Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-272/2024 09.01.2024 MASALLI RAYON MƏHKƏMƏSİ hakim Quliyev Ceyhun Əmir oğlunun sədrliyi, Qasımov Xanbaba Alxas oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikahlarından doğulmuş xx.xx.2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 250 manat sabit pul məbləğində alimentin cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə rəsmi nikaha girməklə ailə həyatı qurmuşlar. Birgə nikahlarından xx.xx.2013-cü ildə X3 adlı uşaqları doğulmuşdur. Əvvəllər mehriban yaşasalarda, sonradan ayrılmışlar. Nikahları pozulmuşdur. Uşaq onun yanındadır. Cavabdeh uşağın saxlanılmasında köməklik göstərmir. Mediasiyaya müraciət etsə də, cavabdeh mediasiya prossesində iştirak etməmişdir. Odur ki, cavabdehdən hər ay bir uşaq üçün 250 manat sabit pul məbləğində alimentin alınaraq ona verilməsi barəsində qətnamə qəbul edilməsi xahiş olunur. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək, həmçinin bildirdi ki, cavabdehin nə işlə məşğul olması barədə məlumatı yoxdur. Birlikdə yaşayanda da cavabdehin ayda nə qədər qazanmasını bilmirdi. Sonda İddiaçı iddanın təmin edilməsini xahiş etdi. Əvvəlki məhkəmə iclasında cavabdeh iddianı qismən qəbul edərək bildirmişdir ki, nikahları pozulmuşdur. Azyaşlı övladı anasının yanındadır. Rəsmi iş yeri yoxdur. Hər ay 150-160 manat aliment ödəyə bilər. Sonda Cavabdeh göstərilənlərin nəzərə alınmasını xahiş etmişdir. Mülki prosessual qanunvericiliyə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iddiaçının və cavabdehin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Nikahın pozulması haqqında arayışdan görünür ki, Cavabdeh ilə İddiaçı arasında olan nikah qeydi pozulmuşdur. Doğum haqqında şəhadətnamədən görünür ki, xx.xx.2013-cü il təvəllüdlü X1 atası Cavabdeh, anası İddiaçıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: - 75.1-ci maddəsinə əsasən valideynlər övladlarını saxlamağa borcludurlar. - 78.1-ci maddəsinə əsasən aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu hallarda, habelə uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də həmin Məcəllənin 76-cı maddəsinə uyğun olaraq, qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. - 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Qanunvericiliyin göstərilən müddəalarını işin faktiki hallarına tətbiq etməklə məhkəmə hesab edir ki, cavabdeh valideyn kimi uşağını saxlamağa borcludur. İddiaçı ilə cavabdehin hal-hazırda ayrı yaşaması, yetkinlik yaşına çatmayan uşağın anasının yanında qalması və onun saxlanılması üçün vəsait tələb olunduğu, uşağın mənafeyi, habelə cavabdehin rəsmi gəlirləri olmadığı nəzərə alınaraq cavabdehdən iddiaçının xeyrinə aliment sabit pul məbləğində tutulmalıdır. Məhkəmə yetkinlik yaşına çatmayan uşağın mənafeyini, onun normal, yəni, qida rassionlarına uyğun şəkildə qidalanmasını, fiziki cəhətdən inkişafını, təhsili ilə bağlı xərcləri, uşağın əvvəlki təminatnın səviyyəsinin mümkün qədər maksimal saxlanılmasını, uşağın cavabdehlə yanaşı iddiaçıdan da maddi təminat almaq hüququnun olmasını, məhkəmə qətnaməsinin icra olunması üçün çıxarılmasını, qətnamənin digər tərəfə sitəm verilməsi üçün deyil, ədalətli balansı bərpa etmək üçün olmasını, məhkəmə qətnaməsi çıxararkən tərəflərin əsaslı mənafelərinin nəzərə alınmalı olmasını əsas tutub hesab edir ki, xx.xx.2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 200 (iki yüz) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə araşdırması zamanı cavabdehin həmin məbləğdə aliment ödənilməsini istisna edən hər hansı bir hal (işləməsinə maneə olacaq xəstəliyi, yaşının kifayət qədər çox olması və sair hallar) müəyyən edilməmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı yetkinlik yaşına çatmayan uşağın saxlanılması üçün hər ay sabit pul məbləği ilə bir uşağa görə 250 manat manat aliment tutulub ona verilməsini xahiş etsədə, cavabdehin tələb edilən məbləğə mütənasib qazanc əldə etməsini təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. MPM-in 234.2 və 234.2.1-ci maddələrinə əsasən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunmalıdır. İddiaçının aliment ödənilməsi barədə ərizəsi məhkəməyə 22 noyabr 2023-cü il il tarixdə daxil olduğundan aliment də həmin vaxtdan tutulmalı və qətnamə dərhal icra edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233,234 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. 22 noyabr 2023-cü il tarixdən başlayaraq xx.xx.2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 200 (iki yüz) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ceyhun Quliyev
Məhkəmə qərarları › İş №2(050)-272/2024
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-272/2024
09.01.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver