Məhkəmə qərarları › İş №2(050)-3394/2024

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-3394/2024

21.11.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-3394/2024 21.11.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Ellara Həsən qızının sədrliyi, Məhkəmə iclas katibi Musayeva Zəhraxanım Şahin qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə. İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddia ərizəsində qeyd edilmiş işin halları: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə faktiki nikaha daxil olaraq ailə həyatı qurmuşdur. Faktiki nikahdan xx.xx.2022-ci il təvəllüdlü X4 doğulmuşdur. Hazırda cavabdehlə münasibətləri pozulmuş və faktiki olaraq ayrı yaşayırlar. O, uşağı ilə birlikdə valideyinlərinin evində yaşayır. Ayrı yaşadıqları müddətdə Cavabdeh ona və övladına heç bir maddi yardım etməmişdir. Cavabdeh Fövqəladə Hallar Nazirliyinin Masallı şöbəsində işləyərək, yüksək əmək haqqı alır. Dəfələrlə aliment pulu tələb etsə də heç bir nəticəsi olmamışdır. Özü ağır dərəcəli asma xəstəsidir, xəstəliyi ilə əlaqədar heç bir yerdə işləyə bilmir. Övladının maddi tələbatlarını ödəyə bilmir. Məcburiyyət qarşısında qalaraq, məhkəməyə müraciət etmişdir. İddiaçının tələbi: Cavabdeh xx.xx.2022-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün onun əmək haqqının ¼ hissəsi və əlavə olaraq 200 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı xx.xx.2024-cü il tarixli məhkəmə iclasında ərizə təqdim edərək, Cavabdeh xx.xx.2022-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 235 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşdə iştirak edən şəxslərin izahatları: İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iddia tələbini qismən qəbul etdiyini, hazırda 671 manat əmək haqqı aldığını bildirərək, aliment təyin edilərkən maddi vəziyyətinin nəzərə alınmasını xahiş etmişdir. Həmçinin əvvəlki məhkəmə iclasında cavabdeh etiraz təqdim edərək etirazını onunla əsaslandırmışdır ki, İddiaçı ona qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək azyaşlı xx.xx.2022-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün ondan hər ay əmək haqqının ¼ hissəsi və 200 manat aliment tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bununla əlaqədar olaraq qeyd edir ki, iddiaçı ilə 2021-ci ildə el adəti üzrə toy edərək, ailə həyatı qurmuşlar. Nikahlarını rəsmi qeyd etdirməsələr də faktiki bir yerdə yaşamışlar. Birgə yaşadıqları dövrdə Nuray adlı bir qızları olmuşdur. Elə həmin uşaqla bağlı atalıq ərizəsi əsasında müəyyən edilmişdir. Əvvəllər mehriban olsalar da, təxminən 3 ay əvvəl iddiaçı uşağı da götürüb gəzmək adı ilə atası evinə getmiş və geri qayıtmamışdır. Onun geri qayıtması üçün göstərdiyi bütün səylər nəticəsiz olmuşdur. İddiaçının tələb etdiyi məbləğdə alimentin təyini ilə razı deyildir. İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar: Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2022-ci ildə doğulmuşdur. Uşağın atası Cavabdeh, anası İddiaçıdır. Atalığın müəyyən edilməsi haqqında arayışdan görünür ki, Cavabdeh İddiaçı doğulmuş X1 atası hesab edilmişdir. xx.xx.2024-cü il tarixli, MŞM/MT036/2024-00794 saylı “İlkin mediasiya sessiyasında iştirak edilməmə barədə” arayışdan görünür ki, ilkin mediasiya sessiyasından sonra proses davam etdirilməmişdir. İddia ərizəsindən görünür ki, İddiaçı aliment tələbi ilə məhkəməyə 04 oktyabr 2024-cü il tarixdə müraciət etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyasının: 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. 20 noyabr 1989-cu il tarixli “Uşaq hüquqları haqqında” Konvensiyanın: 3-cü maddəsinə əsasən sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib keçirilməməsindən asılı olmayaraq uşaqlar barəsində keçirilən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar; 75.4-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur; 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan Sabit pul məbləğində və ya eyni zamanda həm Sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər; 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir; "Uşaq Hüquqları Haqqında" Azərbaycan Respublikası Qanunun: 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır; 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafızəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu: 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə 270 manat, əmək qabiliyyətli əhali üçün 287 manat, pensiyaçılar üçün 222 manat, uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 27 yanvar 2015-ci il Qərarı. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair 27 iyul 2016-cı il tarixli Qərarı. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi” haqqında 28 mart 2016-cı il tarixli Qərarı. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını tədqiq edib, iş üzrə toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək belə hesab edir ki, iddia qismən təmin edilməlidir. İşin faktiki və mübahisələndirilməyən hallarına əsasən xx.xx.2022-ci il təvəllüdlü X3 atasının Cavabdeh, anasının İddiaçı olması müəyyən olunur. O, İddiaçı himayəsində yaşayır. Göstərilən maddi normalara əsasən məhkəmə qeyd edir ki, uşağı saxlamaq, qayğısına qalmaq, onun maddi ehtiyaclarını ödəmək valideyn kimi iddiaçı ilə bərabər cavabdehin də borcudur. Ona görə uşağın saxlanılmasında valideyn kimi o, da iştirak etməli və aliment ödəməlidir. Hal-hazırda iddiaçı uşağın qayğısına qalır və işləmir. Odur ki, aliment öhdəliyi tamamilə atanın üzərinə qoyulmalıdır. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununda 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Ona görə də uşağın ən az həmin həddə maddi təminat hüquqları vardır. Bununla belə məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2-ci maddəsinin tələbinə əsasən cavabdehin maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər halları, uşağın əvvəlki təminatının saxlanılmasında valideynlərin hər ikisinin əvvəlki rolunu nəzərə alaraq, aylıq aliment məbləğinin hər ay 200 manat sabit pul məbləğində müəyyən edilməsini məqsədəuyğun hesab edir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. xx.xx.2022-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 200 (iki yüz) manat sabit pul məbləğində aliment Cavabdeh alınaraq, İddiaçı ödənilsin. Alimentin tutulmasının başlanğıcı xx.xx.2024-cü il tarixdən hesablansın. Qətnamə dərhal icra edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən tərəflər bir ay müddətinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Ellara Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar