Məhkəmə qərarları › İş №2(050)-2782/2023

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-2782/2023

25.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-2782/2023 25.10.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Bəhmənov Habil Xanoğlan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Kərimli Nəzrin Fikrət qızının katibliyi ilə, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2, onun nümayəndəsi Nümayəndə iştirakı ilə. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı 15 mart 2023-cü il tarixli alğısatqı müqaviləsinin və onun əsasında verilmiş mülkiyyət hüququna dair çıxarışın etibarsız hesab edilməsi tələbinə dair mülki işə, Masallı rayon məhkəməsinin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı Masallı rayon regional “ASAN Xidmət” notariat ofisində 15 mart 2023-cü il tarixdə Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış Daşınmaz əmlakın alğı-satqı müqavilənin ləğv edilməsi və həmin müqavilə əsasında verilmiş çıxarışların etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən iddia ərizəsinin dəqiqləşməsinə dair ərizə təqdim edərək, iddia tələbini dəyişdiyini, alğı-satqı müqaviləsinin və onun əsasında verilmiş mülkiyyət hüququna dair çıxarışın etibarsız hesab edilməsi tələbinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi üzrə tələb onunla əsaslandırmışdır ki, Cavabdeh1 ilə 2008-ci ildə rəsmi nikaha daxil olmuşlar. Ər-arvad kimi yaşadıqları dövrdə sahibkarlıq fəaliyyəti ilə əlaqədar 0.0096 ha torpaq sahəsi əldə etmişlər. Həmin torpaq sahəsi ümumi birgə mülkiyyətləri hesab edilir. Cavabdehlə ər-arvad münasibətləri xx.xx.2020-ci ilə Masallı Rayon Məhkəməsinin qətnaməsinə əsasən pozulmuşdur. Lakin buna baxmayaraq Cavabdeh1 ümumi mülkiyyətdə olan torpaq sahəsini onun xəbəri və razılığı olmadan X1. Həmin torpaq sahəsinin satışından əldə etdiyi məbləğdən ona düşən payı verməmişdir. Həmçinin həmin torpağın satılmasına əvvəlcə razılıq vermək fikri olmamışdır. Ona görə də Cavabdeh1 ümumi mülkiyyətdə olan torpaq sahəsinin satılmasından sonrakı vaxtlarda xəbərdar olmuşdur. Birgə mülkiyyətiləri olan 0.0096 ha torpaq sahəsini Cavabdeh2 xx.xx.2023-cü ildə Masallı rayon “Asan Xidmət” mərkəzində alqı-satqı müqaviləsinə əsasən satmış və əldə etdiyi pulu tam şəkildə özünə götürmüşdür. Ümumi birgə əmlakları bir tərəfli qaydada notariat orqanı tərəfindən razılığı alınmadan ondan gizlin satıldığından və bundan yaxın vaxtlarda xəbərdar olduğundan məhkəməyə müraciət etmək qərarına gəlmişdir. İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil ayrı-ayrılıqda izahat verərək bildirmişlər ki, İddiaçı və Cavabdeh1 arasında olan nikah pozulmuş, iddiaçı uşaqları ilə birlikdə Bakı şəhərində kirayədə yaşayır. Masallı rayonu, Mollaoba kəndində yerləşən 0,0096 ha torpaq sahəsi birgə nikah dövründə əldə edilmişdir. Torpaq sahəsini satmaq üçün, Cavabdeh1 Gülşadın adına ev almaq üçün ondan etibarnamə istəmiş, ümumi etibarnamə əvvəlcə qohumları X3 verilmiş, sonuncu da ona verilmiş səlahiyyətləri digər qohum olan şəxs X5 ötürmüşdür. Bundan sonra Cavabdeh1 özü şəxsən, İddiaçı adından isə Ülviyyə Talıbova alğı-satqı müqaviləsini imzalamışdır və torpaq sahəsi Cavabdeh2 satılmışdır. İddiaçının məlumatı olduqdan sonra etibarnamə ləğv edilmiş, tərəflər arasında mübahisə yaranmışdır. Həmin müqavilənin bağlanmasına Gülşad Muxtarovun faktiki olaraq razılığı olmamışdır, o, aldadılmışdır, odur ki, göstərilən əsaslara görə iddianın təmin olunması xahiş olunur. Məhkəmə iclasında Cavabdeh1 izahat verərək bildirmişdir ki, iddianı qəbul edir. 0,0096 ha torpaq sahəsi Gülşadla birgə nikahları dövründə ümumi qazancları hesabına alınmış və 2013-cü ildə bu barədə çıxarış əldə olunmuşdur. Onun həmin torpaq sahəsini satmaqda məqsədi Bakı şəhərində ev almaq olmuşdur, lakin torpaq sahəsini satılmasından İddiaçı məlumatı olmamışdır. Torpaq sahəsini satarkən ev almaq üçün etibarnamə lazım olmasını bildirmiş, İddiaçı da ona inanaraq etibarnamə vermişdir. Cavabdeh2 onun qardaşı Elburus Muxtarovun arvadıdır. O, əslində bütün sövdələşməni qardaşı ilə etmiş, torpaq sahəsi kommersiya təyinatlı torpaq sahəsi olduğuna görə onunla satış qiymətini 60000 manata razılaşmışlar. Vergidən yayınmaq üçün alğı-satqı müqaviləsində torpağın qiyməti 2000 manat qeyd olunmuşdur. Razılaşmalarına görə qardaşı torpağın pulunu sonradan verməli idi və o, həmin pula uşaqlarına ev alacaqdı. Lakin Elburus sonradan pulu verməmişdir. Ona görə də, o, da alğı-satqı müqaviləsinin və çıxarışın etibarsız hesab edilməsini xahiş edir. Məhkəmə iclasında Cavabdeh2 və nümayəndəsi Nümayəndə ayrı-ayrılıqda izahat verərək bildirmişlər ki, 0,0096 ha torpaq sahəsinin alğı-satqı müqaviləsi qanunidir, müqavilənin bağlanmasından İddiaçı məlumatlı olmuş, özü Bakı şəhərində yaşadığı üçün etibarnamə vermişdir ki, alğı-satqı müqaviləsini onun adından nümayəndə imza etsin. Hesab edirlər ki, iddia əsassızdır və rədd olunması xahiş oluur. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Masallı rayon regional “ASAN Xidmət” notariat ofisinə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, səlahiyyətli şəxs məhkəmə iclasına gəlməmişdir. Məhkəmə iş materiallarında olan və tərəflərin tələbini müəyyən edən faktlarla və hallarla əlaqədar aşağıdakı sübutları tədqiq etmişdir: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Ərazi İdarəsinin xx.xx.2013-cü il tarixdə tərtib edilmiş Torpaq sahəsinin plan və ölçüsünə dair sənəddən görünür ki, **********29 reyestr nömrəli Masallı rayonu, Mollaoba kəndində yerləşən torpaq sahəsinin hüquq sahibi Cavabdeh1dur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışdan görünür ki, Masallı rayonu, Mollaoba kəndində yerləşən 0,0096 ha torpaq sahəsi Cavabdeh1 adına xx.xx.2013-cü il tarixdə xüsusi mülkiyyət kimi qeydiyyatdan keçmişdir. Masallı rayon regional “ASAN Xidmət” notariat ofisində Cavabdeh1-satıcı ilə Cavabdeh2-alıcı arasında bağlanmış AN-İ seriyalı ******* nömrəli, xx.xx.2023-cü il tarixli daşınmaz əmlakın alğı-satqı müqaviləsinin surətindən və məzmunundan görünür ki, satıcı mülkiyyətində olan Masallı rayonu, Mollaoba kəndində yerləşən, ümumi sahəsi 0,0096 ha olan torpaq sahəsini 2000 (iki min) manat qiymətə alıcı Cavabdeh2 satmışdır. Müqaviləni həmçinin İddiaçı əvəzinə nümayəndəsi X8 imza etmişdir. Reyestrdə 8İ-4785 № ilə qeyd edilmiş xx.xx.2013-cü il tarixli Masallı rayon regional “ASAN Xidmət” notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş İddiaçı əvəzinə X4 ərizəsindən görünür ki, birgə nikah dövründə əldə etdiyi əri Cavabdeh1 məxsus olan Masallı rayonu, Mollaoba kəndində yerləşən 0,0096 ha torpaq sahəsinin satılmasına razıdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Masallı rayonu, Mollaoba kəndində yerləşən 0,0096 ha torpaq sahəsi Cavabdeh2 adına xx.xx.2023-cü il tarixdə xüsusi mülkiyyət kimi qeydiyyatdan keçmişdir. Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 8 saylı Cəlilabad Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixdə tərtib edilmiş Torpaq sahəsinin plan və ölçüsünə dair sənəddən görünür ki. **********29 reyestr nömrəli Masallı rayonu, Mollaoba kəndində yerləşən torpaq sahəsinin hüquq sahibi Cavabdeh2 qızdır. Masallı regional “ASAN Xidmət” notariat ofisində xx.xx.2023-cü il tarixdə, AR-İİ seriyalı, 891800 nömrəli Etibarnamənin surətindən görünür ki, “Etibar Edən” İddiaçı tərəfindən verilən səlahiyyətlər arasında orqanlara ərizə ilə müraciət etmək, imzalamaq, əmlakı üzərində sərəncam vermək, satmaq və s hüquqlar qeyd edilmişdir. Etibarnamə üzrə X6 “səlahiyyətləri ötürmüş” şəxs, X8 “Etibar edilən”dir. Etibarnamə 8il 5 ay 1 gün müddətinə verilmişdir və xx.xx.2031-ci il saat 23:59-dək qüvvədədir. Masallı regional “ASAN Xidmət” notariat ofisinin xx.xx.2023-cü il tarixli, 1221 №-li məktubundan görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixli X3 və X7 vermiş olduğu etibarnamə xx.xx.2023-cü il tarixdə ləğv edilmişdir. Masallı rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş, AZ-İ seriyalı, 373872 nömrəli nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, Cavabdeh1 ilə İddiaçı nikahı Masallı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən pozulmuşdur. Nikaha xx.xx.2020-ci il tarixdə xitam verilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müəyyən olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Azərbaycan Respublikası Mülki Məcəllənin 223.1-ci maddələrinə görə birgə mülkiyyət hüququna əşyanın özgəninkiləşdirilməsi və ya birgə mülkiyyətin əmələ gəlməsinə əsas vermiş ümumiliyin mövcudluğuna son qoyulması ilə xitam verilir. Mülki Məcəllənin 225.1. və 225.6.-cı maddələrinin tələbinə görə ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Daşınmaz əmlaka birgə hüququ olan ərin (arvadın) razılığı olmadan daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış hüquq barədə bağlanmış müqavilə etibarsız hesab edilir. Bu, həmçinin əldə edənin belə hüququn yalnız müqavilə tərəfinə məxsus olması barədə vicdanlı olduğu hallara da aiddir. Əgər müqavilə üzrə tərəf müqavilənin etibarsızlığını bilirdisə və ya bilməli idisə, əldə edən həmin tərəfdən etibarsızlıqdan irəli gələn zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər; Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir; Həmin Məcəllənin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 646.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür; Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır; Həmin Məcəllənin 339.1-ci maddəsinə əsasən hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər. İlk növbədə işin mübahisəsiz halı ondan ibarətdir ki, Masallı rayonu, Mollaoba kəndində yerləşən 0,0096 ha torpaq sahəsi İddiaçı ilə Cavabdeh1 birgə nikahları dövründə ümumi ailə qazancı hesabına alınmış, Cavabdeh1 xx.xx.2013-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində Cavabdeh1 adına qeydə alınmışdır. İddiaçı ilə Cavabdeh1 arasındakı nikah münasibətlərinə məhkəmə qətnaməsi əsasında xx.xx.2020-ci il tarixdə xitam verilmişdir. İddiaçı mübahisələndirir ki, Masallı rayonu, Mollaoba kəndində yerləşən 0,0096 ha torpaq sahəsi xx.xx.2023-cü il tarixdə onun xəbəri olmadan Cavabdeh2 satılmış və onun adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2023-cü il tarixdə qeydiyyata alınmışdır. Keçmiş əri Cavabdeh1 ev almaq adı ilə onu aldatmış, etibarından istifadə edərək etibarnamə almış və torpaq sahəsini onun razılığı olmadan satılmasına nail olmuşdur. Göründüyü kimi, İddiaçı alğı-satqı müqaviləsinin etibarsızlığı qanuni əsaslara istinad edir. Əqdin etibarsızlığı dedikdə Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanan və məzmununda nəzərdə tutulmuş mülki-hüququ münasibətləri yaratmayan, yalnız özünün etibarsızlığı ilə bağlı nəticələrə səbəb ola bilən əqd başa düşülür. Etibarsız əqd qanuna zidd xarakter daşıyır və bu keyfiyyətinə görə müəyyən neqativ nəticələrə səbəb ola bilər. Mülki Məcəllənin 339-cu maddəsində əqdin etibarsız sayıla bilməsinin altı müxtəlif əsasları müəyyən edilmişdir. Bu müxtəlif əsasların ümumi xüsusiyyətləri ondan ibarətdir ki, onların nəticəsində tərəflərin birinin iradəsinə zidd olaraq, mənafeyini ciddi şəkildə pozan, qarşı tərəfin iradəsinə uyğun olan və onun arzuladığı əqd bağlanır. Əslində tərəflərdən biri öz iradəsinə zidd bir əqdin bağlanmasına məcbur edilir. Bu isə mülki qanunvericiliyin bir sıra prinsiplərini, o cümlədən mülki hüquq subyektlərinin bərabərliyi, onların sərbəstliyi və təbii ki, müqavilə azadlığı prinsiplərinin kobud pozulmasıdır və belə əqdlər mübahisə edilən əqdlər qrupuna aid edilir. Əqdin etibarsızlığı əqdin bağlanması ilə əlaqədar yol verilən hüquqa zidd halların nəticəsi olmaqla, bağlandığı andan etibarən öz təsir və nəticələrini göstərir. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur (Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel tarixli Qərar). Konstitusiya Məhkəməsinin Plenumu 02 aprel 2021-ci il tarixli Qərarında vurğulayır ki, istər mübahisə edilən, istərsə də əhəmiyyətsiz əqdlərin etibarsızlığı məhkəmə qərarı nəticəsində yaranmır. Mübahisə edilən əqdlərdə tərəfin mübahisələndirmə ilə bağlı digər tərəfə yönəlmiş iradə ifadəsi, əhəmiyyətsiz əqdlərdə isə əqdin bağlandığı andan zəruri etibarlılıq şərtlərinə uyğunsuzluğu əqdi etibarsız edir. Maraqlı tərəflər arasında əqdin etibarsızlığı və ya onun nəticələri ilə bağlı yaranan mübahisələrə dair məhkəmə tərəfindən verilən qərar əqdin etibarsızlığı faktının mövcud olub-olmadığını təsdiq etməklə tərəflər arasındakı hüquqi mübahisəni həll edir. “Notariat haqqında” Azərbaycan Respublikası qanunun 35-ci maddəsinə əsasən notariuslar və notariat hərəkətləri aparan digər vəzifəli şəxslər hər bir halda müvafiq notariat hərəkətləri apararkən bunun üçün müraciət etmiş şəxslərin, onların nümayəndələrinin və ya idarələrin, müəssisələrin və təşkilatların nümayəndələrinin səlahiyyətini müəyyən etməlidirlər; Əqdlər təsdiq edilərkən və Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulan hallarda bəzi başqa notariat hərəkətləri aparılarkən əqdlərin iştirakçılarının və notariat hərəkətlərinin aparılması üçün müraciət etmiş digər şəxslərin imzalarının həqiqiliyi yoxlanılmalıdır; Əqdlər təsdiq edilərkən əqdlərdə iştirak edən şəxslərin fəaliyyət qabiliyyəti aydınlaşdırılmalıdır və hüquqi şəxslərin hüquq qabiliyyəti yoxlanılmalıdır. Əqd nümayəndə tərəfindən aparıldıqda onun səlahiyyəti yoxlanılmalıdır; Notariat qaydasında təsdiq edilən əqdlər, habelə ərizələr və başqa sənədlər notariusun və ya notariat hərəkəti aparan digər vəzifəli şəxsin iştirakı ilə imzalanmalıdır. Əgər əqd, ərizə və ya başqa sənəd göstərilən vəzifəli şəxslərin iştirakı olmadan imzalanmışsa, onu imzalayan şəxs sənədi özünün imzaladığını şəxsən təsdiq etməlidir. Məhkəmə tərəfindən mülki iş materialları araşdırılarkən alğı-satqı işi tələb edilmiş, öyrənilmiş və müəyyən edilmişdir ki, İddiaçı tərəfindən X5 etibarnamə verilmiş, həmin etibarnamə üzrə ona məxsus əmlakların idarə edilməsi, onlara dair sərəncam verilməsi, əmlakın satılması, adından dövlət orqanlarına ərizə verilməsi və s. hüquqlar ürə səlahiyyətlər verilmişdir. Qeyd edilən etibarnamə üzrə etibar edilən şəxs X8 xx.xx.2023-cü il tarixdə İddiaçı adından Masallı rayonu, Mollaoba kəndində yerləşən 0,0096 ha torpaq sahəsinin satılmasına razılıq verməsi barədə notarial qaydada tərtib edilmiş ərizəni öz imzası ilə təsdiq etmişdir. Göründüyü kimi, Masallı regional “ASAN Xidmət” mərkəzində notariat ofisində AN-İ seriyalı ******* nömrəli, xx.xx.2023-cü il tarixli daşınmaz əmlakın alğı-satqı müqaviləsinin rəsmiləşdirilməsi zamanı qanunvericiliyin tələblərinin pozulması halları aşkar edilməmiş, təmsilçi kimi Ülviyyə Talıbova səlahiyyətləri aşmamış, bu səbəbdən qeyd edilən alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və ondan yaranan hüquqi nəticələrin ləğv edilməsi üçün hər hansı hüquqi əsas yoxdur. Əqdin etibarlılığını isə şübhə altına alan hər hansı bir hal müəyyən edilməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 359.1-ci maddəsinə əsasən əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər. Həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 364.2-ci maddəsinə əsasən səlahiyyətləri başqa şəxsə verən bunu etibarnaməni verənə bildirməli və səlahiyyətləri verdiyi şəxs barəsində ona lazımi məlumat verməlidir. Bu vəzifənin icra edilməməsi səlahiyyəti verənin üzərinə səlahiyyətləri verdiyi şəxsin hərəkətləri üçün öz hərəkətləri üçün olduğu kimi məsuliyyət qoyur. Bundan başqa nəzərə alınmalıdır ki, Cavabdeh1 iddianı qəbul etsə də, onun etirafı digər Cavabdeh2 hüquq və mənafelərini pozur və həmin etiraf qəbul edilməməlidir. Onun mövqeyindən belə nəticəyə gəılmək olur ki, Təhmasiv Muxtarov müqaviləsinin etibarsız hesab olunmasında maraqlıdır və həmin halı torpaq sahəsini əslində 60000 manata satması, həmin pulu sonradan ala bilməməsi ilə əlaqələndirir. Halbuki İddiaçı torpaq sahəsinin dəyərini mübahisələndirməmiş, yalnız Cavabdeh1 tərəfindən aldadıldığına, alğısatqı müqaviləsinin onun məlumatı və razılığı olmadan bağlanmasına istinad edərək tələbini əsaslandırmışdır. Göründüyü kimi, İddiaçı müqavilənin bağlanmasından məlumatlı olmamasını sübut edə bilməmişdir. Ümumiyyətlə iddia ərizəsinin məzmunundan və iddiaçının izahatından belə nəticəyə gəlmək olar ki, onun mübahisə yatarmasının əsas səbəbi satışdan əldə olunmuş pulu keçmiş əri Cavabdeh1 ona verməməsi olmuşdur. Bu hal isə onunla Cavabdeh1 arasında olan hüquq münasibətidir. İddia ərizəsinin “çıxarışın etibarsız hesab edilməsi” tələbi “alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinin törəmə tələbi olduğundan, əsas tələb təmin edilmədiyindən, ondan törənmiş tələb də təmin edilə bilməz. Ona görə də, iddia tələbi “çıxarışın etibarsız hesab edilməsi” hissəsində də təmin edilməməlidir. Beləliklə məhkəmə qeyd olunan əqdlərin etibarsızlığı ilə bağlı maddi hüquq normalarının tələblərini mövcud mübahisənin əsasları ilə qarşılıqlı təhlilinə və işin faktiki hallarına əsasən hesab edir ki, İddiaçı hazırkı iddiası əsassızdır, iddiaçı iddiasını əsaslı edən müvafiq sübutlarını məhkəməyə təqdim edə bilməmiş, mövcud sübutlar məhkəmədə araşdırılmış və qarşılıqlı tədqiq edilmiş, işin faktiki halları ilə təkzib olunmaqla öz təsdiqini tapmamışdır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək qeyd edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı 15 mart 2023-cü il tarixli alğı-satqı müqaviləsinin və onun əsasında verilmiş mülkiyyət hüququna dair çıxarışın etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 80, 88-ci maddələri ilə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Bu müddəalara uyğun olaraq ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. (MPM-in 9.1, 9.3, 217.1-217.4cü maddələri). Beləliklə, məhkəmə qətnaməni çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, tərəflərin izahatları ilə, təqdim edilən sübutlarla əsaslandıraraq belə hüquqi nəticəyə gəlir ki, iddia təmin edilməməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prossual Məcəlləsinin 216-220, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia rədd edilsin. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı 15 mart 2023-cü il tarixli alğısatqı müqaviləsinin və onun əsasında verilmiş mülkiyyət hüququna dair çıxarışın etibarsız hesab edilməsi tələbi üzrə iddiası təmin olunmasın. Qətnamə rəsmi qaydada verildiyi gündən tərəflər bir ay müddətinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə) Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Habil Bəhmənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar