəticəsində ətraf mühitə ziyan vurulması ilə bağlı müraciəti əsasında Ekologiya İdarəsi tərəfindən araşdırma aparılmış, yoxlama zamanı göstərilən xüsusatlar öz təsdiqini tapmamışdır. Cavabdehin yuxarıda göstərilən şadlıq sarayının qanunsuz fəaliyyət göstərməsi və birbaşa iddiaçılar barəsində etdiyi şikayətlər üzrə rayon prokurorluğunda araşdırma aparılmış, müraciətdə göstərilən xüsusatlar öz təsdiqini tapmadığından rayon prokurorluğunun 28 yanvar 2023-cü il tarixli qərarı ilə cinayət işi başlanması rədd edilmişdir. Cavabdehin oxşar məzmunlu müraciətləri əsasında X4 dəfələrlə araşdırmalar aparılmış, həmin xüsusatların həqiqətə uyğun olmaması müəyyən edilmişdir. Cavabdehin barəsində Daxili İşlər Nazirliyinə və digər Nazirlik və Baş İdarələrə də müraciətləri də olmuş, araşdırmalar zamanı həmin müraciətlərdə olan xüsusatlar təsdiq olunmamışdır. Cavabdeh bir neçə ildir ki, barələrində müxtəlif dövlət orqanlarına əsassız müraciətlər edərək onlara böhtanlar atmışdır. Bunun nəticəsində isə dəfələrlə həmin dövlət qurumlarına, o cümlədən hüquq-mühafizə orqanlarına çağırılmalı olmuşlar. Yaşlı, həmçinin xəstə olduqlarından bu hallar təbii ki, onları narahat etmiş hər dəfə stres və həyəcan keçirməli olmuşlar. Bundan başqa vergiləri ödəyib-ödəməməsi və hərbi xidmətdən vətəndaşları saxlaması ilə bağlı şikayətlər etmişdir. Cavabdehdən bu hərəkətlərinə dəfələrlə son qoymasına tələb etsələr də, nəticəsi olmamışdır. Ona görə də Cavabdeh mənəvi zərərə görə 5000 manat alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsi xahiş olunur. Məhkəmə baxışı iclasında İddiaçı2 iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, cavabdehə özünün və həyat yoldaşı İddiaçı1 xəstə olduğunu dəfələrlə bildirmiş, lakin cavabdeh dövlət qurumlarına şikayətlər verməyə və müraciətlər etməyə davam etmişdir. Hətta toy olmadıqda belə onun evinə polislər gəlmiş və bu zaman o, evdə tək olmuş, buna görə də dərin həyəcan, iztirablar keçirmişdir. Odur ki, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçılar İddiaçı1 məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə onun iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. İddiaçılar İddiaçı1 və İddiaçı2 vəkili Vəkil2 iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddianı qəbul etməyərək bildirmişdir ki, şadlıq sarayı onun evinə çox yaxın olduğundan, o, evində rahat yaşaya bilmir. Evi ilə “Azəri” şadlıq sarayının arasında 3 metr məsafə vardır. . O, 1986-cı ildə ev tikmişdir. "Azəri” şadlıq sarayı isə 2003-cü ildə tikilmişdir. İddiaçı oranı tikəndə mebel mağazası olduğunu demişdir, lakin sonradan məlum olmuşdur ki, “Azəri” şadlıq sarayı üçün nəzər də tutulmuşdur. O, artıq 20 ildir ki, əziyyət çəkir. Toyun səs-küyü, toyda iştirak edən şəxslərin bəzən dava-dalaşlarında nalayiq ifadələrini eşidirlər, yemək qoxusu normal hava almalarına mane olur. Şadlıq sarayı tikiləndə onlara bildirlmişdir ki, xeyriyyə mqəsədi ilə inşa edilir, toy mərasimləri olmayacaq. Lakin sonradan toy mərasimləri keçirilməyə başlanıldı. Bu kimi narahatçılıqlarına görə o, etiraz əlaməti kimi bir çox qurumlara müraciətlər, şikayətlər etmişdir. Odur ki, iiddianı əsassız hesab edərək, rədd olunmasını xahiş edir. Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 məhkəmə iclasında iddianı qəbul etməyərək bildirdi ki, iddia tələbi tam əsassızdır. Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunur ki, hər kəsin rahat yaşamaq hüququ vardır. Hər kəsin şikayət və müraciət etmək hüququ var. Toy mərasimlərində olan səs-küy, qoxu Cavabdeh və ailə üzvlərinin rahat yaşamasına imkan vermir. Cavabdehin şikayətləri əsaslı olmasaydı, yəqin ki, o, cinayət məsuliyyətinə cəlb edilərdi. Odur ki, iddianın rədd olunmasını xahiş edir. Azərbaycan Respublikasının Baş Prokurorluğunun 04 noyabr 2019-cu il tarixli, 05/13863-17 saylı məktubundan görünür ki, İddiaçı1 izahatında göstərmişdir ki, “Azəri” şadlıq sarayı ona məxsusdur.Həmin şadlıq sarayında ay ərzində bir və ya iki dəfə toy şənliyi keçirilir. Keçirilən mərasimlər zamanı qanunla müəyyən edilmiş qaydalara və normalara riayət edilir. Bu səbəbdən Cavabdeh müraciətində göstərdiyi xüsusatlar heç bir real fakta əsaslanmır. Həmçinin araşdırma zamanı müəyyən edilmişdir ki, Azəri” şadlıq sarayında keçirilən toy mərasimləri saat 19:00-dan başlamaqla saat 23:40-da bitir. Həmin şadlıq sarayının tikintisinı dair layihə-smeta sənədləri və Masallı RİHB-nin 14 mart 2023-cü il tarixli qeyri-yaşayış binasının texniki pasportu mövcuddur və qanuni fəaliyyət göstərir. Azərbaycan Respublikası Səhiyyə nazirliyi Masallı Gigiyena və Epidemiologiya Mərkəzinin 22 oktyabr 2012-ci il tarixli, 702 saylı məktubundan görünür ki, “Azəri” şadlıq sarayına baxış keçirilmiş və baxış zamanı məlum olan nöqsanların aradan qaldırılması ilə əlaqədar 22 oktyabr 2012-ci il tarixdən Türkoba kəndində yerləşən “Azəri” şadlıq sarayının fəaliyyətinin qadağan edilməsi, nöqsanlara aradan qaldırıldıqdan sonra fəaliyyətinə icazə verilməsi haqqında qərar verilmişdir. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi X5 departamentinin 27 noyabr 2012-ci il tarixli, xx-xx/2221 saylı məktubundan görünür ki, araşdırma zamanı “Azəri” şadlıq sarayında ətrafa yayılan səs-küyün insan sağlamlığına neqativ təsirinə dair monitorinq keçirilmiş və SVAN-947 cihazı vasitəsilə ölçmə işləri aparılmışdır. Monitorinqin nəticələrinə görə səs-küyün səviyyəsi 54-58 dBa qeydə alınmışdır ki, bu qəbul olunmuş norma daxilindədir. İş materiallarında olan cinayət işi başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, Masallı rayon Türkoba kənd sakini Cavabdeh xx.xx.2021-ci il tarixdə DİN-nin 102-xidmətinə zəng edərək intihar edəcəyi barədə məlumat vermişdir. Aparılmış təhqiqat araşdırması zamanı Cavabdeh izahatı alınarkən göstərmişdir ki, yaşadığı evinin yanında şadlıq sarayı var, həmin şadlıq sarayında toy şənliyi keçirilən zaman yaşadığı evdə səsdən narahat olmuşdur. Bu barədə əvvəllər müraciət etmiş və bununla bağlı şadlıq sarayın sahibi cərimə edilmiş, lakin buna baxmayaraq şadlıq sarayda keçirilən toy şənliyinin səsindən yaşadığı evdə narahat olmuş, bu səbəbdən xx.xx.2021-ci il tarixdə təkrar şadlıq sarayda keçirilən toy şənliyinin səsindən evdə narahat oluğu üçün özünü intihar etməyə qərar gəlmiş, bu səbəbdən istifadəsində olan mobil telefonu ilə DİN-nin 102 xidmətinə zəng edib intihar edəcəyi barədə məlumat vermişdir. İddiaçı2 izahatı alınarkən göstərmişdir ki, Cavabdeh ilə əvvəllər aralarında mübahisələri və ədavətləri olmamışdır. Masallı rayonu Türkoba kəndində özünə məxsus “Azəri” şadlıq sarayı var, həmin şadlıq sarayında keçirilən toy şənliyinin musiqisinin səsinin yüksək səsdə keçirilməməsinə və saat 24:00-dək yekunlaşmasına nəzarət edilir. Lakin buna baxmayaraq Cavabdeh əsassız və qərəzli şikayət etməyə davam edir. Həömin qərar üzrə Cavabdeh izahatından görünür ki, o, xx.xx.2021-il tarixdə Azərbaycan Respublikası Baş Prokurorluğuna teleqram ilə müraciət etmişdir. Bununla bağlı bildirir ki, o, Masallı rayonu, Türkoba kəndində yaşayır, onunla yaxınlıqda yerləşən Türkoba kənd sakini İddiaçı2 məxsus olan “Azəri” şadlıq sarayı vardır. “Azəri” şadlıq sarayında keçirilən toy şənliyinin səsindən həm özü, həm də ailəsi narahat olur. Toy mərasimi zamanı toya gələn vətəndaşlar üçün bişirilən yeməklər açıq hava şəraitində bişirildiyi üçün, ətrafa yayılır və səhətinə mənfi təsir edir. “Azəri” şadlıq sarayının rəhbəri barəsində tədbir görülməsini xahiş etmişdir. Həmin qərar üzrə İddiaçı2 izahatından görünür ki, 2002-ci ildən Masallı rayonu, Türkoba kəndindıə “Azəri” şadlıq sarayı fəaliyyət göstərir. X1r barəsində hüquq-mühafizə orqanalrına qərəzli olaraq şikayətlər etmişdir. “Azəri” şadlıq sarayının fəaliyyəti ilə bağlı heç bir hüquqazidd hərəkətlər müəyyən edilməmişdir. “Azəri” şadlıq sarayının fəliyyəti ilə bağlı heç bir nöqsan olmamışdır. Şadlıq sarayında 23:30 radələrinə qədər yekunlaşdırılıb toyun başa çatmasını elan edir. Cavabdeh etdiyi müraciətlər qərəzli, yalan və böhtan, həqiqətə uyğun olmayan ifadələrdir. Məhkəmə iddiaçının və cavabdehin izahatlarını dinləyib, iş materiallarını tədqiq edib, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsassızdır. Azərbaycan Respublikası Mülki Məcəlləsininin 23.1.-23.6.-cı maddələrinə əsasən fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Faktik məlumatlar natamam dərc edildikdə də, əgər bununla şəxsin şərəfinə, ləyaqətinə və ya işgüzar nüfuzuna toxunulursa, eyni qayda tətbiq edilir. Marağı olan şəxslərin tələbi ilə fiziki şəxsin şərəf və ləyaqətinin müdafiəsinə onun ölümündən sonra da yol verilir. Əgər fiziki şəxsin şərəfini, ləyaqətini, işgüzar nüfuzunu ləkələyən və ya şəxsi və ailə həyatının sirrinə qəsd edən məlumatlar kütləvi informasiya vasitələrində yayılmışdırsa, həmin kütləvi informasiya vasitələrində də təkzib edilməlidir. Əgər göstərilən məlumatlar rəsmi sənədə daxil edilmişdirsə, həmin sənəd dəyişdirilməli və bu barədə marağı olan şəxslərə məlumat verilməlidir. Digər hallarda təkzib qaydasını məhkəmə müəyyənləşdirir. Kütləvi informasiya vasitələrində hüquqlarına və ya qanunla qorunan mənafelərinə toxunan məlumatlar dərc edilmiş fiziki şəxsin həmin kütləvi informasiya vasitələrində öz cavabının dərc edilməsi hüququ vardır. Şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır. Əgər fiziki şəxsin şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatları yaymış şəxsi müəyyənləşdirmək mümkün deyildirsə, barəsində bu cür məlumatlar yayılmış şəxsin ixtiyarı var ki, həmin məlumatların həqiqətə uyğun olmayan məlumatlar sayılmasını tələb etsin. Bu maddənin fiziki şəxsin işgüzar nüfuzunun müdafiəsinə dair qaydaları müvafiq olaraq hüquqi şəxsin işgüzar nüfuzunun müdafiəsinə də tətbiq edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1. və 1097.1.-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir. (hərəkət və ya hərəkətsizlikdir). Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikası Konustitusiyası ilə qorunur, digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır. Şəxsin şərəfı, ləyaqəti təhqir olunarsa, o sarsıntı, iztirab keçirir və bununla da mənəvi təhqirə məruz qalır. Bunun nəticəsində şəxsə mənəvi və maddi zərər yetirilir. Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşlara anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. “Mənəvi zərərin ödənilməsi barədə Qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 saylı qərarının 2-ci bəndinə əsasən Azərbaycan Respublikası Qanunvericiliyinin, “İnsan Hüquqlarının və X3 haqqında Konvensiyanın” müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər anlayışı insanın anadan gəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Həmin bəndin 2-ci abzasına əsasən zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Avropa Konvensiyasının 10-cu maddəsinin 2-ci bəndindən görünür ki, fıkri ifadə etmək azadlığını məhdudlaşdırmağa yönəlmiş əsaslardan biri də digər şəxslərin nüfuz və hüquqlarının müdafıəsidir. “Bladet Tromso və Stensaas Norveçə qarşı” işdə Avropa Məhkəməsi qərara aldı ki, fiziki şəxslərin nüfuzuna qarşı hücum baş verdikdə və digər şəxslərin hüquqlarına xələl gətirildikdə ifadə azadlığını müşayiət edən vəzifə və öhdəliklər xüsusi əhəmiyyət kəsb edir. “Kastells İspaniyaya qarşı” işdə Avropa Məhkəməsi qeyd etdi ki, ərizəçinin ifadə azadlığı hüququna müdaxilə digər şəxslərin hüquqlarını qorumaq məqsədi güdüb. Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsinə əsasən hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır. Şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. Göstərilən maddi normalara əsasən məhkəmə qeyd edir ki, hazırki iddia tələbi ilə bağlı müəyyən edilməli olan hallar cavabdehin hüquqazidd hərəkət və ya hərəkətsizliyi nəticəsində iddiaçının hüquqlarının pozulması, əgər yuxarıda göstərilən hallar mövcuddursa, bunun nəticəsində iddiaçıya ziyanın vurulub-vurulmaması, onların arasında olan səbəbli əlaqənin olmasıdır. Məhkəmə qeyd edir ki, iddianın dəlillərinə əsasən şərəf, ləyaqət və işgüzar nüfuzun müdafiəsi üçün tələb olunan üç şərtin mövcud olması sübut olunmur. Belə ki, iddiaçıya mənəvi iztirab və sarsıntı verməsi, işgüzar nüfuzuna ləkə gəlməsi, şüurunda müəyyən mənfi reaksiyaya və sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsinə səbəb olması işin halları ilə təsdiq olunmamış, iddiaçı bu barədə məhkəməyə mötəbər və təkzibolunmaz sübut təqdim etməmişdir. Bu səbəblə də iddia əsassız hesab olunmalıdır. Mülki işlər üzrə məhkəmə icraatında çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyinin müdafiə edilməsi üçün irəli sürdüyü tələb və etirazların əsaslarının sübut edilməsi imkanlarını və vasitələrini müəyyən edən sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq mülki məhkəmə icraatının tərəfləri öz tələb və etirazlarının əsası kimi əsaslandığı halları sübut etməlidir. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1.-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 80, 88-ci maddələri ilə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə qətnaməni çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, təqdim edilən sübutlarla, izahatlarla və sənədlərlə əsaslandıraraq belə hüquqi nəticıyə gəlir ki, iddia təmin olunmamalıdır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia rədd edilsin. İddiaçı1 Yaddulla oğlunun və İddiaçı2 Cavabdeh qarşı mənəvi zərərə görə 5000 manat pul tələbinə dair iddiası təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən tərəflər bir ay müddətinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verə bilərlər. Sədrlik edən:Habil Bəhmənov
Məhkəmə qərarları › İş №2(050)-2598/2023
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-2598/2023
30.10.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver