Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1023/2024 13.05.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Həsənova Türkanə Çingiz qızının katibliyi İddiaçı: İddiaçı nümayəndəsi (vəkil) Vəkil Cavabdeh: Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları
1. İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair məhkəmədə iddia qaldıraraq, cavabdehdən xx.xx.2013-cü il tarixdə doğulmuş Əbəlfəz və xx.xx.2016-cı il tarixdə doğulmuş Zeynəb adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşağa 250 manat olmaqla, cəmi 500 manat sabit pul məbləğində alimentin tutulub ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. 2.İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, cavabdehlə xx.xx.2011-ci il tarixdə Qazaxıstan Respublikası Pavlodar şəhəri qeydiyyat şöbəsində nikahlarını rəsmiləşdirməklə ailə qurmuşdur. Birgə nikahdan xx.xx.2013-cü il tarixdə Əbəlfəz və xx.xx.2016-cı il tarixdə Zeynəb adlı uşaqları doğulmuşdur. Aralarında olan nikah Qazaxıstan Respublikası Pavlodar Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 5510-23- 00-2\1020 saylı qətnaməsi İlə pozulmuş və xx.xx.2013-cü il tarixdə doğulmuş Əbəlfəz və xx.xx.2016-cı il tarixdə doğulmuş Zeynəb adlı uşaqlar analarının himayəsində qalmışdır. Uşaqlara baxmaq hər iki valideynin borcu olduğu halda cavabdeh bundan boyun qaçırır, o isə təkbaşına uşaqlara baxmaqda maddi çətinlik çəkir. Uşaqlar böyüdükcə onların tələbatı da artır. Belə ki, hər iki uşaq məktəblidir və gündəlik xərcləri çoxdur. Uşaqlara valideynin köməkliyi ilə baxır. Hazırda heç bir yerdə işləmir. Odur ki, məhkəmədən iddianın təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir.
Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri Cavabdeh iddia ərizəsinə etiraz təqdim etməmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları
İddiaçının nümayəndəsi məhkəmə iclası zamanı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclası zamanı iddianı qəbul etmədi və əlavə olaraq göstərdi ki, 7 ildir uşaqları ilə görüşə bilmir. Uşaqlarına baxmış, hər dəfə 1000-2000 manat olmaqla onlara pul göndərmişdir. Təxminən 2-3 ay bundan əvvəl 100 dollar pul göndərmişdir. Hazırda işsiz olduğundan və iş tapa bilmədiyindən iddiaçının tələb etdiyi məbləğdə alimenti ödəməyə imkanı yoxdur, iddia tələbini qəbul etmir. Odur ki, məhkəmədən iddianın rədd edilməsi haqda qətnamə çıxarılmasını xahiş edir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Ailə Məcəlləsi
Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1–ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi ilə bağlı saziş yoxdursa, eləcə də aliment ödəməyə borclu olan valideynin qazancı (gəliri) qeyri–müntəzəm, dəyişən olarsa, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur.
«Uşaq hüquqları» haqqında Azərbaycan Respublikasının Qanunu
“Uşaq Hüquqları Haqqında” Azərbaycan Respublikası Qanununun 8–ci maddəsinə əsasən hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmə hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13–cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qaqnunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmin Qanununun 19–cu maddəsində göstərilir ki, uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir.
«Uşaq hüquqları haqqında» Konvensiya
12 noyabr 1989–cu ildə qəbul olunmuş “Uşaq Hüquqları Haqqında” Birləşmiş Millətlər Təşkilatının Konvensiyasının 3–cü maddəsinə əsasən sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları həyata keçirilib–keçirilməməsindən asılı olmayaraq uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirməlidir. İştirakçı dövlətlər uşağın valideynlərinin, qəyyumlarının və ya onun üçün qanuna görə məsuliyyət daşıyan digər şəxslərin hüquq və vəzifələrini nəzərə alaraq, onun rifahı üçün zəruri olan müdafiə və qayğı ilə uşağı təmin etməyi öhdəyə götürür və bu məqsədlə bütün qanunvericilik tədbirlərini və inzibati tədbirləri görürlər. Həmin Konvensiyanın 26–cı maddəsinin 1–ci bəndində göstərilir ki, iştirakçı dövlətlər hər bir uşağın, sosial sığorta da daxil olmaqla, sığorta təminat imtiyazlarından istifadə etmək hüququnu tanıyır və öz milli qanunvericiliyinə uyğun olaraq bu hüququn tamamilə həyata keçirilməsinə nail olmaq üçün lazımi tədbirlər görürlər.
Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında AR Qanunu “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 2024–cü il üçün yaşayış minimumunun məbləği uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1–ci maddəsinə görə işdə iştirak edən şəxslər üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir.
Məhkəmənin mövqeyi
Məhkəmə tərəflərin izahatlarını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, işdə olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X1 arasında xx.xx.2011-ci il tarixdə Qazaxıstan Respublikası Pavlodar şəhəri VVAQ şöbəsində bağlanmış nikah 50-2xx-xx-0002104 nömrə ilə dövlət qeydiyyatına alınmışdır. İşdə olan doğum haqqında şəhadətnamənin və pasportun notarial qaydada təsdiq olunmuş surətlərindən görünür ki, Cavabdeh ilə İddiaçı birgə nikahından xx.xx.2013-cü il tarixdə doğulmuş Əbəlfəz və xx.xx.2016-cı il tarixdə doğulmuş Zeynəb adlı uşaqları doğulmuşdur. Beləliklə, məhkəmə iclası zamanı müəyyən edildi ki, tərəflər rəsmi nikah bağlamaqla evlənmişdir. xx.xx.2013-cü il tarixdə Əbəlfəz və xx.xx.2016-cı il tarixdə Zeynəb adlı uşaqları doğulmuşdur. İddiaçı uşaqların yetkinlik yaşına çatana kimi saxlanması üçün cavabdehdən aliment tələb edir. Cavabdeh tərəf isə iddianı qəbul etmir. Məhkəmə işin müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1–ci maddəsinə əsasən uşaqların maddi cəhətdən saxlanması, tərbiyəsi və normal inkişafının təmin edilməsi hər iki valideynin vəzifəsi hesab edilmişdir. Bu zaman qanunvericilik sabit pul məbləğində alimentin miqdarının müəyyən edilməsini tərəflərin maddi və ailə vəziyyətindən, əmlak vəziyyətindən və diqqətəlayiq mənafelərdən asılı etmişdir. İş materiallarının əlaqəli təhlili məhkəməyə belə nəticəyə gəlməyə əsas verir ki, cavabdehdən hər ay hər uşaq üçün 150 manat olmaqla, cəmi 300 manat sabit pul məbləğində alimentin tutulması tərəflərin maddi və əmlak vəziyyətinə, xüsusən iddiaçının diqqətəlayiq mənafelərinə uyğundur. Belə ki, azyaşlı uşaqlar iddiaçının yanında yaşayırlar və onların bütün xərcləri mütəmadi şəkildə artmaqda davam etməklə yanaşı, iddiaçı tərəfindən ödənilir. Odur ki, məhkəmə hər iki tərəfin maddi və ailə vəziyyətini, azyaşlı uşaqların mənafelərini və iddiaçının himayəsində yaşamalarını, habelə digər halları nəzərə alaraq hesab edir ki, cavabdehdən hər ay hər uşaq üçün 150 manat olmaqla, cəmi 300 manat sabit pul məbləğində alimentin alınması azyaşlı uşaqların qanuni mənafelərinə uyğun gəlir, habelə cavabdehi əlverişsiz vəziyyətə salmır. Ona görə də məhkəmə alimentin məbləğinin iddiaçının tələb etdiyi məbləğdə deyil, işin müəyyən olunmuş hallarına əsasən uşaqların mənafeyinə və digər diqqətəlayiq hallara uyğun olaraq təyin edilməsini, işin həqiqi hallarına uyğun hesab edir. Məhkəmə, həmçinin qeyd edir ki, iddiaçı cavabdehin yüksək maddi vəziyyətə malik olması və hər ay kifayət qədər qazanc əldə etməsi ilə bağlı istinad etdiyi dəlilləri məhkəmə iclasında sübuta yetirə bilmədiyindən, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 216–220, 235 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏTETDİ: İddia qismən təmin edilsin. xx.xx.2024-cü il tarixdən başlayaraq, xx.xx.2013-cü il tarixdə doğulmuş Əbəlfəz və xx.xx.2016-cı il tarixdə doğulmuş Zeynəb adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay hər uşaq üçün 150 (bir yüz əlli) manat olmaqla, cəmi 300 (üç yüz) manat sabit pul məbləğində aliment tutulub İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Nemət Paşayev