Məhkəmə qərarları › İş №2(050)-2734/2025

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-2734/2025

18.09.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-2734/2025 18.09.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Coşqun Şamil oğlunun sədrliyi, Kərimli Famil Ələskər oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh qarşı aliment məbləğinin azaldılması barədə iddia ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təsviri hissə İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Masallı rayon Məhkəməsinin 8(050)-137/2025 saylı, 21 aprel 2025-ci il tarixli qərardadı ilə yetkinlik yaşma çatmayan 22 aprel 2011-ci il təvəllüdlü X1 (hazırda X2) yetkinlik yaşına çatanadək saxlanılması üçün ondan tələbkar Cavabdeh xeyrinə tutulan bir uşağa görə 150 manat sabit pul məbləğində aliment minimum əmək haqqının 1.42 misli həddində indeksasiya olunmuş alimentin həcminin azaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının dəlilləri: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə birgə yaşadıqları müddətdə bir övladları olmuşdur. Xasiyyətləri uyğun gəlmədiyi üçün ayrılmışlar. Cavabdeh iddia ərizəsi ilə sabit pul məbləğində alimentlə bağlı məhkəməyə müraciət etmiş və Masallı Rayon Məhkəməsinin 2(050)-2087/2016 saylı, 19 sentyabr 2016-cı il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək ondan 18 aprel 2016-cı il tarixdən başlayaraq birgə nikahdan doğulmuş 22 aprel 2011-ci il təvəllüdlü X1 (hazırda X2) yetkinlik yaşma çatanadək saxlanılmasından ötrü hər ay bir uşağa görə 150 (bir yüz əlli) manat sabit pul məbləğində alimentin alınaraq Cavabdeh ödənilməsi qət edilmişdir. Cavabdeh sabit pul məbləğində tutulan alimentin indeksasiya olunması barədə məhkəməyə ərizə ilə müraciət etmiş və Masallı Rayon Məhkəməsinin 8(050)-137/2025 saylı, 21 aprel 2025-ci il tarixli qərardadı ilə ərizə təmin edilmiş və Masallı Rayon Məhkəməsinin 2(050)-2087/2016 saylı, 19 sentyabr 2016-cı il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin indeksasiyası aparılaraq 11 aprel 2025-ci il tarixdən başlayaraq ondan 22 aprel 2011-ci il təvəllüdlü X1 (hazırda X2) adlı uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh xeyrinə sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1,42 misli həddində sabit pul məbləğində alimentin tutulması təmin edilmişdir. Belə ki, o əvvəlki qətnamə ilə müəyyən olunmuş alimenti ödəməkdən yayınmır. Lakin, hazırki artımın misli ödənişi onu əlverişsiz bir vəziyyətə gətirib çıxaracaq, maddi sıxıntılarla qarşılaşacaqdır və bu da bir sıra problemlərin yaranmasına gətirib çıxaracaqdır. Heç bir təsərrüfatı yoxdur, heç bir gəlir yeri yoxdur, adına heç bir əmlak mövcud deyildir, heç bir yerdə işləmir və ödənişi ödəməkdə çətinlik çəkir. O, yalnız əvvəlki miqdarda təyin edilmiş alimenti az miqdarda ödəyə bilər. Ona görə də alimentin azaldılması zərurəti yaranmışdır. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirdi ki, hazırda heç bir yerdə işləmir, gəliri yoxdur. İş olanda fəhləliklə məşğul olur. Ən çoxu 250 manat aliment ödəmək iqtidarındadır. Bundan başqa cavabdeh uşağı onunla görüşməyə imkan vermir. Qalan alimet borcundan müəyyən hissəsini ödəmiş, digər borcla bağlı da onunla razılığa gəlmişdir. Lakin, cavabdehin atası onlara imkan vermir ki, onlar razılıq etsinlər. Sonda İddiaçı iddianın təmin edilməsini xahiş etdi. Cavabdehin mövqeyi: Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddianı qəbul etməyərək izahatında bildirmişdir ki, cavabdeh onun qızıdır. Qızı övladı ilə birlikdə Bakı şəhərində yaşayır. Uşaq məktəblidir, həmçinin hazırlıqlara gedir. 200 manatdan artıq hazırlıqlara ödənişlər olunur. Bundan başqa uşaqda dəri xəstəliyi vardır, onun dərmanlarına xeyli miqdarda pul xərclənir. Cavabdeh özü də xəstədir. Onlara özü və oğlu köməklik edir. Onlara köməklik edilməsə, yaşayış şəraitləri çox ağır vəziyyətə düşər. Hesab edir ki, təyin olunmuş alimentin məbləği uşağın xərclərinə kifayət etmir. İddiaçının 4000 manata yaxın aliment borcu olmuşdur, ondan 1000 manat ödəniş etmiş, hazırda isə 3000 manat borcu qalmışdır. Bu borc da təyin edilmiş 568 manat aliment məbləğinin 5 ay ərzində ödənilməməsi nəticəsində yaranmışdır. Sonda Nümayəndə iddianın rədd edilməsini xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Cavabdeh nümayəndəsi Nümayəndə verdiyi izahatın məzmununa uyğun izahat verərək iddianın rədd edilməsini xahiş etmişdir. Mülki prosessual qanunvericiliyə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iddiaçını və cavabdehi dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına olan: Masallı Rayon Məhkəməsinin 2(050)-2087/2016 saylı, 19 sentyabr 2016-cı il tarixli qətnaməsindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında olan nikah pozulmuş, İddiaçı 18 aprel 2016-cı il tarixdən başlayaraq tərəflərin birgə nikahlarından doğulmuş 22 aprel 2011ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün 150 manat alimentin alınaraq Cavabdeh ödənilməsi qət edilmişdir. Masallı Rayon Məhkəməsinin 8(050)-137/2025 saylı, 21 aprel 2025-ci il tarixli qərardadından görünür ki, Masallı Rayon Məhkəməsinin 2(050)-2087/2016 saylı, 19 sentyabr 2016-cı il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin indeksasiyası aparılaraq 11 aprel 2025-ci il tarixdən başlayaraq İddiaçı 22 aprel 2011-ci il təvəllüdlü X3 (əvvəl X4) adlı uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh xeyrinə sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1.42 misli həddində sabit pul məbləğində aliment tutulması qərara alınmışdır. Cəlilabad RİHB-nın Privolnoye kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2025-ci il tarixli 5-41/2-23-288/2025 saylı arayışından görünür ki, İddiaçı hal-hazırda Cəlilabad rayonu Privolnoyev kəndində qeydiyyatdadır və hal-hazırda işləmir. Cavbdeh tərəfindən təqdim edilmiş, tibbi reseptlərdən görünür ki, X2 müalicə olunması üçün ona müxtəlif vaxtlarda, müxtəlif dərman reseptləri yazılmışdır. “AZEMİS” Elektron Məhkəmə İnformasiya sistemindən çıxarışdan görünür ki, İddiaçı adında əmək haqqı alması və adında əmlakının olması barədə məlumat aşkar edilməmişdir. Əsaslandırıcı hissə: Məhkəmədə işə baxılarkən müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdehin arasında bağlanmış nikah Masallı Rayon Məhkəməsinin 2(050)-2087/2016 saylı, 19 sentyabr 2016cı il tarixli qətnaməsi ilə pozulmuş, birgə nikahdan doğulmuş 22 aprel 2011-ci il təvəllüdlü X3 (əvvəl X4) anasının yanında saxlanılmış, uşağın saxlanması üçün 150 manat sabit pul məbləğində aliment müəyyən edilmişdir. Daha sonra Natəvan Abiyeva alimentin indeksasiyası barədə ərizə ilə məhkəməyə müraciət etmiş, Masallı Rayon Məhkəməsinin 8(050)-137/2025 saylı, 21 aprel 2025-ci il tarixli qərardadı ilə ərizə təmin edilmiş, Masallı Rayon Məhkəməsinin 2(050)-2087/2016 saylı, 19 sentyabr 2016-cı il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin indeksasiyası aparılaraq 11 aprel 2025-ci il tarixdən başlayaraq İddiaçı 22 aprel 2011-ci il təvəllüdlü X3 (əvvəl X4) adlı uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh xeyrinə sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1.42 misli həddində sabit pul məbləğində aliment tutulması qərara alınmışdır. Hazırda iddiaçı heç bir yerdə işləmədiyini, təyin edilmiş aliment məbləğinin onu çətin vəziyyətə saldığını əsas götürərək alimentin azaldılması tələbi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh iddia tələbini qəbul etməyərək hər uşağın təhsil alması ilə bağlı xərclərinin çox olmasını və xəstə olmasının nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakı hüquq normalarını qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinin tələblərinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2024-cü il tarixli sərəncamına əsasən minimum aylıq əmək haqqının məbləği xx.xx.2025-ci il tarixdən 400 manat müəyyən edilmişdir. Belə olan halda 2025-ci il üçün müəyyən edilmiş minumum əmək haqqı kimi müəyyən edilmiş 400 manat pulun 1,42 misli 568 manata bərabərdir. (400x1,42=568). Məhkəmə hesab edir ki, Masallı Rayon Məhkəməsinin 2(050)-2087/2016 saylı, 19 sentyabr 2016-cı il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin indeksasiyası aparılaraq 11 aprel 2025-ci il tarixdən başlayaraq İddiaçı 22 aprel 2011-ci il təvəllüdlü X3 (əvvəl X4) adlı uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh xeyrinə sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1.42 misli həddində sabit pul məbləğində, yəni 568 manat məbləğində aliment həddən artıq yüksək məbləğdir və həmin məbləğin ödənilməsi üçün cavabdeh müvafiq maddi imkanlara malik deyildir. “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının 25 noyabr 2024-cü il tarixli qanununa əsasən 2025-ci il üçün yaşayış minimumu ölkə üzrə 285 manat, əmək qabiliyyətli əhali üçün 305 manat, pensiyaçılar üçün 232 manat, uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir. Göründüyü kimi, məhkəmə qərardadı ilə bir uşağın saxlanması üçün indeksasiya edilmiş aliment məbləği qanunla müəyyən edilmiş yaşayış minumumundan 2 dəfədən çoxdur. Məhkəmə yeni aliment miqdarını müəyyən edərkən, tərəflərin ailə və maddi vəziyyətini, uşağın təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılmasını, həmçinin iddiaçı tərəfindən ona təyin edilmiş aliment məbləğinin ödəyə bilmə qabiliyyətində olub-olmamasını kimi halları nəzərə alaraq ödənilməli olan alimentin miqdarının azaldılaraq 300 manat sabit pul məbləğində müəyyən edilməsini məqsədəmüvafiq hesab edir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” 20 dekabr 2024-cü il 15 nömrəli Ali Məhkəməsi Plenum qərarının “8.4-1ci bəndində qeyd edilmişdir ki, Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. Ona görə də, məhkəmə tərəfindən hazırda müəyyən edilən alimentin miqdarı 2025-ci il ölkə üzrə müəyyən edilən minimum əmək haqqının müvafiq misli həddində müəyyən edilməlidir. 2025-ci ildə minumum əmək haqqının 400 manat olduğunu nəzərə alsaq, məhkəmənin hazırda bir uşaq üçün müəyyən etdiyi 300 manat sabit pul məbləği minumum əmək haqqının 0,75 faizini təşkil edir. (300:400=0,75 %). Qeyd edilənlərə əsasən, indekasiya edilmiş alimentin məbləği azaldılaraq, uşaq yetkinlik yaşına çatanadək cavabdehdən iddiaçının xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,75 misli həddində sabit pul məbləğində aliment tutulmalıdır. Yuxarıda göstərilən plenum qərarının 8.11-1-ci maddəsinə əsasən alimentin məhkəməyə müraciət edildiyi vaxtdan tutulmasına dair Ailə Məcəlləsinin 100.2-ci maddəsində nəzərdə tutulmuş qayda həmin Məcəllənin 112-ci maddəsinə əsasən artırılmış aliment məbləğinin tutulmasına da şamil edilir. Ali Məhkəmənin həmin qərarında irəli sürülən mövqeyə əsasən alimentin azaldılması iddiaları üzrə də azalmış aliment məbləğinin hesablanmasına bununla bağlı məhkəməyə iddia ərizəsi ilə müraciət edildiyi vaxtdan başlanılmalıdır. Belə olan təqdirdə məhkəmə hesab edir ki, azaldılmış aliment məbləğinin tutulmasına iddiaçının alimentin azaldılması tələbi ilə məhkəməyə müraciət etdiyi vaxtdan, yəni 28 iyul 2025-cü il tarixdən başlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Nəticə: Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Masallı Rayon Məhkəməsinin 8(050)-137/2025 saylı, 21 aprel 2025-ci il tarixli qərardadı ilə 22 aprel 2011-ci il təvəllüdlü X2 (əvvəl X4) yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı Cavabdeh xeyrinə sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının indeksasiya edilərək müəyyən edilmiş 1.42 misli həddində alimentin məbləği azaldılsın. 28 iyul 2025-ci il tarixdən başlayaraq yetkinlik yaşına çatmayan 22 aprel 2011-ci il təvəllüdlü X2 (əvvəl X4) saxlanması üçün İddiaçı Cavabdeh xeyrinə hər ay sonrakı artımlar nəzərə alınmaqla ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,75 misli həddində sabit pul məbləğində aliment tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Coşqun Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar