Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-2618/2023 18.09.2023 MASALLI RAYON MƏHKƏMƏSİ X1 (sədrlik edən), Məhkəmə iclas katibi X3 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və X2 qarşı «əsassız varlanma nəticəsində əldə etdiklərinin geri qaytarılması» tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 ondan aldıqları 2550 manat nağd pulun, 500 manat dəyərində pilləkən üçün nəzərdə tutulmuş taxtaların dəyərinin, 2000 (iki min) manat mənəvi ziyanın və ödənilmiş 71 manat dövlət rüsumunun, cəmi 5121 (beş min yüz iyirmi bir) manat pulun müştərək qaydada alınaraq ona qaytarılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 25 sentyabr 2020-ci il tarixdə, cavabdeh qardaşlara evinin pilləkənini düzəldilməsi üçün 2550 manat nəğd pul, 4 ədəd, uzunluğu 4 metr olan və 5x15 (qalınlığı 5 sm və eni 15 sm) olan taxta və 2 ədəd uzunluğu 2 metr və 5x15 (qalınlığı 5 sm və eni 15 sm) olan taxtaları vermişdir. Ona söz vermişlər ki, bir ay ərzində pilləkəni gətirib quraşdıracaqlar. Həmin vaxtı cavbadehlər Xırdalan şəhərində yerləşən sexdə fəaliyyət göstərmişlər. Cavabdehlər bu gün-sabah adı ilə dəfələrlə gedib gəlmişdir. Bir gün sexin rəisi bildirmişdir ki, həmin şəxsləri (cavabdehləri) işdən qovmuşdur. Ona görə də, o, ərizə ilə Abşeron Rayon Polis İdarəsinə müraciət etmişdir. Polis idarəsində cavabdehlər etiraf etmişlər və söz vermişlər ki, yaxın müddətdə gəlib pilləkəni quraşdıracaqlar və işi yekunlaşdıracaqlar. Polis İdarəsindən ona verilən cavab məktubunda da göstərilir ki, mülki tələb olduğu üçün məhkəməyə müraciət etmək hüququ vardır. Həqiqətən də bir neçə gündən sonra cavabdehlər pilləkənin müəyyən hissələrini gətirib həyətə qoymuşlar və bildirmişlər ki, bir neçə günə işi yekunlaşdıracaqlar. O, cavbadehlərə dəfələrlə zəng etsə də, gündə bir bəhanə gətirmişlər. Ona görə də, məcburiyyət qarşısında məhkəməyə müraciət etməli olmuşdur. Cavabdehlər ondan 2550 manat nağd pulunu və əmlakı olan pilləkən üçün nəzərdə tutulmuş taxtalarını almaqla ona maddi ziyan vurmuşdur. Bundan başqa o, bu müddət ərzində bu işlə bağlı müxtəlif instansiyalara müraciətlər etmişdir. Dəfələrlə Bakı şəhərinə, Abşeron Polis İdarəsinə gedib-gəlmişdir. Cavabdehlərin tapılması üçün müxtəlif ünvanlara müraciət etmişdir (çünki cavabdehlər Bakı şəhərində fəaliyyət ğöstərsələr də Masallı rayonunun Təkdam kəndində qeydiyyatdadırlar). O, əsəb gərginliyi keçirmiş, eləcə də ona maddi-mənəvi ziyan vurulmuşdur. Ona dəyən ziyanı 2000 (iki min) manat qiymətləndirir. O, cavabdehlərdən pulunu yox, evinin pilləkəninin tezliklə quraşdırılmasını tələb etmişdir. Hal-hazırda o, başqa usta ilə danışıb işini yekunlaşdırmışdır və onun əlavə xərci çıxmışdır. Cavabdehlərə işin tezliklə yekunlaşdırılması ilə bağlı dəfələrlə müraciət etsə də, heç bir nəticəsi olmamışdır. Ona görə də hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı əvvəlki məhkəmə iclasında verdiyi izahatında iddianı müdafiə edərək iddia tələbinin tam təmin edilməsini xahiş etmişdir. Cavabdehlər Cavabdeh2 və X5 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan DİN Abşeron rayon Polis idarəsindən İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Daxili İşlər Nazirliyində “Vətəndaş müraciətlərinə baxılması qaydası" haqqında qərarda müraciət X7 səlahiyyətlərinə aid olmadığı zaman və eləcə də müraciətin aidiyyəti üzrə göndərilməsi mümkün olmadıqda müraciət müəllifinə məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Odur ki, hal-hazırda qüvvədə olan Azərbaycan Respubiikası Mülki-Prosessual Məcəlləsinin 4-cü maddəsinə əsasən mülki ittiham qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. İş materiallarında olan DİN Abşeron rayon Polis idarəsinin Mehdiabad polis bolməsinin xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, Abşeron rayonu, Mehdiabad qəsəbəsində yaşayan İddiaçı xx.xx.2021-cl il tarixdə Abşeron RPİ-nin Mehdiabad PB-nə ərizə ilə müraciət edərək, xx.xx.2020-ci iİ tarixdə internet saytında tanış olduğu Elgün və İlkin adlı şəxslərə yaşadığı evinə taxta pilləkən düzəltdirmək məqsədilə Mehdiabad qəsəbəsində yerləşən evində şifahi razılaşma əsasında 2000 manat pul vermiş, lakin həmin şəxslərin bu günə kimi nə pulu nədə sifariş verdiyi taxta pilləkəni düzəltmədiklərini bildirmişdir. İddiaçı tərəfindən verilmiş şikayət əsasında araşdırma zamanı izahatı alınmış Cavabdeh2 Əliağa oğlu bildirmişdir ki, barəsində şikayət edən İddiaçı xx.xx.2020-ci il tarixdə ona yaşadığı evə taxta pilləkən sifariş etmiş, lakin söz verdiyi vaxtda pilləkəni düzəldə bilməmişdir. O, tez bir zamanda şikayətçinin sifariş etdiyi pilləkəni düzəldib təhvil verəcəyinə söz vermişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1091-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Həmin Məcəllənin 1092.2-ci maddəsinə əsasən əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Həmin Məcəllənin 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Məhkəmə iddiaçının cavabdehlərdən 2550 manat və 500 manat dəyərində pilləkən üçün nəzərdə tutulmuş 500 manat məbləğində pul tələbinə münasibətdə qeyd edir ki, cavabdehlərin hüquqazidd əməli nəticəsində iddiaçıya maddi zərər dəyməsi müəyyən olunur. Belə ki, iş materiallarına iddiaçı tərəfindən əlavə edilmiş sübutlarla və polis şöbəsində aparılmış araşdırmalar, xx.xx.2021-ci il tarixli arayış, xx.xx.2020-ci il tarixli ərizə, iddiaçının ərizələri və izahatı ilə müəyyən olunur ki, iddiaçı cavabdehlərə 2000 (iki min) manat məbləğində pul vermişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia maddi ziyanın tutulması hissədə qismən təmin olunmalı və cavabdehlərdən ümumilikdə 2000 (iki min) manat məbləğində pul alınaraq iddiaçıya ödənilməlidir. Həmçinin məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır”. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli Qərarında müəyyən edilmişdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2008-ci il tarixli 7 saylı plenum qərarında əks edilmiş hüquqi mövqeyə əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Həmin qərarda həmçinin qeyd edilmişdir ki, məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X6 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X6 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Plenum izah etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X6 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir. Məhkəmə qeyd edilən normalara əsaslanaraq iddianın 2000 (iki min) manat məbləğində mənəvi zərər tələbinə münasibətdə qeyd edir ki, həmin məbləğdə hər hansı zərərin iddiaçıya dəyməsinə dar hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Odur ki, iddia mənəvi ziyan hissəsində təmin edilməməlidir. Mülki-Prosessual Məcəllənin 119.1-ci maddəsi nəzərdə tutur ki, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, iş üzrə ödənilmiş 71 manat məbləğində dövlət rüsumu da cavabdehlərə aid edilməli və ondan alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarı). Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233, 234, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 2000 (iki min) manat məbləğində pul və 71 (yetmiş bir) manat məbləğində dövlət rüsumu alınaraq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov
Məhkəmə qərarları › İş №2(050)-2618/2023
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-2618/2023
18.09.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver