Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-700/2023 31.03.2023 MASALLI RAYON MƏHKƏMƏSİ hakim Quliyev Ceyhun Əmir oğlunun sədrliyi, Qasımov Xanbaba Alxas oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi : İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikahlarından olan xx.xx.2022-ci il təvəllüdlü X2 18 yaşına çatanadək saxlanılması üçün sabit pul məbləğində bir uşağa görə 220 manat, özünə görə 200 manat aliment və mediasiya xərci üçün ödənilmiş 55 manat pulun tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, birgə nikahlarından olan xx.xx.2022-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 220 manat aliment pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 25 noyabr 2021-cı ildə el adəti üzrə ailə həyatı qurmuşlar. Nikahlarını isə xx.xx.2022-ci il tarixdə Masallı regional “ASAN xidmət” mərkəzinin Qeydiyyat şöbəsində 752 nömrə ilə qeyd etdirmişlər. Birgə nikahlarından xx.xx.2022-ci il təvəllüdlü X4 adlı uşaqları doğulmuşdur. Cavabdehlə aralarında olan mübahisə nəticəsində hamiləlikdən azad olan ərəfədə evdən acıq edib Masallı rayonu, Səmidxan kəndinə ata yurduna gəlməli olmuş, həmin ərəfədə də birgə nikahlarından Masallı Rayon Xəstəxanasında uşaqları dünyaya gəlmişdir. Xəstəxanada və xəstəxanadan sonra olan xərclərə cavabdeh köməklik etməmişdir. Atası 2018-ci ilin avqust ayının 13-də dünyasını dəyişib, anası heç bir yerdə işləmir. Ailədə dörd uşaq olmaqla ailənin ilk övladıdır. Qardaşları azyaşlıdır. Bu baxımdan da məcburiyyət qarşısında qalıb acıq edib çıxdığı evə qayıtmalı olmuşdur ki, uşağın qarşılığı bəlkə ödənilər. Bunun heç bir əhəmiyyəti olmamışdır. Məcburiyyət qarşısında geri dönməli olmuşdur. Bundan sonra, dəfələrlə cavabdehə zəng edib uşağın xəstəliyi və tələbatı barədə köməklik istəsə də, o, buna əhəmiyyət verməmişdir. İddiaçı tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə, Ailə Məcəlləsinin 29.2, 29.4, 49.1, 49.2, 58.1, 75.1, 76.1.1, 78.1, 78.2 və 100.3-cü maddələrinə, Azərbaycan Respublikasının 2002-ci ildə qoşulduğu BMT-nin “Uşaq hüquqları haqqında” Konvesiayasının 3, 9-cu maddələrinə, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə və “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən 2023-cü il üçün yaşayış minumumunun ölkə üzrə uşaqlar üçün 220 manat məbləğində müəyyən edilməsinə istinad etmişdir. İddiaçı məhkəməyə iclasında iddia ərizəsinə uyğun izahat verərək, əlavə olaraq bildirdi ki, cavabdeh DİN-nin Baş Mühafizə İdarəsində mühafizəçi vəzifəsində işləyir və təxminən 320 manat əmək haqqı alır. Özü məktəbdə xadimə işləyir və 130 manat əmək haqqı alır. Lakin hazırda analıq məzuniyyətində olduğu üçün işləmir, 45 manat aylıq pul verilir. Sonda İddiaçı iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsə də məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsasən məhkəmə bildirişinin cavabdehə çatdırılması üçün cavabdehin məlum olan axırıncı yaşayış yeri üzrə müvafiq yerli icra hakimiyyəti orqanına da göndərmişdir. Mülki prosessual qanunvericiliyə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iddiaçının izahatını dinləyərək, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Nikah haqqında arayışdan görünür ki, Cavabdeh ilə X3 arasında Masallı regional “Asan xidmət” mərkəzi Qeydiyyat şöbəsində 11 avqust 2022-ci il tarixdə bağlanmış nikah, 752 № ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə (arvada) Hüseynzadə soyadı verilmişdir. Doğum haqqında arayışdan görünür ki, tərəflərin birgə nikahından xx.xx.2022-ci il təvəllüdlü X4 adlı uşaqları doğulmuşdur. Elektron sistemdən çıxarışdan görünür ki, Cavabdeh DİN-nin Baş Mühafizə İdarəsində “mühafizəçi” vəzifəsində işləyir və əmək haqqısı 372.0 manatdır. Elektron sistemdən çıxarışdan görünür ki, İddiaçı Lənkəran-Astara Regional Təhsil İdarəsində “xadimə” vəzifəsində işləyir və əmək haqqısı 156 manatdır. Ailə Məcəlləsi nəzərdə tutur ki, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur (maddə 75.1-75.4). Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəlir) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir (maddə 78.1, 78.2). Həmin Məcəllənin 76.1.2-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay bir uşağa görə qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə biri hissəsi miqdarında aliment tutulur. Qanunvericiliyin göstərilən müddəalarını işin faktiki hallarına tətbiq etməklə məhkəmə hesab edir ki, iddiaçı ilə cavabdehin hal-hazırda ayrı yaşaması, onların yetkinlik yaşına çatmayan uşaqlarının anasının yanında qalması və uşağın saxlanılması üçün vəsait tələb olunduğu, yetkinlik yaşına çatmamış uşağın mənafeyi, onun normal, yəni, qida rassionlarına uyğun şəkildə qidalanması, fiziki cəhətdən inkişafı, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması, uşağın cavabdehlə yanaşı iddiaçıdan da maddi təminat almaq hüququnun olması, məhkəmə qətnaməsinin icra olunması üçün çıxarılması, qətnamənin digər tərəfə sitəm verilməsi üçün deyil, ədalətli balansı bərpa etmək üçün olması, məhkəmə qətnaməsi çıxararkən tərəflərin əsaslı mənafelərinin nəzərə alınmalı olması, ölkə üzrə uşaqlar üçün 2023-cü ildə yaşayış minimumunun hər ay 220 manat həddində müəyyən edilməsinin bu məbləğin Azərbaycan Respublikasında bir uşağın saxlanması üçün zəruri olan minimal məbləği ehtiva etməklə, özü-özlüyündə aliment məbləğinin bu həddə müəyyən edilməsi anlamına gəlməməsi nəzərə alınaraq cavabdehdən uşağın saxlanması üçün iddiaçının xeyrinə aliment tutulmalıdır. Eyni zamanda cavabdehin rəsmi qazancı olduğu, lakin həmin qazancın dördə bir hissəsinin az həddə olduğu və iddiaçının alimentin sabit pul məbləğində tutulmasını xahiş etdiyi nəzərə alınaraq aliment həm qazancın (gəlirin) dördə bir hissəsi, həm də 90 manat sabit pul məbləğində müəyyən edilməlidir. Məhkəmə qeyd edir ki, iddiaçı yetkinlik yaşına çatmayan uşağının saxlanılması üçün hər ay sabit pul məbləği ilə bir uşağa görə 220 manat manat aliment tutulub ona verilməsini xahiş etsədə, cavabdehin tələb edilən məbləğə mütənasib qazanc əldə etməsini təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İddiaçının aliment ödənilməsi barədə ərizəsi məhkəməyə 06 fevral 2023cü il tarixdə daxil olduğundan aliment də həmin vaxtdan tutulmalıdır. Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. MPM-in 119.1-ci maddələrinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233,234 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi : İddia qismən təmin edilsin. xx.xx.2022-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay Cavabdeh aylıq qazancının (gəlirinin) 1/4 hissəsi miqdarında və 90 (doxsan) manat sabit pul məbləğində aliment tutulub İddiaçı verilsin. Alimentin tutulması 06 fevral 2023-cü il tarixdən hesablansın. İddia qalan hissədə təmin edilməsin. Mediasiya xərci qismində ödənilmiş 55 manat pul Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ceyhun Quliyev
Məhkəmə qərarları › İş №2(050)-700/2023
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-700/2023
31.03.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver