Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-3344/2024 21.11.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Coşqun Şamil oğlunun sədrliyi, Səfərli İbrahim İqrar oğlunun katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh qarşı aliment və əlavə xərclərin tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 12 avqust 2020-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 235 manat sabit pul məbləğində alimentin və əlavə xərclər üçün 100 manat, cəmi 335 manat pulun tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 25 avqust 2019-cu ildə ailə həyatı qurmuş, birgə faktiki nikahlarından 12 avqust 2020-ci ildə X6 adlı uşaqları olmuşdur. Cavabdehlə rəsmi nikahları olmasa da, uşağın atalığı müəyyən edilmişdir. Cavabdehlə 6 il bir evdə yaşamışlar. Onlardan başqa cavabdehin valideynləri və qardaşı da onlarla bir evdə yaşamışdır. Əvvəllər mehriban yaşasalar da, sonradan bu münasibətlər cavabdehin anası və özünün ona qarşı olan dözülməz davranışları hesabına soyumağa başlamışdır. Onunla yola getməmişlər, söz-söhbətlər yaradaraq, qəsdən onu hər işin günahkarı kimi saymaqla təzyiq altında saxlamışlar. Özünü isə evdə bağlı qapı arxasında saxlayaraq, valideynlərini və qohumlarını evə buraxmamışlar. Onun valideynləri ilə olan ünsiyyətinə qadağa qoymuşlar. Ona qarşı olan təzyiqlər və psixi sarsıntılar ana bətnində uşağın sağlamlığına da nüfuz etdiyindən uşaq sol gözündə çəplik qüsuru ilə doğulmuşdur. Cavabdehin nə özü, nə də valideynləri uşağın gözünün müalicəsi ilə maraqlanmamış, bu səbəbdən uşaqda olan göz qüsuru daha da kəskinləşərək xroniki hala çevrilmişdir. Onun müalicə olunmasına nə özləri əhəmiyyət verməmiş, nə də onun valideynlərinə imkan verməmişlər. O, cavabdehin həm özü, həm də anasından uşağı müalicəyə aparmağı tələb etmiş, onlar bunu istəməmiş, ona görə də onun dedikləri onlara xoş gəlməmişdir. Cavabdehlə birgə yaşayış dövründə də ondan nə uşağına, nə də özünə heç bir maddi dəstək görməmişdir. Valideynləri uzaqdan-uzağa da olsa, bir gündən bir onun ərzaq payını gətirmiş, uşağı və özü üçün başqa zəruri olan hər şeyi onlara çatdırmışlar. Getdikcə ona olan münasibətləri daha da pisləşmiş, münasibətlərində daimi gərginlik yaşanmışdır. Axırıncı dəfə 09 avqust 2024-cü ildə günorta vaxtı cavabdehin anası xəstə uşağını da özü ilə harasa aparmaq istəmiş, kəskin istilər səbəbindən uşağın gözündə qızartılar yaranmasın deyə, ondan uşağı özü ilə aparmamasını xahiş etmişdir. O, isə bu sözündən əsəbləşərək, əlində yemək hazırlamaq üçün tutduğu mətbəx bıçağı ilə onu hədələməyə başlamışdır. Sonra oğlu Müşviqə zəng vurub təcili evə çağırmış, Müşviq evə gəlmiş və anasının sözü ilə onun üstünə cumaraq, saçından tutub həyətdə atmış və arxa giriş qapısını üzünə bağlamış, onun çıxıb getməyini tələb etmişdir. Bütün bunlar onun 5 yaşlı uşağının gözləri qarşısında baş vermiş və o, gördüklərindən şok yaşayıb, ağlamışdır. Uşaq qaçıb ağlaya-ağlaya yanına gəlmiş, məcbur olub atasına gəlib onları aparmasını xəbər etmiş, atası gəlib onları aparmışdır. İndi o, azyaşlı uşağıyla ata evinə sığınmış və uşağı təkbaşına böyüdərək qüsurlu gözünün müalicəsini valideynlərinin maddi dəstəyi ilə etdirir. Uşağının xəstəliyi və daim qayğıya ehtiyac olması səbəbindən heç yerdə də işləyə bilmir. Valideynlərinin köməyi ilə böyütdüyü uşağın böyüdükcə məsrəf xərcləri də çoxalır və həmin xərcləri də təkbaşına qarşılamaqda çətinlik çəkir. Cavabdehdən isə uşağına hər-hansı bir köməklik gözləmir. Bütün bunlara baxmayaraq uşağına aparılan müalicəni davam etdirir və bu müalicə uzun müddətə aparılacağı barədə həkimlərin mütləq göstərişi var. Hazırda, yaşayış minimumu haqqında qanuna uyğun olaraq bir uşağın saxlanılması üçün nəzərdə tutulan miqdarın sabit pul məbləğində aliment ödəməsi üçün məhkəməyə müraciət etməli olmuşdur İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək, əlavə olaraq bildirmişdir ki, uşaqda asma xəstəliyi vardır. Bununla bağlı hər ayda bir dəfə uşağı Bakı şəhərinə müalicə üçün aparır. Hər dəfə dərmanlar alır və pul xərcləyir. Cavabdeh işləyir, əmək haqqı alır. Ona uşağın saxlanılması üçün aliment və müalicə xərcləri üçün heç bir maddi yardım göstərmir. Sonda İddiaçı iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin vəkili Nümayəndə izahatında bildirmişdir ki, cavabdeh iddianı qismən qəbul edir. O, işləməklə 400 manat əmək haqqı alır. Hazırda uşağın saxlanılması üçün 150-170 manat aliment ödəyə bilər. Sonda Nümayəndə göstərilənlərin nəzərə alınmasını xahiş etdi. Mülki prosessual qanunvericiliyə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Doğum haqqında şəhadətnamədən görünür ki, 12 avqust 2020-ci il təvəllüdlü X5 atası Cavabdeh, anası İddiaçıdır. Atalığın müəyyən edilməsi haqqında şəhadətnamədən görünür ki, 12 avqust 2020-ci il təvəllüdlü X3 atası Cavabdeh hesab edilmişdir. Masallı Rayon Mərkəzi Xəstəxanası PHŞ-nin 26 avqust 2024-cü il tarixli, 2971 saylı arayışından görünür ki, 12 avqust 2020-ci il təvəllüdlü X2 rayon ploklinikasında tibbi müayinədən keçmişdir. Müayinənin nəticəsi kimi, Hipermetropik asiqmatizm, daxili çəpgözlük qeyd edilmişdir. Masallı Rayon Mərkəzi Xəstəxanası PHŞ-nin 04 noyabr 2024-cü il tarixli, 5790 saylı arayışından görünür ki, 06 12 avqust 2020-ci il təvəllüdlü X2 rayon ploklinikasında tibbi müayinədən keçmişdir. Müayinənin nəticəsi kimi, Kəskin bronxit, Bronxospazm qeyd edilmişdir. “AZEMİS” Elektron Məhkəmə İnformasiya sistemindən çıxarışdan görünür ki, Cavabdeh Masallı rayon Gigiyena və Epidemologiya mərkəzində Dezinfektor vəzifəsində işləyir və əmək haqqısı 466.9 manatdır. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə uyğun olaraq valideynlər uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam şəraitdə böyütməli, ümumtəhsil və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: - 75.1-ci maddəsinə əsasən valideynlər övladlarını saxlamağa borcludurlar. - 78.1-ci maddəsinə əsasən aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu hallarda, habelə uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də həmin Məcəllənin 76-cı maddəsinə uyğun olaraq, qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. - 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Qanunvericiliyin göstərilən müddəalarını işin faktiki hallarına tətbiq etməklə məhkəmə hesab edir ki, iddiaçı ilə cavabdehin hal-hazırda ayrı yaşaması, onların yetkinlik yaşına çatmayan uşağının anasının yanında qalması və onun saxlanılması üçün vəsait tələb olunduğu, uşağın mənafeyi nəzərə alınaraq cavabdehdən iddiaçının xeyrinə aliment sabit pul məbləğində tutulmalıdır. Məhkəmə yetkinlik yaşına çatmayan uşağın mənafeyini, onun normal, yəni, qida rassionlarına uyğun şəkildə qidalanmasını, fiziki cəhətdən inkişafını, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılmasını, uşağın cavabdehlə yanaşı iddiaçıdan da maddi təminat almaq hüququnun olmasını, məhkəmə qətnaməsi çıxararkən tərəflərin əsaslı mənafelərinin nəzərə alınmalı olmasını əsas tutub hesab edir ki, iddia qismən təmin edilməklə 12 avqust 2020-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 180 (bir yüz səkəsən) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 81-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflərin övladı - 12 avqust 2020-ci il təvəllüdlü X1 asiqmatizm, daxili çəpgözlük və Kəskin bronxit, Bronxospazm xəstəliyindən müalicə olunur. O, anasının yanındadır və xəstəliyi ilə bağlı mütəmadi müalicələrə cəlb edilir. Məhkəmə qeyd edir ki, cavabdeh xəstə olan uşağı ilə bağlı əlavə xərclərə cəlb olunmalıdır. Lakin, məhkəmə nəzərə alır ki, iddiaçı yetkinlik yaşına çatan uşağın müalicə xərclərinin qarşılanması üçün ayda 100 manat məbləğində pulun ödənilməsini xahiş etsə də, xərclərin ayda həqiqətən də 100 manat təşkil etməsini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Lakin, məhkəmə uşağın xəstəliyi ilə bağlı iddiaçı tərəfindən təqdim olunmuş sübutu, həqiqətən də bu xəstəliyin müalicəsi ilə bağlı vəsaitin tələb olunduğunu, habelə əlavə xərclərdə hər bir valideynin iştirak etməli olduğunu, tərəflərin diqqətəlayiq olan digər maraqlarını nəzərə almaqla hesab edir ki, müalicə ilə bağlı xərclərin məbləği hər ay 50 manat müəyyən edilməlidir. Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. MPM-in 234.2 və 234.2.1-ci maddələrinə əsasən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunmalıdır. İddiaçının aliment ödənilməsi barədə ərizəsi məhkəməyə 01 oktyabr 2024-cü il tarixdə daxil olduğundan aliment də həmin vaxtdan tutulmalı və qətnamə dərhal icra edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1 və 9.1.2-ci maddələrinə əsasən aliment alınması barədə iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. MPM-in 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmin Məcəllənin 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda-bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 01 oktyabr 2024-cü il tarixdən başlayaraq 12 avqust 2020-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 180 (bir yüz səksən) manat sabit pul məbləğində aliment və uşağın müalicəsi ilə bağlı əlavə xərc kimi 50(əlli) manat pul tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə alimentin tutulması hissəsində dərhal icra edilsin. Mediasiya xərci qismində ödənilmiş 60 manat pul Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddia tələbinin təmin edilmiş hissəsinə mütənasib olaraq ödənilməli olan 47.6 manat dövlət rüsumu Cavabdeh tutularaq dövlət gəlirlərinə alınsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Coşqun Abdullayev
Məhkəmə qərarları › İş №2(050)-3344/2024
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-3344/2024
21.11.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver