Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-3103/2024 05.12.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, Qasımov Xanbaba Alxas oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə, cavabdehin vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının azaldılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı alimentin miqdarının azaldılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ilə birgə nikahlarından doğulmuş övladları 27 iyun 2021-ci il təvəllüdlü Aİışov Samid İbrahim oğlunun yetkinlik yaşına çatanadək saxlanılmasından ötrü Masallı Rayon Məhkəməsinin 2(050)-1596/2023 saylı, 25 may 2023-cü il tarixli qətnaməsinə əsasən hər ay əmək haqqından əlavə sabit pul məbləğində tutulan 50 manat aliment pulunun ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş emişdir. Sonradan ərizə ilə məhkəməyə müraciət edərək, Masallı Rayon Məhkəməsinin 2(050)-1596/2023 saylı qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğinin 50 manat sabit pul məbləğində olan hissədə azaldılmasını xahiş emişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx xxxx 1992-ci ildə Masallı rayonunda anadan olmuş və hazırda Masallı rayonu, Xırmandalı kəndində qeydiyyatdadır. O, cavabdeh X1 ilə el adəti qaydasında ailə qurmuş və nikahlarını 01 dekabr 2021-ci ildə Masallı rayon Qeydiyyat Şöbəsində rəsmi qeyd etdirmişlər. Birgə yaşadıqları dövrdə 27 iyun 2021-ci ildə X3 adlı uşaqları anadan olmuşdur. O, cavabdehlə bir neçə il birlikdə yaşamış, ilk vaxtlarda ailə münasibətləri normal olmuş, lakin sonradan cavabdehin təqsiri üzündən ailə münasibətləri pozulmuş və Masallı Rayon Məhkəməsinin qətnaməsinə əsasən nikahları pozulmuş və azyaşlı övladı anasının himayəsində saxlanılmışdır. Övladının saxlanılmasından ötrü onun əmək haqqının 1/4 hissəsi və əlavə olaraq 50 manat sabit pul məbləğində aliment tutulur. Hər ay əmək haqqından 338 manat alimentə pul ödəyir. Azərbaycanda bir uşağın saxlanılması üçün uşağın minumum yaşayışı 235 manat nəzərdə tutulmuşdur. Göstərilən məbləğdəndə 100 manatdan artıq aliment ödəyir. Məhkəmə isə heç bir araşdırma aparmadan ondan 50 manat sabit pul məbləğində aliment kəsmişdir. Özü hərbidə işləyir, hər gün düşmənlə üz-üzə qalır. Lakin məhkəmənin ədalətsizliyi nəticəsində əsassız olaraq ondan aliment tutulur. Odur ki, yenidən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirdi ki, təmsil etdiyi şəxsin əmək haqqında heç bir dəyişiklik olmamışdır. 1200 manat əmək haqqı alır. Yenidən ailə həyatı qurmayıb. İddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin vəkili Vəkil bildirdi ki, iddia əsassızdır. Tərəflərin maddi vəziyyətində heç bir dəyişiklik olmamışdır. İddianın rədd olunmasını xahiş etdi. İş materiallarında olan: Doğum haqqında şəhadətnamədən görünür ki, 27 iyun 2021-ci il təvəllüdlü X2 atası İddiaçı, anası Cavabdehdır. Masallı Rayon Məhkəməsinin 25 may 2023-cü il tarixli, 2(050)-1596/2023 saylı qətnaməsindən görünür ki, iddiaçı Alışova (Hüseynova) Gülsüm Qasımxan qızının cavabdeh İddiaçı qarşı aliment tələbinə dair iddiasının təmin edilməsi, 10 aprel 2023-cü il tarixdən başlayaraq İddiaçı 27 iyun 2021-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay aylıq qazancının və başqa gəlirinin 1/4 hissəsi və 50 manat sabit pul məbləğində alimentin tutulub Alışova (Hüseynova) Gülsüm Qasımxan qızına verilməsi qət edilmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin vəkilinin izahatlarını dinləyib, iş materiallarını tədqiq edib, iş üzrə toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək belə hesab edir ki, iddia tələbi əsassız olduğu üçün təmin edilməməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 101.2-ci maddəsinə əsasən məhkəmə alimentin miqdarını müəyyən edərkən tərəflərin maddi və ailə vəziyyətini nəzərə almalıdır. Həmin Məcəllənin 112.1-ci maddəsinin tələblərinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli Qərarında məhkəmələrə tövsiyə edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsi). Məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanılmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair 27 iyul 2016-cı il tarixli qərarında qeyd olunmuşdur ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Qeyd olunmuş qərarda həmçinin göstərilmişdir ki, məhkəmə tərəfindən tərəflərin maddi vəziyyətinin araşdırılması zamanı, onların gəlirləri (məsələn, vergi ödəyicisi kimi ödənilən verginin məbləği və s.), digər qazanc mənbəyi, təhsili, hansı peşəyə sahib olması, əvvəlki iş yeri, yaşayış səviyyəsi (hansı şəraitdə yaşaması və s.), əmlak vəziyyəti (daşınar və daşınmaz əmlaklarının olub-olmaması), özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi və s. qanunvericiliyə müvafiq olaraq müəyyən edilməlidir. Ailə vəziyyətinin araşdırılması zamanı məhkəmə, tərəflərin yenidən ailə qurubqurmaması, yeni ailədə uşaqların olub-olmaması, başqa aliment ödəmələrinin olubolmaması, tutulacaq alimentin miqdarının digər uşaqların təminatının əsaslı dərəcədə aşağı düşməsinə səbəb ola biləcəyinə və s. məsələlərə diqqət yetirməlidir. Diqqətəlayiq digər halların araşdırılması zamanı məhkəmə, tərəflərin əmək qabiliyyətini və sağlamlıq vəziyyətini, öhdəsində digər şəxslərin (əmək qabiliyyəti olmayan valideynlər və s.) olub-olmamasını və s. məsələləri nəzərə almalıdır. Uşağın əvvəlki təminatının səviyyəsinin araşdırılması zamanı məhkəmə nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Buna görə məhkəmə uşağın hansı təhsil müəssisəsində təhsil almasını (ödənişli və ya ödənişsiz), əvvəllər hansı qaydada istirahət etməsini, asudə vaxtını hansı qaydada keçirməsini, idmanla, musiqi ilə məşqul olubolmamasını, sağlamlığını və s. məsələləri nəzərə almalıdır. Məhkəmə qeyd edir ki, iddiaçı Masallı Rayon Məhkəməsinin 25 may 2023-cü il tarixli, 2(050)-1596/2023 saylı qətnaməsindən apellyasiya şikayəti verməmiş, qətnamənin qəbul edildiyi vaxtdan hazırki vaxtadək 1 il 4 ay ərzində onun ailə və ya maddi vəziyyətində təyin edilmiş aliment məbləğini ödəməyə maneə ola biləcək hər hansı bir dəyişikliyin baş verməsi barədə məhkəməyə sübut təqdim etməmişdir. Halbuki, MPM-nin 77.1-ci maddəsinin tələbi baxımından o, qeyd edilən halları sübut etməlidir. Əksinə, məhkəmə tədqiqatı zamanı sübut edilmişdir ki, iddiaçı Masallı Rayon Məhkəməsinin 25 may 2023-cü il tarixli, 2(050)-1596/2023 saylı qətnaməsinə əsasən alimenti tam şəkildə ödəmişdir. Göründüyü kimi, iddiaçı Masallı Rayon Məhkəməsinin 25 may 2023-cü il tarixli, 2(050)- 1596/2023 saylı qətnaməsi ilə müəyyən edilmiş aylıq alimenti vaxtlı-vaxtında tam şəkildə ödəmiş, həmçinin iddia ərizəsi ilə məhkəməyə müraciət edildiyi tarixdən qətnamənin qəbul edildiyi vaxtadək olan dövr üzrə hesablanmış aliment məbləğindən də ödənişlər etmişdir və qeyd edilən dövrə olan aliment məbləğinin ödənilməsi ilə bağlı tərəflər arasında mübahisə yoxdur. Ən əsası məhkəmə qeyd edir ki, iddiaçının əgər ailə və ya maddi vəziyyətində müəyyən edilmiş aliment məbləğini ödəməyə maneə olacaq hər hansı bir hal baş vermişdirsə, o, 11 sentyabr 2024-cü il tarixdə hazırki iddia ilə məhkəməyə müraciət etdikdən sonra müəyyən edilmiş alimenti ödəmişdir. Bundan başqa, məhkəmə iddiaçının tələbinin əsası kimi göstərdiyi Masallı Rayon Məhkəməsinin 25 may 2023-cü il tarixli, 2(050)-1596/2023 saylı qətnaməsi ilə qazancının və başqa gəlirinin 1/4 hissəsindən əlavə olaraq 50 manat sabit pul məbləğində alimentin tutulması məsələsinə münasibətdə bildirir ki, bu qanunla nəzərdə tutulan haldır, yeni bir hal deyil. Həmin məsələ qətnamə qəbul eilərkən həll edilmişdir. İddiaçı bununla razılaşmış və apellyasiya şikayəti verməmişdir. Məhkəmə bu nəticəyə gələrkən, həmçinin cavabdehin də hal-hazırda ailə və maddi vəziyyətində dəyişikliyin olmaması, uşağın yaşı ilə əlaqədar heç bir yerdə işləməməsi, onun qayğısına qalması kimi diqqətəlayiq halları, habelə uşağın əvvəlki təminat səviyyəsinin saxlanılması üçün “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə uyğun olaraq uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüquqlarını nəzərə almışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1.-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəlləninn 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.2-ci maddənin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prossual Məcəlləsinin 216- 220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı alimentin miqdarının azaldılması tələbinə dair iddia təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına Masallı Rayon Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov
Məhkəmə qərarları › İş №2(050)-3103/2024
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-3103/2024
05.12.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver