Məhkəmə qərarları › İş №2(050)-3095/2023

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-3095/2023

14.11.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-3095/2023 14.11.2023 MASALLI RAYON MƏHKƏMƏSİ hakim Quliyev Ceyhun Əmir oğlunun sədrliyi, Qasımov Xanbaba Alxas oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi Nümayəndə, Cavabdeh1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mənəvi zərərin ödənilməsi tələbi barədə iddia ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mənəvi zərər qismində Cavabdeh1 və Cavabdeh2 hər birindən 10000 manat, cəmi 20000 manat və dövlət rüsumu üçün ödənilmiş 150 manat pulun cavabdehlərdən müştərək qaydada alınıb ona verilməsi, cavabdehlər barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 156.1-ci maddəsi ilə cinayət işi başlanması üçün xüsusi qərardad çıxarılaraq, Masallı rayon prokuroruna göndərilməsi barədə müvafiq məhkəmə aktı qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, dayısı oğlu Cavabdeh2 ilə 2020-ci ildə nişanları olmuş, 2021-ci ilin aprel-may aylarında nişanları pozulmuşdur. 2021-ci ilin iyul ayında digər Cavabdeh1 valideynləri el adəti ilə onlara elçi gəlmişlər. Valideynləri hər şeyi açıq danışıb bundan əvvəl dayısı oğluna nişanlı olduğunu bildirmişlər. Tərəflər razılaşmışlar. Beləliklə, Cavabdeh1 ilə faktiki olaraq 03 avqust 2021-ci ildə el adəti üzrə ailə həyatı qurmuşlar. Faktiki nikahlarından xx.xx.2022-ci il təvəllüdlü X1 adlı uşaqları olmuşdur. Cavabdeh1la 15 avqust 2022-ci ildə ailə münasibətləri kəsilmiş, faktiki olaraq da həmin tarixdən ayrı yaşayırlar. Valideynləri bir müddət cavadbehin ağlagəlməz hərəkətlərinə ailənin bərpa olunmasına görə səbr etmişlər. Cavabdeh nəinki ailənin bərpa olunmasına səy göstərməmiş, hətta birgə nikahlarından olan uşağa maddi yardım etmədiyi üçün aliment tələbi barədə məhkəməyə müraciət etmişdir. Cavabdehlər onun barəsində üzünə və cəmiyyət içərisində şərəf və ləyaqətini ləkələyən rüsvayedici sözlərlə onu el içərisində hörmətdən salır. Bu hallar Cavabdeh1la yaşadığı müddətdə də baş vemişdir. Orxanın Sofiqlə əlaqəyə girib ona şər və böhtanlar atdığını görüb dözə bilmədiyini atasına çatdırmışdır. Atası bu işdə bir az səbrli olmağını tövsiyə etsə də, bu hal ifrat dərəcəsinə çatmışdır. Aliment tələbi barədə məhkəməyə müraciət etməmişdən əvvəl mediasiya prosesində də Cavabdeh1 istifadəsində olan telefonda guya ona aid pozğun şəkillərin olmasını iddia etmiş, həmin sübutları da guya əvvəlki nişanlısı Cavabdeh2 verdiyini bildirmişdir. Orxan və Sofiq belə sözlərlə onu kənd içərisində və ailədə hörmətdən salmışdır. Cavabdeh1 iddiaya dair etiraz ilə məhkəməyə müraciət etmişdir. Etirazda göstərmişdir ki, iddiaçı ərizəsində onun barəsində konkret olaraq harada, kimə və nə deməsini, onun barəsində hansı rüsvayedici məlulmatı, necə yaymağını qeyd etməmişdir. Belə hal olmamışdır. Ayrıldıqları vaxtdan nə iddiaçı ilə əlaqə saxlamış, nədə onun barəsində kiməsə hər hansı söz demişdir. Mediasiya prosesində iddiaçı tərəfin bütün səylərinə baxmayaraq, ona əhəmiyyət verməmişdir. Alimentlə bağlı məhkəmə prosesi zamanı da ona hər hansı söz deməmişdir. Bunlar məhkəmənin inzibati binasında olan kamera görüntülərində əks olunmaqla, mediator da təsdiq edə bilər. İddiaçının ona mənəvi ziyan vurulmasına dair hər hansı bir sübut təqdim edə bilməməsi onun tələbinin əsası kimi istinad etdiyi halı sübut edə bilməməsini göstərir ki, buda iddianın rədd edilməsi üçün əsasdır. Qanunvericiliyin tələbinə əsasən ona qarşı yönəlmiş iddia o halda, təmin edilə bilər ki, iddiaçının barəsində həqiqətən də hansısa xoşagəlməz sözləri yaymış olsun və bu hərəkəti nəticəsində ona mənəvi ziyan vurulmuş olsun, həmin ziyan təqsiri üzündən vurulmaqla ziyanla hərəkətləri arasında səbəbli əlaqə olsun. Lakin iddiaçı bununla bağlı hər hansı bir sübut təqdim etməmişdir. Bu isə iddiaçının tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməməsini göstərir. Cavabdeh2 iddiaya dair etiraz ilə məhkəməyə müraciət etmişdir. Etirazda göstərmişdir ki, Cavabdeh1 tanımır. İddiaçı ilə əvvəllər nişanlı olmuş, sonradan xasiyyətləri uyğun gəlmədiyi üçün nişanları pozulmuşdur. Həmin vaxtdan iddiaçı ilə əlaqəsi yoxdur. İddiaçının şərəf və ləyaqətinə hər hansı formada xələl gətirməmişdir. Bununla bağlı iddiaçının sübutu yoxdur. İddiaçı məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etdi. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh iddianı qəbul etməyərək, bildirdi ki, digər Cavabdeh2 tanımır, onu birinci dəfə keçən məhkəmə iclasında görmüş, heç vaxt telefon ilə də əlaqəsi olmamışdır. Mediasiya prosesində telefonunu göstərək iddiaçı barəsində deməmişdir ki, bütün sübutlar telefonda var. İddiaçı barəsində heç vaxt xoşagəlməz söz işlətməmiş, onun şərəf və ləyaqətini ləkələyən heç bir hərəkət etməmişdir. Sonda Cavabdeh1 iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Cavabdeh2 məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual 185.5-ci maddəsinə əsasən məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Cavabdeh2 iddianı qəbul etməyərək, bildirmişdir ki, Cavabdeh1 tanımır, onu birinci dəfə məhkəmə iclasında görmüş, heç vaxt telefon ilə də əlaqəsi olmamışdır. O, iddiaçı barəsində heç vaxt xoşagəlməz söz işlətməmiş, onun şərəf və ləyaqətini ləkələyən heç bir hərəkət etməmişdir. Sonda Cavabdeh2 iddianın rədd edilməsini xahiş etmişdir. Mülki prosessual qanunvericiliyə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, iddia təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23.1-ci maddəsinə əsasən fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Həmin Məcəllənin 1096-cı maddəsinə görə isə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli Qərarında müəyyən edilmişdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır”. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2008-ci il tarixli 7 saylı plenum qərarında əks edilmiş hüquqi mövqeyə əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Sadalanan maddi hüquq normalarına görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Bu əsaslar müəyyən olunmadan cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz. İddiaçı cavabdehlərin onun barəsində şərəf və ləyaqətini ləkələyən məlumatlar yaymaqla ona mənəvi zərər vurulmasını iddia etsədə, cavabdehlərin onun barəsində şərəf və ləyaqətini ləkələyən məlumatlar yayması ilə bağlı məhkəməyə hər hansı bir sübut təqdim etməmiş, məhkəmə araşdırması zamanı da həmin halı sübuta yetirə bilməmişdir. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında göstərilir ki, “... Eyni zamanda çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əskinə bunu məhkəməyə qadağan edir. Belə ki, işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər (Mülki Prosessual Məcəllənin 77.3-cü maddəsi). Lakin işdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər (Mülki Prosessual Məcəllənin 78.2-ci maddəsi). Göründüyü kimi, məhkəmə iş üzrə sübutları yalnız tərəflərin vəsatəti əsasında və onlar həmin sübutları müstəqil qaydada əldə edə bilmədikdə tələb edə bilər. Bu zaman zəruri sübutu müstəqil qaydada əldə edə bilmədiyini sübut etmək yükü də müvafiq tərəfin üzərinə düşür. Əks yanaşma məhkəmənin tərəflərin prosessual səlahiyyətlərini öz üzərinə götürərək, onlardan hər hansı birinin tərəfində dayanması, yaxud onları əvəz etməsi görüntüsü yarada bilər. Halbuki məhkəmə (hakim) bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır. Yuxarıda qeyd edildiyi kimi, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır.” Məhkəmə iddiaçının cavabdehlər barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 156.1-ci maddəsi ilə cinayət işi başlanması üçün xüsusi qərardad çıxarılaraq, Masallı rayon prokuroruna göndərilməsi barədə tələbinə münasibətdə isə bildirir ki, həmin tələb ilkin tələb ilə əlaqədar irəli sürülmüşdür. İlkin tələb təmin edilmədiyindən, o cümlədən mülki işin baxışında cavabdehlərin hərəkətlərində cinayət əlamətlərinin olması barədə aşkar dəlillər ortaya çıxmadığından həmin tələb də əsassızdır. Bununla yanaşı, məhkəmə iddiaçıya izah edir ki, hər hansı şəxsin əməllərində onun qanuni mənafelərinə toxunan hüquqazidd hərəkətlər müəyyən etdiyi halda bu barədə aidiyyəti üzrə hüquq mühafizə orqanlarına müraciət etmək hüququna malikdir. Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənəvi zərər qismində Cavabdeh1 və Cavabdeh2 hər birindən 10000 manat, cəmi 20000 manat və dövlət rüsumu üçün ödənilmiş 150 manat pulun cavabdehlərdən müştərək qaydada alınıb ona verilməsi, cavabdehlər barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 156.1-ci maddəsi ilə cinayət işi başlanması üçün xüsusi qərardad çıxarılaraq, Masallı rayon prokuroruna göndərilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Ceyhun Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar