Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-3724/2024 17.12.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Ellara Həsən qızının sədrliyi, Hakimin köməkçisi Musayeva Zəhraxanım Şahin qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddia ərizəsində qeyd edilmiş işin halları: İddiaçı Cavabdeh ilə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuş, cavabdehlə rəsmi nikahlarından X3 və X2 doğulmuşdur. Münasibətləri pozulduğundan nikahları məhkəmə qaydasında pozulmuş, uşaqlar ananın himayəsində saxlanılmış və uşaqların saxlanılması üçün cavabdehdən cəmi 240 manat sabit pul məbləğində aliment kəsilmişdir. Məhkəmənin qərarından sonra valideyinlərinin təkidi ilə aralarında barışıq olmuşdur. Barışdıqdan sonra cavabdeh onu Rusiya Federasiyasına aparmışdır. Rusiya Federasiyasında olarkən faktiki nikahdan xx.xx.2024-cü il tarixdə X4 adlı övladı dünyaya gəlmişdir. Cavabdeh uşağına atalıq vermiş və onlar Rusiya Federasiyasında uşağa doğum haqqında şəhadətnamə almışlar. Rusiya Federasiyasında olarkən cavabdehlə münasibətləri təkrarən pozulmuş və cavabdeh onu Azərbaycan Respublikasına göndərmişdir. Hazırda o, üç uşağı ilə birlikdə valideyinlərinin evində yaşayır. Uşaqlarının ikisinə aliment alır, sonuncu uşağa isə aliment ala bilmir. Cavabdehdən uşaq üçün aliment pulu istəsə də heç bir nəticəsi olmamışdır. Cavabdeh uşağa görə aliment vermək istəmir. Həmçinin uşaqlarına maddi yardım da göstərmir. Uşaq körpə olduğu üçün işləyə bilmir. Cavabdeh Rusiya Federasiyasında fərdi əməklə məşğul olaraq yüksək gəlir əldə edir. Məcburiyyət qarşısında qalaraq alimentlə bağlı məhkəməyə müraciət etmişdir. İddiaçının tələbi: Cavabdeh xx.xx.2024-cü il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün 150 manat sabit pul məbləğində alimentin tutularaq, ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşdə iştirak edən şəxslərin izahatları: İddiaçı məhkəmə iclasında izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, o, məlum olmayan səbəbdən məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbini bildirməmişdir. Odur ki, məhkəmə işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Lakin xx.xx.2024-cü il tarxili məhkəmənin hazırlıq iclasında cavabdehlə videokonfransla əlaqə saxlanılmış və cavabdeh iddiaya etiraz etmədiyini bildirmişdir. İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar: Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2024-cü ildə doğulmuşdur. Uşağın atası Cavabdeh, anası İddiaçıdır. Atalığın müəyyən edilməsi haqqında şəhadətnamədən görünür ki, Cavabdeh xx.xx.2024-cü il təvəllüdlü X1 atası hesab edilmişdir. Elektron Məhkəmə İnformasiya Sistemindən görünür ki, İddiaçı rəsmi iş yeri yoxdur. İddia ərizəsindən görünür ki, İddiaçı aliment tələbi ilə məhkəməyə 04 noyabr 2024-cü il tarixdə müraciət etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyasının: 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. 20 noyabr 1989-cu il tarixli “Uşaq hüquqları haqqında” Konvensiyanın: 3-cü maddəsinə əsasən sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib keçirilməməsindən asılı olmayaraq uşaqlar barəsində keçirilən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar; 75.4-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur; 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan Sabit pul məbləğində və ya eyni zamanda həm Sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər; 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir; 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. 101.2-ci maddəsinə əsasən məhkəmə alimentin miqdarını müəyyən edərkən tərəflərin maddi və ailə vəziyyətini nəzərə almalıdır. "Uşaq Hüquqları Haqqında" Azərbaycan Respublikası Qanunun: 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır; 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafızəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu: 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə 270 manat, əmək qabiliyyətli əhali üçün 287 manat, pensiyaçılar üçün 222 manat, uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 27 yanvar 2015-ci il Qərarı. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair 27 iyul 2016-cı il tarixli Qərarı. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi” haqqında 28 mart 2016-cı il tarixli Qərarı. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını tədqiq edib, iş üzrə toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək belə hesab edir ki, iddia təmin edilməlidir. İddia ərizəsi ilə müəyyən edilmişdir ki, tərəflər rəsmi nikah münasibətlərinə daxil olmaqla birgə yaşamışlar, lakin aralarındakı narazılıqlar səbəbindən nikahları pozulmuşdur. Daha sonra aralıarında barışıq olmuş və təkrar rəsmi nikaha girmədən birgə yaşamışlar. Birgə yaşayışlarından üçüncü uşaqları xx.xx.2024-cü il təvəllüdlü X4 anadan olmuşdur. İşin faktiki və mübahisələndirilməyən hallarına əsasən xx.xx.2024-cü il təvəllüdlü X1 atasının Cavabdeh, anasının İddiaçı olması müəyyən olunur. O, İddiaçı himayəsində yaşayır. Göstərilən maddi normalara əsasən məhkəmə qeyd edir ki, uşağı saxlamaq, qayğısına qalmaq, onun maddi ehtiyaclarını ödəmək valideyn kimi iddiaçı ilə bərabər cavabdehin də borcudur. Ona görə uşağın saxlanılmasında valideyn kimi o, da iştirak etməli və aliment ödəməlidir. Hal-hazırda iddiaçı uşağın qayğısına qalır və işləmir. Odur ki, aliment öhdəliyi tamamilə atanın üzərinə qoyulmalıdır. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununda 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Ona görə də uşağın ən az həmin həddə maddi təminat hüquqları vardır. Lakin iddiaçı cavabdehdən 150 manat məbləğində aliment tələb edir. Bu səbəbdən məhkəmə Fidan adlı uşağın əvvəlki təminatının saxlanılmasında valideynlərin hər ikisinin əvvəlki rolunu nəzərə alaraq, aylıq aliment məbləğinin hər ay 150 manat sabit pul məbləğində müəyyən edilməsini məqsədəuyğun hesab edir. Qanunvericiliyin tələbinə əsasən iddiaçı xx.xx.2024-cü il tarixində məhkəməyə müraciət etdiyi üçün alimentin tutulması həmin tarixdən hesablanmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. xx.xx.2024-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay, bir uşağa görə 150 manat sabit pul məbləğində aliment Cavabdeh alınaraq, İddiaçı verilsin. Alimentin tutulmasının başlanğıcı xx.xx.2024-cü ilin tarixdən hesablansın. Qətnamə dərhal icra edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən tərəflər bir ay müddətinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Hakim: Ellara Abbasova
Məhkəmə qərarları › İş №2(050)-3724/2024
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-3724/2024
17.12.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver