Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-97/2024 19.07.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Ellara Həsən qızının sədrliyi, Məhkəmə iclas katibi Ağayev Nurəddin Cəlil oğlunun katibliyi, İddiaçı nümayəndəsi-vəkili Vəkil, Cavabdeh2 ASC-nin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdehlər Masallı Regional “ASAN Xidmət” mərkəzində notariat ofisinə, Cavabdeh2 ASC-yə, Cavabdeh3 və Cavabdeh4 qarşı "notariusun icra qeydinin ləğv edilməsi və sonrakı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 18 sentyabr 2013-cü il tarixli 13-G-2- 0-1022-13 (İ) №-li sonrakı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi və Masallı rayon 2 saylı Dövlət Notariat Kontorunun 15 may 2014-cü il tarixli "E-01/137 nömrəli icra qeydinin ləğv edilməsi barədə məhkəmədə iddia qaldırmışdır. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Yardımlı Rayon İcra və Probasiya Şöbəsinin 25 yanvar 2023-cü il tarixli məktubundan aydın olur ki, kredit borcuna görə tutmanın evinə yönəldilməsi ilə bağlı Masallı rayon 2 saylı Dövlət Notariat Kontorunun 7E-01/137 nömrəli xx.xx.2014-cü il tarixli icra sənədi vardır. Halbuki evinin ipoteka ilə yüklü edilməsi ilə bağlı onun razılığını heç kəs soruşmamış və almamışdır. O, Cavabdeh4 ilə nikahını xx.xx.1991ci il tarixdə rəsmi qeyd etdirməklə ailə həyatı qurmuşlar. Mülkiyyətlərində Yardımlı rayonu, Ürəkəran kəndində 0,12 ha torpaq sahələri və orada inşa edilmiş 2 mərtəbəli fərdi yaşayış evləri vardır. Sözügedən torpağı nikahları dövründə almaqla, qeyd olunan evi də nikahları dövründə inşa etmişlər. Həmin torpaqla evə dair mülkiyyət hüquqları xx.xx.2011-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Göründüyü kimi, sözügedən ev birgə nikahları dövründə əldə edildiyindən həmin evdə onun da payı vardır. Lakin evin ipoteka ilə yüklü edilməsi ilə bağlı onun razılığını heç kəs soruşmamışdır. Evinə tutma yönəldilməsini bildikdən sonra bununla bağlı əri Cavabdeh4 soruşduqda, o, bildirmişdir ki, 2011-ci ildə evə dair mülkiyyət hüquqları qeydiyyata alınarkən Vasif adlı qohumu buna köməklik etmiş və həmin vaxt evin girov qoyulması ilə bağlı sənədlərə ona imza etdirmişdir. İmza etdyi sənədlərin evinə mülkiyyət hüququna dair Çıxarış alınması ilə bağlı olmasını zənn etmiş, həmin sənədlərin evinin girov qoyulması ilə bağlı olmasını bilməmişdir. Vasif krediti İqbalın adına özünün götürməsini və həmin krediti də özünün ödəyəcəyini bildirmişdir. Lakin krediti ödəmədiyindən notarius 2012-ci ildə bununla bağlı icra qeydi vermişdir. 18 sentyabr 2013-cü il tarixli sonrakı ipoteka müqaviləsi tərtib edilmiş və həmin müqavilədə evin Cavabdeh3 2013-cü ildə götürdüyü kreditlə bağlı yüklü edilməsi göstərilmiş və həmin müqavilədə adının qarşısında imza edilmişdir. Halbuki həmin imza ona məxsus deyildir. İqballa əlaqə saxladıqda, belə müqavilədən xəbərinin olmamasını, yalnız 2011-ci ildə olan müqavilədə imza etməsini, bunu da müqavilədə zamin kimi göstərilmiş Vasifin xahişi ilə etməsini, 2013-cü ildə isə kreditlə bağlı hər hansı bir sənədi imzalamamasını bildirmişdir. Vasif vəfat etdiyindən onun ailə üzvləri ilə maraqlandıqda 18 sentyabr 2013-cü il tarixli müqaviləni evdən tapdıqlarını bildirib, iddiaçıya vermişlər. Məhz qeyd olunan müqaviləyə görə 2014-cü ildə notarius icra qeydi vermişdir. Yardımlı rayon İcra və Probasiya Şöbəsində evinin yüklü edildiyi ipoteka müqaviləsi və onun əsasında notariusun verdiyi icra qeydinin olmasını o, bilməmişdir. Əri Cavabdeh4 adından 2013-cü il tarixli sonrakı ipoteka müqaviləsinin bağlanması və 2014-cü ildə icra qeydinin verilməsindən isə cari ildə, Yardımlı Rayon icra və Probasiya Şöbəsinin 25 yanvar 2023-cü il tarixli məktubundan sonra məlumatı olmuşdur. Qeyd olunan sənədlər isə qanunsuz tərtib edilməklə mülkiyyət hüquqlarının pozulmasına səbəb olur. Məhkəmə iclasında İddiaçı nümayəndəsi-vəkili Vəkil iddianı müdafiə edərək bildirdi ki, İddiaçı 2013-cü il tarixli müqavilədən məlumatı olmamışdır. Ekspert rəyi ilə razı deyildir. 2011-ci il tarixli müqaviləni imzalanmasını təkzib etmir. İcra qeydi zamanı qanunvericiliyin formal tələblərinə riayət olunmamışdır. Belə ki, vətəndaşa bildiriş göndərilməsi, bildirişi alması barədə sənəd, bildiriş ipoteka ilə bağlı olduğuna görə reyestrdə sənəd olmalı idi. Notariusun hansı sənədlər əsasında icra qeydini verməsi araşdırılmalıdır. Odur ki, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 ASC-nin nümayəndəsi X7 iddianı qəbul etməyərək bildirdi ki, ekspert rəyi ilə razıdır. İddiaçının icra qeydini mübahisələndirmək kimi subyektiv hüququ yoxdur. Odur ki, iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə hazırlıq iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, mübahisələndirilən ipoteka müqaviləsi bağlanarkən birgə mülkiyyətçi kimi onun razılığı tələb olunmuşdur. O, isə qeyd olunan ipoteka müqaviləsini bağlamaq üçün razılıq verməmişdir. Ona görə də, 18 sentyabr 2013-cü il tarixli 13-G-2-0- 1022-13 (İ) №-li sonrakı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi və Masallı rayon 2 saylı Dövlət Notariat Kontorunun 15 may 2014-cü il tarixli "E-01/137 nömrəli icra qeydinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında Cavabdeh4 izahatında bildirmişdir ki, həyat yoldaşı İddiaçı evinin ipoteka ilə yüklü edilməsindən xəbəri olmamışdır. Belə ki, o, sənədi oxumadan imzalamışdır. Cavabdeh Masallı Regional “ASAN Xidmət” mərkəzində notariat ofisinin notariusu Əlövsət İbrahimov məhkəməyə ünvanladığı məktubda işə onların iştirakı olmadan baxılmasını və müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Cavabdeh X2 məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, məlum olmayan səbəbdən məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəblərini bildirməmişdir. Odur ki, məhkəmə işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Həmin maddəyə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazimi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. Məhkəmə iş materiallarında olan və tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar təqdim etdikləri aşağıdakı sübutları tədqiq etmişdir: 18 sentyabr 2013-cü il tarixli, 13-G-2-0-1022-13 (İ) nömrəli sonrakı ipoteka müqaviləsindən görünür ki, ipoteka saxlayanla borclu arasında 18 sentyabr 2013-cü il tarixli, 13-G-2-0-1022-13 (İ) saylı kredit müqaviləsinə əsasən 13000 (on üç min) AZN məbləğində verilən kreditin və ona hesablanmış faizlərin, habelə qanunvericilikdə və bu müqavilə ilə nəzərdə tutulmuş digər ödənişlərin qaytarılmasının təminatı kimi tərəflər bu müqavilə ilə müəyyən edilmiş əmlakın sonrakı ipoteka ilə yüklü edilməsi ilə bağlı razılığa gəlmişlər. İpotekanın predmeti 25 oktyabr 2011-ci il tarixli, 13-SKMF-1-0-13-11 (İ) saylı ipoteka müqaviləsinin (xx.xx.2011-ci il tarixli, 3m-01-42 saylı notarial təsdiqlə) predmeti olan, 196.9 kv.m yaşayış, 112.2 kv.m yardımçı, 309.1 kv.m ümumi sahədən ibarət 2 mərtəbəli, 7 otaqlı fərdi yaşayış evidir. İpoteka predmeti olan əşya Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrinin Cəlilabad Ərazi İdarəsinin xx.xx.2011-ci il tarixli MA seriyalı, ******* saylı, qeydiyyat nömrəsi ********** olan çıxarışa əsasən ipoteka qoyanın mülkiyyətindədir. Müqavilə ipoteka saxlayan “NİKOYL” X6 13 saylı Lənkəran Filialı, borc alan X4 və ipoteka qoyan Cavabdeh4 tərəfindən imzalanmışdır. Yardımlı rayon İcra və Probasiya Şöbəsinin 25 yanvar 2023-cü il tarixli, 2-80481/2022-83 saylı məktubundan görünür ki, Masallı Rayon 2 saylı Dövlət Notariat Kontorunun 7E- 01/137 nömrəli, xx.xx.2014-cü tarixli icra sənədinə əsasən borclu Yardımlı rayon Sırıq kənd sakini X1 "Nikoyl" İKB (yeni adı Cavabdeh2 ASC) ASC-yə olan cəmi 13000 (on üç min) manat məbləğində kredit borcu ipoteka predmeti olan və Yardımlı rayonu Urakəran kəndində yerləşməklə ipoteka qoyan Cavabdeh4 mülkiyyətindəki 0,12 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 196,9 kv.m yaşayış, 112,2 kv.m yardımçı, 309,1 kv.m ümumi sahədən ibarət 35000 (otuz beş min) manat dəyərində yaşayış evinə yönəldilməlidir. “İpoteka haqqında” Qanunun 41.2-ci maddəsinə əsasən məhkəmənin qərarı və ya son icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. İcra məmuru ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən seçilmiş beş ildən az olmayan daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış təşkilata hərrac keçirilməsi barədə sifarişi verir. Bu razılıq 5 təqvim günü müddətində əldə edilmədikdə icra məmuru sifarişi “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun verir. Qanunun tələbinə uyğun olaraq sifarişin veriləcəyi beş ildən az olmayan müddətə fəaliyyət göstərən ixtisaslaşdırılmış hərrac təşkilatı ilə bağlı razılıqları (tərəflər arasında bağlanan saziş və ya hər iki tərəfin razılığını ifadə edən ərizəsi) 5 gün müddətində təqdim etməkləri xahiş olunmuş, 5 gün müddətində razılıq əldə edilmədikdə tələbin icrası ‘İcra haqqında” Azərbaycan Respublikası Qanununun 53.2-ci maddəsinin tələbinə uyğun olaraq həyata keçiriləcəyi barədə X2 və Cavabdeh4 xəbərdarlıq edilmişdir. 3M-24 saylı Notariat işinin 27-ci vərəqəsində yerləşən, 18 sentyabr 2013-cü il tarixli 13-G- 2-0-1022-13 (İ) nömrəli sonrakı ipoteka müqaviləsi üzrə torpaq sahəsinin və ümumi sahəsi 309,1 kv.m olan fərdi yaşayış evinin ipoteka ilə yüklü edilməsinə razılıq verilməsi barədə İddiaçı 16 sentyabr 2013-cü il tarixli ərizəsindən görünür ki, İddiaçı əri Cavabdeh4 mülkiyyətində olan Yadımlı rayonu, Ürəkəran kəndində yerləşən 0.12 ha torpaq sahəsinin və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 309.1 kv.m., yaşayış sahəsi 196.9 kv.m., yardımçı sahəsi 112.2 kv.m. olan 7 (yeddi) otaqlı fərdi yaşayış evinin götürülmüş kreditin təminatı kimi “Nikoyl” İKB-nin Lənkəran filialına ipotekaya qoyulmasına razılıq vermişdir. Kredit və ipoteka müqaviləsi üzrə öhdəlik yerinə yetirilmədikdə və ya lazımınca yerinə yetirilmədikdə məhkəmə qətnaməsinin olub-olmamasından asılı olmayaraq bankın tələbi ilə könüllü fərdi yaşayış evini qeyd-şərtsiz tərk edəcəyinə razılıq vermişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəməxətşünaslıq ekspertizasının 22 iyun 2023-cü il tarixli, 4/784 saylı rəyindən məlum olur ki, ekspertizaya təqdim edilmiş mülki işin 16-22-ci vərəqlərində olan 18 sentyabr 2013-cü il tarixli, 13-G-2-0-1022-13 (İ) nömrəli sonrakı ipoteka müqaviləsində “İpoteka qoyan” qrafasında imzalar; xx.xx.2023-cü il tarixli, 13-G-2-0-1022-13 nömrəli zaminlik müqaviləsinin 1-3 vərəqələrində “Zamin” qrafalarındakı imzalar- Cavabdeh4 tərəfindən icra olunmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəməxətşünaslıq ekspertizasının 16 aprel 2024-cü il tarixli, 4/118 saylı rəyindən rəyindən məlum olur ki, ekspertizaya təqdim olunmuş, 3M-24 saylı Notariat işinin 27-ci vərəqəsində yerləşən 18 sentyabr 2013-cü il tarixli 13-G-2-0-1022-13 (İ) nömrəli sonrakı ipoteka müqaviləsi üzrə torpaq sahəsinin və ümumi sahəsi 309,1 kv.m olan fərdi yaşayış evinin ipoteka ilə yüklü edilməsinə razılıq verilməsi barədə 16 sentyabr 2013-cü il tarixli ərizədə “İmza” qrafasındakı imza və “Orucova K” yazısı - İddiaçı tərəfindən icra olunmuşdur. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını tədqiq edib, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir. Məhkəmə tərəfindən müəyyən edilən işin mübahisəsiz hallarından göründüyü kimi, X4 ilə “Nikoyl" X8 arasında bağlanmış 18 sentyabr 2013-cü il tarixli, 13-G-2-0-1022-13 (İ) nömrəli kredit müqaviləsinin təminatı kimi, 18 sentyabr 2013-cü il tarixli, 13-G-2-0-1022-13 (İ) nömrəli sonrakı ipoteka müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinə əsasən bank tərəfindən borcluya 13000 manat məbləğində kredit verilmiş, həmin məbləğ hesabına Yardımlı rayonu, Ürəkəran kəndində yerləşən 0.12 ha torpaq sahəsinin və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 309.1 kv.m., yaşayış sahəsi 196.9 kv.m., yardımçı sahəsi 112.2 kv.m. olan 7 (yeddi) otaqlı fərdi yaşayış evi bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. Həmin müqaviləyə əsasən borcu vaxtında qaytarmadığı üçün Masallı rayon 2 saylı Dövlət Notariat Kontoru tərəfindən icra qeydi aparılmışdır. Hazırda İddiaçı icra qeydinin ləğv edilməsini və sonrakı ipoteka müqaviləsinin etibarsız hesab olunmasını tələb edir. Hazırki tələblə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6-cı maddəsində mülki qanunvericiliyinin prinsipləri sırasında mülki hüquq subyektlərinin iradə sərbəstliyi və müqavilələr azadlığı göstərilmişdir. Həmin Məcəllənin 6.2-ci maddəsində göstərilmişdir ki, fiziki və hüquqi şəxslər mülk hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Yuxarıda qeyd olunduğu kimi iddiaçı ipoteka müqaviləsi bağlanarkən müqavilədə göstərilən şərtlərlə razılaşaraq, razılıq ərizəsi vermişdir. Eyni zamanda iş materiallarına əlavə edilmiş 3M-24 saylı Notariat işində İddiaçı oğlu X5 da Yardımlı rayon, Urəkəran kəndində yerləşən yaşayış evinin ipoteka ilə yüklü edilməsi ilə bağlı razılıq ərizəsi vardır. Belə olan halda, ipoteka müqaviləsinin etibarsız hesab edilməsi üçün heç bir əsas yoxdur. “İpoteka haqqında” Qanunun 34.1.1-ci maddəsinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsa verən hallardan biridir. Həmin Qanunun 37.1-ci maddəsinə əsasən ipoteka qoyan, ipoteka predmetinin başqa ipoteka saxlayanı və ya ipoteka predmeti üzərində hüququ olan hər hansı başqa tərəf tutmanın yönəldilməsi haqqında bildirişi aldıqdan sonra 21 təqvim günü müddətində ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət edə bilər. Həmin Qanunun 38.1-ci maddəsinə əsasən Bu Qanunun 37.1-ci maddəsinə uyğun olaraq ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət edilmədikdə, tutma ipoteka saxlayanın ipoteka müqaviləsinə, yaxud ipoteka kağızına əsaslanan tələbi üzrə notariusun icra qeydi əsasında həyata keçirilir. Məhkəmə qeyd edir ki, notarius tərəfindən icra qeydi təsdiq edilərkən “Notariat haqqında” Qanunun tələblərinə əməl edilmişdir. “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununun 45-ci maddəsinə əsasən notariuslar və müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda notariat qaydasında təsdiq edilməli olan əqdləri və tərəflərin arzusu ilə digər əqdləri təsdiq edirlər. Həmçinin, “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununun 76-cı maddəsinin əvvəlki redaksiyasında göstərilmişdir ki, borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu və ya borclunun tələbkar qarşısında digər məsuliyyətini təsdiq edirsə və tələb etmək hüququnun yarandığı gündən üç ildən çox keçməmişsə, idarə, müəssisə və təşkilatlar arasındakı münasibətlərdə isə bir ildən çox keçməmişsə aparılır. Barəsində icra qeydi verilən tələb üçün qanunla başqa müddət müəyyən edilmişsə, icra qeydi bu müddət həddində verilir. Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Bundan əlavə, “Notariat haqqında" Azərbaycan Respublikasının Qanununun 77-ci maddəsinə əsasən icra qeydləri aşağıdakı məlumatları özündə əks etdirməlidir: 1) icra qeydini aparan notariusun vəzifəsi, soyadı, adı və atasının adı; 2) tələbkarın adı və ünvanı; 3) borclunun adı və ünvanı; 4) ödəniləsi məbləğ və tələb olunub alınası əşyalar, çatası faiz və peniyalarla birlikdə; 5) haqqın miqdarı, tələbkarın ödəyəcəyi dövlət rüsumunun və ya borcludan tutulmalı olan dövlət rüsumunun məbləği; 6) icra qeydinin aparıldığı tarix (il, ay, gün); 7) icra qeydinin reyestrdə rəsmiləşdirildiyi say; 8) icra qeydini aparan notariusun imzası, möhürü. Həmin Qanunun 79-cu maddəsinə əsasən icra qeydinin aparılması barədə ərizə müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə və ya fiziki şəxsin yazılı ərizəsi notariat kontoruna daxil olduqdan sonra notarius bir iş günü müddətində icra qeydini aparır və icra qeydini müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi vasitəsilə “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq icra olunması üçün müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərir. “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın 162-ci bəndində qeyd edilmişdir ki, icra qeydinin aparılacağı müddətlər tələbkarda borcu məcburi qaydada tutmaq hüququnun əmələ gəldiyi gündən hesablanır. Müqavilənin hansı müddətə bağlanılmasından asılı olmayaraq, əgər müqavilədə öhdəliyin hissə-hissə icrası konkret müddətlər üzrə müəyyən edilmişdirsə, öhdəliyin icrasının gecikdirilməsi ödənilməmiş hissə üzrə icra qeydinin aparılması üçün əsasdır. Göründüyü kimi 7E-01/137 nömrəli, xx.xx.2024-cü il tarixli icra qeydi qanunvercilikdə göstərilən qaydada tərtib edildiyindən onun ləğv edilməsinə əsas yoxdur. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, icra qeydinin hüquqi statusu "Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsi ilə tənzimlənir. Həmin maddəyə əsasən borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydi aparmalıdır. Göründüyü kimi icra qeydi qərar və ya ləğv edilməsi mümkün olan hər hansı digər hüquqi kateqoriyaya aid deyil. Digər tərəfdən "icra qeydinin ləğvi" mümkün olsa belə, icra qeydinin formal və texniki tələblərə uyğun gəlməməsi əsası ilə ola bilər. Məhz bu hallarda icra qeydi mübahisələndirilə bilər. Hazırki halda isə iddiaçı Banka qarşı olan maddi hüquqi tələbini notariusun icra qeydinin ləğv edilməsi formasında irəli sürmüşdür. Məhkəmə həmçinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi məhkəmə-xətşünaslıq ekspertizasının 16 aprel 2024-cü il tarixli, 4/118 saylı rəyindən rəyini mötəbər, təkzibolunmaz sübut kimi qəbul edir. Belə olan halda, 18 sentyabr 2013-cü il tarixli 13-G-2-0-1022-13 (İ) №-li sonrakı ipoteka müqaviləsi etibarsız hesab edilməməlidir. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Masallı Regional “ASAN Xidmət” mərkəzində notariat ofisinə, Cavabdeh2 ASC-yə, Cavabdeh3 və Cavabdeh4 qarşı qarşı "notariusun icra qeydinin ləğv edilməsi və sonrakı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1.-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 80, 88-ci maddələri ilə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs bilavasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia rədd edilsin. İddiaçı cavabdehlər Masallı Regional “ASAN Xidmət” mərkəzində notariat ofisinə, Cavabdeh2 ASC-yə, Cavabdeh3 və Cavabdeh4 qarşı qarşı "notariusun icra qeydinin ləğv edilməsi və sonrakı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən tərəflər bir ay müddətinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Ellara Abbasova
Məhkəmə qərarları › İş №2(050)-97/2024
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-97/2024
19.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver