Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1017/2021 27.07.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi İddiaçılar: İddiaçı1 və Salahbanova Rəna Yadigar qızının iştirakı ilə İddiaçı1 və Salahbanova Rəna Yadigar qızının Cavabdeh qarşı nəvələrlə görüşün müəyyən edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı1 və Salahbanova Rəna Yadigar qızı Cavabdeh qarşı nəvələrlə görüşün müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən 09.02.2016-ci il tarixdə doğulmuş Niyaz və 17.09.2017–ci il tarixdə doğulmuş Səma adlı nəvələri ilə hər həftənin bazar günləri saat 10:00–dan 17:00–dək yaşayış evinə uşaqları aparmaqla ünsiyyət hüququnun təmin olunması və göstərilən vaxtda görüş vaxtının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçılar tələbini onunla əsaslandırmışlar ki, oğlu X1 Cavabdeh ilə olan evliliyindən 09 fevral 2016-cı il təvəllüdlü Niyaz, 17 sentyabr 2017-ci il təvəllüdlü Səma adlı uşaqları doğulmuşdur. X2 Salahbanova arasındakı nikah məhkəmə qaydasında pozulduqdan sonra nəvələrini görə bilməmişlər. Cavabdeh onunla eyni ünvanda qeydiyyatda olsa da, faktiki Yevlax rayonu Əkşəm kəndində yaşayır. Görüşlə bağlı Mingəçevir şəhər İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik komissiyasına müraciət etmişlər. Mingəçevir şəhər İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının 09 aprel 2021-ci il tarixli 63 saylı qərarı ilə onlara 09 fevral 2016-cı il təvəllüdlü Niyaz, 17 sentyabr 2017-ci il təvəllüdlü Səma adlı nəvələri ilə hər həftənin bazar günü saat 10:00-dan 17:00-dək şəhərin ünvan 2 ünvanında görüş vaxtı təyin edilsə də, onlar yenə də nəvələri ilə görüşə bilməmişlər. Ona görə də 09 fevral 2016-cı il təvəllüdlü Niyaz, 17 sentyabr 2017-ci il təvəllüdlü Səma adlı nəvələri ilə hər həftənin bazar günü saat 10:00-dan 17:00-dək yaşayış evlərinə uşaqları gətirməklə ünsiyyət hüquqlarının təmin olunması və göstərilən vaxtda görüş vaxtının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddiaçı1 məhkəmə iclası zamanı iddia tələbini müdafiə edərək göstərdi ki, cavabdeh onun nəvələri ilə ünsiyyət yaratmasına mane olur. O, doğma nəvələri ilə ünsiyyət yarada bilmir və onların tərbiyəsi ilə məşğul ola bilmir. Halbuki, Azərbaycan Respublikasının Ailə Məcəlləsi ona nəvələri ilə ünsiyyət yaratmaq hüququ vermişdir. Cavabdeh isə onun həmin hüququnu məhdudlaşdırmışdır. O, dəfələrlə nəvələri ilə görüşmək, onların qayğısına qalmaq və tərbiyəsi ilə məşğul olmaq istiqamətində müəyyən cəhdlər etsə də, cavabdeh uşaqları ondan yayındırmış və görüşməsinə imkan verməmişdir. Hesab edir ki, onun nəvələri ilə öz evində görüşmək hüququ vardır. Cavabdeh tərəfindən ona edilən maneə aradan qaldırılmalıdır. Odur ki, iddianın təmin edilməsini məhkəmədən xahiş edir. İddiaçı Salahbanova Rəna Yadigar qızı məhkəmə iclası zamanı iddia tələbini müdafiə edərək İddiaçı1 ilə eyni məzmunlu izahat verərək, məhkəmədən iddianın təmin edilməsi haqda qətnamə çıxarılmasını xahiş etdi. Üçüncü şəxs Mingəçevir Şəhər İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Orqanına və cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə işə üçüncü şəxsin nümayəndəsinin və cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçıların izahatlarını, işdə olan sənədləri, qəyyumluq və himayəçilik orqanının rəyini və digər iş materiallarını əlaqəli şəkildə nəzərdən keçirərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, X4 oğlu ilə Cavabdeh birgə nikahından 09.02.2016–cı il tarixdə Niyaz və 17.09.2017-ci il tarixdə Səma adlı uşaqları doğulmuşdur. İşdə olan doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, X3 08.09.1991-ci il tarixdə İddiaçı1 və Salahbanova Rəna Yadigar qızının birgə nikahından doğulmuşdur. İşdə olan AZ-İ 342687 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, X3 ilə Cavabdeh arasında bağlanmış nikah ləğv edilmişdir. İşdə olan Mingəçevir Şəhər İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Orqanının 09.04.2021–ci il tarixli 63 nömrəli Qərarından görünür ki, 09.02.2016–ci il tarixdə doğulmuş Niyaz və 17.09.2017-ci il tarixdə doğulmuş Səma adlı uşaqlarla ünsiyyətə qoyulan maneənin aradan qaldırılması, İddiaçı1 və Salahbanova Rəna Yadigar qızının nəvələri ilə ayın hər həftəsinin bazar günləri saat 10:00–dan 17:00–dək görüşməsinə icazə verilməsi qərara alınmışdır. İşdə olan Mingəçevir Şəhər İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Orqanının 17.06.2021–ci il tarixli 93 nömrəli rəyindən görünür ki, Qəyyumluq və Himayəçilik Komissiyası İddiaçı1 və Salahbanova Rəna Yadigar qızının Niyaz və Səma adlı nəvələri ilə ünsiyyətdə olmasını məqsədə müvafiq hesab etmişdir. Azərbaycan Respublikası MPM–in 88–ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə işin müəyyən olunmuş hallarını qiymətləndirərək hesab edir ki, iddiaçının öz nəvələri ilə görüşməsi, onlarla ünsiyyətdə olması və uşaqların tərbiyəsi ilə məşğul olması, Azərbaycan Respublikasının Ailə qanunvericiliyində onlara məxsus hüquq kimi təsbit olunmuşdur. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 62.1–ci maddəsinə əsasən baba, nənə, qardaş, bacı və digər qohumlar uşaqla ünsiyyət hüququna malikdirlər. Həmin Məcəllənin 62.3–cü maddəsinə əsasən valideynlər (onlardan biri) müvafiq icra hakimiyyəti orqanının qərarına tabe olmadıqda, uşağın yaxın qohumları və ya müvafiq icra hakimiyyəti orqanı uşaqla ünsiyyətdə olan maneəni aradan qaldırmaq üçün iddia ilə məhkəməyə müraciət edə bilər. Məhkəmə uşağın rəyini və marağını nəzərə almaqla mübahisəni həll edir. Ona görə də məhkəmə sadalanan hüquq normalarının tələblərinə əsaslanaraq hesab edir ki, iddiaçının nəvələri ilə ünsiyyət yaratmaq, nəvələrinin tərbiyəsi ilə məşğul olmaq istəyinə dair iddiası əsaslıdır. “Valideynlərin və digər qohumların uşaqla ünsiyyətdə olmaq hüquqları ilə əlaqədar qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 oktyabr 2011–ci il tarixli 6/2011 saylı qərarının 4–cü bəndində göstərilmişdir ki, qanunun tələbinə görə baba, nənə, qardaş, bacı və digər qohumlar uşaqlarla ünsiyyət hüququna malikdirlər. Valideynlər (onlardan biri) uşağın bu və ya digər qohumları ilə ünsiyyətinə etiraz etdikdə müvafiq icra hakimiyyəti orqanı valideynlərin (onlardan birinin) bu ünsiyyətə mane olmamasını tələb edə bilər. Valideynlər (onlardan biri) müvafiq icra hakimiyyəti orqanının (yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanlarının) qərarına tabe olmadıqda, uşağın yaxın qohumları və ya müvafiq icra hakimiyyəti orqanı uşaqla ünsiyyətdə olan maneəni aradan qaldırmaq üçün iddia ilə məhkəməyə müraciət edə bilər. Məhkəmə 10 yaşına çatmış uşağın fikrini və marağını nəzərə almaqla mübahisəni həll edir. Həmin qərarın 10–cu bəndində göstərilmişdir ki, valideyn və digər qohumların uşaqlarla ünsiyyət hüquqlarına dair mübahisələrə baxılarkən valideynlər arasında və yaxud valideynlə digər qohumlar arasında razılıq olmadıqda, məhkəmə mübahisəni uşaqların hüquq və mənafeləri, eləcə də yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanlarının rəyini nəzərə almaqla həll edir. Odur ki, məhkəmə iddiaçıların izahatını, uşağın yaşayış şəraitini, yaşını, istirahət vaxtını, Qəyyumluq və Himayəçilik Orqanının rəyini və xüsusən uşağın mənafelərini, o cümlədən onun qidalanma rejimini, asudə vaxtını, valideynlərdən hər birinə olan emosional bağlılığını nəzərə alaraq hesab edir ki, iddiaçıların Niyaz və Səma adlı nəvələri ilə ünsiyyətdə olma hüququ hər ayın bazar günləri saat 10:00–dan 17:00–dək uşaqlar onlara verilməklə müəyyən edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq QƏT ETDİ: İddia təmin edilsin. İddiaçılar İddiaçı1 və Salahbanova Rəna Yadigar qızının 09.02.2016–ci il tarixdə doğulmuş Niyaz və 17.09.2017-ci il tarixdə doğulmuş Səma adlı uşaqlarla ünsiyyətdə olma hüququ hər ayın bazar günləri saat 10:00–dan 17:00–dək uşaqlar onlara verilməklə müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Paşayev
Məhkəmə qərarları › İş №2(051)-1017/2021
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1017/2021
27.07.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver