Məhkəmə qərarları › İş №2(050)-3254/2024

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-3254/2024

05.11.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-3254/2024 05.11.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Ellara Həsən qızının sədrliyi, Məhkəmə iclasının katibi Ağayev Nurəddin Cəlil oğlunun katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi X1 iştirakları ilə. İddiaçı Cavabdeh qarşı alimentin azaldılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddia ərizəsində qeyd edilən işin halları: Cavabdeh onun keçmiş həyat yoldaşıdır. Birgə nikahdan 2012-ci il təvəllüdlü X9 və 2015-ci il təvəllüdlü X7 anadan olmuşdur. Sumqayıt Şəhər Məhkəməsinin qətnaməsi ilə rəsmi nikahdan anadan olmuş 2012-ci il təvəllüdlü X5 və 2015-ci il təvəllüdlü X4 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün hər ay hər uşağa görə 160 (yüz altmış) manat, cəmi 320 (üç yüz iyirmi) manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. O, “X18” MMC-də işləyir. Sumqayıt Şəhər Məhkəməsinin qətnaməsi ilə ondan hər ay hər uşağa görə 160 (yüz altmış) manat, cəmi 320 (üç yüz iyirmi) manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Hər iki qətnamə qanuni qüvvə almışdır. Həmin qətnamələrə əsasən ondan hər ay, cəmi 583 (320+263) manat pul tutulur. Bundan əlavə digər bir yerdən qazancı olmadığı bildirmişdir. Qeyd edir ki, Mediasiya prosesi zamanı cavabdehlə mediasiya sessiyasında barışıq əldə edilməmişdir. İddiaçının tələbi: Sumqayıt Şəhər Məhkəməsinin qətnaməsi ilə rəsmi nikahlarından anadan olmuş 2012-ci il təvəllüdlü X5 və 2015-ci il təvəllüdlü X4 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün hər ay hər uşağa görə 160 (yüz altmış) manat, cəmi 320 (üç yüz iyirmi) manat sabit pul məbləğində aliment məbləğinin azaldılaraq, əmək haqqının 1/3 hissəsi miqdarında alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşdə iştirak edən şəxslərin izahatları: İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, ümumilikdə 771 manat əmək haqqı alır. Ondan 583 manat hissəsi aliment kimi tutulur. Həmin məbləğin 320 manatı uşaqların saxlanması üçün məhkəmə qətnaməsi ilə təyin edilmiş aliment məbləği, qalan hissəsi isə yığılmış aliment borcu ilə əlaqədardır. Şəxsi xərcləri üçün cəmi 200 manata qədər məbləğ qalır. Odur ki, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh nümayəndəsi X2 məhkəmə iclasında izahat verərək bildirmişdir ki, iddia tələbi ilə razı deyil, aliment uşaqların saxlanması üçündür. İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar: Doğum haqqında şəhadətnamələrdən görünür ki, atası İddiaçı və anası X8 olan X10 xx.xx.2012-ci il tarixdə və X7 xx.xx.2005-ci il tarixdə Sumqayıt şəhərində doğulmuşlar. Sumqayıt Şəhər Məhkəməsinin 2(050)-2598/2022 saylı, 15 avqust 2022-ci il tarixli İcra vərəqəsindən görünür ki, İddiaçı 16 sentyabr 2012-ci il təvəllüdlü X11 və 17 may 2015-ci il təvəllüdlü X4 yetkinlik yaşlarına çatanadək hər ay hər uşağa 160 (bir yüz altmış) manat olmaqla, ümumilikdə 320 (üç yüz iyirmi) manat sabit pul məbləğində alimentin xx.xx.2022-ci il tarixdən başlayaraq tutulub X6 verilməlidir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyanın: 17-ci maddəsinin 2-ci bəndinə görə uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. “Uşaq hüquqları haqqında” Konvensiya: Sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib keçirilməməsindən asılı olmayaraq uşaqlar barəsində keçirilən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın: 8.1-ci maddəsinə əsasən hər kəs öz şəxsi və ailə həyatına, mənzilinə və yazışma sirrinə hörmət hüququna malikdir; 8.2-ci maddəsinə əsasən milli təhlükəsizlik və ictimai asayiş, ölkənin iqtisadi rifah maraqları naminə, iğtişaş və ya cinayətlərin qarşısını almaq üçün, sağlamlığı yaxud mənəviyyatı qorumaq üçün və ya digər şəxslərin hüquq və azadlıqlarını müdafiə etmək üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olan hallar istisna olmaqla, bu hüququn həyata keçirilməsinə dövlət hakimiyyəti orqanları tərəfindən müdaxiləyə yol verilmir Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, və yaxud onun qazancı və sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutmaq mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uygun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün əsas tutularaq müəyyən edilir. 101.2-ci maddəsinə əsasən məhkəmə alimentin miqdarını müəyyən edərkən tərəflərin maddi və ailə vəziyyətini nəzərə almalıdır. 112.1-ci maddəsinin tələblərinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli Qərarında Konstitusiya Məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə bu Qərarda formalaşdırılan hüquqi mövqeyi rəhbər tutaraq alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Qeyd olunmuş qərarda həmçinin göstərilmişdir ki, məhkəmə tərəfindən tərəflərin maddi vəziyyətinin araşdırılması zamanı, onların gəlirləri (məsələn, vergi ödəyicisi kimi ödənilən verginin məbləği və s.), digər qazanc mənbəyi, təhsili, hansı peşəyə sahib olması, əvvəlki iş yeri, yaşayış səviyyəsi (hansı şəraitdə yaşaması və s.), əmlak vəziyyəti (daşınar və daşınmaz əmlaklarının olub-olmaması), özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi və s. qanunvericiliyə müvafiq olaraq müəyyən edilməlidir. “Uşaq Hüquqları Haqqında” Azərbaycan Respublikası Qanunun: 8-ci maddəsinə əsasən hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu: 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə 270 manat, əmək qabiliyyətli əhali üçün 287 manat, pensiyaçılar üçün 222 manat, uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 27 yanvar 2015-ci il Qərarı. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair 27 iyul 2016-cı il tarixli Qərarı. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi” haqqında 28 mart 2016-cı il tarixli Qərarı. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 4.1.-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.2-ci maddənin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə hesab edir ki, iddia rədd edilməlidir. Məhkəmə qeyd edir ki, ailə vəziyyətinin araşdırılması zamanı məhkəmə, tərəflərin yenidən ailə qurub-qurmaması, yeni ailədə uşaqların olub-olmaması, başqa aliment ödəmələrinin olub-olmaması, tutulacaq alimentin miqdarının digər uşaqların təminatının əsaslı dərəcədə aşağı düşməsinə səbəb ola biləcəyinə və s. məsələlərə diqqət yetirməlidir. Diqqətəlayiq digər halların araşdırılması zamanı məhkəmə, tərəflərin əmək qabiliyyətini və sağlamlıq vəziyyətini, öhdəsində digər şəxslərin (əmək qabiliyyəti olmayan valideynlər və s.) olub-olmamasını və s. məsələləri nəzərə almalıdır. Uşağın əvvəlki təminatının səviyyəsinin araşdırılması zamanı məhkəmə nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Bunun görə məhkəmə uşağın hansı təhsil müəssisəsində təhsil almasını (ödənişli və ya ödənişsiz), əvvəllər hansı qaydada istirahət etməsini, asudə vaxtını hansı qaydada keçirməsini, idmanla, musiqi ilə məşqul olubolmamasını, sağlamlığını və s. məsələləri nəzərə almalıdır. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(050)-2598/2022 saylı, 15 avqust 2022-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş hallardan sonra iddiaçının ailə vəziyyətində dəyişiklik olmamış, bu barədə məhkəməyə sübut təqdim etməmiş, həmin qətnamədə göstərmiş olduğu eyni əsasları göstərmişdir. Bundan əlavə aylıq 583 manat məbləğində pulun əmək haqqından tutulmasına münasibətdə məhkəmə qeyd edir ki, məhkəmə qətnaməsi ilə təyin edilmiş aliment məbləği 320 manat müəyyən edilmişdir. Əlavə tutmalar iddiaçının vaxtında icra etmədiyi aliment öhdəliklərinə görə yığılmış borcla bağlıdır. Ona görə də iddiası əsassız hesab olunmalıdır. Məhkəmə bu nəticəyə gələrkən həmçinin cavabdehin də hal-hazırda ailə və maddi vəziyyətində dəyişikliyin olmaması, uşaqların azyaşlı olması ilə əlaqədar heç bir yerdə işləməməsi, onların qayğısına qalması kimi diqqətəlayiq halları, habelə uşaqların əvvəlki təminat səviyyəsinin saxlanılması üçün “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüquqlarını nəzərə almışdır. Beləliklə məhkəmə toplanmış sübutlar məcmusuna hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı alimentin azaldılması tələbinə dair iddia ərizəsi rədd edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prossual Məcəlləsinin 216-220, 222, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı alimentin azaldılması tələbinə dair iddia ərizəsi rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən tərəflər bir ay müddətinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Hakim: Ellara Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar