Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-3054/2023 11.10.2023 MASALLI RAYON MƏHKƏMƏSİ hakim Quliyev Ceyhun Əmir oğlunun sədrliyi, Qasımov Xanbaba Alxas oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikahlarından doğulmuş 30 iyun 2012-ci il təvəllüdlü X3 və 14 oktyabr 2017-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay bir uşaq üçün 250 manat, cəmi 500 manat sabit pul məbləğində alimentin cavabdehdən tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh ilə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşdur. Birgə nikahlarından 30 iyun 2012-ci il təvəllüdlü X6 və 14 oktyabr 2017ci il təvəllüdlü X7 adlı uşaqları doğulmuşdur. Bir müddət mehriban yaşasalar da, sonradan ailə daxili narazılıqlar səbəbindən ayrılmışlar. Nikahları məhkəmə qaydasında pozulmuş, uşaqlar onun yanında saxlanılmışdır. Fərdi əməklə məşğul olaraq uşaqlarını dolandırmağa çalışır. Cavabdeh isə uşaqlarına heç bir maddi köməklik göstərmir. Qanunun tələbinə əsasən uşaqları saxlamaq hər iki valideyinin borcudur. O, üzərinə düşən vəzifəni layiqincə yerinə yetirir. Uşaqların təlim-tərbiyyəsi və təhsili ilə ciddi şəkildə maraqlanır, onların asudə vaxtlarını yüksək səviyyədə keçirilməsi üçün əlindən gələni edir. Onları ekskursiyalara, tətillərə və başqa əyləncə mərkəzlərinə aparır. Lakin maddi imkanı zəif olduğundan bunları tam şəkildə edə bilmir. Cavabdehdən dəfələrlə uşaqlarına maddi yardım etməsini xahiş etsə də, heç bir nəticəsi olmamışdır. Cavabdeh fərdi əməklə məşğul olaraq yüksək gəlir əldə edir. Maddi imkanı olduqca yüksəkdir, lakin uşaqlarına maddi yardım etmir. Odur ki, məhkəməyə müraciət etmək məcburuyyətində qalmışdır. İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərərək, əlavə olaraq bildirdi ki, musiqiçidir. Ayda təxminən 300 manat qazancı olur. Övladları məktəblidirlər. Cavabdeh işləmir. Sonda İddiaçı iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsasən məhkəmə bildirişinin cavabdehə çatdırılması üçün onun məlum olan axırıncı yaşayış yeri üzrə müvafiq yerli icra hakimiyyəti orqanına da göndərmişdir. Mülki prosessual qanunvericiliyə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Nikah haqqında şəhadətnamədən görünür ki, İddiaçı ilə Cavabdeh oğlu arasında 19 iyun 2012-ci il tarixdə Masallı Rayon Qeydiyyat şöbəsində 243 nömrəli nikah bağlanmışdır. Nikah bağlandıqdan sonra ərə (arvada) Əzimov (a) soyadı verilmişdir. Doğum haqqında şəhadətnamələrdən görünür ki, 30 iyun 2012-ci il təvəllüdlü X3 və 14 oktyabr 2017-ci il təvəllüdlü X4 atası İddiaçı, anası X1r. Masallı Rayon Məhkəməsinin 28 mart 2023-cü il tarixli, 2(050)-18/2023 saylı qətnaməsindən görünür ki, X2 ilə İddiaçı arasında 19 iyun 2012-ci il tarixdə Masallı Rayon Qeydiyyat şöbəsində bağlanmış, 243 № ilə qeyd edilmiş nikah pozulmuş, xx.xx.2012-ci il təvvəlüdlü X6 və xx.xx.2017-ci il təvəllüdlü X7 atası İddiaçı yanında saxlanılmışdır. Ailə Məcəlləsinin müvafiq maddələrinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur (mad. 75.1, 75.2, 75.3, 75.4). Aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur: 1 uşağa görə - qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi; 2 uşağa görə - qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi; 3 və daha çox uşağa görə - qazancın (başqa gəlirlərin) yarısı (mad. 76.1, 76.1.1, 76.1.2, 76.1.3). Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyrimüntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər (mad.78.1). Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir (mad.78.2). Qeyd edilən maddi hüquq normalarına əsasən məhkəmə qeyd edir ki, qanunvericilik yetkinlik yaşına çatmayan uşaqların saxlanılmasını valideynlərin vəzifəsi kimi müəyyən etmiş və bunun qaydasını və formasını müəyyənləşdirməkdə onlara müstəqillik vermişdir. Lakin uşaqların saxlanılmasından boyun qaçıran valideynlər bu vəzifəni həyata keçirməyə məhkəmə qaydasında məcbur edilə bilərlər. Ailə qanunvericiliyində aliment ödənilməsinin iki qaydası müəyyən edilmişdir: 1) könüllü - uşaqları saxlamaq barədə saziş əsasında (aliment ödənilməsi barədə saziş); 2) məcburi - məhkəmə qərarı əsasında. Aliment öhdəliyi dedikdə, ailə münasibətlərinin iştirakçısı olan ər-arvad, valideynlər və uşaqlar arasında yaranan elə hüquq münasibətləri başa düşülür ki, burada bir tərəf digər tərəfin saxlanılması üçün onlar arasında olan razılıq əsasında və ya qanunvericiliyə uyğun olaraq məcburi qaydada müəyyən edilən vəsaiti (alimenti) ödəməyə borclu olur. Həmçinin, eyni qanunvericilikdə məhkəmə qaydasında alimentin tutulmasının 2 qaydası müəyyən edilmişdir: 1) aliment ödəyənin aylıq qazancının (gəlirinin) müəyyən hissəsi miqdarında; 2) sabit pul məbləğində. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin sabit məbləğdə tutulmasının bir neçə əsasını müəyyən etmişdir: aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyrimüntəzəm, dəyişən olarsa; aliment verməyə borclu olan valideyn qazancının (gəlirinin) hamısını və ya bir hissəsini natura və ya xarici valyuta ilə alırsa; aliment verməyə borclu olan valideynin qazancı və ya sair gəliri yoxdursa; alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda. Bu əsaslardan hər hansı biri mövcud olduqda alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Alimentin sabit məbləğində tutulması yalnız uşaqların saxlanılması üçün aliment tutulması ilə bağlı məhkəməyə müraciət edən şəxsin tələbi əsasında mümkündür. Başqa sözlə, məhkəmə alimentin sabit pul məbləğində tutulmasını öz təşəbbüsü əsasında, yaxud cavabdehin vəsatəti əsasında həll edə bilməz. Ailə Məcəlləsinin 78.2-ci maddəsində alimentin miqdarı müəyyən olunarkən məhkəmənin üzərinə bir sıra məsələlərin araşdırılması vəzifəsi qoyulmuşdur: tərəflərin maddi və ailə vəziyyəti; diqqətəlayiq digər hallar; uşağın əvvəlki təminatının səviyyəsi. Məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafelərini, onların normal, yəni, qida rassionlarına uyğun şəkildə qidalanmalarını, fiziki cəhətdən inkişaflarını, təhsilləri ilə bağlı xərcləri, uşaqların əvvəlki təminatlarının səviyyəsinin mümkün qədər maksimal saxlanılmasını, uşaqların cavabdehlə yanaşı iddiaçıdan da maddi təminat almaq hüququnun olmasını, məhkəmə qətnaməsi çıxarılarkən tərəflərin əsaslı mənafelərinin nəzərə alınmalı olmasını əsas tutub hesab edir ki, 30 iyun 2012-ci il təvəllüdlü X3 və 14 oktyabr 2017-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay bir uşaq üçün 90 manat, iki uşaq üçün 180 (bir yüz səksən) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə araşdırması zamanı cavabdehin həmin məbləğdə aliment ödənilməsini istisna edən hər hansı bir hal (işləməsinə maneə olacaq xəstəliyi, yaşının kifayət qədər çox olması və sair hallar) müəyyən edilməmişdir. Yetər ki, onun üçün övladlarının mənafeyi ön planda olsun. Məhkəmə qeyd edir ki, iddiaçı yetkinlik yaşına çatmayan uşaqlarının saxlanılması üçün hər ay sabit pul məbləği ilə bir uşağa görə 250 manat aliment tutulub ona verilməsini xahiş etsədə, cavabdehin tələb edilən məbləğə mütənasib qazanc əldə etməsini təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. MPM-in 234.2 və 234.2.1-ci maddələrinə əsasən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunmalıdır. İddiaçının aliment ödənilməsi barədə ərizəsi məhkəməyə 15 avqust 2023-cü il tarixdə daxil olduğundan aliment də həmin vaxtdan tutulmalı və qətnamə dərhal icra edilməlidir. Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233,234 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi : İddia qismən təmin edilsin. 15 avqust 2023-cü il tarixdən başlayaraq 30 iyun 2012-ci il təvəllüdlü X3 və 14 oktyabr 2017-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay bir uşaq üçün 90 manat, iki uşaq üçün 180 (bir yüz səksən) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ceyhun Quliyev
Məhkəmə qərarları › İş №2(050)-3054/2023
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-3054/2023
11.10.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver