Məhkəmə qərarları › İş №2(051)-1048/2021

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1048/2021

26.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1048/2021 26.07.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi İlkin iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh): İddiaçı və onun vəkili X5, Cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı): Cavabdeh nümayəndəsi Vəkil, Üçüncü şəxs X3 iştirakı ilə İddiaçı Cavabdeh qarşı alqı-satqı müqaviləsinin ləğv edilməsi tələbinə dair ilk iddiası, həmçinin Cavabdeh ilkin İddiaçı qarşı pul tələbinə dair qarşılıqlı iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İlkin İddiaçı Cavabdeh qarşı alqı-satqı müqaviləsinin ləğv edilməsi tələbinə dair ilkin iddia ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, məhkəmədən onun xüsusi mülkiyyətində olan, ünvan 1 ünvanında yerləşən, yaşayış sahəsi 17.26 kv/m, olan 1 otaqlı mənzilə dair X8 ilə Cavabdeh arasında 25 yanvar 2021-ci il tarixdə notarial qaydada bağlanmış 4Ə-112 reyestr nömrəli alqı- satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşə məhkəmədə baxılan zaman iddiaçı tərəf iddia ərizəsinin dəqiqləşdirilməsinə dair əlavə ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmədən ünvan 1 ünvanında yerləşən, yaşayış sahəsi 17.26 kv/m, olan 1 otaqlı mənzilə dair X8 ilə Cavabdeh arasında 25 yanvar 2021-ci il tarixdə notarial qaydada bağlanmış 4Ə-112 reyestr nömrəli alqı- satqı müqaviləsinin etibarsız hesab edilməsi və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX tərəfindən 02.03.2021-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə Cavabdeh adına verilmiş mülkiyyət hüququna dair çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh (qarşılıqlı iddiaçı) Cavabdeh ilkin İddiaçı qarşı pul tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, məhkəmədən ilkin iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ona ödənilmiş 15.030 (on beş min otuz) manat pul və 1000 manat çəkilən xərc olmaqla, cəmi 16030 manat məbləğində pulun alınıb ona verilməsi haqda qətnamə çıxarılmasını xahiş etmişdir. İlkin İddiaçı məhkəmə iclası zamanı ilk iddanı müdafiə etdi, qarşılıqlı iddianı qəbul etmədi, əsasən iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, ünvan 1 ünvanında yerləşən yaşayış sahəsi 17.26 kv/m, olan 1 otaqlı mənzil tam mülkiyyət hüququ ilə ona məxsus olmuşdur. Zərurət səbəbindən ona məxsus mülkiyyətini satmaq məqsədi ilə X10 Xidmət mərkəzində Notariat ofisinə müraciət etmiş və orada ona məxsus mülkiyyətinin Mingəçevir şəhər sakini Cavabdeh satıldığını öyrənmişdir. Bu zaman ona məlum olmuşdur ki, doğma qardaşının qızı X8, ona olan etibarından suiistifadə edib, onu notariat ofisinə apararaq, mənzilə sənəd düzəltmək adı ilə müəyyən sənədlərə imza etdirərək məlumatı olmadan, əslində isə mülkiyyətində olan mənzil barədə bütün hüquqların ona etibar edilməsinə dair etibarnaməyə imza etdirmişdir. O, alqı-satqı müqaviləsinin surətini əldə etdikdən sonra məlum olmuşdur ki, həmin etibarnamə əsasında da ona məxsus mənzil X8 tərəfindən onun iştirakı və razılığı olmadan, özünün doğma oğlu iş üzrə Cavabdeh adına özgəninkiləşdirilmişdir. Ümumiyyətlə, mülkiyyətində olan mənzilin alqı-satqı müqaviləsi onun xəbəri və razılığı olmadan bağlanmışdır. Belə ki, X8 onun qoca və xəstə olmasından sui-istifadə etməklə onun adından çıxış edərək öz mənafeyi naminə görüntü üçün yalan əqd bağlamışdır. Çünki alqı-satqı müqaviləsinə görə guya X8 mənzili 15.000 manata öz doğma oğluna satmışdır. Əslində, X8 mənzili ələ keçirmək üçün onun etibarından və qocalığından sui-istifadə etmişdir. Hazırda isə cavabdeh qarşılıqlı iddia ərizəsində guya ona 15.000 manat pul verdiyini iddia edir. Halbuki, nə cavabdeh, nə də X8 ona heç bir vəsait ödəməmiş, əksinə, mənzilin özgəninkiləşdirilməsini ondan gizlətmişlər. X3 məqsədi onun mülkiyyətini ələ keçirmək talamaq və mənimsəmək olmuşdur. Belə ki, mülkiyyətində olan mənzilin satılması ilə bağlı onun nə X6 etibarnamə vermək niyyəti, nə də Cavabdehlə alqı-satqı müqaviləsinin bağlanması zamanı sərbəst iradəsi olmamışdır. X8 bütün bu hərəkətləri özbaşına etmişdir. Alqı-satqı müqaviləsi də görünüş xatirinə bağlanmış uydurma əqddir. Hesab edir ki, həmin alqı-satqı müqaviləsi bağlandığı andan etibarsızdır. Lakin cavabdeh tərəf ona məxsus mənzili əllərində saxlamaq üçün alqı-satqı müqaviləsinə görünüş üçün yazdıqları 15.000 manat məbləğində pulu hazırda ondan tələb etməklə, bir daha öz hərəkətlərinin qanunsuz olduğunu etiraf etmişlər. Hazırda da X8 onun yenə də qoca və kimsəsiz olmasından sui-istifadə edərək mənzili bu yolla özündə saxlamaq istəyir. X8 yaxşı bilir ki, onun 15.000 manat pulu qaytarmaq imkanı yoxdur. Çünki ona heç bir məbləğdə pul verilməmişdir. Bütün bunlar yalnız görünüş üçün edilmişdir. Ona görə də o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hesab edir ki, həmin pul tələbinə dair cavabdeh tərəfindən irəli sürülmüş qarşılıqlı iddia tələbi də əsassızdır. Ona görə də məhkəmədən ilkin iddianın təmin, qarşılıqlı iddianın isə rədd edilməsi haqda qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh nümayəndəsi Vəkil məhkəmə iclası zamanı təmsil etdiyi şəxsin adından ilkin iddianı qəbul etmədi, qarşılıqlı iddianı müdafiə etdi və qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahat verdi, həmçinin əlavə olaraq göstərdi ki, İddiaçı təmsil etdiyi şəxsə qarşı 25.01.2021-ci il tarixli 4Ə-112 saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə iddiası əsassızdır, əks halda pul tələbi barədə qarşılıqlı iddia verilməlidir. İddiaçı onun anası X3 yaxın qohumu, yəni bibisidir. Anası Türkiyədə olduqda Əminə ona zəng edərək ona baxılmasını və evinin anasının adına keçirilməsində ona kömək edilməsini xahiş etmişdir. Bu məqsədlə anası Türkiyədən gələrək evin Cavabdeh 15030 manata satılmasına razılaşmışdır. İddiaçı Hədiyyə Quliyevaya baş etibarnamə vermiş, təmsil etdiyi şəxs 15030 manat pulu banka mədaxil etmişdir. Alqı-satqı müqaviləsi notariat kontorunda təsdiq edildikdən sonra 15030 manat pulu bankdan Hədiyyə Quliyeva götürüb aparıb iddiaçıya vermişdir. Təmsil etdiyi şəxs həmin mənzilə çıxarış almışdır. Mənzil hazırda Cavabdeh mülkiyyətində olmasına baxmayaraq, İddiaçı cavabdehlə aralarında olan razılığa görə həmin mənzildə yaşamasına etirazı yoxdur və ömrünün axırına kimi də həmin mənzildə yaşayacaqdır. Lakin İddiaçı alqı-satqı müqaviləsi bağlanandan xeyli müddət sonra alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə dair əsassız iddia qaldırmış, guya ona 15000 manat pulun ödənilməməsini əsas götürmüşdür. Cavabdeh vicdanlı alıcı olmaqla həmin mənzilə görə 15030 manat pulu bank vasitəsi ilə ödəmiş, anası Hədiyyə Quliyeva 15030 manat pulu İddiaçı ödəmişdir. İddiaçının pulun ödənilməsinə görə çıxarışın və alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə iddia tələbi əsassızdır. Belə olan halda İddiaçı ödənilmiş 15030 manat və müqavilə təsdiqi və çıxarışın alınması, sığorta haqqı və digər xərclər üçün 1000 manat, cəmi 16030 manat pulun İddiaçı alınıb Cavabdeh ödənilməsi barədə məhkəmə qətnaməsinə ehtiyac vardır. O, 15030 manat pulunu ödəyib mənzili almışdır. Çıxarış almaqla mənzil Cavabdeh mülkiyyətindədir, yəni vicdanlı alıcıdır. Odur ki, məhkəmədən ilkin iddianın rədd, qarşılıqlı iddianın isə təmin edilməsi haqda qətnamə çıxarılmasını xahiş edir. Üçüncü şəxs X8 məhkəmə iclası zamanı verdiyi ifadəsində bildirdi ki, iddiaçı onun atasının bacısıdır. O, Türkiyədə yaşayır. İddiaçı zəng edərək ona gəlməsini, ona baxmasını demiş, o isə gəlmişdir. Həmin vaxt o, iddiaçı ilə birlikdə “Asan Xidmət” mərkəzində notariat kontoruna getmiş və orada iddiaçı evi ona bağışlamaq istəmiş, lakin iddiaçının doğum haqqında şəhadətnaməsi olmadığı üçün bağışlanma alınmamışdır. Ona görə də iddiaçı ona etibarnamə vermişdir.Həmin evi etibarnamə ilə alqı-satqı müqaviləsi ilə 15 000 manata satmışdır. Həmin pulu o, iddiaçıya evində vermişdir. Eləcə də, o, iddiaçıdan ömrünün sonuna qədər həmin mənzildə yaşamaq hüququnun olmasını bildirmişdir. Lakin iddiaçı sonradan fikirini dəyişərək kənar şəxslərin diqtəsi ilə ona qarşı iddia qaldırmışdır. Ondan əvvəl də iddiaçı evi daha üç nəfərə vermiş, sonra da qaytarmışdır. Hesab etdi ki, iddiaçı artıq qocalıbdır, daha belə etməz. Lakin o da öz təxminlərində yanılmışdır. Bununla belə o, yenə də iddiaçının mənzildə yaşamasına etiraz etmir. Hesab edir ki, iddiaçı əsassız varlanmaq məqsədilə hüquqdan sui-istifadə edir . Odur ki, məhkəmədən ilkin iddianın rədd, qarşılıqlı iddianın isə təmin edilməsi haqda qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclası zamanı cavabdeh tərəfindən şahid qismində dindirilmiş X9 ifadəsində göstərdi ki, Elsevər onun dostudur. Hədiyyə Quliyeva ondan pulu birlikdə gedib İddiaçı vermələrini xahiş etmişdir. Hədiyyə Quliyeva onun yanında İddiaçı 15030 manat pul vermiş, o isə 30 manatı qaytarmışdır. Pul İddiaçı mübahisəli evdə verilmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq hesab edir ki, ilkin iddia əsaslı olduğundan təmin, qarşılıqlı iddia isə əsassız olduğundan rədd edilməlidir. Belə ki, işdə olan 14 saylı MİS tərəfindən 19.02.2021-ci il tarixdə verilmiş arayışdan görünür ki, Cabbarova X4 şəhəri, Nizami küçəsi, ev 7, mənzil 45 ünvanında yaşayır. İşdə olan notariat işinin təsdiq olunmuş kserosurətinə əlavə edilmiş, Qeydiyyat vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən bir otaqlı mənzil daşınmaz əmlakın dövlət reyestrində 10.10.1991-ci il tarixdə İddiaçı adına qeydiyyata almışdır. İşdə olan notariat işinin təsdiq olunmuş kserosurətinə əlavə edilmiş, AR-İİ seriyalı 136031 nömrəli etibarnamənin surətindən görünür ki, İddiaçı Hacıbala qızı həmin etibarnamə ilə Texniki İnvertarlaşdırma Bürosu tərəfindən 10.10.1991-ci il tarixdə verilmiş, 2M-5-626 reyestr nömrəli, 1344 saylı Qeydiyyat vəsiqəsinə əsasən özünə məxsus olan, Mingəçevir şəhəri, Nizami küçəsi, ev 7 ünvanında yerləşən 45 nömrəli mənzilə 1 saylı forma arayış aldıqdan sonra 15.000 (on beş min) manat qiymətə satmağı, bununla əlaqədar istənilən idarə, müəssisə və təşkilatlarda, “ASAN” xidmət mərkəzlərində, notariat ofislərində, DƏDRX-də onu təmsil etməyi, adından ərizə və sair sənədlər verməyi, imza etməyi, işlər aparmağı, müqavilələr bağlamağı, zəruri rüsum və ödənişlər ödəməyi, ona çatası sənədlər və arayışları almağı, aldığına dair imza etməyi və digər hərəkətləri etməyi X6 6 ay müddətinə, yəni 28.03.2021-ci il tarixədək etibar etmişdir. İşdə olan notariat işinin təsdiq olunmuş kserosurətinə əlavə edilmiş, 25.01.2021-ci il tarixdə Mingəçevir regional “Asan xidmət” mərkəzində notariat ofisində 4Ə-112 nömrəli reyestrdə qeydə alınmış, AN-İ seriyalı ******* nömrəli daşınmaz əmlakın alqı–satqı müqaviləsinin surətindən görünür ki, AR-İİ seriyalı 136031 nömrəli etibarnamə əsasında İddiaçı Hacıbala qızının adından çıxış edən X1 Əminə Hacıbala qızının tam mülkiyyət hüququ ilə özünəməxsus olan, Mingəçevir şəhəri Nizami Gəncəvi küçəsi, ev 7, mənzil 45 ünvanında yerləşən yaşayış sahəsi 17,26 kv/m olan 1 otaqlı mənzili Cavabdeh 15 000 (on beş min) manata satmışdır. İşdə olan “Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış”ın surətindən görünür ki, Mingəçevir şəhəri, Nizami ünvan 2 ünvanında yerləşən mənzil üzərində Cavabdeh xüsusi mülkiyyət hüququ **********11- 05101-093060 reyestr nömrəsi ilə 02.03.2021–ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İşdə olan notariat işinin təsdiq olunmuş kserosurətinə əlavə edilmiş, Mingəçevir Regional «Asan Xidmət» Mərkəzində Notariat Ofisinin notariusu Nidayət Rzayev tərəfindən Kapitalbank ASC-nin Mingəçevir şöbəsinə ünvanlanmış 25.01.2021–ci il tarixli məktubdan görünür ki, Cavabdeh 15.000 manat pulu mənzilin alqı–satqısı üçün X6 verilməsi üçün Mingəçevir Regional «Asan Xidmət» Mərkəzində Notariat Ofisinin notariusu Nidayət Rzayevin depozit hesabına köçürülməsi xahiş olunmuşdur. İşdə olan notariat işinin təsdiq olunmuş kserosurətinə əlavə edilmiş, 25.01.2021–ci il tarixli qəbzdən görünür ki, çekdə göstərilən 15.000 manat məbləğində pulu həmin tarixdə şəxsən X8 götürmüşdür. Beləliklə, məhkəmə təqdim edilmiş sübutların məhkəmə iclasında tədqiqi nəticəsində müəyyən etdi ki, hazırda mübahisələndirilən alqı-satqı müqaviləsinin predmeti olan, Mingəçevir şəhəri, Nizami ünvan 2 ünvanında yerləşən mənzil üzərində İddiaçı tam mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 10.10.1991-ci il tarixdən qeydiyyata alınmışdır. Məhkəmə, həmçinin müəyyən etdi ki, iddiaçı qoca və kimsəsiz olduğuna görə onun birinci növbəli qanun üzrə vərəsəsi yoxdur. Üçüncü şəxs X8 isə iddiaçının qardaşı qızıdır. Ona görə də üçüncü şəxs X8 iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı məxsus olan mübahisəli mənzili etibarnamə əsasında onun adından doğma oğlu iş üzrə cavabdeh (qarşılıqlı tələb üzrə iddiaçı) Cavabdeh 15.000 (on beş min) manata Mingəçevir Regional «Asan Xidmət» Mərkəzində Notariat Ofisində təsdiq edilmiş alqı–satqı müqaviləsi əsasında satmışdır. 02.03.2021–ci il tarixdən mübahisəli əmlak üzərində cavabdehin (qarşılıqlı tələb üzrə iddiaçının) xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla ona hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış verilmişdir. Daha sonra, iddiaçı ona məxsus olan həmin mənzili satmaq məqsədi ilə X10 Xidmət Mərkəzində Notariat Ofisinə müraciət etmiş, lakin orada mənzilinin Cavabdeh satıldığını öyrənmişdir. Göründüyü kimi üçüncü şəxs X8 iddiaçının adından daşınmaz əmlakın alqı-satqısına dair müqavilə bağlamaqla, iddiaçıya məxsus mənzili onun iradəsinə zidd olaraq ilk iddia tələbi üzrə cavabdeh olan oğlu Cavabdeh 15000 manata satmışdır. İddiaçı isə mənzilinə dair alqısatqı müqaviləsinin bağlanmasından xəbərsiz olmuşdur. Bu halların mövcudluğunu isə iddiaçı mənzilini satmaq istədikdə bilmişdir. Ondan sonra araşdırdıqda, mübahisəli alqı-satqı müqaviləsinin olduğunu müəyyən etmişdir. Həmin vaxt etbarnamənin müddəti bitdiyinə görə onun ləğv edilməsinə zərurət olmadığı üçün notariusa deyil, məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası MPM–in 88–ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 218.1–ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub–olunmadığını müəyyən edir. Məhkəmə hesab edir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri əqdin etibarsızlığı ilə bağlı yaranan mübahisədir və mübahisə Azərbaycan Respublikası Mülki Məcəlləsinin əqdlər haqqında ümumi müddəaları əsasında həll olunmalıdır. Məhkəmə, həmçinin mübahisənin düzgün həll edilməsi üçün qarşılıqlı iddia tələbinin ilk iddianın rəddinə yönəlmədiyini nəzərə alaraq, ilk növbədə ilkin iddia tələbinə qiymət verərək hesab edir ki, aşağıda göstərilən əsaslara görə ilkin iddia tələbi əsaslıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 324.1–ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. İddia tələbinin hüquqi əsasını təşkil edən mərkəzi hüquq norması Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1–ci maddəsidir. Həmin maddədə deyilir ki, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 339.6–cı maddəsinə əsasən bu Məcəllənin 339.1–339.4–cü maddələrində göstərilən əsaslar üzrə əqd zərərçəkənin iddiası ilə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Həmin Məcəllənin 339.2–ci maddəsinə əsasən şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. Həmin Məcəllənin 339.3–cü maddəsinə əsasən aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. Göstərilən maddələrin tələbinə görə ilkin iddiaçının tələbinin əsaslı olması üçün mübahisələndirilən alqı-satqı müqaviləsi Azərbaycan Respublikası Mülki Məcəlləsində müəyyənləşdirilmiş şərtlərin pozulması, yəni müqavilə aldatma yolu ilə bağlanmalı, aldatma olmadan müqavilələrin bağlanması mümkün olmamalı, müqavilənin bağlanmasından yalnız cavabdeh xəbərdar olmalıdır. İşin müəyyən olunmuş hallarından görünür ki, mübahisəli mənzilə dair cavabdehlə üçüncü şəxs Hədiyyə Quliyeva arasında alqı-satqı müqaviləsi bağlandıqda formal baxımdan bütün tələblərə əməl olunmuş, yəni həmin vaxt mülkiyyətçi tərəfindən verilmiş etibarnamə qüvvədə olmuş, lakin ilkin iddiaçı etibarnamə verərkən mənzilin satılmasını arzu etməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu N.Əsədovanın şikayəti üzrə 12.04.2021-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, yalnız etibarlı əqd tərəflərin arzu etdikləri hüquqi nəticələri yarada bilər. Əqdin etibarlı olması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında, əqdin subyekt tərkibinə dair şərtlər, əqdin məzmununa dair şərtlər, əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərtlər və əqdin formasına dair şərtlər dörd kateqoriyada qruplaşdırılmışdır. Konstitusiya Məhkəməsinin Plenumu həmin qərarında qeyd edir ki, hər hansı əqdin, o cümlədən alğı-satqı müqaviləsinin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün hər bir kateqoriyadan olan şərtlərə əməl edilməlidir. Məhkəmə işin müəyyən edilmiş hallarına uyğun olaraq hesab edir ki, hazırki iş üzrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1–ci maddəsində göstərilən şərtlər məcmu halında mövcuddur və iddianın düzgün həll olunması üçün hüquqi əsasdır. Belə ki, mübahisəli alqı-satqı müqaviləsi iddiaçının aldadılması yolu ilə bağlanmışdır. Çünki iddiaçının özünə məxsus mənzilini nə Cavabdeh Əyyub oğluna, nə də başqa şəxslərə satmaq niyyəti olmamış, əgər elə bir niyyəti olsaydı, onda həmin gün etibarnamə əvəzinə bağışlama, yaxud da alqı-satqı müqaviləsi bağlayardı. İlkin iddiaçı qohumu olduğuna görə X6 inananmış, sonuncu isə evin sənədlərinin düzəldilməsi adı ilə notariusa aparmışdır. Belə olan halda ilkin iddiaçının satmaq niyyəti olsaydı, elə həmin gün alqı-satqı müqaviləsinə imza edərdi, lakin həmin gün hansı səbəbdənsə, iddiaçıya alqı-satqı müqaviləsinə deyil, birtərəfli əqd olan etibarnaməyə imza etdirilmişdir. Bu da onu deməyə əsas verir ki, iddiaçının alqı-satqı müqaviləsinə imza etməyə razı olmayacağından ehtiyat edən cavabdeh tərəf, öz həqiqi niyyətlərini gizlədərək, evin sənədlərinin düzəldilməsi adı ilə etibarnaməyə imza etdirmişlər. Göründüyü kimi birtərəfli əqd olan etibarnamə aldadılmanın təsiri altında Cavabdeh anası olan üçüncü şəxs X3 adına veilmişdir. Bu hal isə Cavabdeh mənzili gələcəkdə öz adına rəsmiləşdirmək məqsədilə edilmişdir. Göründüyü kimi iddiaçının Cavabdehlə alqı-satqı müqaviləsi bağlamaq niyyəti olmamış, cavabdeh isə onu bilmiş, ona görə də iddiaçını aldadaraq anasının adına etibarnamə verilməsinə nail omuşdur. Etibarnamə verildikdən sonra isə mənzilə dair alqı-satqı müqaviləsi bağlamışdır. Bununla da müqavilə bağlanan zaman Mülki Məcəllədə müqavilənin bağlanması üçün tərəflərin razılaşdırılmış iradə ifadəsi ilə bağlı müəyyən olunmuş zəruri şərtlər pozulmuşdur. Ona görə də aldadılmış tərəf kimi İddiaçının cavabdehə qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsini tələb etmək hüququ yaranmışdır. İddiaçının alqı-satqı müqaviləsi bağlaması məqsədilə aldadılması, yəni birtərəfli əqd olan etibarnamə verməsi, qeyd olunan alqı-satqı müqaviləsinin etibarsız sayılması üçün əsasdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.2–ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Həmin Məcəllənin 337.4–cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Mülki Məcəllənin alqı-satqı müqaviləsi haqqında 568.1, 598.1 və 598.3-cü müddəalarından görünür ki, satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Alıcı isə əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra dəyərini ödəməlidir. Əgər alıcı alqı-satqı müqaviləsinə uyğun olaraq verilmiş əşyanı vaxtında ödəmirsə, satıcı əşyanı ödəməyi və bu Məcəllənin 449-cu maddəsinə uyğun faizləri ödəməyi tələb edə bilər. Mülki Məcəllənin alqı-satqı müqaviləsi haqqında yuxarıda şadlanan müddəaların hüquqi təfsiri zamanı bu nəticə hasil olur ki, satıcı öz əmlakını sata bilər. Yəni satma hərəkəti yalnız əmlakın mülkiyyətçisinin iradə ifadəsinin təzahürüdür. Alqı-satqı müqaviləsinin əsas xüsusiyyətlərindən biri satıcının əmlakını satmaq niyyətinin olmasıdır. Nəzərə alınmalıdır ki, bir qayda olaraq, alqı-satqı müqaviləsini bağlamaq niyyəti, satıcı ilə alıcı arasında əşyanın dəyəri ilə bağlı maddi münasibətlərin təsiri altında yaranır. İşin faktiki hallarından görünür ki, Mngəçevir şəhəri ünvan 4 ünvanında yerləşən mənzilin mülkiyyətçisi İddiaçı olmuşdur. İddiaçı həmin mənzil üzrə bağlı bütün hüquqları AR-İİ seriyalı 136031 nömrəli etibarnamə ilə üçüncü şəxs X6 etibar etmişdir. Sonuncu isə həmin etibarnamə əsasında iddiaçının əvəzinə mənzili oğlu, yəni iş üzrə Cavabdeh alqısatqı müqaviləsi ilə satmışdır. Göründüyü kimi əqd təmsilçi vasitəsi ilə bağlanmışdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 359.1–ci maddəsinə əsasən əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər. Təmsilçinin bu hüquqlarını özündə əks etdirən sənədin anlayışı Mülki Məcəllənin 362.1–ci maddəsində göstərilmişdir. Həmin normaya əsasən bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamədir. Nəzərə alınmalıdır ki, təmsilçilik dedikdə, bir şəxsin almış olduğu səlahiyyət dairəsində başqa şəxsin marağına müvafiq olan və onun adından əqd bağlaması və digər hüquqi hərəkətlər etməsi başa düşülür. Etibarnamə şəxsə səlahiyyətli təmsilçilik hüququ verən sənəddir. Adi qaydada bağlanan əqdlərdə tərəflər bilavasitə iştirak edir və onların arasında bağlanan əqddən irəli gələn hüquq və vəzifələr yaranır. Tərəflərin iştirakı ilə bağlanan, təmsilçinin bağladığı əqdin səciyyəvi fərqli xüsusiyyəti ondan ibarətdir ki, əqdi təmsilçi bağlasa da, hüquq və vəzifələr təmsil edilənlə üçüncü şəxs arasında yaranır. Təmsilçi vasitəsi ilə bağlanan müqavilədə tərəflər təmsil edilənlə üçüncü şəxs (məsələn alqı–satqı müqaviləsində alıcı və satıcı, kirayə müqaviləsində kirayəyə verən və kirayəçi, bağışlama müqaviləsində hədiyyə verən və hədiyyə alan və s.) olur. Əqdi bilavasitə bağlamış təmsilçi isə bu münasibətlərdən kənarda qalır. Qanunvericilikdə təmsilçi vasitəsi ilə əqdlərin bağlanmasında bəzi məhdudiyyətlər nəzərdə tutulmuşdur. Məsələn, Mülki Məcəllənin 359.3–cü maddəsinin göstərişinə görə təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz. Bu o deməkdir ki, əmlakı satmaq səlahiyyəti verilmiş təmsilçi həmin əmlakı özünə ala bilməz. Təmsilçi, həmçinin kommersiya təmsilçiliyi halı və qiymətli kağızlar bazarında brokerlik halı istisna olmaqla, eyni zamanda təmsilçi olduğu şəxs barəsində bu cür əqdləri bağlaya bilməz. Belə olsaydı, təmsilçi həm satıcını, həm də alıcını təmsil etmiş olardı. Təmsilçi üçün bu məhdudiyyətlər müəyyən olunmasaydı müqavilələrin konstruksiyası pozulardı. Təmsil olunan təmsilçilikdə ən üstün müdafiəyə malik olduğundan onun qanuni maraqları təmin edilməlidir. Mübahisə halında aydınlaşdırılmasına ehtiyac olan hal, təmsil edilən şəxsin belə etibarnamənin verilməsində hansı əqdlərin bağlamasına yönələn iradə ifadəsi olması nəzərə alınmalıdır. Həmin şəxs tərəfindən verilən etibarnamədə konkret subyektə münasibətdə konkret şərtlərlə əqdin bağlanmasına dair səlahiyyətlər əks olunmuşdursa, o zaman təmsil olunanın iradə və maraqları müəyyən şəkildə ifadə olunur və təmsilçi təmsil olunanın özünün formalaşdırdığı iradənin vasitəçisi qismində çıxış edir. İşin məhkəmə tərəfindən müəyyən olunmuş hallarından görünür ki, üçüncü şəxs X8 təmsil etdiyi İddiaçı adından onun mənafeyi üçün deyil, öz mənafeyi naminə, oğlu Cavabdeh ilə alqı-satqı əqdi bağlamış və bu əqd sonradan təmsil edilən tərəfindən bəyənilməmişdir. Çünki iddiaçının mübahisəli mənzili cavabdeh Cavabdeh oğluna satmaq niyyəti olmamışdır. Bu da onu deməyə əsas verir ki, üçüncü şəxs X8 mübahisəli mənzilin alqı-satqısı ilə bağlı əqd bağlayan vaxt və ondan sonra təmsil etdiyi iddiaçıya məlumat verməmişdir. Göründüyü kimi iddiaçının iradə ifadəsi zahirən mövcud olsa da, o, daxili iradəsini ifadə etməmiş, üçüncü şəxs Hədiyyə Quliyeva da evi oğlunun mülkiyyətinə keçirmək üçün yalnız görünüş üçün iradəsini ifadə etmişdir. Hər iki halda əqd bağlanarkən iradə və iradə ifadəsində qüsurlar olmuşdur. Bu da subyektlərin əqd bağladıqları zaman cəhd göstərdikləri və arzu etdikləri hüquqi nəticəni doğurmamışdır. Ona görə də qeyd olunan alqı-satqı müqaviləsi etibarsızdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 360.2–ci maddəsinə əsasən təmsil edilən tərəfindən əqdin sonradan bəyənilməsi onun üçün əqdin bağlandığı andan əqd üzrə mülki hüquq və vəzifələr yaradır, dəyişdirir və onlara xitam verir. Məhkəmə işin müəyyən olunmuş hallarına əsasən hesab edir ki, alqı-satqı müqaviləsinin etibarsızlığı üçün yetərincə əsaslar olduğundan, İddiaçı xüsusi mülkiyyətinə dair X8 ilə Cavabdeh arasında 25 yanvar 2021-ci il tarixdə notarial qaydada bağlanmış 4Ə-112 reyestr nömrəli alqı satqı müqaviləsi etibarsız hesab edilməlidir. Məhkəmə, həmçinin hesab edir ki, X8 ilə Cavabdeh arasında 25 yanvar 2021-ci il tarixdə notarial qaydada bağlanmış 4Ə-112 reyestr nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edildiyindən, həmin alqı-satqı müqaviləsi əsasında Cavabdeh adına DƏDRX-in 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən tərtib edilmiş və qeydə alınmış hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış da ləğv edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1-ci maddəsi ilə daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar müəyyən edilmişdir. Qeyd edilən maddəyə əsasən, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələrdir. Daşınmaz əmlaka dair bağlanan müqavilələrdən biri də daşınmaz əmlakın alqı-satqı müqaviləsidir. Alqı-satqı müqaviləsi satıcı ilə alıcı arasında bağlanmaqla sonuncunun alqısatqı predmeti üzərində mülkiyyət hüququnun yaranmasına səbəb olur. Həmin alqı-satqı müqaviləsi etibarsız hesab edildikdə, daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı əsassız olur. Ona görə də əsassız çıxarılmış qeydiyyat ləğv olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 149.2-ci maddəsinə əsasən, əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır. Məhkəmə Cavabdeh vicdanlılıq məsələsi ilə bağlı qeyd edir ki, işin müəyyən olunmuş hallarına görə cavabdeh üçüncü şəxs X8 ilə alqı-satqı müqaviləsi bağlamamışdan əvvəl, iddiaçını tanımış mübahisəli mənzilin ona məxsus olmasını, həmçinin iddiaçının qoca və kimsəsiz olmasını, mübahisəli mənzildən başqa yaşayış sahəsinin olmadığını , ən başlıcası isə həmin mənzili iddiaçının satmaq istəmədiyini bilmişdir. Belə ki, cavabdeh üçüncü şəxs X3 doğma oğlu kimi ilkin iddiaçı ilə üçüncü şəxs X8 qohumluq əlaqəsinə malik olduğuna və cavabdeh isə onu bildiyinə görə bütün proseslərdən xəbəri olmuşdur. Elə olmasaydı, cavabdeh alqı-satqı müqaviləsi əsasında mübahisəli mənzil üzərində mülkiyyət hüququ əldə edən kimi müqavilənin tam şəkildə icra olunmasını, yəni mübahisəli mənzilin onun istifadəsinə verilməsini ilkin iddiaçıdan tələb edərdi, lakin cavabdeh heç vaxt mübahisəli mənzili naturada tələb etməmiş, nə də onunla bağlı tələb irəli sürməmişdir. Çünki üçüncü şəxs məhkəmə iclası zamanı izahatında iddiaçının ömrünün sonuna qədər mənzildə qalmasına etiraz etmədiyini bildirmişdir. Bu da onu deməyə əsas verir ki, cavabdehin mübahisəli mənzil üzərində marağı olmamış, yalnız anasının, üçüncü şəxs X3 təkidi ilə görünüş üçün alqı-satqı müqaviləsi bağlamışdır. Göründüyü kimi cavabdeh (qarşılıqlı iddiaçı) mübahisəli mənzilə dair alqı-satqı müqaviləsi bağlayan anda vicdanlı olmamışdır. Belə ki, Mülki Məcəllənin 182-ci maddəsinə əsasən, əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur. Əgər əldə edən özgəninkiləşdirənin mülkiyyətçi olmadığını bilirmişsə və ya bilməli idisə, vicdanlı əldə edən sayılmır. Vicdanlılıq faktı əşya verilənə qədər mövcud olmalıdır. Məhkəmə hesab edir ki, belə olan halda, ilk iddianın təmin edilməsi, birmənalı olaraq iddiaçının mülkiyyət hüquqlarının qorunmasına zəmin yaradaraq ədaləti bərqərar etməkdən ibarətdir. Azərbaycan Respublikası Konstitusiyasının 13–cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29–cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən, xüsusi mülkiyyət hüququ qanunla qorunur. Həmin maddənin İİİ hissəsinə görə, mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1–ci maddəsinə əsasən mülkiyyət hüququ–subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5–ci maddəsinə görə mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər. Təsadüfi deyildir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “S.Bayramovanın şikayəti üzrə” 16 iyul 2012–ci il tarixli Qərarında mülkiyyət hüququ ilə bağlı qeyd etmişdir ki, bu hüququn məzmunu Konstitusiyanın 13–cü maddəsinin müddəaları nəzərə alınmaqla başa düşülməlidir. Vətəndaş cəmiyyətinin mühüm institutu olan mülkiyyət iqtisadiyyatın inkişafının əsasını təşkil edən ən vacib amillərdəndir. Buna görə də mülkiyyət Konstitusiyanın 13–cü maddəsi ilə toxunulmaz elan olunaraq dövlət tərəfindən qorunur. Mülkiyyət hüququ isə cəmiyyətdəki hər bir fərdin azadlığının əsası kimi çıxış edir, şəxsiyyətin inkişafı və azad sahibkarlıq üçün zəruri şərtdir. Dövlət mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinə qanunsuz müdaxilələrdən çəkinməli və onların qarşısını almalıdır. Məhkəmə istinad olunan maddi hüquq normalarının və Konstitusiya Məhkəməsi Plenumunun qərarlarının tələbləri baxımından qənaətə gəlir ki, hazırkı mülki iş üzrə tərəflər arasında mövcud alqı-satqı müqaviləsi Azərbaycan Respublikası Mülki Məcəlləsində müəyyən edilmiş şərtlərə uyğun olmadığından bağlandığı andan etibarsızdır. Məhkəmə, həmçinin qarşılıqlı iddia tələbinə qiymət verərək hesab edir ki, aşağıda göstərilən əsaslara görə qarşılıqlı iddia tələbi əsaslı deyildir. Məhkəmə hesab edir ki, iddia tələbinin hüquqi əsasını təşkil edən mərkəzi hüquq norması Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.5–ci maddəsidir. Mübahisənin düzgün həlli üçün eyni zamanda digər əlaqəli maddi hüquq normaları da nəzərdən keçirilməlidir. Həmin Məcəllənin 337.5–ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Məhkəmə istinad olunan maddi hüquq normalarının tələbləri baxımından qənaətə gəlir ki, hazırkı mülki iş üzrə tərəflər arasında mövcud alqı-satqı müqaviləsi Azərbaycan Respublikası Mülki Məcəlləsində müəyyən edilmiş şərtlərə uyğun olmadığından və heç bir hüquqi nəticələr doğurmadığından, bağlandığı andan etibarsızdır. Həmin alqı-satqı müqaviləsi tərəflər arasında yalnız pul məbləğinin alınıb verilməsi ilə bağlı hüquqi nəticə doğursa da, qalan hissədə, yəni daşınmaz əmlakın alqı–satqısı ilə bağlı öhdəlik hüquq münasibətlərinin əmələ gəlməsi üçün qanunda müəyyən edilmiş əsas kimi qəbul edilə bilməz. İşin müəyyən olunmuş hallarından görünür ki, ilkin iddiaçının razılığı olmadığı halda, üçüncü şəxs X8 ilə cavabdeh arasında mübahisəli mənzilə dair alqı–satqı müqaviləsi bağlanmış, cavabdeh müqavilə üzrə həmin mənzilə görə 15.000 manat ödəmiş, ödənilmiş məbləğ isə X8 tərəfindən qəbul edilmiş, baxmayaraq ki, həmin alqı-satqı müqaviləsi tərəflər arasında yalnız pul məbləğinin alınıb verilməsi ilə bağlı hüquqi nəticə doğurmuş, lakin həmin pul məbləğinin iddiaçıya verilməsi məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Bununla bağlı məhkəmə qeyd edir ki, cavabdeh (qarşılıqlı iddiaçı) qarşılıqlı iddia ərizəsində ilkin iddiaçıdan müqavilə üzrə ödədiyi15000 manat pulu və 1000 manat məbləğində çəkilən xərci tələb etmişdir. İddiaçı isə tələbi qəbul etməmişdir. Belə olan halda sübutetmə cavabdeh tərəfin üzərinə düşür. Lakin cavabdeh tərəf kifayət qədər vaxt verilməsinə baxmayaraq, həmin 15000 manat məbləğində pulun ilkin iddiaçıya ödənilməsinə dair məhkəməyə mötəbər sübut təqdim etməmişdir.Belə olan halda qarşılıqlı iddia tələbi təmin edilə bilməz. Məhkəmə öz qənaətini onunla əsaslandırır ki, üçüncü şəxs X8 məhkəmə iclası zamanı izahatında iddiaçı ilə birlikdə “Asan Xidmət” mərkəzində notariat kontoruna getmələrini və orada iddiaçının mənzili ona bağışlamaq istədiyini, lakin iddiaçının doğum haqqında şəhadətnaməsi olmadığı üçün bağışlanmanın alınmadığını, ona görə də iddiaçının ona etibarnamə verdiyini bildirmişdir. Göründüyü kimi iddiaçının mübahisəli mənzili satmaq və pul əldə etmək niyyəti olmamışdır. Belə olan halda üçüncü şəxs X3 öz oğlunun alıcı qismində iştirak etdiyi alqı-satqı müqaviləsində göstərilən 15.000 manat pulu iddiaçıya verməsi, işin həqiqi hallarına uyğun görünmür. Beləı ki, işin müəyyən olunmuş hallarına əsasən, iddiaçı üçüncü şəxs X6 mənzilin satılması ilə bağlı tapşırıq verməmişdir. O halda üçüncü şəxs X3 tapşırığın icrası nəticəsində əldə olunanları iddiaçıya vermək vəzifəsi də yaranmamış, həmçinin nəzərə alınmalıdır ki, mübahisə predmeti olan alqı-satqı müqaviləsi görüntü xatirinə bağlanmış uydurma əqd olmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, alqı-satqı müqaviləsi etibarsız hesab edildiyindən, ilkin iddiaçının müqavilədə göstərilən və üçüncü şəxs tərəfindən alınmış 15.000 manat məbləğində pulu cavabdehə (qarşılıqlı iddiaçıya) qaytarmaq vəzifəsi yaranmamışdır. Məhkəmə, həmçinin qeyd edir ki, cavabdehin (qarşılıqlı iddiaçının) ilkin iddiaçıdan 1000 manat məbləğində çəkilmiş xərc tələbi də əsaslı deyildir. Belə ki, cavabdeh tərəf qarşılıqlı iddia ərizəsində və məhkəmə iclası zamanı bildirdiklərində 1000 manat məbləğində pulun hara xərcləndiyini və hansı əşyalar alındığını göstərməmiş, nə də ona dair sübut təqdim etməmiş, yalnız formal mülahizələrlə iddia tələbini əsaslandırmağa çalışmışdır. Bu hal isə qarşılıqlı iddia tələbinin həmin hissədə də təmin edilməsi üçün yetərli deyildir. Bununla yanaşı, məhkəmə hesab edir ki, işin müəyyən olunmuş hallarına əsasən, cavabdehin (qarşılıqlı iddiaçının) müqavilə üzrə ödədiyi 15.000 manat vəsait üçüncü şəxs X8 tərəfindən notariusun depozit hesabından götürülmüş, lakin ilkin iddiaçıya verilməmişdir. Bununla belə cavabdehin (qarşılıqlı iddiaçının) alqı-satqı müqaviləsi üzrə ödədiyi 15.000 manat vəsait alqı-satqı müqaviləsi etibarsız hesab edildiyi üçün formal cəhətdən qanunda göstərilən müstəsna hallara aid olsa da, cavabdeh (qarşılıqlı iddiaçı) pul tələbinə dair qarşılıqlı iddianı məhz ilkin iddiaçıya qarşı yönəltmiş və onun nümayəndəsi üçüncü şəxsin cavabdeh qismində cəlb edilməsinə məhkəmə iclası zamanı razılıq verməmiş, yəni üçüncü şəxs X2 həmin məbləği tələb etmək niyyətində olmadığını bildirmişdir. Halbuki, alqı-satqı müqaviləsi üzrə ödənilmiş 15.000 manat vəsaiti cavabdehin (qarşılıqlı iddiaçının) məhz üçüncü şəxs X2 tələb etmək hüququ yaranmışdır. Bununla belə məhkəmə cavabdehə (qarşılıqlı iddiaçıya) izah edir ki, alqı-satqı müqaviləsi üzrə ödədiyi 15.000 manat məbləğində pulu üçüncü şəxs X2 tələb etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikəri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88–ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4–cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Odur ki, məhkəmə işin müəyyən olunmuş hallarına əsasən belə nəticəyə gəlir ki, ilkin təmin edilməli, İddiaçı xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən, yaşayış sahəsi 17.26 kv/m, olan 1 otaqlı mənzilə dair X8 ilə Cavabdeh arasında 25 yanvar 2021-ci ildə notarial qaydada bağlanmış 4Ə-112 reyestr nömrəli alqı satqı müqaviləsi etibarsız hesab edilməlidir. Qarşılıqlı iddia tələbi isə təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏ T E T D İ: İlk iddia təmin edilsin. İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən, yaşayış sahəsi 17.26 kv/m, olan 1 otaqlı mənzilə dair X8 ilə Cavabdeh arasında 25 yanvar 2021-ci il tarixdə Mingəçevir regional “ASAN”xidmət mərkəzinin notariat ofisində bağlanmış 4Ə-112 reyestr nömrəsi ilə qeydə alınmış daşınmaz əmlakın alqı-satqı müqaviləsi etibarsız hesab edilsin. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən 02.03.2021-ci il tarixdə verilmiş, ünvan 1 ünvanında yerləşən, yaşayış sahəsi 17.26 kv/m, olan 1 otaqlı mənzil üzərində Cavabdeh mülkiyyət hüququnun ********** nömrə ilə qeydiyyata alınmasına dair **********11-05101-093060 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ləğv edilsin. Qarşılıqlı iddia rədd edilsin. Cavabdeh (qarşılıqlı iddiaçı) Cavabdeh ilkin İddiaçı qarşı ödənilmiş 15.030 (on beş min otuz) manat pul və 1000 manat çəkilən xərc olmaqla, cəmi 16030 manat məbləğində pulun alınıb ona verilməsi tələbinə dair qarşılıqlı iddiası təmin edilməsin. Cavabdeh (qarşılıqlı iddiaçı) Cavabdeh 25 yanvar 2021-ci il tarixdə Mingəçevir regional “ASAN”xidmət mərkəzinin notariat ofisində bağlanmış 4Ə-112 reyestr nömrəsi ilə qeydə alınmış alqı-satqı müqaviləsi üzrə ödədiyi 15.000 manat məbləğində pulu üçüncü şəxs X2 tələb etmək hüququna malik olması izah edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar