Məhkəmə qərarları › İş №2(050)-732/2025

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-732/2025

25.02.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-732/2025 25.02.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Coşqun Şamil oğlunun sədrliyi, Səfərli İbrahim İqrar oğlunun katibliyi, İddiaçı iştirakları ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbi barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 14 yanvar 2016-cı il təvəllüdlü X6 və 10 iyul 2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün Cavabdeh hər ay hər uşağa görə 120 manat (minimum əmək haqqının 0,3 misli) məbləğində alimentin tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 2014-cü ildə el adəti üzrə toy edərək ailə həyatı qurmuşlar. Nikahlarını isə 30 dekabr 2015-ci il tarixdə rəsmi qeyd etdirmişlər. Birgə yaşadıqları dövrdə 14 yanvar 2016-cı il təvəllüdlü Əliyev Amid və 10 iyul 2017-ci il təvəllüdlü Əliyeva Zəhra adlı iki uşaqları olmuşdur. Əvvəllər mehriban olsalar da, sonradan aralarında narazılıqlar yaranmış, cavabdeh bir neçə dəfə uşaqları atıb çıxıb getmiş, ailənin dağılmaması üçün onunla barışsa da, sonuncu dəfə isə cavabdeh uşaqları atıb gedəndən sonra təxminən 2 ilə yaxın heç bir əlaqə saxlamadan uşaq tələbi barədə məhkəməyə müraciət etmiş, Masallı Rayon Məhkəməsinin 11 iyul 2024-cü il tarixli 2(050)- 811/2024 saylı qətnaməsi ilə Cavabdeh ilə nikahları pozulmuş, uşaqların isə onun yanında saxlanılması qət edilmişdir. Həmin məhkəmə iclasında Cavabdeh Bakı şəhərində hansısa kafedə işləməsini, 600 manat əmək haqqı almasını bildirmişdir. Məhkəmə iclası audio, video yazı ilə aparıldığından, yəqin ki, həmin xüsusat 2(050)-811/2024 saylı mülki işin materiallarında əks olunmuşdur. Lakin, cavabdeh uşaqların saxlanılmasına köməklik etmir. Uşaqları təkbaşına böyüdür. Hesab edir ki, cavabdeh uşaqların saxlanılması üçün hər ay hər uşağa görə 120 manat (minimum əmək haqqının 0,3 misli) məbləğində aliment ödəməlidir. Odur ki, məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş, lakin teleqramla müraciət edərək, imkanı olmadığından məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş, onun işinə ədalətli baxılmasını xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək bildirmişdir ki, o, xəstə olduğu üçün heç yerdə işləmir. Ona qardaşı baxır. Əvvəllər kafedə işləmişdir, lakin sonradan səhəti ilə əlaqədar işləyə bilməmişdir və işdən çıxmışdır. Heç yerdən gəliri yoxdur. Odur ki, aliment ödəmək iqtidarında deyil. Sonda Cavabdeh göstərilənlərin nəzərə alınmasını xahiş etmişdir. Mülki prosessual qanunvericiliyə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, cavabdehin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Nikah haqqında şəhadətnamədən görünür ki, İddiaçı ilə X3 arasında Masallı rayon Qeydiyyat şöbəsində 30 dekabr 2015-ci il tarixdə bağlanmış, nikah 709 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə (arvada) Əliyev (a) soyadı verilmişdir. Doğum haqqında şəhadətnamələrdən görünür ki, 14 yanvar 2016-cı il təvəllüdlü X4 və 10 iyul 2017-ci il təvəllüdlü X2 atası İddiaçı, anası Cavabdehdır. Masallı Rayon Məhkəməsinin 2(050)-811/2024 saylı, 11 iyul 2024-cü il tarixli qətnaməsindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında 30 dekabr 2015-ci il tarixdə Masallı rayon Qeydiyyat şöbəsində bağlanmış, 709 saylı nikah pozulmuş, 14 yanvar 2016cı il təvəllüdlü X6 və 10 iyul 2017-ci il təvəllüdlü X2 ataları İddiaçı yanında saxlanılması qət edilmişdir. “AZEMİS” Elektron Məhkəmə İnformasiya sistemindən çıxarışdan görünür ki, Cavabdeh ofisant işləyir, onun əmək haqqı 200 manatdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1, 75.4-cü maddələrinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Məhkəmə bu nəticəyə gəlir ki, cavabdeh valideyn kimi uşaqlarını saxlamağa borcludur, cavabdehin aylıq qazancının müntəzəm, dəyişməyən olması müəyyən edilməmişdir, buna görə də cavabdehdən iddiaçının xeyrinə aliment sabit pul məbləğində tutulmalıdır. Məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini, onların normal, yəni, qida rassionlarına uyğun şəkildə qidalanmalarını, fiziki cəhətdən inkişaflarını, təhsilləri ilə bağlı xərcləri, uşaqların əvvəlki təminatlarının səviyyəsinin mümkün qədər maksimal saxlanılmasını, uşaqların cavabdehlə yanaşı iddiaçıdan da maddi təminat almaq hüququnun olmasını, məhkəmə qətnaməsinin icra olunması üçün çıxarılmasını, qətnamənin digər tərəfə sitəm verilməsi üçün deyil, ədalətli balansı bərpa etmək üçün olmasını, məhkəmə qətnaməsi çıxararkən tərəflərin əsaslı mənafelərinin nəzərə alınmalı olmasını əsas tutub hesab edir ki, 14 yanvar 2016-cı il təvəllüdlü X6 və 10 iyul 2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanmaları üçün Cavabdeh hər ay bir uşaq üçün 80 (səksən) manat, cəmi 160 (bir yüz altımış) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməlidir. Məhkəmə araşdırması zamanı cavabdehin həmin məbləğdə aliment ödənilməsini istisna edən hər hansı bir hal (işləməsinə maneə olacaq xəstəliyi, yaşının kifayət qədər çox olması və sair hallar) müəyyən edilməmişdir. İddiaçının nikahın pozulması və uşaq tələbi ilə bağlı başqa məhkəmə prosesinin keçirilməsi zamanı cavabdehin 600 manat əmək haqqı almasını etiraf etməsinə istinad edərək, cavabdehin həqiqətən də qeyd edilən məbləğdə əmək haqqı alması qərarına gəlmək mümkün deyildir. AZEMİS” Elektron Məhkəmə İnformasiya sistemindən çıxarışdan görünür ki, Cavabdeh ofisant işləyir və 200 manat əmək haqqı alır. Cavabdeh əvvəlki məhkəmə iclasında qeyd edilən işdən çıxdığını, hazırda işsiz olduğunu bildirmişdir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” 20 dekabr 2024-cü il 15 nömrəli Ali Məhkəməsi Plenum qərarının “8.4-1ci bəndində qeyd edilmişdir ki, Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. İddiaçı 17 yanvar 2025-ci il tarixdə aliment tələbi ilə bağlı məhkəməyə müraciət etdiyindən və Ailə Məcəlləsinin 100.2ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulmalı olduğundan məhkəmə tərəfindən müəyyən edilən alimentin miqdarı 2025-ci il il ölkə üzrə müəyyən edilən minimum əmək haqqının müvafiq misli həddində müəyyən edilməlidir. 2025-ci ildə minumum əmək haqqının 400 manat olduğunu nəzərə alsaq, məhkəmənin hazırda hər bir uşaq üçün müəyyən etdiyi 80 manat sabit pul məbləği minumum əmək haqqının 0,2 faizini təşkil edir. (400x0,2=80 manat). Qeyd edilənlərə əsasən, uşaqlar yetkinlik yaşına çatanadək cavabdehdən iddiaçının xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər bir uşaq üçün hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,2 misli həddində sabit pul məbləğində aliment tutulmalıdır. Məhkəmə qeyd edir ki, iddiaçı yetkinlik yaşına çatmayan uşaqlarının saxlanılması üçün hər ay sabit pul məbləği ilə 120 manat (minimum əmək haqqının 0,3 misli) aliment tutulub ona verilməsini xahiş etsə də, cavabdehin tələb edilən məbləğə mütənasib qazanc əldə etməsini təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. MPM-in 234.2 və 234.2.1-ci maddələrinə əsasən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunmalıdır. İddiaçının aliment ödənilməsi barədə ərizəsi məhkəməyə 17 yanvar 2025-ci il il tarixdə daxil olduğundan aliment də həmin vaxtdan tutulmalı və qətnamə alimentin tutulması hissəsində dərhal icra edilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1 və 9.1.2-ci maddələrinə əsasən aliment alınması barədə iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. MPM-in 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmin Məcəllənin 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda-bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233,234 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia qismən təmin edilsin. 17 yanvar 2025-ci il tarixdən başlayaraq yetkinlik yaşına çatmayan 14 yanvar 2016-cı il təvəllüdlü X6 və 10 iyul 2017-ci il təvəllüdlü X1 üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər uşaq üçün hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,2 misli həddində sabit pul məbləğində aliment tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamə dərhal icra edilsin. Ödənilməli olan 30 manat dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Coşqun Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar