Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-488/2024 11.03.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Bəhmənov Habil Xanoğlan oğlunun sədrliyi, Məhkəmə iclas katibi Ağayev Nurəddin Cəlil oğlunun katibliyi ilə, İddiaçı, o cümlədən İddiaçı2 nümayəndəsi İddiaçı1 iştirakı ilə. İddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdeh qarşı ləyaqətin müdafiəsi, vurulmuş mənəvi ziyana görə cavabdehdən iddiaçıların hər birinə 4000 manat kompensasiya tutulması tələbi barədə mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdeh qarşı ləyaqətlərini alçaldan təhqiramiz ifadələrin həqiqətə uyğun olmaması barədə yazılı formada təkzib edilməsi və bu ifadələrlə görə onlardan üzr istənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması, cavabdehdən hər birinə dəymiş mənəvi zərərə görə 4000 manat, cəmi 8000 manat pul tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi üzrə tələb onunla əsaslandırılmışdır ki, Cavabdeh onun ləyaqətini alçaltmışdır. O, Cavabdeh ilə ailə həyatı quraraq rəsmi nikah bağlamış və həmin nikahdan 07 iyul 2011-ci il təvəllüdlü X5 və 28 avqust 2013-cü il təvəllüdlü X6 adlı uşaqları anadan oldu. Cavabdeh ilə bir müddət xoşbəxt yaşasalar da, sonradan münasibətləri korlanmışdır. Bunun nəticəsi olaraq ayrılmağa qərar vermiş və Masallı Rayon Məhkəməsinin 10 avqust 2020-ci il tarixli qətnaməsi ilə aralarındakı nikah pozulmuşdur. Buna baxmayaraq, o, uşaqlar üçün təyin olunmuş alimenti vaxtı-vaxtında ödəyərək bir ata kimi daim uşaqların qayğısına qalmışdır. Bundan sonra o, cavabdeh X1 qarşı uşağın atanın himayəsinə verilməsi barədə iddia ərizəsi ilə Masallı Rayon Məhkəməsinə müraciət etmişdir. Səbəb qızı X3 anası Könülün yanında yaşamama istəyi olmuşdur. Bundan sonra cavabdeh onun ləyaqətini alçaldan sözlərlə onu “Whatsapp” şəbəkəsində təhqir etmişdir. Bundan əlavə onun İddiaçı1 ilə rəsmi nikaha daxil olaraq mehriban şəkildə yaşamaqları cavabdeh tərəfindən hiddətlə qarşılanmış və qızı Zeynəbin onun yanında yaşamaq istəməməsindən sonra cavabdehin onlara qarşı qərəzli münasibəti üzə çıxmışdır. Cavabdehə dəfələlərlə ləyaqəti alçaldan hərəkətlərə son qoymağı barədə haqlı irad bildirsələr də, heç bir nəticəsi olmamışdır. Bundan sonra belə qərara gəlmişdir ki, cavabdehin alçaldıcı hərəkətlərinin qarşısının alınmasını, ləyaqətlərini təhqir etdiyi sözlərə görə onlardan üzr istəməsi, təkzib etməsi və onlara dəyən mənəvi ziyanın ödənilməsindən ötrü məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. İddiaçı, həmçinin İddiaçı2 nümayəndəsi İddiaçı1 məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, Cavabdeh ona və ərinə qarşı nalayiq ifadələr işlətmişdir. Buna dair əlində sübut kimi əri-digər iddiaçı Vüqarla olan yazışmalar iş materiallarına əlavə edilmişdir. Həmçinin cavabdeh heç bir əsas olmadan onun və əri Vüqarın narkoman olmasını iddia etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq məlum olmayan səbəbdən məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Odur ki, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını haqlı hesab edir. Həmin maddəyə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazimi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. Məhkəmə iş materiallarında olan və tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar aşağıdakı sübutları tədqiq etmişdir: İşdə olan “Whatsapp” ani mesajlaşma tətbiqi vasitəsilə edilmiş yazışmalardan müəyyən edilir ki, Cavabdeh tərəfindən İddiaçı2 qarşı “şərəfsiz”, “əxlaqsız”, iddiaçılara qarşı “narkomanlar”, İddiaçı1 ünvanına “pozğun, neçəsinin ........çıxmış səviyyəsiz”, “əxlaqsız” və s nalayiq ifadələr işlədilmişdir. Nikah haqqında şəhadətnaməsən görünür ki, İddiaçı2 ilə X4 arasında xx.xx.2022-ci il tarixdə, 2011№-li akt qeydi ilə 6 saylı Bakı “ASAN Xidmət” mərkəzi qeydiyyat şöbəsində rəsmi nikah bağlanmışdır. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyib, iş materiallarını tədqiq edib, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra onların məcmusuna hüquqi qiymət verərək, hesab edir ki, iddia tələbi qismən əsaslıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 21-ci maddəsinə müvafiq olaraq, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki Məcəllənin mülki hüquq pozuntusunun anlayışını müəyyən edən 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 1097.1 və 1097.3-cü maddələrinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqazidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsininin 23.1.-23.6.-cı maddələrinə əsasən fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Faktik məlumatlar natamam dərc edildikdə də, əgər bununla şəxsin şərəfinə, ləyaqətinə və ya işgüzar nüfuzuna toxunulursa, eyni qayda tətbiq edilir. Marağı olan şəxslərin tələbi ilə fiziki şəxsin şərəf və ləyaqətinin müdafiəsinə onun ölümündən sonra da yol verilir. Əgər fiziki şəxsin şərəfini, ləyaqətini, işgüzar nüfuzunu ləkələyən və ya şəxsi və ailə həyatının sirrinə qəsd edən məlumatlar kütləvi informasiya vasitələrində yayılmışdırsa, həmin kütləvi informasiya vasitələrində də təkzib edilməlidir. Əgər göstərilən məlumatlar rəsmi sənədə daxil edilmişdirsə, həmin sənəd dəyişdirilməli və bu barədə marağı olan şəxslərə məlumat verilməlidir. Digər hallarda təkzib qaydasını məhkəmə müəyyənləşdirir. Kütləvi informasiya vasitələrində hüquqlarına və ya qanunla qorunan mənafelərinə toxunan məlumatlar dərc edilmiş fiziki şəxsin həmin kütləvi informasiya vasitələrində öz cavabının dərc edilməsi hüququ vardır. Şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır. Əgər fiziki şəxsin şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatları yaymış şəxsi müəyyənləşdirmək mümkün deyildirsə, barəsində bu cür məlumatlar yayılmış şəxsin ixtiyarı var ki, həmin məlumatların həqiqətə uyğun olmayan məlumatlar sayılmasını tələb etsin. Bu maddənin fiziki şəxsin işgüzar nüfuzunun müdafiəsinə dair qaydaları müvafiq olaraq hüquqi şəxsin işgüzar nüfuzunun müdafiəsinə də tətbiq edilir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikası Konustitusiyası ilə qorunur, digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır. Şəxsin şərəfı, ləyaqəti təhqir olunarsa, o sarsıntı, iztirab keçirir və bununla da mənəvi təhqirə məruz qalır. Bunun nəticəsində şəxsə mənəvi və maddi zərər yetirilir. Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşlara anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. “Mənəvi zərərin ödənilməsi barədə Qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 saylı qərarının 2-ci bəndinə əsasən Azərbaycan Respublikası Qanunvericiliyinin, “İnsan Hüquqlarının və X2 haqqında Konvensiyanın” müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər anlayışı insanın anadan gəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Həmin bəndin 2-ci abzasına əsasən zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Avropa Konvensiyasının 10-cu maddəsinin 2-ci bəndinə görə fikri ifadə etmək azadlığının həyata keçirilməsi milli təhlükəsizlik, ərazi bütövlüyü və ya ictimai asayiş maraqları naminə, iğtişaşın və ya cinayətin qarşısını almaq üçün, sağlamlığın, yaxud mənəviyyatın qorunması üçün, digər şəxslərin nüfuzu və hüquqlarının müdafıəsi üçün, gizli əldə edilmiş məlumatların açıqlanmasının qarşısını almaq üçün və ya ədalət mühakiməsinin nüfuz və qərəzsizliyini təmin etmək üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olan müəyyən rəsmiyyətə, şərtlərə, məhdudiyyətlərə və ya sanksiyalara məruz qala bilər. Avropa Konvensiyasının 10-cu maddəsinin 2-ci bəndindən görünür ki, fıkri ifadə etmək azadlığını məhdudlaşdırmağa yönəlmiş əsaslardan biri də digər şəxslərin nüfuz və hüquqlarının müdafıəsidir. “Bladet Tromso və Stensaas Norveçə qarşı” işdə Avropa Məhkəməsi qərara aldı ki, fiziki şəxslərin nüfuzuna qarşı hücum baş verdikdə və digər şəxslərin hüquqlarına xələl gətirildikdə ifadə azadlığını müşayiət edən vəzifə və öhdəliklər xüsusi əhəmiyyət kəsb edir. “Kastells İspaniyaya qarşı” işdə Avropa Məhkəməsi qeyd etdi ki, ərizəçinin ifadə azadlığı hüququna müdaxilə digər şəxslərin hüquqlarını qorumaq məqsədi güdüb. Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsinə əsasən hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır. Şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 57-ci maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarına şəxsən müraciət etmək, habelə fərdi və kollektiv yazılı müraciətlər göndərmək hüququ vardır. Göstərilən maddi normalara əsasən məhkəmə qeyd edir ki, hazırki iddia tələbi ilə bağlı müəyyən edilməli olan hallar iddiaçıların hazırki iddianı qaldırmaqda subyektiv hüquqlara malik olub-olmaması, cavabdehin hüquqazidd hərəkət və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının pozulması, əgər yuxarıda göstərilən hallar mövcuddursa, bunun nəticəsində iddiaçıya ziyanın vurulub-vurulmaması, onların arasında olan səbəbli əlaqənin olmasıdır. İşin hallarından görünür ki, cavabdeh iddiaçılara qarşı qeyri-etik ifadələri “Whatsapp” ani mesajlaşma tətbiqi vasitəsilə edilmiş yazışmalarda ifadə etmişdir. Azərbaycan dilinin izahl lüğətinə əsasən həmin ifadələr aşağıdakı mənalarda işlədilir. “Pozğun”-əxlaqsız, əxlaqı pis; “Şərəfsiz”-şərəfi, heysiyyəti olmayan, namussuz, vicdansız, alçaq, rəzil; “Əxlaqsız”-əxlaqı pis, mənəvi cəhətdən pozğun; “Narkoman”narkotik vasitələrindən istaifadəyə görə narkomaniya xəstəliyindən əziyyət çəkənmənalarında işlədilir. Şəxsin şərəf və layəqəti insanda yüksək mənəvi keyfiyyətləri göstərən xassələrin məcmusudur. Şərəf bu xüsusiyyətlərə görə hər hansı şəxsə ətrafdan verilən dəyəri ehtiva edirsə, ləyaqət isə həmin xassələrin dəyərini dərk edən şəxsin özünə qarşı duyduğu ehtiram hissidir. Bu baxımdan ləyaqətin alçaldılması qənaətinə gəlmək üçün ifadələrin üçüncü şəxslərin iştirakı olmadan da bilavasitə zərərçəkənə bildirilməsi kifayət edir. Hətta yayılma halı olmadan da ünvanlandığı şəxsin şəxsiyyətinə uyğun olmayan, açıq-aşkar alçaldıcı, nüfuzdan salan, ağır cinayətlərdə ittiham edən ifadələrin ona bildirilməsinin sübuta yetirilməsi, sonuncunun ləyaqətinin alçaldılması əsası ilə keçirdiyi iztirab və sarsıntının əvəzi olaraq məhkəmə qaydasında mənəvi zərərin tutulmasını istisna etmir. Cavabdeh yazışmalarında istifadə etdiyi qeyri-etik ifadələr nəticəsində iddiaçıların mənəvi sarsıntılar yaşaması, fiziki və ya psixoloji ağrı və əzabı, sıxıntı, narahatlıq, məyusluq, ədalətsizlik və ya alçalma hissi, uzun müddət davam edən qeyri-müəyyənlik, həyatın pozulması və ya real imkansızlıqdan əziyyət çəkən vəziyyəti kimi şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması işin mahiyyətinə görə mümkündür. Heç şübhəsiz ki, ləyaqət insanın öz daxilində imicini müəyyən edən qiymətləndirici kateqoriyadır. Ləyaqət ləkələnəndə şəxsin daxilində özünə qarşı neqativ münasibət baş qaldırır, onun ləyaqət hissi tapdanmış olur. Məhkəmə hazırki işin hallarını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsi ilə hüquqi cəhətdən dəyərləndirərək qeyd edir ki, iddiaçılar onların ləyaqətini alçaldan ifadələrin işlədilməsi ilə bağlı fiziki və mənəvi sarsıntı keçirmişlər və cavabdehin hərəkətləri ilə iddiaçının mənəvi sarsıntı keçirməsi arasında səbəbli əlaqə vardır. Məhkəmə hazırki işlə bağlı onu da qeyd etməyi zəruri hesab edir ki, fikri ifadə etmək azadlığı demokratik cəmiyyətin əsas dayaqlarından biridir və bu azadlığının qorunması demokratiyanın özəyidir. Fikri ifadə azadlığı ictimaiyyəti maraqlandıran məsələlər barədə müzakirələrə şərait yaradır və hər bir fərdin hərtərəfli inkişafını həvəsləndirir. Lakin cavabdehin yalan məlumatlarının məzmunu mənəviyyat normalarını pozan və zəruri həddi aşan, bir növ məqsədli şəklidə ifadə olunmuşdur. Mülki Məcəllənin 23-cü maddəsində qeyd olunmuşdur ki, əgər fiziki şəxsin şərəfini, ləyaqətini, işgüzar nüfuzunu ləkələyən və ya şəxsi və ailə həyatının sirrinə qəsd edən məlumatlar kütləvi informasiya vasitələrində yayılmışdırsa, həmin kütləvi informasiya vasitələrində də təkzib edilməlidir. Əgər göstərilən məlumatlar rəsmi sənədə daxil edilmişdirsə, həmin sənəd dəyişdirilməli və bu barədə marağı olan şəxslərə məlumat verilməlidir. Digər hallarda təkzib qaydasını məhkəmə müəyyənləşdirir. Göründüyü kimi, Cavabdeh yazışmalarında istifadə etdiyi yalan qeyri-etik ifadələr hər hansı kütləvi informasiya vasitəsində və ya digər qaydada üçüncü şəxslər arasında yayılmamış, yalnız onların arasında olan “Whatsapp” ani mesajlaşma tətbiqində istifadə edilmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, qeyd edilən məlumatların yazılı şəkildə təkzib edilməsi və iddiaçılardan üzr istənilməsi hissəsində iddia tələbinin təmin edilməsinə zərurət yoxdur. Məhkəmə mənəvi ziyanın məbləğini müzakirə edərək qeyd edir ki, mənəvi təzminatın həcmi (miqdarı, məbləği) müəyyən edilərkən keçirilmiş iztirabın və sarsıntının dərəcəsi, şəxsiyyəti və s. amillər nəzərə alınmalıdır. Avropa Məhkəməsi mənəvi zərəri “nigarançılıq, ruhi sarsıntı və iztirab”, “həyəcan, acizlik və sarsıntı”, “məyusluq, ədalətsizlik hissi və uzunmüddətli qeyri-müəyyənlik” kimi səciyyələndirmişdir (Luluyev və digərləri Rusiyaya qarşı iş üzrə 2006-cı il 9 noyabr tarixli, Pelipenko Rusiyaya qarşı iş üzrə 2014-cü il 16 yanvar tarixli, Şiborş və Kuzmina Rusiyaya qarşı iş üzrə 2014-cü il 16 yanvar tarixli Qərarlar). Avropa Məhkəməsi Varnava və digərləri Türkiyəyə qarşı iş üzrə 2009-cu il 18 sentyabr tarixli Qərarında mənəvi zərəri şəxsin fiziki və ya psixoloji ağrı və əzabı, sıxıntı, narahatlıq, məyusluq, ədalətsizlik və ya alçalma hissi, uzun müddət davam edən qeyrimüəyyənlik, həyatın pozulması və ya real imkansızlıqdan əziyyət çəkən vəziyyəti kimi müəyyən etmiş və qeyd etmişdir ki, maddi zərərin müəyyən edilməsi zamanı məhkəmənin əsaslandığı obyektiv hallardan fərqli olaraq, mənəvi zərərin müəyyən edilməsində subyektiv və hissi ünsürlərə əsaslanaraq qərar qəbul edildiyindən məhkəmə təcrübəsi baxımından nəzərə alınmalı olan ümumi qiymətləndirmə meyarlarının müəyyən edilməsi vacibdir. Mənəvi zərər müəyyən edildikdə məhkəmələr tərəfindən hüquqazidd əməlin növü, dərəcəsi, şiddəti, davam etdiyi müddət nəzərə alınmalıdır. Bu zaman hüquqazidd hərəkətin hansı şəraitdə, mühitdə baş verməsinin müəyyən edilməsi də zəruridir. Bu baxımdan Konstitusiya Məhkəməsinin Plenumu 20 aprel 2020-ci il tarixli Qərarında hesab edir ki, məhkəmədə mənəvi zərərlə bağlı işə baxılarkən zərərçəkmiş şəxsin mənəvi və fiziki iztirablar keçirməsi ilə əlaqədar zərərin hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində vurulması, zərər vuranın təqsirinin dərəcəsi və mübahisənin həlli üçün əhəmiyyət kəsb edən digər hallar ətraflı araşdırılaraq müəyyən edilməlidir. Vurulmuş mənəvi zərərə görə təzminatın məbləğinin hesablanması zamanı məhkəmələr cavabdehin maddi durumunu nəzərə almalıdır. Həmçinin məhkəmələr tərəfindən nəzərə alınmalıdır ki, şəxsin ölümü və ya sağlamlığına vurulmuş zərər təkcə qohumlarının deyil, həm də onun dostlarının, tanışlarının da mənəvi sarsıntı, məyusluq hissləri keçirməsinə səbəb ola bilər. Lakin məhkəmələr hüquq pozuntusu nəticəsində yaranan mənəvi zərərə görə şəxsin məsuliyyətini müəyyən edərkən güclü emosional hisslərlə ağır mənəvi sarsıntı və iztirab hisslərini fərqləndirməlidirlər. Göstərinlənlərə əsasən, məhkəmə iddiaçıların keçirmiş olduğu iztirabları, sarsıntıları, təqsirin dərəcəsini əsas götürərək, mənəvi təzminatın hər birinə münasibətdə 500 manat, ümumilikdə 1000 manat həddində təmin olunmasını məqsədə uyğun hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1.-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 80, 88-ci maddələri ilə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə qətnaməni çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, təqdim edilən sübutlarla, izahatlarla və sənədlərlə əsaslandıraraq belə hüquqi nəticəyə gəlir ki, iddia qismən təmin olunmalıdır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı2 500 manat, İddiaçı1 500 manat ləyaqətin müdafiəsi ilə bağlı mənəvi ziyan tutularaq ödənilsin. Qətnamə rəsmi qaydada təqdim edildiyi gündən tərəflər bir ay müddətinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə) Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verə bilərlər. Hakim: Habil Bəhmənov
Məhkəmə qərarları › İş №2(050)-488/2024
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-488/2024
11.03.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver