Məhkəmə qərarları › İş №2(050)-945/2025

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-945/2025

18.03.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-945/2025 18.03.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Coşqun Şamil oğlunun sədrliyi, Səfərli İbrahim İqrar oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbi barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 22 aprel 2015-ci il təvəllüdlü Kamilli Ruqəyya Ramin qızının yetkinlik yaşına çatana qədər saxlanılması üçün Cavabdeh hər ay bir uşağa görə 246 manat sabit pul məbləğində alimentin və mediasiya xərcinə görə ödənilmiş 60 manat pulun tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə 2012-ci ildə ailə qurmuşlar. Birgə nikahlarından 22 aprel 2015-ci il təvəllüdlü Kamilli Ruqəyya Ramin qızı adlı uşaqları olmuşdur. Uşaq hazırda onun himayəsində yaşayır. Cavabdehlə artıq 5 ildir ki, ayrı yaşayırlar, cavabdeh uşaqla maraqlanmır. İndiyə kimi aliment tələb etməmişdir, çətinliklə uşağa baxmışdır. Lakin, daha uşağı tələbatlarını təkbaşına qarşılaya bilmir, uşağa baxmaq cavabdehin borcudur. Lakin cavabdeh valideynlik borcunu yerinə yetirmir. 2025-ci ildə uşaqlar üçün yaşayış minimumu 246 manat müəyyən edilmişdir. Cavabdehlə aliment tələbinə dair mediasiya prosesi keçirilmiş, lakin cavabdeh gəlmədiyi üçün prosesə xitam verilmişdir. Odur ki, məhkəməyə müraciət etməli olmuşdur. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddianı qismən qəbul edərək izahatında bildirdi ki, 2-ci qrup əlildir. 393 manat pensiya alır. Fəhləliklə məşğul olur. Həmişə işi olmur. Bundan başqa aldığı pensiyadan kredit ödənişləri edir. Ona pensiyadan 140 manat civarında pul qalır. Bundan başqa uşaqların saxlanmasında özü də onlara köməklik edir. İşi yaxşı olarsa, alimenti artıqlaması ilə ödəməyə hazırdır. İndiki vəziyyətdə ona aliment təyin edilərkən nəzərə alınmasını xahiş etdi. Mülki prosessual qanunvericiliyə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iddiaçının və cavabdehin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Doğum haqqında şəhadətnamədən görünür ki, 22 aprel 2015-ci il təvəllüdlü Kamilli Ruqəyya Ramin qızının atası Cavabdeh, anası İddiaçıdır. Atalığın müəyyən edilməsi haqqında şəhadətnamədən görünür ki, 22 aprel 2015-ci il təvəllüdlü Kamilli Ruqəyya Ramin qızının atası Cavabdeh hesab edilmişdir. “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindəki məlumatdan görünür ki, Cavabdeh 2-ci qrup əlilliyə görə 393.34 manat pensiya alır. Ödəniş qəbzindən görünür ki, İddiaçı mediasiya sessiyasının keçirilməsi üçün 60 manat rüsum ödəmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1, 75.4-cü maddələrinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Məhkəmə bu nəticəyə gəlir ki, cavabdeh valideyn kimi uşağını saxlamağa borcludur, cavabdehin aylıq qazancının müntəzəm, dəyişməyən olması müəyyən edilməmişdir, buna görə də cavabdehdən iddiaçının xeyrinə aliment sabit pul məbləğində tutulmalıdır. Məhkəmə yetkinlik yaşına çatmayan uşağın mənafeyini, onun normal, yəni, qida rassionlarına uyğun şəkildə qidalanmasını, fiziki cəhətdən inkişafını, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılmasını, uşağın cavabdehlə yanaşı iddiaçıdan da maddi təminat almaq hüququnun olmasını, yaşayış minimumunun Azərbaycan Respublikasında bir uşağın saxlanması üçün zəruri olan minimal məbləği ehtiva etməklə, özü-özlüyündə aliment məbləğinin bu həddə müəyyən edilməsi anlamına gəlməməsini, məhkəmə qətnaməsinin icra olunması üçün çıxarılmasını, qətnamənin digər tərəfə sitəm verilməsi üçün deyil, ədalətli balansı bərpa etmək üçün olmasını, məhkəmə qətnaməsi çıxarılarkən tərəflərin əsaslı mənafelərinin nəzərə alınmalı olmasını əsas tutub hesab edir ki, 22 aprel 2015-ci il təvəllüdlü Kamilli Ruqəyya Ramin qızının yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 180 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə araşdırması zamanı cavabdehin həmin məbləğdə aliment ödənilməsini istisna edən hər hansı bir hal (işləməsinə maneə olacaq xəstəliyi, yaşının kifayət qədər çox olması və sair hallar) müəyyən edilməmişdir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” 20 dekabr 2024-cü il 15 nömrəli Ali Məhkəməsi Plenum qərarının “8.4-1ci bəndində qeyd edilmişdir ki, Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. İddiaçı 11 fevral 2025-ci il tarixdə aliment tələbi ilə bağlı məhkəməyə müraciət etdiyindən və Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulmalı olduğundan məhkəmə tərəfindən müəyyən edilən alimentin miqdarı 2025-ci il il ölkə üzrə müəyyən edilən minimum əmək haqqının müvafiq misli həddində müəyyən edilməlidir. 2025-ci ildə minumum əmək haqqının 400 manat olduğunu nəzərə alsaq, məhkəmənin hazırda uşaq üçün müəyyən etdiyi 180 manat sabit pul məbləğində aliment minumum əmək haqqının 0,45 faizini təşkil edir. (180:400=0,45 %). Qeyd edilənlərə əsasən, uşaq yetkinlik yaşına çatanadək cavabdehdən iddiaçının xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,45 misli həddində sabit pul məbləğində aliment tutulmalıdır. Məhkəmə qeyd edir ki, iddiaçı yetkinlik yaşına çatmayan uşağının saxlanılması üçün hər ay 246 manat sabit pul məbləğində aliment tutulub ona verilməsini xahiş etsə də, cavabdehin tələb edilən məbləğə mütənasib qazanc əldə etməsini təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. MPM-in 234.2 və 234.2.1-ci maddələrinə əsasən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunmalıdır. İddiaçının aliment ödənilməsi barədə ərizəsi məhkəməyə 11 fevral 2025-ci il il tarixdə daxil olduğundan aliment də həmin vaxtdan tutulmalı və qətnamə dərhal icra edilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1 və 9.1.2-ci maddələrinə əsasən aliment alınması barədə iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. MPM-in 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmin Məcəllənin 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda-bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233,234 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia qismən təmin edilsin. 11 fevral 2025-ci il tarixdən başlayaraq 22 aprel 2015-ci il təvəllüdlü Kamilli Ruqəyya Ramin qızının yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,45 misli həddində sabit pul məbləğində aliment tutulsun. İddia tələbinin təmin edilmiş hissəsinə mütənasib olaraq 41.60 manat dövlət rüsumu Cavabdeh tutularaq dövlət gəlirlərinə alınsın. Mediasiya xərci kimi ödənilmiş 60 manat pul Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə alimentin tutulması hissəsində dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Coşqun Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar