Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-3505/2024 18.12.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, Qasımov Xanbaba Alxas oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə, Cavabdeh, cavabdehin vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh oğiu ilə birgə nigah dövründə doğulmuş xx.xx.2009-cu ildə doğulmuş X2 və xx.xx.2011-ci ildə doğulmuş X1 üçün hər bir uşağa 200 manat olmaqla 2 uşağa görə 400 manat aliment cavabdehdən alınıb ona verilməsindən ötrü qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, İddiaçı Cavabdeh ilə xx.xx.2005-ci ildə birgə nigaha girmişlər. Birgə nigah dövründə xx.xx.2007-ci ildə doğulmuş X6, xx.xx.2009cu ildə doğulmuş X5 və xx.xx.2011-ci ildə doğulmuş X7 adlı üç uşaqları dünyaya gəlmişdir. Ailədə uzun müddət yəni, bir neçə illər mehriban şəraitdə yaşamışlar. Lakin son illər və aylar ailə daxili münaşiqələr artıb, aralarında ər-arvad münasibətləri pozulmuşdur. Xasiyyətləri uyğun gəlmədiyindən xx.xx.2024-cü il də məhkəmə qaydası ilə onlar boşanmış və nikahları pozulmuşdur. Hazırda uşaqların saxlanılması və tələbatlarını ödənilməsi üçün çətinliklər yaranmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə ddia ərizəsinin məzmununa uyğun izahat verərək, əlavə olaraq bildirdi ki, təmsil etdiyi şəxs aliment tələb edir. Böyük uşağı yetkinlik yaşına çatmasa da onun üçün aliment tələb etmir. O, Bakı şəhərində yaşayır və fərdi əməklə məşğuldur. Məhkəmə iclasında Cavabdeh iddianı qismən qəbul edərək, bildirdi ki, əlilliyi və xəstəliyi yoxdur. Başqa nikaha daxil olmayıb. Hər uşaq üçün hər ay 100 manat aliment ödəyə bilər. Məhkəmə iclasında cavabdehin vəkili bildirdi ki, hüquqlarını təmsil etdiyi şəxs hər ay hər uşaq üçün 100 manat aliment ödəyə bilər. Gələcəkdə imkanı olsa, daha artıq ödəyər. Heç bir yerdə işləmir. Mülki prosessual qanunvericiliyə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iddiaçının və cavabdehin vəkilinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: doğum haqqında arayışdan və şəhadətnamələrdən görünür ki, 25 mart 2007-cı il təvəllüdlü X4, 23 iyun 2009-cu il təvəllüdlü X2 və 26 dekabr 2011-ci il təvəllüdlü X3 atası Cavabdeh, anası İddiaçıdır. Masallı Rayon Məhkəməsinin 09 sentyabr 2024-cü il tarixli, 2(050)-1388/2024 saylı qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh İddiaçı qarşı «nikahın pozulması» tələbinə dair iddiasının qismən təmin edilməsi, Cavabdeh ilə İddiaçı arasında 13 sentyabr 2008-ci il tarixdə Masallı rayon Qeydiyyat şöbəsində 275 nömrə ilə qeydə alınmış nikahın pozulması, 25 mart 2007-ci il təvəllüdlü X6, 23 iyun 2009-cu il təvəllüdlü X5 və 26 dekabr 2011-ci il təvəllüdlü X7 anaları İddiaçı yanında saxlanılması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Ailə Məcəlləsinin müvafiq maddələrinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur (mad. 75.1, 75.2, 75.3, 75.4). Aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur: 1 uşağa görə - qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi; 2 uşağa görə - qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi; 3 və daha çox uşağa görə - qazancın (başqa gəlirlərin) yarısı (mad. 76.1, 76.1.1, 76.1.2, 76.1.3). Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyrimüntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər (mad.78.1). Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir (mad.78.2). Qeyd edilən maddi hüquq normalarına əsasən məhkəmə qeyd edir ki, qanunvericilik yetkinlik yaşına çatmayan uşaqların saxlanılmasını valideynlərin vəzifəsi kimi müəyyən etmiş və bunun qaydasını və formasını müəyyənləşdirməkdə onlara müstəqillik vermişdir. Lakin uşaqların saxlanılmasından boyun qaçıran valideynlər bu vəzifəni həyata keçirməyə məhkəmə qaydasında məcbur edilə bilərlər. Ailə qanunvericiliyində aliment ödənilməsinin iki qaydası müəyyən edilmişdir: 1) könüllü - uşaqları saxlamaq barədə saziş əsasında (aliment ödənilməsi barədə saziş); 2) məcburi - məhkəmə qərarı əsasında. Aliment öhdəliyi dedikdə, ailə münasibətlərinin iştirakçısı olan ər-arvad, valideynlər və uşaqlar arasında yaranan elə hüquq münasibətləri başa düşülür ki, burada bir tərəf digər tərəfin saxlanılması üçün onlar arasında olan razılıq əsasında və ya qanunvericiliyə uyğun olaraq məcburi qaydada müəyyən edilən vəsaiti (alimenti) ödəməyə borclu olur. Həmçinin, eyni qanunvericilikdə məhkəmə qaydasında alimentin tutulmasının 2 qaydası müəyyən edilmişdir: 1) aliment ödəyənin aylıq qazancının (gəlirinin) müəyyən hissəsi miqdarında; 2) sabit pul məbləğində. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin sabit məbləğdə tutulmasının bir neçə əsasını müəyyən etmişdir: aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyrimüntəzəm, dəyişən olarsa; aliment verməyə borclu olan valideyn qazancının (gəlirinin) hamısını və ya bir hissəsini natura və ya xarici valyuta ilə alırsa; aliment verməyə borclu olan valideynin qazancı və ya sair gəliri yoxdursa; alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda. Bu əsaslardan hər hansı biri mövcud olduqda alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Alimentin sabit məbləğində tutulması yalnız uşaqların saxlanılması üçün aliment tutulması ilə bağlı məhkəməyə müraciət edən şəxsin tələbi əsasında mümkündür. Başqa sözlə, məhkəmə alimentin sabit pul məbləğində tutulmasını öz təşəbbüsü əsasında, yaxud cavabdehin vəsatəti əsasında həll edə bilməz. Ailə Məcəlləsinin 78.2-ci maddəsində alimentin miqdarı müəyyən olunarkən məhkəmənin üzərinə bir sıra məsələlərin araşdırılması vəzifəsi qoyulmuşdur: tərəflərin maddi və ailə vəziyyəti; diqqətəlayiq digər hallar; uşağın əvvəlki təminatının səviyyəsi. Məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini, onların normal, yəni, qida rassionlarına uyğun şəkildə qidalanmasını, fiziki cəhətdən inkişafını, uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılmasını, uşağın cavabdehlə yanaşı iddiaçıdan da maddi təminat almaq hüququnun olmasını, yaşayış minimumunun Azərbaycan Respublikasında bir uşağın saxlanması üçün zəruri olan minimal məbləği ehtiva etməklə, özü-özlüyündə aliment məbləğinin bu həddə müəyyən edilməsi anlamına gəlməməsini, məhkəmə qətnaməsinin icra olunması üçün çıxarılmasını, qətnamənin digər tərəfə sitəm verilməsi üçün deyil, ədalətli balansı bərpa etmək üçün olmasını, məhkəmə qətnaməsi çıxarılarkən tərəflərin əsaslı mənafelərinin nəzərə alınmalı olmasını əsas tutub hesab edir ki, 23 iyun 2009-cu il təvəllüdlü X2 və 26 dekabr 2011-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay bir uşağa görə 150 manat, iki uşağa görə 300 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə araşdırması zamanı cavabdehin həmin məbləğdə aliment ödənilməsini istisna edən hər hansı bir hal (işləməsinə maneə olacaq xəstəliyi, yaşının kifayət qədər çox olması, himayəsində başqa uşaqların olması və sair hallar) müəyyən edilməmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı yetkinlik yaşına çatmayan uşaqların saxlanılması üçün hər ay sabit pul məbləği ilə bir uşağa görə 200 manat, iki uşağa görə 400 manat aliment tutulub ona verilməsini xahiş etsədə, cavabdehin tələb edilən məbləğə mütənasib qazanc əldə etməsini təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. MPM-in 234.2 və 234.2.1-ci maddələrinə əsasən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunmalıdır. İddiaçının aliment ödənilməsi barədə ərizəsi məhkəməyə 15 oktyabr 2024-cü il tarixdə daxil olduğundan cavabdehdən aliment də həmin vaxtdan tutulmalı və qətnamə alimentin tutulması hissəsində dərhal icra edilməlidir. Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233,234 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. 15 oktyabr 2024-cü il tarixdən başlayaraq 23 iyun 2009-cu il təvəllüdlü X2 və 26 dekabr 2011-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay bir uşağa görə 150 manat, iki uşağa görə 300 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. X8
Məhkəmə qərarları › İş №2(050)-3505/2024
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-3505/2024
18.12.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver