Məhkəmə qərarları › İş №2(050)-3098/2023

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-3098/2023

19.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-3098/2023 19.12.2023 MASALLI RAYON MƏHKƏMƏSİ hakim Quliyev Ceyhun Əmir oğlunun sədrliyi, Qasımov Xanbaba Alxas oğlunun katibliyi, İddiaçı, onun vəkili və nümayəndəsi Vəkil, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 5750 manat və iddia ərizəsinin verilməsi üçün dövlət rüsumu qismində ödənilmiş 80 manat, cəmi 5830 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizəsinində göstərmişdir ki, Masallı şəhərində aldığı torpaq sahəsində ailəsi ilə birlikdə fərdi yaşayış evi tikdirmək qərarına gəlmişdir. Bunun üçün 2021-ci ildə aldığı həyətyanı torpaq sahəsində münasib qaydada və zövqlərinə uyğun yaşayış evi tikən usta kimi Cavabdeh ilə oğlu vasitəsi ilə tanış olmuşdur. Ona bu barədə fikirlərini bildirmişdir. Bununla əlaqədar aralarında şifahi razılıqları baş tutmuşdur. Şifahi müqaviləyə əsasən cavabdeh (podratçı) evin tikintisi üçün bünövrəsindən başlayaraq tikib qurtarana qədər 3500 manatı sonradan təmir edib qapının açarlarını hazır vəziyyətdə ona təhvil verməli və buna görə də ancaq usta xidməti üçün xidmət haqqı kimi ona 6000 manat ödəmək barədə razılaşmışdılar. Tikinti materiallarını sifarişçinin hesabına podratçının dediyi satış nöqtəsindən alınması barədə sövdələşmişdilər. Bütün şifahi razılaşmaları baş tutandan sonra cavabdeh ondan evinin təmiri və tamamlanması üçün 6000 manat pulu əvvəlcədən almışdır. Cavabdehə mal-materiallara görə də əlavə olaraq 45000 manat vermişdir. Bütün bunları Digah küçəsində yaşayan Əliyev Səməd və Ruslan adlı şəxslərin şahidliyi ilə etmişdir. Beləliklə cavabdeh işə başlamış müvafiq ticarət mərkəzlərindən tikinti materialları aldırmış, lakin cavabdeh verilmiş sifarişi tam yerinə yetirməmiş, işi yarımçıq saxlamışdır. Evin tamamlama işlərini yarımçıq saxladığını dəfələrlə o və oğlu X3 cavabdehə bildirsələr də, buna əhəmiyyət verməmiş və mobil telefonunu söndürmüşdür. Bəzi hallarda onları arxayın etmişdir ki, narahat olmayın gəlib işi davam etdirəcəkdir. Oğlu Rəvan cavabdeh barəsində polisə şikayət etmişdir. Masallı Rayon Polis şöbəsinin təhqiqat bölməsində araşdırma aparılan zaman cavabdeh və onun anası oğlunun səhvlərini başa düşdüklərini etiraf etmiş, 6000 manat puldan 250 manatını qaytarmış və qalan pulun yaxın vaxtlarda qaytaracağına söz vermişdir. Lakin pul qaytarılmamışdır. Ona görə də evin tamamlanma işlərinə görə alınmış 6000 manat pulun qalan 5750 manatını tələb edir. İddia ərizəsində tələbin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 752 və 765-ci maddələrinə istinad edilmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək, bildirdi ki, fədi yaşayış evinin tikintisi ilə bağlı aralarında razılıq olmuşdur. Cavabdehə verdiyi 6000 manat puldan 250 manatını onun anası qaytarmışdır. Onun 5750 manatı isə qalmışdır. 6000 manat pulu evin təmirində bəzək-düzək və tamamlanma işlərinin görülməsi üçün vermişdir. Materialların alınması üçün bütün pulları Vəfadara vermişdir. Onun yönləndirdiyi şəxslərdən Vəfadarın iştirakı ilə mal alınması üçün 1-2 dəfə özü getmiş, qalan mal-materialı Vəfadar almışdır. Evin tikintisində işləyən ustaların pulunu da Vəfadar vasitəsilə ödəmişdir. 6000 manat pulu 3-4 dəfəyə şəxsən özü Vəfadara vermişdir. Ev tikilən zaman ustaların zəhmət haqları hissə-hissə verilmişdir. Beş daş üstə mətbəx daxil 5 otaqlı ev və həyətdə çardaq tikilməsi ilə bağlı zəhmət haqqı olaraq hissə-hissə (iş görüldükcə) 3500 manat pul vermişdir. Tikilmiş ev 5 daş üstə mətbəx daxil 5 otaq və həyətində çardaqdan ibarətdir. Sonradan Vəfadara evin təmirində bəzək-düzək və tamamlanma işlərinin görülməsi üçün 6000 manat pul vermiş, lakin işi qismən görmüşdür. Sonda İddiaçı iddianın təmin edilməsini xahiş etdi. İddiaçının vəkili və nümayəndəsi iddianı müdafiə edərək, iddiaçı ilə eyni məzmunda izahat verdi. Cavabdeh məhkəmə iclasında iddianı qəbul etməyərək, bildirdi ki, Könül xanımla fərdi yaşayış evinin tikintisi ilə bağlı aralarında razılıq olmuşdur. Fədri yaşayış evi sıfırdan tikilmiş, buna görə hissə-hissə (iş görüldükcə) 2500 manat və suvaq işlərinin görülməsi ilə bağlı 600 manat zəhmət haqqı verilmişdir. Başqa pul verilməmişdir. Həmin pul digər işçilər üçün də bəzən ona verilmiş, o, həmin şəxslərə pullarını vermiş, bəzən isə qarşı tərəf həm ona, həm də digər şəxslərə pul vermişdir. Mətbəx daxil 5 otaqlı ev, pilləkən və həyətdə çardaq tikilmişdir. Mal-materialların keyfiyyətli olması səbəbindən iddiaçının razılığı ilə onun məsləhət bildiyi şəxslərdən sifarişçi tərəfindən alınmış və həmin malların dəyəri sifarişçi tərəfindən ödənilmişdir. İnsanlıq xətrinə tikilmiş hamam, tualet, pilləkən, çardaq və müəyyən işlər iddiaçıya hədiyyə edilmiş, onların tikintisi üçün zəhmət haqqı alınmamışdır. İddiaçı tərəfindən onun barəsində Masallı Rayon Polis şöbəsinə şikayət edildikdən sonra anası ondan xəbərsiz qarşı tərəfə onun borcunun olmasını zənn edərək, problemin olmaması üçün pul ödəmişdir. Bundan sonra xəbərdar olmuşdur. Anasıgil qarşı tərəfin onun barəsində edilmiş şikayət ilə bağlı Könül xanımgilə getdikdən sonra hədiyyə edilmiş (zəhmət haqqı alınmamış) işlərdən xırda-xuruş iş görülmüşdür. Evin tikilməsi ilə bağlı nə danışılıbsa, onu da yerinə yetirmişdir. İddiaçı tərəfindən ona əlavə 6000 manat pul verilməmişdir. O, heç rəngsaz işini bacarmır. Sonda Cavabdeh iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, tərəflərin heç biri ilə qohumluğu yoxdur. Könül xanımgilin ailəsinin dostudur. Könül xanım torpaq sahəsi almışdır. Ev tikdirmək üçün usta axtarırdılar. Ruslan demişdir ki, ev tikirlər. Ruslan və Vəfadar ev tikintisi ilə bağlı söhbət etmək üçün Könül xanımgilin evinə gəlmişdilər. O, da həmin vaxt orada olmuşdur. Vəfadarı Ruslan gətirmişdir. Söhbət əsnasında evin sxemi çəkildi, hər bir şeyi hazır vəziyyətdə təhvil verilməli idi. Ruslan dedi ki, işi iki nəfər görəcəklər. Sonradan Ruslan gəlməmişdir. Beş daş üstə mətbəx daxil 5 otaqlı ev tikilməli idi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, tərəflərin heç biri ilə qohumluğu yoxdur. Mal-material satışı ilə məşğul olur. Vəfadar, Könül xanım və onun oğlu Orxan sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu obyektə gəlmişlər, ev tikintisi üçün müəyyən mal-material sifariş vermişlər, 3-5 gündən sonra həmin mallar göndərilmişdir. Malların pulunu ya Orxan, yada Könül xanım vermişdir. Çatmayan müəyyən mallar olmuş, Orxan ona zəng edərək, onların da verilməsini və dəyərini ödəyəcəyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Könül xanımın oğlu Rəvan ilə dostdur, Cavabdeh isə onun qohumudur. Rəvan ona Vəfadardan narazılığını bildirmişdir. Vəfadarın anası onlara gələrək Rəvanın Vəfadardan polisə şikayət etdiyini və şikayətin polisdən götürməsini Rəvandan xahiş etməsini istəmişdir. O, da Rəvandan şikayəti geri götürməsini xahiş etmişdir. Rəvan da demişdir ki, şikayəti götürəcək, amma Vəfadar evin işini tamamlasın. Vəfadar ona demişdir ki, xırda-xuruş işi var. Vəfadarın anası ilə Rəvangilə gedərkən Vəfadar onlara deməmişdir ki, nə iş var görəcəkdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, tərəflərin heç biri ilə qohumluğu yoxdur. İddiaçı məxsus fərdi yaşayış evinin tikintisində işləmişdir. Görülmüş işlərin haqqını Könül xanım onların yanında Vəfadara vermiş, Vəfadar da həmin vaxt pulu onlara vermişdir. Onun yanında Könül xanım Vəfadara 6000 manat pul verməmişdir. İnsanlıq xətrinə tikilmiş pilləkən iddiaçıya hədiyyə edilmiş, onun tikintisi üçün zəhmət haqqı alınmamışdır. Rəngsaz işini Ruslan görməli idi. Mülki prosessual qanunvericiliyə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iddiaçının, onun vəkilinin və cavabdehin izahatlarını, şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: Cinayət işi başlanmasının rədd edilməsi haqqında materialdan görünür ki, xx.xx.2022-ci il tarixdə X1 RPŞ-yə ərizə ilə müraciət edərək Masallı rayonu, Ərəb kənd sakini Cavabdeh onu öldürəcəyi ilə hədələməsini bildirmiş, bununla bağlı araşdırma aparılmış, əməldə cinayət hadisəsi olmadığından Cavabdeh barəsində cinayət işi başlanması rədd edilmişdir. Aparılmış araşdırma zamanı X2 izahatı alınmış, o, izahatında göstərmişdir ki, “...6 ay bundan əvvəl Masallı şəhərində yerləşən torpaq sahəsində ev inşa etmək istəmiş, həmin vaxt Vəfadar adlı usta ilə tanış olmuş, sonuncu ilə razılaşmışdır ki, evi və hasarı tikmək üçün ondan 6000 manat pul alacaq. Bu səbəbdən həmin vaxtdan Vəfadar evin inşasını başlamışdır. Vəfadar evinin inşa etdiyi müddət ərzində sonuncuya ümumilikdə 6000 manat pul vermiş, lakin Vəfadar evinin inşasını keyfiyətsiz etmişdir.” Aparılmış araşdırma zamanı Cavabdeh izahatı alınmış, o, izahatında göstərmişdir ki, “...6 ay bundan əvvəl Rəvanla tanış olmuş və sonuncu ona Masallı şəhərində yerləşən həyətyanı torpaq sahəsində ev və hasar inşa etməsini demiş, həmin vaxt o, etiraz etməmiş və hasarla ev inşa etmişdir. Lakin sonradan şəxsi işləri ilə əlaqədar evin inşasını tamamlaya bilməmişdir. xx.xx.2022-ci il tarixdə saat 19 radələrində Rəvan istifadəsində olan mobil nömrəsinə zəng edib ona gəlib evinin inşasını tamamlamasını demiş, Rəvana demişdir ki, narahat olma gəlib tamamlayacağam. Bu sözdən sonra zəngi söndürmüş, lakin sonradan Masallı Rayon Polis şöbəsinə dəvət olunarkən bilmişdir ki, Rəvan onun barəsində şikayət etmişdir.” Tərəflər arasındakı mübahisə ilə bağlı məhkəmə bildirir ki, onlar arasında fədi yaşayış evinin tikintisi ilə bağlı aralarında razılıq olmuşdur. İddiaçı bildirir ki, beş daş üstə mətbəx daxil 5 otaqlı ev və həyətdə çardaq tikilməsi ilə bağlı zəhmət haqqı olaraq hissəhissə (iş görüldükcə) 3500 manat pul vermişdir. Tikilmiş ev 5 daş üstə mətbəx daxil 5 otaq və həyətində çardaqdan ibarətdir. Qarşı tərəf 2500 manat və suvaq işlərinin görülməsi ilə bağlı 600 manat hissə-hissə (iş görüldükcə) zəhmət haqqı verilməsini bildirir. İddiaçı bundan başqa evin təmirində bəzək-düzək və tamamlanma işlərinin görülməsi üçün sonradan cavabdehə 6000 manat pul verməsini, lakin onun tərəfindən işin icra edilməməsini, həmin puldan onun anasının 250 manat qaytarmasını bildirir və 5750 manat qalmasını iddia edir. Cavabdeh isə iddiaçının onunla evin təmirində bəzək-düzək və tamamlanma işlərinin görülməsi ilə bağlı hər hansı razılaşmanın olmamasını, bununla bağlı ona 6000 manat pul verilməməsini, iddiaçının iddia etdiyi işləri onun bacarmamasını bildirir. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə qeyd edir ki, tərəflər arasında fərdi yaşayış evinin tikintisi ilə bağlı potrat hüquq münasibətləri yaranmışdır. Podrat hüquq münasibətlərini tənzimləyən Mülki Məcəllənin müvafiq maddələrinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür (752.1). Sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur (753.1). Əgər müqavilədə muzdun hissə-hissə ödənilməsi nəzərdə tutulmursa, sifarişçi podratçının muzdunu iş yerinə yetirildikdən sonra ödəməlidir (769). Məhkəmə aşağıda göstərilənlərə əsasən iddianı əsassız hesab edir.

1. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mübahisə üzrə sübutların bölgüsü baxımından iddiaçı ilk növbədə sübut etməlidir ki, iddia etdiyi kimi evin təmirində bəzək-düzək və tamamlanma işlərinin görülməsi ilə bağlı cavabdeh ilə aralarında hər hansı bir razılaşma (şifahi müqavilə) olmuş və buna görə cavabdehə 6000 manat pul vermişdir. İddiaçı tərəfindən həmin hallar sübuta yetirilməmişdir.

2. Masallı Rayon Polis şöbəsinə edilmiş şikayətdən sonra iddiaçının anası tərəfindən 250 manat pulun ödənilməsi hələ birmənalı şəkildə cavabdehin iddiaçı qarşısında öhdəliyinin olmasını sübut etmir. Yəni, ananın hər hansı bir səbəbdən oğlu barəsində edilmiş şikayətə görə qarşı tərəfə hər hansı bir məbləği ödəməsi, cavabdehin iradəsini və iddiaçının cavabdehə 6000 manat pul verməsinin sübutu deyil, bu hal işin araşdırılması zamanı digər sübutlarla təsdiqini tapmamışdır.

3. İddiaçının məhkəmə iclasında verdiyi izahatlar ilə onun oğlu X2 cavabdeh barəsində Masallı Rayon Polis şöbəsinə etdiyi şikayət ilə bağlı aparılmış araşdırma zamanı alınmış izahatı arasında da ziddiyyətlər var. Belə ki, iddiaçı cavabdehə beş daş üstə mətbəx daxil 5 otaqlı ev və həyətdə çardaq tikilməsi ilə bağlı 3500 manat, sonradan isə evin təmirində bəzək-düzək və tamamlanma işlərinin görülməsi üçün 6000 manat, cəmi 9500 manat verməsini iddia etsədə, onun oğlu Masallı Rayon Polis şöbəsində verdiyi izahatında göstərmişdir ki, “...6 ay bundan əvvəl Masallı şəhərində yerləşən torpaq sahəsində ev inşa etmək istəmiş, həmin vaxt Vəfadar adlı usta ilə tanış olmuş, sonuncu ilə razılaşmışdır ki, evi və hasarı tikmək üçün ondan 6000 manat pul alacaq. Bu səbəbdən həmin vaxtdan Vəfadar evin inşasını başlamışdır. Vəfadar evinin inşa etdiyi müddət ərzində sonuncuya ümumilikdə 6000 manat pul vermiş, lakin Vəfadar evinin inşasını keyfiyətsiz etmişdir.”

4. İddiaçının ayrı-ayrı məhkəmə iclaslarında verdiyi izahatları arasında da ziddiyyətlər var. Məsələn, iddiaçı əvvəlki məhkəmə iclaslarında bildirmişdir ki, malmateriallar cavabdeh tərəfindən alınmışdır. Bu hal da məhkəmə iclasında sübut edilməmiş, mal-material satmış şəxslərdən Şahid2 məhkəmə iclasında şahid qismində dindirilmiş və o, ifadəsində göstərmişdir ki, “...Vəfadar, Könül xanım və onun oğlu Orxan sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu obyektə gəlmişlər, ev tikintisi üçün müəyyən malmaterial sifariş vermişlər, 3-5 gündən sonra həmin mallar göndərilmişdir. Malların pulunu ya Orxan, yada Könül xanım vermişdir. Çatmayan müəyyən mallar olmuş, Orxan ona zəng edərək, onların da verilməsini və dəyərini ödəyəcəyini bildirmişdir.” Bundan sonra iddiaçı fərqli formada - cavabdehin iştirakı ilə mal alınması üçün 1-2 dəfə özü getməsini, qalan mal-materialı cavabdehin alması barədə izahat vermişdir. Hansı səbəbdən mal-materialın alınması üçün özünün və ya oğlunun getməməsi ilə bağlı xüsusata isə aydınlıq gətirməmişdir. Hərçənd ki, mal-materialın dəyəri və podratçının həmin məsələ ilə bağlı sifarişçiyə düzgün məlumat verməsi sonuncu üçün maddi baxımından önəmlidir. Qeyd edilən xüsusatların tələb edilən 6000 manat pul ilə bağlı birbaşa əlaqəsi olmasada, iddiaçının izahatının nə dərəcədə inandırıcı olması baxımından əhəmiyyət kəsb edir.

5. Cavabdehin sonradan müəyyən işi görməsi də iddiaçının ona 6000 manat pul verməsini birmənalı təsdiq etmir. Cavabdeh məhkəmə iclasında bununla bağlı bildirmişdir ki, “...Anasıgil qarşı tərəfin onun barəsində edilmiş şikayət ilə bağlı Könül xanımgilə getdikdən sonra hədiyyə edilmiş (zəhmət haqqı alınmamış) işlərdən xırda-xuruş iş görülmüşdür.” Hərçənd iddiaçı Masallı Rayon Polis şöbəsinə edilmiş şikaylə bağlı izahatı alınarkəndə izahatında göstərmişdir ki, “...6 ay bundan əvvəl Rəvanla tanış olmuş və sonuncu ona Masallı şəhərində yerləşən həyətyanı torpaq sahəsində ev və hasar inşa etməsini demiş, həmin vaxt o, etiraz etməmiş və hasarla ev inşa etmişdir. Lakin sonradan şəxsi işləri ilə əlaqədar evin inşasını tamamlaya bilməmişdir.”

6. İddiaçı beş daş üstə mətbəx daxil 5 otaqlı ev və həyətdə çardaq tikilməsi ilə bağlı cavabdehə 3500 manat (cavabdeh isə ümumən 3100 manat) verdiyini bildirir. Tikilmiş ev 5 daş üstə mətbəx daxil 5 otaq və həyətində çardaqdan ibarətdir. Məntiqi baxımından sıfırdan 5 daş üstə mətbəx daxil 5 otaq və həyətində çardaqdan ibarət ev 3500 manata tikildiyi halda, həmin evin bəzək-düzək və tamamlanma işlərinin 6000 manat olması qəbul edilən deyil və bu nəticəyə gəlmək üçün bu sahə üzrə mütəxəssis olmaq lazım deyil.

7. İddiaçı fərdi yaşayış evinin tikilməsi ilə bağlı zəhmət haqqını hissə-hissə (iş görüldükcə) verdiyi halda, onun bəzək-düzək və tamamlanma işlərinə görə (hələ görülməyən işə görə) əvvəlcədən 3-4 dəfəyə 6000 manat verməsi inandırıcı deyil və bu halın hansı səbəbə görə belə olması onun tərəfindən əsaslandırılmamışdır. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında göstərilir ki, mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. Beləliklə, məhkəmə işin faktiki hallarını şərh olunan hüquq normaları əsasında qiymətləndirərək hesab edir ki, iddia təmin edilməməlidir. MPM-in 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi:

İddiaçı Cavabdeh qarşı “5750 manat və iddia ərizəsinin verilməsi üçün dövlət rüsumu qismində ödənilmiş 80 manat, cəmi 5830 manat pulun alınıb ona verilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim Ceyhun Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar