Məhkəmə qərarları › İş №2(050)-3944/2025

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-3944/2025

16.01.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-3944/2025 16.01.2026 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Ellara Həsən qızının sədrliyi, Məhkəmə iclasının katibi Ağayev Nurəddin Cəlil oğlunun katibliyi ilə. İddiaçı Cavabdeh qarşı aliment tələbi barədə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında audio və video çəkiliş vasitəsilə baxaraq, məhkəmə müəyyən etdi: İddia ərizəsində qeyd edilən işin halları: O, Cavabdeh ilə 2011-ci ildə ailə həyatı qurmuş və birgə nikahdan xx.xx.2012-ci il təvəllüdlü X10 və xx.xx.2016-cı il təvəllüdlü X11 adlı uşaqlar anadan olmuşlar. Uşaqlar hazırda onun himayəsində yaşayırlar. Cavabdeh 2018-ci ildə uşaqları ataraq evi tərk etmiş və bir daha geri qayıtmamışdır. Həmin vaxtdan etibarən uşaqlar onun himayəsində yaşayırlar. Masallı Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(050)-1453/2019 saylı qətnaməsinə əsasən Cavabdeh valideynlik hüquqlarından məhrum olunmuşdur. Hazırda uşaqların tələbatını özü qarşılayır və uşaqların tələbatları getdikcə artır. Cavabdeh Bakı şəhərində yaşayır və uşaqlarına baxmır. Valideynlik hüququndan məhrum olunması onu aliment ödəmək vəzifəsindən azad etmir, uşaqları saxlamaq onun da vəzifəsidir. Cavabdehlə aralarında medasiya prosesi keçirilmiş, lakin razılıq əldə olunmadığı üçün prosesə xitam verilmişdir. Odur ki, məhkəməyə müraciət etməli olmuşdur. İddiaçının tələbi: Cavabdeh azyaşlı uşaqları xx.xx.2012-ci il təvəllüdlü X10 və xx.xx.2016-cı il təvəllüdlü İsayev Rövşən Xəyyam oğlunun yetkinlik yaşına çatana kimi saxlanması üçün hər uşağa görə hər ay 246 manat sabit pul məbləğində aliment tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin mövqeyi: Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclaslarında iştirak etmiş İddiaçı izahatında bildirmişdir ki, hazırda uşaqlar onun yanındadır və cavabdeh valideynlik hüquqlarından məhrum edilmişdir. Şəkər xəstəsi olduğuna görə işləyə bilmir və uşaqları saxlamaqda çətinlik çəkir. İş materiallarına əlavə edilmiş sənədlər: Doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, X10 xx.xx.2012-ci ildə, X11 xx.xx.2016-cı il tarixdə anadan olmuşdur. Ata qrafasında İddiaçı, ana qrafasında Cavabdeh qeyd edilmişdir. Atalığın müəyyən edilməsi haqqında şəhadətnamələrin surətindən görünür ki, İddiaçı Cavabdeh doğulmuş X4 və X5 atası hesab edilmişdir. Masallı Rayon Məhkəməsinin 2(050)-1453/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsindən görünür ki, iddianın təmin edilməsi, Cavabdeh xx.xx.2012-ci il tarixdə doğulmuş X7 və xx.xx.2016-cı ildə doğulmuş X8 münasibətdə valideynlik hüquqlarından məhrum edilməsi qət edilmişdir. MŞM/MT036/2025-01108 nömrəli xx.xx.2025-ci il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməmə barədə arayışdan görünür ki, Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. 60 manat mediasiya xərci İddiaçı tərəfindən ödənilmişdir. Masallı RİHB-nin xx.xx.2026-cı il tarixli, 5-66-21/2-08/2025 saylı arayışından görünür ki, İsayev X2 qeydiyyatda olmaqla Mahmudavar kəndində yaşayır. Yüksək dərəcəli şəkərli diyabet xəstəsidir. 2009-cu il tarixdə təbii fəlakət nəticəsində evləri yararsız hala düşüb. Dövlət tərəfindən onlara 1 mərtəbəli 3 otaqlı fərdi yaşayış evi tikilmişdir. Hal-hazırda atasına məxsus fərdi yaşayış evində, ata, anası və iki övladı ilə birgə yaşayırlar. Atası və anası yaşa görə təqaüd alırlar. Özünəməxsus 0.09 ha həyətyanı torpaq sahəsi və 16.3 ha paybəlli torpaq sahəsi vardır. Hal-hazırda işləmir. Ailə vəziyyəti qənatbəxşdir. Mahmudavar kənd tam orta ümumitəhsil məktəbinin xx.xx.2026-cı il tarixli, 01 №-li arayışından görünür ki, xx.xx.2012-ci il təvəllüdlü X10 məktəbin 8a sinfində, xx.xx.2016-cı il təvəllüdlü X11 isə məktəbin 4a sinfində təhsil alır. Hər iki şagirdin dərsə davamiyyəti normal olmuşdur, digər şagirdlərlə davranışda mehriban və ünsiyyətcildirlər. Orta səviyyədə oxuyurlar. Müəllimlər tərəfindən verilən tapşırıqları yerinə yetirməyə çalışırlar. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyasının: 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borludur. 20 noyabr 1989-cu il tarixli “Uşaq hüquqları haqqında” Konvensiyanın: 3-cü maddəsinə əsasən sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib keçirilməməsindən asılı olmayaraq uşaqlar barəsində keçirilən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 66.2-ci maddəsinə əsasən valideynlik hüquqlarından məhrum edilmiş valideynlər uşaqların saxlanmasını təmin etmək vəzifələrindən azad edilmirlər. 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar; 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqlarının saxlanması barədə vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur; 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76- cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər; 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir; 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. qaşU" Hüquqları Haqqında" Azərbaycan Respublikası Qanunu: 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır; 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafızəsi valideynlərin əsas vəzifələridir. “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu: 2025-ci il üçün yaşayış minimumu ölkə üzrə 285 manat, əmək qabiliyyətli əhali üçün 305 manat, pensiyaçılar üçün 232 manat, uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir. “Azərbaycan Respublikasında 2026-cı il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu: 2026-cı il üçün yaşayış minimumu ölkə üzrə 300 manat, əmək qabiliyyətli əhali üçün 317 manat, pensiyaçılar üçün 245 manat, uşaqlar üçün 260 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.2 -ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair 27 iyul 2016-cı il tarixli Qərarı. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi” haqqında 28 mart 2016-cı il tarixli Qərarının: 8.4-1-ci bəndinə görə Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə mülki iş üzrə iddia ərizəsini, iddiaçının izahatlarını, əlavə edilmiş sənədləri, nəzərdən keçirib, təqdim edilmiş sübutların məcmusuna hərtərəfli, tam və obyektiv qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslıdır və qismən təmin edilməlidir. Belə ki, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Məhkəmə qeyd edir ki, 28 mart 2016-cı il Ali Məhkəmənin Plenum qərarına əsasən uşağın Azərbaycan Qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). (§25) Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli qərarına əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə qiymət verilməli, bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (§24). Məhkəmə hesab edir ki, mübahisə edilən hüquq münasibəti barədə qanuni, əsaslı və ədalətli nəticəyə gəlmək üçün ilk növbədə uşağın üstün maraqları rəhbər tutulmalıdır. Uşaqların “üstün maraqları” konsepsiyası - 20 noyabr 1959-cu il tarixli “Uşaq hüquqları Bəyannaməsi”nin 2-ci maddəsində nəzərdə tutulmuşdur. Bu termindən ilk dəfə 1989-cu ildə BMT-nin “Uşaq Hüquqları Konvensiyası”nın 3-cü maddəsinin 1-ci bəndində istifadə edilmişdir (§19). Uşağın üstün maraqları məsələsi Azərbaycan Respublikasının tərəfdar çıxdığı digər beynəlxalq sənədlərdə (İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiya - 8-ci maddə) (§17), dövlətdaxili qanunvericilikdə (Azərbaycan Respublikasının Ailə Məcəlləsi – 6, 51, 56, 58, 60-cı maddələr və s.), o cümlədən Avropa İnsan hüquqları Məhkəməsinin presidentlərində (Pençevi Bolqarıstana qarşı işi, Şvitsgebel İsveçrəyə qarşı işi, Çbihi Loudoudi və başqaları Belçikaya qarşı işi və s.) təsbit edilmişdir. Materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə qeyd edir ki, alimentin ödənilməsi tələblərinin qanuni əsasını Ailə Məcəlləsinin 78.1-ci maddəsi təşkil edir və hazırkı işdə həmin maddənin dispozitiv şərtləri mövcuddur. Azərbaycan Respublikası Konstitusiyasının 17.2-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Hazırki iş üzrə Cavabdeh məhkəmə qətnaməsi ilə valideynlik hüquqlarından məhrum edilsə də, qanunvericiliyin tələbinə əsasən uşaqların saxlanılması ilə bağlı öhdəliklərindən azad edilməmiş hesab edilir. Məhkəmə işin hallarına, qanunvericiliyin sadalanan normalarına əsaslanaraq qeyd edir ki, iddia tələbi qismən təmin edilməli, xx.xx.2012-ci il təvəllüdlü X10 və xx.xx.2016-cı il təvəllüdlü X1 üçün Cavabdeh iddiaçı İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,18 misli həddində sabit pul məbləğində aliment tutulmalıdır. Məhkəmə hesab edir ki, aliment tutulmasının əvvəli Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən iddia ərizəsinin məhkəməyə verildiyi tarixdən hesablanmalıdır. Alimentin tutulmasının əvvəli İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi tarixdən, yəni 18 noyabr 2025-ci il tarixdən hesablanmalıdır. Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia ərizəsində məhkəmə məsrəflərinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi ilə bağlı tələb olmadığından mediasiya xərcləri iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, qət etdi: İddia qismən təmin edilsin. xx.xx.2012-ci il təvəllüdlü X10 və xx.xx.2016-cı il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh iddiaçı İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,18 misli həddində sabit pul məbləğində aliment tutulsun. Alimentin tutulmasının başlanğıcı xx.xx.2025-ci il tarixdən hesablansın. Qətnamə dərhal icra edilsin. Qətnamə təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində, ondan Masallı rayon Məhkəməsi vasitəsilə və “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetində yerləşdirməklə, Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Ellara Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar