Məhkəmə qərarları › İş №2(050)-3383/2023

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-3383/2023

06.11.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-3383/2023 06.11.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Bəhmənov Habil Xanoğlan oğlunun sədrliyi, Məhkəmə iclas katibi Kərimli Nəzrin Fikrət qızının katibliyi ilə, İddiaçı, Cavabdeh iştirakları ilə. İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia qaldıraraq 14 yanvar 2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh hər ay 220 manat sabit pul məbləğində alimentin alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, tərəflər el adəti üzrə toy etməklə ailə həyatı qurmuş, nikahlarını isə 15 may 2015-ci il tarixdə Masallı rayon Qeydiyyat Şöbəsində rəsmiləşdirmişlər. Birgə yaşadıqları müddətdə nikahlarından 14 yanvar 2017-ci ildə Maisə adlı uşaqları anadan olmuşdur. Cavabdehlə bir müddət birgə yaşadıqdan sonra münasibətləri pozulmuş və ayrılmalı olmuşlar. Hazırda azyaşlı övladını təkbaşına böyüdür. İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirdi ki, uşağın qayğılarına görə işləyə bilmir, valideynlərinin himayəsində yaşayır. Cavabdehin maddi gəliri yaxşıdır. Ona görə də iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, məlum olmayan səbəbdən məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəblərini bildirməmişdir. Odur ki, məhkəmə işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab edir. Həmin maddəyə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazimi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. Nikah haqqında arayışdan görünür ki, Cavabdeh ilə Nuriyeva (Qafarova) Həcər Fikrət qızı nikahlarını 15 may 2015-ci il tarixdə tarixdə rəsmiləşdirmişlər və 330 saylı qeydiyyat aparılmışdır. Doğum haqqında arayışdan görünür ki, X2 14 yanvar 2017-ci ildə doğulmuşdur. Uşağın atası Cavabdeh, anası İddiaçıdır. İlkin mediasiya sessiyasında iştirak edilməmə barədə arayışdan görünür ki, Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İddia ərizəsindən görünür ki, İddiaçı aliment tələbi ilə məhkəməyə 13 sentyabr 2023cü il tarixdə müraciət etmişdir. Məhkəmə iş materiallarını tədqiq edib, iş üzrə toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək belə hesab edir ki, iddia təmin edilməlidir. İşin faktiki və mübahisələndirilməyən hallarına əsasən 14 yanvar 2017-ci il təvəllüdlü X1 atasının Cavabdeh, anasının İddiaçı olması müəyyən olunur. O, İddiaçı himayəsində yaşayır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, və yaxud onun qazancı və sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutmaq mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uygun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Həmin Məcəllənin 101.2-ci maddəsinə əsasən məhkəmə alimentin miqdarını müəyyən edərkən tərəflərin maddi və ailə vəziyyətini nəzərə almalıdır. Göstərilən maddi normalara əsasən məhkəmə qeyd edir ki, uşağı saxlamaq, qayğısına qalmaq, onun maddi ehtiyaclarını ödəmək valideyn kimi iddiaçı ilə bərabər cavabdehin də borcudur. Ona görə uşağın saxlanılmasında valideyn kimi o, da iştirak etməli və aliment ödəməlidir. Hal-hazırda iddiaçı uşaqların qayğısına qalır və işləmir. Odur ki, aliment öhdəliyi tamamilə atanın üzərinə qoyulmalıdır. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununda 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Ona görə də uşaqların ən az həmin həddə maddi təminat hüquqları vardır. Bununla belə məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2-ci maddəsinin tələbinə əsasən cavabdehin maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər halları və onların əvvəlki təminatının saxlanılmasında valideynlərin hər ikisinin əvvəlki rolunu nəzərə alaraq, aylıq aliment məbləğinin hər ay bir uşaq üçün 220 manat sabit pul məbləğində müəyyən edilməsini məqsədəuyğun hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1.-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəlləninn 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.2-ci maddənin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. 14 yanvar 2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh hər ay 220 manat sabit pul məbləğində aliment alınaraq İddiaçı ödənilsin. Alimentin tutulmasının başlanğıcı 13 sentyabr 2023-cü il tarixdən hesablansın. Qətnamə dərhal icra edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən tərəflər bir ay müddətinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Habil Bəhmənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar