Məhkəmə qərarları › İş №2(050)-3663/2024

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-3663/2024

11.12.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-3663/2024 11.12.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, Qasımov Xanbaba Alxas oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh uşaqları 19 noyabr 2016-cı il təvəllüdlü X2 və 05 fevral 2018-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 235 manat məbləğində onun xeyrinə aliment tutulması, alimentin tutulmasına məhkəməyə müraciət etdiyi vaxtdan başlanılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 2015-ci ilin sentyabr ayında el adəti üzrə toy edərək ailə həyatı qurub ona məxsus evə gəlin köçmüşdür. Cavabdehlə nikahlarını isə qeyd etdirməmişlər. Birgə yaşadıqları dövrdə 19 noyabr 2016-cı il təvəllüdlü Əkbərova Ruqəyya və 05 fevral 2018-ci ii təvəllüdlü Əkbərov Hüseyn adlı iki uşaqları olmuşdur. Əvvəllər mehriban olsalar da, sonradan cavabdehlə aralarında narazılıqlar yaranmışdır. Ötən ilin may ayında uşaqlarla birlikdə valideynlərinin evinə qayıtmışdır. Həmin vaxtdan cavabdehlə ayrı yaşayırlar. Hazırda azyaşlı övladlarını təkbaşına böyüdür. Cavabdeh isə onların saxlanılmasına köməklik etmir. Cavabdeh toyuq-cücə yetişdirib onun satışı ilə məşğuldur ki, əldə etdiyi aylıq qazancı da stabil deyildir. Bu baxımdan qanunvericiliyin tələbinə əsasən birgə nikahdan olan uşaqların saxlanılması üçün cavabdeh aliment ödəməli və alimentin məbləği sabit pul məbləği ilə müəyyən edilməlidir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirdi ki, işləmir. 2023-cü ilin may ayına kimi birgə yaşamışlar. Aralarında alimentlə bağlı razılıq yoxdur. Uşaqları ilə cavabdeh maraqlanmır. Birgə yaşadıqları dövrə yaxşı qazancı olurdu. İddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qismən qəbul edərək, bildirdi ki, gücü çatan məbləğdə hər uşağa 100 manat aliment ödəyə bilər. İşi ilə əlaqədar borcu vardır və bu səbədən yüksək aliment ödəyə bilmir. Göstərilənlərin nəzərə alınmasını xahiş etdi. Mülki prosessual qanunvericiliyə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iddiaçının və cavabdehin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: doğum haqqında arayışlardan görünür ki, 19 noyabr 2016-cı il təvəllüdlü X2 və 05 fevral 2018-ci il təvəllüdlü X5 atası Cavabdeh, anası İddiaçıdır. Atalığın müəyyən edilməsi haqqında arayışlardan görünür ki, 19 noyabr 2016-cı ildə Masallı rayonu, Boradigah qəsəbəsində İddiaçı doğulmuş X1 və 05 fevral 2018-ci ildə Masallı rayonu, Boradigah qəsəbəsində İddiaçı doğulmuş X3 atası Cavabdeh hesab edilmşdir. Bu barədə 10 may 2018-ci il tarixdə Masallı Rayon Qeydiyyat şöbəsində müvafiq olaraq 275 və 276 nömrəli atalığın müəyyən etmək haqqında akt qeydləri tərtib edilmişdir. Atalıq müəyyən edildikdən sonra vətəndaşlar X6 və X7 olmuşlar. Ailə Məcəlləsinin müvafiq maddələrinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur (mad. 75.1, 75.2, 75.3, 75.4). Aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur: 1 uşağa görə - qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi; 2 uşağa görə - qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi; 3 və daha çox uşağa görə - qazancın (başqa gəlirlərin) yarısı (mad. 76.1, 76.1.1, 76.1.2, 76.1.3). Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyrimüntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər (mad.78.1). Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir (mad.78.2). Qeyd edilən maddi hüquq normalarına əsasən məhkəmə qeyd edir ki, qanunvericilik yetkinlik yaşına çatmayan uşaqların saxlanılmasını valideynlərin vəzifəsi kimi müəyyən etmiş və bunun qaydasını və formasını müəyyənləşdirməkdə onlara müstəqillik vermişdir. Lakin uşaqların saxlanılmasından boyun qaçıran valideynlər bu vəzifəni həyata keçirməyə məhkəmə qaydasında məcbur edilə bilərlər. Ailə qanunvericiliyində aliment ödənilməsinin iki qaydası müəyyən edilmişdir: 1) könüllü - uşaqları saxlamaq barədə saziş əsasında (aliment ödənilməsi barədə saziş); 2) məcburi - məhkəmə qərarı əsasında. Aliment öhdəliyi dedikdə, ailə münasibətlərinin iştirakçısı olan ər-arvad, valideynlər və uşaqlar arasında yaranan elə hüquq münasibətləri başa düşülür ki, burada bir tərəf digər tərəfin saxlanılması üçün onlar arasında olan razılıq əsasında və ya qanunvericiliyə uyğun olaraq məcburi qaydada müəyyən edilən vəsaiti (alimenti) ödəməyə borclu olur. Həmçinin, eyni qanunvericilikdə məhkəmə qaydasında alimentin tutulmasının 2 qaydası müəyyən edilmişdir: 1) aliment ödəyənin aylıq qazancının (gəlirinin) müəyyən hissəsi miqdarında; 2) sabit pul məbləğində. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin sabit məbləğdə tutulmasının bir neçə əsasını müəyyən etmişdir: aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyrimüntəzəm, dəyişən olarsa; aliment verməyə borclu olan valideyn qazancının (gəlirinin) hamısını və ya bir hissəsini natura və ya xarici valyuta ilə alırsa; aliment verməyə borclu olan valideynin qazancı və ya sair gəliri yoxdursa; alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda. Bu əsaslardan hər hansı biri mövcud olduqda alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Alimentin sabit məbləğində tutulması yalnız uşaqların saxlanılması üçün aliment tutulması ilə bağlı məhkəməyə müraciət edən şəxsin tələbi əsasında mümkündür. Başqa sözlə, məhkəmə alimentin sabit pul məbləğində tutulmasını öz təşəbbüsü əsasında, yaxud cavabdehin vəsatəti əsasında həll edə bilməz. Ailə Məcəlləsinin 78.2-ci maddəsində alimentin miqdarı müəyyən olunarkən məhkəmənin üzərinə bir sıra məsələlərin araşdırılması vəzifəsi qoyulmuşdur: tərəflərin maddi və ailə vəziyyəti; diqqətəlayiq digər hallar; uşağın əvvəlki təminatının səviyyəsi. Məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini, onların normal, yəni, qida rassionlarına uyğun şəkildə qidalanmasını, fiziki cəhətdən inkişafını, uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılmasını, uşağın cavabdehlə yanaşı iddiaçıdan da maddi təminat almaq hüququnun olmasını, yaşayış minimumunun Azərbaycan Respublikasında bir uşağın saxlanması üçün zəruri olan minimal məbləği ehtiva etməklə, özü-özlüyündə aliment məbləğinin bu həddə müəyyən edilməsi anlamına gəlməməsini, məhkəmə qətnaməsinin icra olunması üçün çıxarılmasını, qətnamənin digər tərəfə sitəm verilməsi üçün deyil, ədalətli balansı bərpa etmək üçün olmasını, məhkəmə qətnaməsi çıxarılarkən tərəflərin əsaslı mənafelərinin nəzərə alınmalı olmasını əsas tutub hesab edir ki, 19 noyabr 2016-cı il təvəllüdlü X2 və 05 fevral 2018-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay bir uşağa görə 170 manat, iki uşağa görə 340 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə araşdırması zamanı cavabdehin həmin məbləğdə aliment ödənilməsini istisna edən hər hansı bir hal (işləməsinə maneə olacaq xəstəliyi, yaşının kifayət qədər çox olması və sair hallar) müəyyən edilməmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı yetkinlik yaşına çatmayan uşaqların saxlanılması üçün hər ay sabit pul məbləği ilə bir uşağa görə 235 manat, iki uşağa görə 470 manat aliment tutulub ona verilməsini xahiş etsədə, cavabdehin tələb edilən məbləğə mütənasib qazanc əldə etməsini təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. MPM-in 234.2 və 234.2.1-ci maddələrinə əsasən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunmalıdır. İddiaçının aliment ödənilməsi barədə ərizəsi məhkəməyə 28 oktyabr 2024-cü il tarixdə daxil olduğundan cavabdehdən aliment də həmin vaxtdan tutulmalı və qətnamə alimentin tutulması hissəsində dərhal icra edilməlidir. Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233,234 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. 28 oktyabr 2024-cü il tarixdən başlayaraq 19 noyabr 2016-cı il təvəllüdlü X2 və 05 fevral 2018-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay hər bir uşağa görə 170 manat, iki uşağa görə 340 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. X13

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar