Məhkəmə qərarları › İş №2(050)-307/2023

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-307/2023

02.02.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-307/2023 02.02.2023 MASALLI RAYON MƏHKƏMƏSİ hakim Quliyev Ceyhun Əmir oğlunun sədrliyi, Qasımov Xanbaba Alxas oğlunun katibliyi ilə, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının azaldılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Fərziyev X5 Təhmirə Ağa qızına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 27 iyul 2022-ci il tarixli, 2(106)-1577/2022 saylı qətnamənin ləğv edilib qanuna uyğun olaraq 150 manat aliment təyin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, X9 ilə 01 iyun 2009-cu ildə nikahlarını rəsmiləşdirməklə ailə həyatı qurmuşlar. Birgə nikahlarından 07 aprel 2009-cu təvəllüdlü X10, 12 may 2010-cu il təvəllüdlü X11 və 06 aprel 2011-ci il təvəllüdlü X3 adlı uşaqları doğulmuşdur. 03 noyabr 2021-ci il tarixdə X1 Rayon Məhkəməsinə müraciət edərək 01 iyun 2009-cu ildə rəsmiləşdirilmiş nikahın ləğv olunması və hər uşaq üçün 200 manat aliment tələb etmişdir. Cavabdehin iddiası qismən təmin edilərək, X9 ilə İddiaçı arasında Masallı rayonu Miyankü kənd ərazi nümayəndəliyində 01 iyun 2009-cu il tarixdə 08 nömrə ilə qeydə alınmış nikahın pozulması, 07 aprel 2009-cu il təvəllüdlü X6 atası İddiaçı, 12 may 2010-cu il təvəllüdlü X7 və 06 aprel 2011-ci il təvəllüdlü X2 anaları X4 yanında və himayəsində saxlanılması, 12 may 2010-cu il təvəllüdlü X7 və 06 aprel 2011-ci il təvəllüdlü X2 yetkinlik yaşa çatanadək saxlanması üçün İddiaçı hər ay bir uşağa görə 150 (bir yüz əlli) manat olmaqla iki uşaq üçün cəmi 300 (üç yüz) manat sabit pul məbləğində aliment tutularaq X8 ödənilməsi, alimentin tutulmasının 06 iyul 2021-cü il tarixdən hesablanması qət edilmişdir. Həmin qətnamədən apellyasiya şikayəti vermiş, Sirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 27 iyul 2022-ci il tarixli, 2(106)-1577/2022 saylı qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilərək, Masallı Rayon Məhkəməsinin 03 noyabr 2021-ci il tarixli, 2(050)-2355/2021 saylı qətnaməsi ilə təyin olunmuş alimentin miqdarının azaldılaraq 12 may 2010-cu il təvəllüdlü X11 və 06 aprel 2011-ci il təvəllüdlü X2 yetkinlik yaşa çatanadək saxlanması üçün atası - İddiaçı hər ay hər uşağa görə 120 manat olmaqla, 2 uşağa görə cəmi 240 manat sabit puı məbləğində alimentinin tutulub anası cavbadeh Cavabdeh ödənilməsi qət edilmişdir. İddia ərizəsində tələbin hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 25, 60-cı maddələrinə, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinə istinad edilmişdir. İddiaçı məhkəmə iclasında bildirdi ki, tələbini dəqiqləşdirmək istəmir. Sirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 27 iyul 2022-ci il tarixli, 2(106)-1577/2022 saylı qətnaməsinin ləğv edilərək hər uşağa 75 manat olmaqla 2 uşağa görə 150 manat məbləğində aliment müəyyən edilməsini istəyir. Masallı Rayon Məhkəməsinin 03 noyabr 2021-ci il tarixli, 2(050)-2355/2021 saylı qətnaməsi qəbul edilən zamanda işləmirdi, hazırda da işləmir. Maddi vəziyyətində dəyişiklik ondan ibarətdir ki, həmin vaxt qardaşbacısı, qohumları ona maddi baxımından köməklik edirdi, hazırda isə heç kəs ona köməklik etmir. Əvvəlki kimi övladlarından biri onun yanında, digər ikisi isə analarının yanındadır. Sonda İddiaçı hər uşağa 75 manat olmaqla 2 uşağa görə 150 manat məbləğində aliment müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh iddianı qəbul etməyərək, bildirdi ki, kirayədə qalır. İki övladı onun yanındadır. Məktəbdə xadimə işləyir. Cavabdeh qəssabdır. Həyətində heyvanları var. Sonda Cavabdeh iddianın rədd edilməsini xahiş etdi. Mülki prosessual qanunvericiliyə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: Masallı Rayon Məhkəməsinin 03 noyabr 2021-ci il tarixli, 2(050)-2355/2022 saylı qətnaməsindən görünür ki, iddianın qismən təmin edilməsi, X9 ilə İddiaçı arasında Masallı rayonu Miyankü kənd ərazi nümayəndəliyində 01 iyun 2009-cu il tarixdə 08 nömrə ilə qeydə alınmış nikahın pozulması, 07 aprel 2009-cu il təvəllüdlü X6 atası İddiaçı, 12 may 2010-cu il təvəllüdlü X11 və 06 aprel 2011-ci il təvəllüdlü X2 anaları X4 yanında və himayəsində saxlanılması, 12 may 2010-cu il təvəllüdlü X11 və 06 aprel 2011-ci il təvəllüdlü X2 yetkinlik yaşa çatanadək saxlanması üçün İddiaçı hər ay bir uşağa görə 150 (bir yüz əlli) manat olmaqla iki uşaq üçün cəmi 300 (üç yüz) manat sabit pul məbləğində aliment tutularaq X8 ödənilməsi, alimentin tutulmasının 06 iyul 2021-cü il tarixdən hesablanması, iddianın qalan hissədə təmin edilməməsi və qətnamənin alimentin tutulması hissəsində dərhal icra edilməsi qət edilmişdir. Masallı Rayon Məhkəməsinin 11 aprel 2022-ci il tarixli, 2(050)-1058/2022 saylı qətnaməsindən görünür ki, İddiaçı məhkəməyə müraciət edərək, Masallı Rayon Məhəkəməsinin 03 noyabr 2021-ci il tarixli, 2(050)-2355/2021 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının azaldılaraq, hər bir uşağa görə 100 manat olmaqla iki uşaq üçün 200 manat məbləğində müəyyən olunmasını xahiş etmiş, onun iddiası təmin edilməmişdir. Sirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 27 iyul 2022-ci il tarixli, 2(106)-1577/2022 saylı qətnaməsindən görünür ki, apellyasiya şikayətinin qismən təmin edilməsi, Masallı Rayon Məhkəməsinin 11 aprel 2022-ci il tarixli, 2(050)-1058/2022 saylı qətnaməsinin ləğv edilməsi, iddia tələbinin qismən təmin edilməsi, Masallı Rayon Məhkəməsinin 03 noyabr 2021-ci il tarixli, 2(050)-2355/2021 saylı qətnaməsi ilə təyin olunmuş alimentin miqdarının azaldılaraq 12 may 2010-cu il təvəllüdlü X11 və 06 aprel 2011-ci il təvəllüdlü X2 yetkinlik yaşa çatana kimi saxlanması üçün atası - İddiaçı hər ay hər uşağa görə 120 manat olmaqla, 2 uşağa görə cəmi 240 manat sabit puı məbləğində aliment tutulub anası - Cavabdeh xeyrinə ödənilməsi və azaldılmış alimentin tutulmasına qətnamənin qanuni qüvvəyə mindiyi gündən balanması qət edilmişdir. Masallı şəhəri 3 nömrəli tam orta məktəbin direktoru tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 133 saylı məktubdan görünür ki, Cavabdeh Masallı şəhəri 3 nömrəli tam orta məktəbdə xadimə vəzifəsində işləyir. Aylıq əmək haqqısı 272 manatdır. Məhkəmə ilk növbədə iddiaçının - məhkəmə iclasında ona edilmiş təklifə baxmayaraq, tələbini dəqiqləşdirməyərək, “Sirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 27 iyul 2022-ci il tarixli, 2(106)-1577/2022 saylı qətnaməsinin ləğv edilərək 2 uşağa görə 150 manat məbləğində aliment müəyyən edilməsi” şəklində saxlaması ilə bağlı bildirir ki, tələbini dəqiqləşdirmək və ya dəqiqləşdirməmək iddiaçının hüququdur. Tələb olaraq yalnız iddia ərizəsinin nəticə hissəsində göstərilmiş söz və ifadələrin hərfi mənası deyil, həm də iddiaçının iradə ifadəsinin həqiqi mənası nəzərə alınmalıdır. Birinci instansiya məhkəməsinin yuxarı instansıya məhkəməsinin məhkəmə aktını ləğv etmək səlahiyyətinin olmamasına baxmayaraq, iddiaçı ərizəsində “Sirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 27 iyul 2022-ci il tarixli, 2(106)-1577/2022 saylı qətnaməsinin ləğv edilərək” söz və ifadələrin göstərilməsinə və ona edilmiş təklifdən sonra onun bunu düzəltməməsi iddiaçının tələbinin iradə ifadəsini dəyişmir. İddia ərizəsinin məzmunundan və iddiaçının məhkəmə iclasında vermiş olduğu izahatından görünür ki, iddiaçının tələbi Sirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 27 iyul 2022-ci il tarixli, 2(106)-1577/2022 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının azaldılmasından ibarətdir. İşin araşdırılması zamanı müəyyən edilmişdir ki, iddiaçı əvvəllər Masallı Rayon Məhkəməsinin 03 noyabr 2021-ci il tarixli, 2(050)-2355/2022 saylı qətnaməsi ilə hər ay bir uşağa görə 150 (bir yüz əlli) manat olmaqla iki uşaq üçün cəmi 300 (üç yüz) manat sabit pul məbləğində müəyyən edilmiş aliment məbləğinin azaldılaraq hər bir uşağa görə 100 manat olmaqla iki uşaq üçün 200 manat məbləğində müəyyən olunmasını xahiş etmişdir. Masallı Rayon Məhkəməsinin 11 aprel 2022-ci il tarixli, 2(050)-1058/2022 saylı qətnaməsi ilə onun iddiası təmin edilməmişdir. Sirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 27 iyul 2022-ci il tarixli, 2(106)-1577/2022 saylı qətnaməsi ilə Masallı Rayon Məhkəməsinin 03 noyabr 2021-ci il tarixli, 2(050)-2355/2021 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı azaldılaraq hər ay hər uşağa görə 120 manat olmaqla, 2 uşağa görə cəmi 240 manat sabit pul məbləğində müəyyən edilmişdir. İddiaçı hazırda həmin 240 manat aliment məbləğinin azaldılaraq hər uşağa 75 manat olmaqla 2 uşağa görə 150 manat məbləğində aliment müəyyən edilməsini istəyir. Sirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 27 iyul 2022-ci il tarixli, 2(106)-1577/2022 saylı qətnaməsi ilə Masallı Rayon Məhkəməsinin 03 noyabr 2021-ci il tarixli, 2(050)-2355/2021 saylı qətnaməsi ilə müəyyən edilmiş 300 manat aliment məbləği azaldılaraq hər ay hər uşağa görə 120 manat olmaqla, 2 uşağa görə cəmi 240 manat sabit pul məbləğində müəyyən edilərkən tərəflərin övladlarından birinin iddiaçının yanında olması, iddiaçının heç bir yerdə işləməməsi, cavabdehin xadimə işləməsi və digər hallar nəzərə alınmışdır. İddiaçı hazırki tələbinin hüquqi əsası kimi əvvəl irəli sürdüyü tələbinin hüquqi əsasları ilə yanaşı, yeni əsas kimi əvvəllər qardaş-bacısının, qohumlarının ona köməklik etməsini, hazırda isə heç kəsin ona köməklik etməməsinə əsaslanmışdır. Ailə Məcəlləsinə müvafiq olaraq valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur (maddə 75.1, 75.4). Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir (maddə 78.2). Aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə (maddə 112.1). «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə uyğun olaraq valideynlər uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam şəraitdə böyütməli, ümumtəhsil və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. “Azərbaycan Respublikasında 2023-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Qanunvericiliyin sadalanan normalarının mənasına görə aliment institutunun təyinatı ilk növbədə uşaqların mənafelərinin təmin edilməsindən, uşaqların saxlanmasında könüllü iştirak etməyən valideynlərin onların saxlanmasına məcburi cəlb olunmasından ibarətdir. Ailə qanunvericiliyi sabit pul məbləğində alimentin müəyyən edilməsi zamanı tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər halları nəzərə alır, lakin bu zaman həlledici amil kimi uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyənləşdirir. Bununla yanaşı, hər il ölkə üzrə bir uşağın saxlanması üçün tələb olunan yaşayış minimumu müəyyən edilir və həmin məbləğ qanunla tənzimlənir. Qanun, həmçinin tərəflərdən birinin ailə və ya maddi vəziyyətində yaranmış dəyişikliklə əlaqədar alimentin miqdarının azaldılması imkanını nəzərdə tutur. Lakin qanunun mənasına görə bu, yalnız o halda mümkündür ki, tərəf həqiqətən də ailə və ya maddi vəziyyətində əhəmiyyətli pisləşməsini təsdiq edən sübutları məhkəməyə təqdim etsin, habelə daha az alimentin ödənilməsi ilə də uşaqların layiqli həyat şəraitini təmin etmək mümkün olsun. Məhkəmə nəzərə alır ki, iddia tələbində istinad olunan qətnamə ilə uşaqlar üçün ölkə üzrə yaşayış minimumu həddindən də az aliment təyin edilmişdir. İddiaçı hər ay bir uşağa görə 120 manat olmaqla, 2 uşağa görə cəmi 240 manat sabit pul məbləğində müəyyən edilmiş aliment məbləğinin azaldılaraq hər uşağa 75 manat olmaqla 2 uşağa görə 150 manat məbləğində aliment müəyyən edilməsini istəyir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli, 8-2/2016 nömrəli qərarının 8.2-ci bəndində göstərilmişdir ki, məhkəmələrə izah edilsin ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. İddiaçı hazırki tələbinin hüquqi əsası kimi əvvəl irəli sürdüyü tələbinin hüquqi əsasları ilə (Sirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 27 iyul 2022-ci il tarixli, 2(106)- 1577/2022 saylı qətnaməsi ilə həmin hallara qiymət verilərək aliment məbləği azaldılmışdır.) yanaşı, yeni əsas kimi əvvəllər qardaş-bacısının, qohumlarının ona köməklik etməsini, hazırda isə heç kəsin ona köməklik etməməsini göstərmişdir. Lakin həmin qətnamə ilə müəyyən olunmuş əsaslardan fərqli olaraq hazırkı iddia ərizəsi üzrə iddiaçı əsas kimi göstərdiyi əvvəllər qardaş-bacısının, qohumlarının ona köməklik etməsi, hazırda isə heç kəsin ona köməklik etməməsi barədə məhkəməyə hər hansı bir sübut təqdim etməmiş, bunu yalnız söz ibadəsi ilə bildirmişdir. Hətta bu belə olmuş olsaydı belə həmin hal alimentin miqdarının azaldılması üçün əsas ola bilməzdi. Şəxsin övladlarının saxlanılması vəzifəsi digər şəxsin və ya şəxslərin ona maddi baxımından köməklik edib-etməməsindən asılı edilə bilməz. Bu onun özünə aid vəzifədir. Beləliklə, iddiaçı qətnamə qəbul edildikdən sonra həqiqətən də ailə və ya maddi vəziyyətinin əhəmiyyətli pisləşdiyini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddianın təmin edilməsinə əsas yoxdur, habelə bu, uşaqların mənafelərinə ziddir və onların əvvəlki təminat səviyyəsinin saxlanmasına imkan vermir. Məhkəmə yuxarıda sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq etməklə belə qənaətə gəlir ki, uşaqların mənafeləri nəzərə alınaraq, onların sağlam şəraitdə böyüməsi və tərbiyəsi, maddi və mənəvi tələbatlarının təmin edilməsi üçün iddia təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə nəzərə alır ki, həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı alimentin miqdarının azaldılması tələbinə dair iddiası təmin edilməsin və iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ceyhun Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar