Məhkəmə qərarları › İş №2(050)-2913/2025

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-2913/2025

21.10.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-2913/2025 21.10.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Firdovsi Zülfü oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rzayev Təbriz Əliniyaz oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının azaldılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında audio-video çəkiliş vasitəsi ilə baxaraq, müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikahlarından anadan olmuş xx.xx.2018-ci il təvəllüdlü X1 üçün Masallı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(050)-261/2025 saylı qərardadı ilə müəyyən olunmuş alimentin miqdarının azaldılaraq 150 (bir yüz əlli) manat müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 2017-ci ildə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşdur. Birgə nikahlarından xx.xx.2018-ci il təvəllüdlü X11 adlı bir övladları olmuşdur. Daha sonra ailə münasibətləri pozulmuş və Masallı Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(050)-702/2019 saylı qətnaməsinə əsasən aralarında olan nikah pozulmuş, uşaq ananın himayəsində saxlanılmış və uşağın saxlanılması üçün 110 manat aliment müəyyən edilmişdir. Masallı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(050)-261/2025 saylı qərardadına əsasən alimentin məbləği indekasiya olunmuş və 0,84 misli həddində müəyyən olunmuşdur. O, həmin məbləğlə razı deyil. Belə ki, o, "xxxx" MMC-də istehsalat müdiri vəzifəsində işləyir və 500 manat əmək haqqı alır. Bundan başqa o, ikinci dəfə X4 ilə ailə qurmuş, birgə nikahlarından xx.xx.2023cü il təvəllüdlü X8 və xx.xx.2025-ci il təvəllüdlü X9 adlı iki uşaqları olmuşdur. O, məcburi köçkündür və ll qarabağ müharibəsinin iştirakçısıdır. Hazırda maddi vəziyyəti ağır olmaqla yanaşı iki uşağı var. Şəfəq də onun övladıdır, onun saxlanılması üçün əmək haqqına uyğun aliment ödəmək iqtidarındadır. Onun aylıq gəliri övladları arasında bölünməlidir. Hazırda alimentin məbləği 336 manat müəyyən edilmiş, onun əmək haqqısı isə 500 manatdır, buna uyğun əmək haqqının ¼ hissəsi müəyyən oluna bilərdi ki, o da 125 manat təşkil etməlidir. 2025-ci il üzrə uşaqlara görə yaşayış minimumu 246 manatdır, lakin məhkəmənin müəyyən etdiyi aliment ondan da çoxdur. Onun maddi vəziyyətində böyük dəyşiylik yoxdur, o, 500 manat əmək haqqı alır və həmin əmək haqqı ilə əlavə iki uşaq saxlayır. Alimentin məbləği müəyyən olunarkən onun digər övladlarıda nəzərə alınmalıdır. Uşağı saxlamaq təkcə onun yox, cavabdehin də borcudur. Ona görə də, məcbur olub məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəməyə teleqram ünvanlayaraq keçiriləcək məhkəmə baxış iclasında işi ilə əlaqədar iştirak edə bilməyəcəyini, onun iştirakı olmadan işə baxıb iddiasının təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilsə də, məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Belə olan halda məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş: - Doğum haqqında şəhadətnamədən görünür ki, tərəflərin birgə nikahlarından 15 sentyabr 2018-ci il təvəllüdlü X11 adlı uşaqları anadan olmuşdur. - Masallı Rayon Məhkəməsinin 01 mart 2019-cu il tarixli, 2(050)-702/2019 saylı, qətnaməsindən görünür ki, iddiaçı X7 ilə İddiaçı arasında olan Füzuli rayon Qeydiyyat şöbəsində bağlanılmış 05 yanvar 2018-ci il tarixli, 04 saylı nikah akt qeydinin pozulması, 15 sentyabr 2018-ci il təvəllüdlü X6 anası X3 yanında yaşaması və 15 sentyabr 2018-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi onun saxlanılması üçün hər ay 110 (bir yüz on) manat sabit pul məbləğində alimentin cavabdeh İddiaçı alınaraq iddiaçı X5 ödənilməsi qət edilmişdir. - Masallı Rayon Məhkəməsinin 18 iyul 2025-ci il tarixli 8(050)-261/2025 saylı, qərardadından görünür ki, Masallı Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(050)- 702/2019 saylı qətnaməsi ilə İddiaçı tutulan xx.xx.2018-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay uşaq üçün nəzərdə tutulmuş 110 manat sabit pul məbləğində alimentin məbləği sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,84 misli həddində indeksasiya olunması qərara alınmışdır. - "xxxx" MMC tərəfindən verilmiş 21 iyul 2025-ci i tarixli, 39 nömrəli arayışdan görünür ki, İddiaçı "xxxx" MMC-də istehsalat müdiri vəzifəsində çalışır. Ştat cədvəlinə uyğun olaraq, aylıq vəzifə maaşı 500 (beş yüz) manat məbləğ təşkil edir. - Nikah haqqında şəhadətnamədən görünür ki, İddiaçı ilə X4 arasında 5 saylı “Asan Xidmət” mərkəzində Qeydiyyat şöbəsi tərəfindən bağlanmış 09 sentyabr 2019-cu il tarixli, 3716 saylı nikah qeydi vardır. - Doğum haqqında şəhadətnamələrdən görünür ki, İddiaçı ilə X2 birgə nikahlarından xx.xx.2023-cü il təvəllüdlü X8 və xx.xx.2025-ci təvəllüdlü X9 adlı uşaqları anadan olmuşdur. Mülki prosessual qanunvericiliyə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclası zamanı işin araşdırılan halları ilə müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış nikah Masallı Rayon Məhkəməsinin 01 mart 2019-cu il tarixli, 2(050)-702/2019 saylı qətnaməsi ilə pozulmuş və birgə nikahdan doğulmuş 15 sentyabr 2018-ci il təvəllüdlü X11 anasının yanında qalmaqla onun saxlanması üçün 110 manat sabit pul məbləğində aliment müəyyən edilmişdir. Daha sonra Cavabdeh təyin olunmuş alimentin indeksasiya edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmiş və Masallı Rayon Məhkəməsinin 18 iyul 2025-ci il tarixli, 8(050)-261/2025 saylı qərardadı ilə ərizə təmin edilərək məhkəmənin xx.xx.2019-cu il tarixli, 2(050)- 702/2019 saylı qətnaməsi ilə İddiaçı tutulan xx.xx.2018-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay uşaq üçün nəzərdə tutulmuş 110 manat sabit pul məbləğində alimentin məbləği sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,84 misli həddində indeksasiya olunmuşdur. Hazırda iddiaçı himayəsində başqa nikahdan iki azyaşlı olduğunu, təyin edilmiş aliment məbləğinin onu çətin vəziyyətə saldığını əsas götürərək alimentin azaldılması tələbi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinin tələblərinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2024-cü il tarixli sərəncamına əsasən minimum aylıq əmək haqqının məbləği xx.xx.2025-ci il tarixdən 400 manat müəyyən edilmişdir. Belə olan halda 2025-ci il üçün müəyyən edilmiş minumum əmək haqqı kimi müəyyən edilmiş 400 manat pulun 0,84 misli 336 manata bərabərdir. Məhkəmə hesab edir ki, Masallı Rayon Məhkəməsinin 01 mart 2019-cu il tarixli, 2(050)-702/2019 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin indeksasiyası aparılaraq İddiaçı 15 sentyabr 2018-ci il təvəllüdlü X11 adlı uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh xeyrinə sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,84 misli həddində sabit pul məbləğində, yəni 336 manat məbləğində aliment həddən artıq yüksək məbləğdir və həmin məbləğin ödənilməsi üçün cavabdeh müvafiq maddi imkanlara malik deyildir. “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının 25 noyabr 2024-cü il tarixli qanununa əsasən 2025-ci il üçün yaşayış minimumu ölkə üzrə 285 manat, əmək qabiliyyətli əhali üçün 305 manat, pensiyaçılar üçün 232 manat, uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir. Göründüyü kimi, məhkəmə qərardadı ilə bir uşağın saxlanması üçün indeksasiya edilmiş aliment məbləği qanunla müəyyən edilmiş yaşayış minumumundan çoxdur. Məhkəmə yeni aliment miqdarını müəyyən edərkən, tərəflərin ailə və maddi vəziyyətini, uşağın təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılmasını, həmçinin iddiaçı tərəfindən ona təyin edilmiş aliment məbləğinin ödəyə bilmə qabiliyyətində olub-olmamasını kimi halları nəzərə alaraq ödənilməli olan alimentin miqdarının azaldılaraq 220 manat sabit pul məbləğində müəyyən edilməsini məqsədəmüvafiq hesab edir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” 20 dekabr 2024-cü il 15 nömrəli Ali Məhkəməsi Plenum qərarının “8.4-1ci bəndində qeyd edilmişdir ki, Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Qeyd olunan qərara əsasən məhkəmə tərəfindən hazırda müəyyən edilən sabit pul məbləğində alimentin miqdarı 2025-ci il ölkə üzrə müəyyən edilən minimum əmək haqqının müvafiq misli həddində müəyyən edilməlidir. 2025-ci ildə minumum əmək haqqının 400 manat olduğunu nəzərə alsaq, məhkəmənin hazırda bir uşaq üçün müəyyən edəcəyi 220 manat sabit pul məbləği minumum əmək haqqının 0,55 mislini təşkil edir. Beləliklə məhkəmə toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməklə 15 sentyabr 2018-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün tutulmalı olan, Masallı Rayon Məhkəməsinin 18 iyul 2025-ci il tarixli, 8(050)-261/2025 saylı qərardadı ilə indeksasiya olunaraq müəyyən edilmiş alimentin miqdarı azaldılmalı və 15 sentyabr 2018-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanması üçün İddiaçı hər ay sonrakı artımlar nəzərə alınmaqla ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,55 misli həddində sabit pul məbləğində aliment tutularaq Cavabdeh verilməlidir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli Qərarının 8.14-cü bəndinə əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı azaldılarkən və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı azaldılmış alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Belə olan halda məhkəmə hesab edir ki, azaldılmış alimentin tutulmasına hazırki iş üzrə qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan hesablanmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənləri və Azərbaycan Respublikasının MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. 15 sentyabr 2018-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün tutulmalı olan, Masallı Rayon Məhkəməsinin 18 iyul 2025-ci il tarixli, 8(050)-261/2025 saylı qərardadı ilə indeksasiya olunaraq müəyyən edilmiş alimentin miqdarı azaldılsın. 15 sentyabr 2018-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanması üçün İddiaçı hər ay sonrakı artımlar nəzərə alınmaqla ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,55 misli həddində sabit pul məbləğində aliment tutularaq Cavabdeh verilsin. Azaldılmış alimentin tutulmasına qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Firdovsi Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar